Elektron ədəbiyyat və sənət portalı

“Müasir ədəbi prosesdə əsas problem intellektin, mütaliənin azlığıdır”

Bölmə: Müsahibə 17.06.2016

Bəlkə, ölüm varsa, sevilməyəsən?
Bəlkə, sevməyəsən? Bəlkə, sevəsən?
Bəlkə, ruh dediyin al-qırmızı qan?
Bəlkə, torpaq üstə cənnət meyvəsi,
Bəlkə, torpaq altda toxumdu insan?
Bəlkə də hər dahi tənha bir dəli?
Bəlkə də hər dəli tənha bir dahi? - Sirdi, İLAHİ!
Bəlkə, göz yaşıdı? Bəlkə, sırsıra?
Bəlkə, kəhrəbadı yağış damlası?
Bəlkə, pişikləri maraq öldürüb?
Bəlkə, məhəbbəti Məcnun söndürüb?
Bəlkə, qatilləri qatil eləyən hakimdi ancaq?
(onun da qətlinə fərman olacaq!)

Bu misraların müəllifi Camal Yusifzadədir. Sadə, zəhmətkeş, təvazökar adam, maraqlı müsahibdir. Şeirləri haqqında az danışır. Anlaşılandır. Deyir ki, bu əsərlər onun səsi, ruhu, ağrısı, nəbzi olan duyğularının rəngli siluetidir: “Görən bilər! Duyan bilər! Sevən bilər! Ölən bilər!”

Beləliklə, “Aydın yol” qəzetinin budəfəki müsahibi bu yaxınlarda 75 illik yubileyini qeyd etmiş şair Camal Yusifzadədir.

Dosye: Camal Yusifzadə 1941-ci ildə Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb (1960-1965).

Tələbəlik illərində bədii yaradıcılığa başlayıb.

Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

Televiziya və Radio Verilişləri Şirkətində Ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini, Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru olub. Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub.

“Lənkəran nəğməsi”, “Atlılar, qanadlılar”, “Yol içində milyon seçdik”, “Payızdan gələnlər”, ”Ümiddən keçən yol” və “Küləyi döymək olmaz” adlı şeir kitablarının müəllifidir.

 

- Camal müəllim, Böyük Vətən müharibəsinin ilk ilindəcə anadan olmuşunuz. Uşaqlığınız necə keçib?

- Lənkəranda anadan olmuşam. Bəy nəslindənəm. 1918-ci ildə Azərbaycan, sovet qoşunları tərəfindən işğal olunanda babamgilin bütün var-dövlətini müsadirə ediblər, mülklərimizi bağçaya, məktəbə, uşaq evinə çeviriblər. Qohumlarımız arasından tutulanlar, müharibəyə gedib qayıtmayanlar və ya xaricdə qalanlar olub. Ailədə beş uşaq idik.

Hamımız da ali təhsil almışıq. Ümumiyyətlə, bizim nəsil elmə marağı ilə tanınır. Qaraman tayfasındanıq, onlar vaxtilə buradan Türkiyəyə köçüb, amma müəyyən səbəblərdən oradan geri qayıtmalı olublar. Buna görə də indi Azərbaycanda qaramanlılarla bağlı yer adları çoxdur. Neftçalada, Kürdəmirdə, Salyanda Qaramanlı kəndi, Göyçayda Qaraman məscidi var. Ədəbiyyat və incəsənətlə bizim nəsildə daha çox iki nəfər məşğul olub. Biri dayımdır - şərqşünaslıq fakültəsində təhsil alıb, şeirlər yazıb, amma cavan yaşındaca vərəm xəstəliyindən dünyasını dəyişib, biri də babam Nəcəfqulu - mesenat olub, özü şeir yazmasa da, ədəbiyyatı, ədəbiyyatçıları sevib, evində daim şeir məclisi düzənləyib. Demək olar, ədəbiyyata bağlılıq məndə genetikdir.

 

- Bununla belə, ədəbiyyat yox, tarix fakültəsini bitirmişiniz. Fərqli ixtisas seçməyinizə səbəb nəydi: dəb, yoxsa partiya hökumətində təmsil olunmaq arzusu?

- Yox, tarixə də çox böyük marağım vardı, üstəlik, o vaxt bu fakültəyə daxil olmaq çox çətin idi. 750 abituriyentdən yalnız 25 nəfəri seçiləcəkdi. Tale də elə gətirdi ki, qəbul olundum və orada oxudum. Amma məzun olandan sonra təyinat almaq vaxtı çatanda elmin arxasınca getmədim. “Komsomol”a yönləndirmək istədilər, onu da qəbul etmədim, dedim ki, yaradıcılıqla məşğul olmaq istəyirəm.

 

- Bəs necə oldu ki, bədii yaradıcılığı seçdiniz? Yəni nə zamandan yazırdınız?

- Ədəbiyyata xüsusi marağım olsa da, üçüncü kursadək şeir yazmamışam. Ələkbər Salahzadə, İsa İsmayılzadə, İsi Məlikzadə, Vaqif Səmədoğlu, Seyran Səxavət, Ramiz Rövşən... bir sözlə, elə bir mühitə düşdüm ki, istər-istəməz bir də gördüm, mən də yazıram. Qətiyyən şairlik iddiam yox idi, necə oldusa, “Mənə nağıl danışın” adlı bir şeir yazası oldum, dostlara oxudum, təkid etdilər ki, bundan sonra dayanmadan yaradıcılıqla məşğul olum. Rəsul Rza bizi – sərbəst şeirə meyil edən istedadlı gəncləri himayəsinə götürdü, çap olunmağımıza yardım göstərdi, sonra da bizi ensiklopediyada işə dəvət etdi. Günlərin bir günündə “Ədəbiyyat” qəzetində mənim yazdığım “Qış” adlı uşaq şeirimlə bağlı məqalə çıxdı, orada müəllif Rəsul Rza məni böyük Sabirlə müqayisə edirdi. Heç gözləmirdim. Sonra iş elə gətirdi ki, “Ədəbiyyat” qəzetinin incəsənət şöbəsində çalışası oldum.

