Elektron ədəbiyyat və sənət portalı

Mirzalı İsmayılov: “Xarici ölkələrə gedənlərin də böyük əksəriyyəti sonradan yenə bizə üz tutur”

Bölmə: Müsahibə 19.07.2017

Atalar və oğullar mövzusu bəşər övladının yaranışından mövcud olub. Bu məsələ məişətdən tutmuş elmin, sənətin müxtəlif sahələrində də zaman-zaman bəzən yumşaq, bəzən isə çox sərt formada ifadə olunan fikir ayrılıqları, yaxud oxşarlıqları şəklində təzahür edib.

Elə biz də rubrikamızda bu məsələlərə toxunmağa, yaşlı və gənc nəsli təmsil edən sənət adamlarını sözün yaxşı mənasında üz-üzə qoymağa, onların müxtəlif hadisələrə yanaşmalarını aydınlaşdırmağa və bu yanaşmaları sizlərə təqdim etməyə çalışacağıq.

“Atalar-oğullar” rubrikasının budəfəki qonaqları həkimlər Mirzalı İsmayılov və Hacı Lətifovdur.

 

- İlk sualımız sənət seçiminizlə bağlıdır. Necə oldu ki, tibb sahəsini seçdiniz? Bu meyil nədən qaynaqlanırdı? Ağ xalat geymək ailədən gələn seçim idi, yoxsa insanlara yardım etmək arzusunun təzahürü?..

Mirzalı İsmayılov: Bizim ailəmizdə həkim olmayıb, mən adi kəndli balasıyam. Sadəcə, orta məktəbdə yaxşı oxuyurdum. Elə aşağı siniflərdən bu qərara gəlmişdim ki, tibb sahəsinə gedəcəyəm. Sonra da öz qərarımın üzərində dayandım. Düzdür, bu arzu məni iki il geri saldı, instituta daxil ola bilmədim – o zaman bilirsiniz ki, test üsulu yox idi, tibb institutuna qəbul olunmaq asan deyildi. Beləliklə, hərbi xidmətə yollanmalı oldum. Amma inadımdan dönmədim, ordudan qayıtdıqdan sonra təkrar hazırlaşdım və bu dəfə arzu etdiyim fakültənin tələbəsi adını qazandım. O ki qaldı arzuya, pafoslu danışmaq istəmirəm, açığını deyim, görürdüm ki, həkimlərin cəmiyyətdə xüsusi nüfuzu, hörməti var. Mən də bu nüfuza sahib olmaq istəyirdim. Beləcə, cərrah oldum. Əlbəttə, çətin, məsuliyyətli sahədir. Hərdən düşünürəm ki, övladlarımın heç vaxt həkim olmağına razılaşmazdım. 

Hacı Lətifov: Mənim atam həkimdir, Qax rayonundakı xəstəxanalardan birində uroloq vəzifəsində çalışır. Yəni uşaqlıqdan həmişə ətrafımda ağ xalatlıları görmüşəm, bu işin içində olmuşam. Amma evdə deməyiblər həkim ol, yəni hansısa vaxt peşə seçimiylə bağlı mənə heç bir təzyiq olmayıb. Sadəcə, özümü başqa heç bir yerdə görmürdüm, düşünürdüm ki, həkim olmalıyam. Düzdür, üç il universitetə daxil ola bilmədim, amma ruhdan düşmədim, 1991-ci ildə, nəhayət, bu arzuma yetdim.

 

- Necə düşünürsünüz, sovet vaxtındakı təbabətlə indiki dövr arasında fərq çoxdurmu? Bu fərqlər özünü daha çox hansı istiqamətlərdə göstərir?

M.İ.: Ümumi götürdükdə, səhiyyədə, bəlkə də, bir o qədər fərq yoxdur. Yəni həkimin qarşısında duran məqsəd və vəzifələr dəyişməyib, tibb işinin təşkili qaydaları da təxminən eynidir. Sadəcə, yanaşmalar fərqlidir. Cəmiyyətdə dəyərlərin, münasibətlərin özü dəyişib. Elə həkimlərə münasibət də əvvəlki deyil. Çox uzağa getməyək, müstəqilliyimizin son iyirmi beş ilini götürək. Şərti olaraq, mən bu dövrü iki hissəyə ayırardım: 1990-cı illərin əvvəllərindən 2000-ci illərin əvvələrinədək olan dövr və ondan sonrakı mərhələ. Son on ilin özündə müqayisə olunmaz dərəcədə böyük dəyişikliklər var. Azərbaycanda səhiyyə sahəsində görülən işləri heç kəs dana bilməz. Elə mənim çalışdığım bu xəstəxananın (keçmiş Semaşko xəstəxanası – red.) özü çox acınacaqlı durumda idi. Bina əsaslı təmir olundu, ən müasir tibbi avadanlıqlar alındı. Yəni bu iki mərhələ arasında inkişaf baxımından ən azı on beş dəfə fərq var.

H.L.: Əlbəttə, fərq böyükdür. Bu daha çox müasir texnikayla bağlı məsələdir. Sovet dövründə bugünkü texniki imkanlar yox idi. İndi Azərbaycanda sürətli inkişaf gedir. Məsələn, elə urologiyanı götürək. Mənə yaxın sahədir, gözümü açandan atam bu sahədə çalışıb. Fərq həddən artıq çoxdur. İndi bu sahədə bütün müayinə-müalicələr mini-invaziv, endoskopik metodla həyata keçirilir. Cərrahiyyədə də belədir. Ümumi cərrahiyyədə əvvəllər açıq cərrahiyyədən istifadə olunurdu, amma indi burada da mini-invaziv metod tətbiq olunur. Xaricdə müasir təhsil alan çox səviyyəli kadrlarımız var, yaşlı nəsillə qarşılıqlı bilik mübadiləsi aparırlar. Bundan başqa, cəmiyyətdə həkimlərin özünə də münasibət dəyişib. Çox zaman deyirlər ki, sovet dövründə həkimlərə daha çox hörmət edirdilər. Ola bilər. Amma bu faktdır ki, inkişaf etmiş cəmiyyətlərdə vəziyyət tamam fərqlidir. Hətta belə bir söz də deyirlər ki, həkimlərə münasibətin loyallaşması ölkənin inkişafının göstəricisidir. Çünki həkim Allah deyil, o da hamı kimi insandır. Onu bütləşdirməyə ehtiyac yoxdur. Sovet  dövründə elə həkimlər vardı ki, şəhərdə, kənddə ağsaqqal hesab olunurdu, onların xüsusi hörməti vardı. Bir sözləri iki olmazdı. Amma indi vəziyyət dəyişib. Fikrimcə, bu dəyişikliyin özü normal haldır.

 

- Bu gün ölkəmizdə yeni xəstəxanalar tikilir, köhnə binalar təmir olunur, bahalı avadanlıqlar alınır, cavan kadrlarımız xaricdə təhsil alır, həkimlərimiz ixtisasartırma kursları keçirlər. Bunlar hamısı məlumdur. Amma eyni zamanda adi müayinə üçün xaricə üz tutanlar da var...

M.İ.: Ümumiyyətlə, bizim xalqda xarici olan hər şeyə ifrat meyil var. Yəni dəbə uymağı sevirik. Adi bir şeyi deyim, məsələn, hər hansı həkim iki-üç dəfə televiziyaya çıxsa, əksər xəstələr onun yanında müayinə-müalicə almaq istəyəcəklər. Heç onun peşəkarlığı barədə də düşünməyəcəklər. Çünki adam efirə çıxıb. Müayinə-müalicə o yana dursun, bircə dəfə efirdə görünən adamla görüşəndə də başqa cür, daha hörmətlə görüşürlər. Dediyim odur ki, biz çox zaman küyə düşürük, şirin dilə, vəzifəyə, geyimə, istifadə etdiyi maşının markasına – zahiri əlamətlərə daha çox qiymət veririk. Xaricdə müayinəyə getməklə bağlı məsələdə başqa bir məqam da var – “qonşudan dala qalma” prinsipi. Kimsə eşidir ki, qonşusu öz valideynini İrana müalicəyə aparıb, o saat fikirləşir, mənim filankəsdən nəyim əskikdir? Amma deməzdim ki, bu cür hallar kütləvi səciyyə daşıyır. Məsələn, Azərbaycanda ən ağır xəstələrin böyük əksəriyyəti bizim xəstəxanada müayinə və müalicə alır. Üstəlik, xarici ölkələrə - İrana, Gürcüstana və Türkiyəyə gedənlərin də böyük əksəriyyəti sonradan yenə bizə üz tutur. Əlbəttə, mən orta və aşağı təbəqəni nəzərdə tuturam. Onların əksəriyyəti burada daha yaxşı müayinə və müalicə ala biləcək xəstələrdir. Xaricdə - Türkiyədə, Almaniyada, Rusiyada və başqa ölkələrdə oxuyub gələn xeyli ixtisaslı cavan kadrlarımız var. Amma gəlin məsələnin başqa bir tərəfini də unutmayaq ki, bizim dövlət müstəqilliyimizin cəmi 24 yaşı var. Əlbəttə, ixtisaslı kadrlarımızın sayını bir qədər də artırmaq lazımdır. Yəqin ki, yaxın zamanlarda bu artımı da müşahidə edəcəyik. Bir şeyi də deyim, hələ Rusiyada işlədiyim müddətdən yaxşı xatırlayıram ki, bizim – yəni Azərbaycanın həkimləri təkmilləşdirmə institutuna müttəfiq ölkələrdən xeyli cavan kadrlar göndərirdilər. Deməli, Azərbaycan səhiyyəsi hələ o zaman da SSRİ-də nüfuz sahibiydi. Amma əlbəttə ki, bizim səhiyyəmizi Almaniya və Türkiyə kimi dövlətçilik tarixi olan böyük ölkələrlə müqayisə etmək düzgün olmazdı. Bu mənada, bizim çiynimizə ağır yük düşür.

Qüsurlara gəlincə, bəli, gizlətmirəm hər yerdə olduğu kimi bizim səhiyyədə də var, onları da tədricən aradan qaldıra bilsək, heç bir xəstə daha müayinə və müalicə üçün xaricə getməyəcək.

H.L.: Məncə, bu, dəb məsələsidir. Elə sovet dövründə də azərbaycanlılar müayinəyə gedəndə mütləq rus, ya yəhudi, bir sözlə, əcnəbi soyadlı həkim axtarırdılar. Bizim camaat nədənsə həkimin də əcnəbisini üstün tutur. Sadəcə, indi zaman dəyişib.  Bir az imkanı olan şəxs müayinə və müalicə üçün Amerika Birləşmiş Ştatlarına, İsrailə, Almaniyaya, Türkiyəyə getmək istəyir. Əlbəttə, bunu da etiraf etmək lazımdır ki, bizdə də inkişafı axsayan tibb sahələri var, bu da zamanla aradan qalxacaq.

 

- Hər ikiniz cərrahiyyə sahəsində çalışırsınız. Maraqlıdır, cərrahi əməliyyat üçün bu gün sizə ən çox hansı diaqnozlu xəstələr müraciət edir?

M.İ.: Cərrahiyyə çox inkişaf edib, amma xəstəliklər həmin xəstəliklərdir. Elə bir kütləvi tendensiya yoxdur, fərqli diaqnozlar olur. Məsələn, 70-ci illərlə müqayisə etsək, o zaman xəstəliklərin diaqnostikasını müəyyən etmək çətin idi.

Ulttasəs müayinəsi, Maqnit Rezonans Tomoqrafiyası yox idi. Buna görə də o illərlə müqayisədə öd daşı əməliyyatları on dəfədən də çox artıb. Yəni artan xəstəlik deyil. Sadəcə, əvvəllər bu xəstəlik qastrit, hepatoxolesistit, qaraciyər xəstəlikləri ilə qarışdırılırdı. Xəstə sancı ilə gəlirdi, bir az yaxşılaşdıqdan sonra gedib, sonra bir də qayıdırdı. Mədə xoralarıyla bağlı rezeksiya əməliyyatları isə, demək olar ki, bütün dünyada kəskin şəkildə azalıb.

H.L.: Əvvəllər  daha çox poluklinik müalicə üçün müraciət edirdilər. İndi isə müasir avadanlıq və tibb elminin inkişafı ilə bağlı diaqnozlar artıb. Xəstəliklər əvvəl də vardı, sadəcə, indi müasir avadanlığın yardımı ilə onlara daha dəqiq diaqnoz qoymaq olur. Məsələn, əvvəllər pasientdə kəskin xolisistit - öd daşı xəstəliyinin olduğu yalnız sancılar zamanı özünü büruzə verirdi, amma indi müasir diaqnostika metodları ilə bunu asanlıqla müəyyən etmək olar. Bu gün adi çek-up sayəsində mədədə xora xəstəliyinin və ya öddə daşın olduğunu bilmək mümkündür. 

 

- Bəzən xəstə tibbi müayinədən keçmək əvəzinə ekstrasensə müraciət edir, yaxud da türkəçarələrə üz tutur. Belə xəstələrdə sonradan ağırlaşmalar müşahidə olunurmu?

M.İ.: Mən nə ekstrasenslərə, nə də özünü loğman adlandıranlara inanıram. Nəinki inanmıram, hətta belə şeylər məni qıcıqlandırır. Efirdə belə adamların çıxışlarını görəndə televizoru söndürürəm. Öz-özümə düşünürəm ki, belə şeyləri niyə ekrana buraxırlar. Avropada niyə belələri efirə yol tapmır? Axı dələduzun birinə yarım saat, bir saat efir vaxtı ayırmaq olmaz, üstəlik, burada insan həyatından söhbət gedir. Belə “müalicələrin” ciddi fəsadları olur. Otla müalicə alan xəstələrin çoxunun vəziyyəti ağırlaşanda bizə üz tutur. Bir müddət əvvəl mən Respublika Klinik Xəstəxanasında işləyəndə bir nəfər belə dələduz peyda olmuşdu, guya otlar vasitəsilə öd yollarını yuyurdu. Onun dırnaqarası müalicəsinin nəticəsiydi ki, Gəncəbasar bölgəsindən mexaniki sarılıq diaqnozu ilə ard-arda xəstələr qəbul edirdik.

H.L.: Heç vaxt ekstrasenslərə və ya özünü loğman adlandıran şəxslərə müraciət etməmişəm. Onlara inanmamışam. Heç kəsə də onlara müraciət etməyi məsləhət görmürəm. Yaxınlarımın və qohumlarımın da belə dırnaqarası müalicə almalarına yol vermərəm. Çünki bunun fəsadları çox olur, özüm də iş prosesində belə “müalicədən” vəziyyəti ağırlaşan adamlarla çox qarşılaşmışam.

 

- Bir məsələ ilə də bağlı fikirlərinizi öyrənmək maraqlı olardı. Bu, demək olar ki, bu gün dünyada əksər adamların, xüsusən də qadınların ağrılı mövzusudur. Söhbət artıq çəkidən gedir. Hərdən pəhriz saxlayan sısqa adamları görəndə az qala belə təəssürat yaranır ki, məsələ heç də fiziki görünüşdə deyil...

M.İ.: Ümumiyyətlə, pəhriz lazımlıdır. Bəziləri bunu ac qalmaq kimi başa düşürlər, qətiyyən belə deyil. Pəhriz təkcə yeməyin hansısa növündən və qədərindən imtina demək deyil, bura həm də yeməyin  qəbul edilmə vaxtı daxildir. Bəzən biz işdən yorğun gedirik, qarşımıza nə qoysalar, yeyirik. Amma yaxşı olardı ki, bizim seçim imkanımız olsun, xeyirli olanı yeyək. Allah ruzi verir, biz onunla qidalanıb enerji əldə edirik və həmin enerjini düzgün xərcləyə bilməyəndə artıq çəki yaranır. O ki qaldı insanın artıq çəki ucbatından kompleks keçirməsinə, bunun da səbəbləri var. Geyim reklamlarına fikir verin, elə model seçirlər ki, nə geysə, yaraşacaq.

Amma alıcı o geyimi alır və istədiyi effekti əldə edə bilmir. Ona görə də qadında kompleks yaranır. O, anormal dərəcəyədək arıqlamaq istəyir. Fikrimcə, hipofiz və endokrin sistemlə əlaqəli olmayan köklük xəstəlik deyil. Yəni çox yeyib, az hərəkət edib, bir balaca kökəlirsənsə, bu, xəstəlik deyil. Təbii, yaxşı olardı ki, artıq çəki olmasın, amma bütün dünya bundan əziyyət çəkir. Əlbəttə, burada keyfiyyətsiz qidaların da böyük rolu var. Hansısa ərzaq məhsullarının geninə müdaxilə olunması hallarını nəzərdə tuturam. Və ya başqa məqamı götürək – Afrikada yetişən meyvə bizim orqanizmimizə uyğun deyil, yaddır, onun xeyrindən çox ziyanı ola bilər. Öz ölkəmizdə yetişən məhsullarla qidalanmağa üstünlük verməliyik.

H.L.: Adətən qadınlar artıq çəkini özlərinə daha çox dərd edirlər, pəhrizlərə başlayırlar ki, arıqlasınlar. Əlbəttə, görünüşün də, sağlamlığın da qayğısına qalmaq lazımdır. Amma normalda bu cür pəhrizlərdən əvvəl mütləq dietoloq-həkimdən məsləhət alınmalıdır. Yəni qonşunun, rəfiqənin hansı pəhrizi saxladığını öyrənib onu özünə tətbiq etmək çox pis nəticələrə gətirib çıxara bilər. Qadınlarda bu cür özbaşına pəhrizlər çox zaman qaraciyər xəstəlikləri, hətta serroz da yaradır. Yəni tərkibini bilmədikləri müxtəlif həblər, ot dəmləmələri qəbul etmək, bəlkə də, artıq çəki probleminə müvəqqəti də olsa, əlac edəcək, amma əvəzində mütləq orqanizmin hansısa hissəsinə ziyan vuracaq. Kişilər bu baxımdan daha rahatdırlar. Onlar görünüşləriylə bağlı bir o qədər də kompleks keçirmirlər.

 

- Sizcə, sağlam və uzun ömrün sirri nədədir? Belə bir “reseptiniz” varsa, onu oxucularımızla bölüşməyinizi istərdik.

M.İ.: Bir həkim kimi sağlamlığı vərdişlər və həyat tərzi ilə əlaqələndirə bilərəm, amma fikrimcə, bu, dəqiq mülahizə olmaz. Sağlamlıq və ya xəstəlik ilk növbədə irsən gəlir. Yəni genefondunda şəkər, ürək-damar və ya ağciyər xəstəlikləri yoxdursa, deməli, həmin adam bu diaqnozlardan sığortalanıb. Amma sonradan qazanılan xəstəliklərdə zərərli vərdişlərin, həyat tərzinin, sosial amillərin rolu danılmazdır. Məsələn, vərəm virusuna daha çox həbsxanalarda yoluxurlar. Yeri gəlmişkən, qeyd edim ki, vərəm və hepatit xəstəlikləri Azərbaycanda dövlət hesabına müalicə olunur. Uzunömürlülüyə gəlincə, sovet dövründən qalma şişirtmə rəqəmlərə uymaq lazım deyil, bizdə heç vaxt orta yaş həddi 67 yaşdan yuxarı keçməyib... Yeri gəlmişkən, bu məsələ ilə bağlı bir məqamı qeyd edim. Kifayət qədər gərgin həyat tərzi keçirən məşhur siyasətçi Çörçillə sual verirlər ki, belə uzun yaşamağınızın sirri nədədir?

Cavab verir ki, mən heç vaxt oturmaq imkanı olan yerdə ayaq üstə durmadım, uzanmaq imkanı olan yerdə də oturmadım. Amma bizə uzun illər öyrədiblər ki, iş insanın cövhəridir, sağlamlıq idmanda, hərəkətlilikdədir. Maraqlıdır ki, Çörçill tamam başqa şey deyir. Yəni, resept fərdidir, orqanizmdən və taledən asılıdır. Qəzavü-qədəri çıxsaq, məsələ yenə də tək bir amillə bağlı deyil, hər şey genefonddan, sosial vəziyyətdən və həyat tərzindən asılıdır.

H.L: Sağlamlığın reseptini bilsəydim, nə vardı ki. O zaman ömür boyu həkimlərə müraciət etməzdim. Yəqin ki, sağlam və uzun yaşamaq üçün sağlam həyat tərzini seçməlisən. Vaxtlı-vaxtında istirahətə də çıxmalısan, səyahət də etməlisən. İnsan ildə azı bir dəfə müayinədən keçməlidir. Yadıma gəlir ki, bir vaxtlar bizi məktəbdən poliklinikaya aparırdılar, orada bütün müayinələrdən keçirdik. Belə ənənələr bərpa olunsa, yaxşı olar. Yeri gəlmişkən, bir məqamı qeyd edim, əlimizdə hər cür imkan olsa da, heç biz həkimlər özümüz vaxtlı-vaxtında müayinə olunmuruq. Yalnız ildə bir dəfə qan veririk, infeksiyaların olub-olmadığını müəyyənləşdirirlər – bu, məcburi prosedurlardır. Ultrasəs müayinəsi və kompüter tomoqrafiyasına gəlincə, şəxsən mən vaxt tapıb müayinədən keçə bilmirəm. Bir də, bizim xalqda bir tendensiya var: yalnız vəziyyəti ağırlaşanda xəstəxanaya müraciət edir. Həkimi də belədir, xəstəsi də. Bildiyimə görə, hazırda məcburi tibbi sığorta layihəsi üzərində iş gedir. Əgər bu sistem oturuşsa, çox yaxşı olar.

 

- İcazənizlə söhbətimizi belə bir zarafatyana sualla tamamlayaq: nə üçün həkimlərin xətti çox zaman səliqəsiz, oxunaqsız olur?

M.İ.: Yox, həkimlərin xətti pis olmur. Sadəcə, onların işi qaçaqaçdadır. Biz bəzən beş dəqiqə xəstəni müayinə edib sonra on beş dəqiqə rəy yazırıq. Çünki hüquqi sənəddir, gərək geniş, hərtərəfli yazasan. Fikrimcə, səbəb budur. Bir məzəli məqamı da danışım. Rusiyada işləyəndə bir həmkarımız vardı, xətti çox bərbad idi, bir gün yazdığı sənədi gətirdilər, öz xəttini oxuya bilmədi, soruşdular, nə yazmısan, hirslənib, dedi ki, mən bilmərəm, Allah bilir. Zarafat bir yana, indi artıq bizim də işimiz kompüterləşir. Qələmə ehtiyac qalmayacaq.

H.L.: Bu, tələbəlikdən gəlmə şeydir. Altı-yeddi illik təhsil müddətində daim mühazirələr yazmağa məcbur olmuşuq. Mühazirə də, bilirsiniz ki, sürətlə deyilir, hamısını qısa-qısa da olsa, yazıb çatdırmalısan. Oturub rahat-rahat, səliqəli yazmaq imkanı olmur. Ona görə də əksər həkimlərin xətti korlanır. 

Rəbiqə NAZİMQIZI