 

- İlk kitabınızı necə xatırlayırsınız? Oxucuların və ədəbi tənqidin reaksiyaları sizi qane etdimi?

- “Lənkəran nəğməsi” adlı ilk şeirlər kitabım gec işıq üzü gördü. Hamımızın – Ramiz Rövşənin, Seyran Səxavətin və bir neçə başqa şairin kitabı da eyni seriya altında çıxdı. Reaksiyalar təzadlıydı. Amma istənilən halda, kitab oxunurdu. Əli Kərim və Rəsul Rza başda olmaqla, bizə dəstək verən qrup vardı. Yeri gəlmişkən, deyim ki, barəmdə ilk məqaləni 1966-cı ildə Əli Kərim yazıb. Amma bizim seçdiyimiz yol klassik formadan bir qədər fərqləndiyi üçün əvvəl o qədər də asan qəbul olunmurdu. Bununla belə, zamanla 60-70-ci illərdə yaranmaqda olan ədəbi nəsil Azərbaycan ədəbiyyatının avanqardına çevrildi.

 

- Sizinlə eyni vaxtda ədəbiyyata gələn imzalar bu gün geniş oxucu kütləsinə yaxşı tanış olsa da, Camal Yusifzadə sanki proseslərdən bir qədər kənarda qaldı. Necə düşünürsünüz, buna səbəb nədir?

- Vallah, nə deyim... Ədəbi dərgilərdə müntəzəm çap olunmuşam. Amma mən həm də dramaturqam axı, beş beynəlxalq festivalda iştirak etmişəm, onun ikisində qalib gəlmişəm. Bundan başqa, iyirmi iki il “Ədəbiyyat” qəzetində Teatr, kino şöbəsinin müdiri olmuşam, bu da xeyli zamanımı alıb. Sonra kino ilə məşğul olmuşam. Yetmişə yaxın sənədli filmin ssenari müəllifiyəm. Özünü reklama cəhd etməmişəm, ədəbi tədbirlərdə çox gözə girməməyə calışmışam. Son vaxtlaradək televiziyada çalışmışam, Azərbaycan Telefilm Yaradıcılıq Birliyində baş redaktor işləmişəm. Deməzdim ki, mən diqqətdən kənarda qalmışam. Üstəlik, bizim nəslin təmsilçiləri həmişə bir-birinə diqqətlə yanaşır, bir-birini qiymətləndirirlər. Məsələn, rəhmətlik Vaqif Səmədoğlu nadir hallarda şarj çəkərdi. Çox yaxın dost idik, bir dəfə şəklimi çəkib üstünə zarafatla yazmışdı: “Xəstə dahi”. Demək istədiyim budur ki, ədəbi mühitdə dostluq münasibətlərimiz həmişə olub, elə indi də var. Məsələn, bu gün də Fikrət Qocadan soruşsan, məni xeyli tərifləyəcək.

 

- Amma bu yaxınlarda saytlardan birinə verdiyiniz açıqlamada özünüzə qarşı laqeydlikdən gileylənmişdiniz. Konkret ittiham da vardı – Azərbaycan Yazıçılar Birliyi sizin yubiley yaşınızı görməzlikdən gəlib.

- Mən yubileyimin keçirilməsi üçün müraciət etməmişəm. Onun qeyd olunmamasını da onların günahı hesab etmirəm. Çünki 70 yaşımda da, 75 yaşımda da düşünmüşəm ki, lazım bilsələr, mənimlə bağlı rəsmi bir tədbir keçirəcəklər. Yoxsa məclis qurmağa nə var ki? Gedib deyərəm, “Natəvan” klubunu verin, sabah dost-tanışa deyim, yığışıb gəlsinlər. Amma belə səviyyədə yubiley keçirməyi özüm də istəmərəm. Təşkilat lazım bilirsə, özü eləsin. Eləməsələr də, sağ olsunlar. Mən onlara nə deyə bilərəm ki?

 

- Bugünkü ədəbi proseslərdə, ədəbiyyatımızda hansı tendensiyalar özünü göstərir?

- Bilirsiniz ki, bizim nəslin texnologiya ilə problemləri var, ona görə də saytlardan mətn oxuya bilmirəm. Dərgiləri, qəzetləri izləyirəm, kitabları alıram. Ədəbi proseslə bağlı yazılarım çıxır. Məsələn, bu yaxınlarda Seyran Səxavətin 70 illiyinə həsr olunmuş məqaləm “Azərbaycan” jurnalında dərc olundu. Yeri gəlmişkən, jurnal mənim 70 illik yubileyimi qeyd etmişdi, amma 75-də unutdular... Neyləmək olar, dünya qəliz dünyadır... Ədəbi prosesə gəlincə, düşünürəm ki, əsas problem intellektin, mütaliənin azlığıdır. “60-cılar” intellektual baxımdan çox güclü idilər, baza bilikləri vardı, bədii ədəbiyyatı acgözlüklə oxuyurdular. Məsələn, çox nadir adam Vaqif Səmədoğlu ilə musiqi mövzusunda söhbət edə bilərdi. Vaqif musiqini nə dərəcədə bilirdisə, şeiri də elə bilirdi. Müasir ədəbi mühitdə bunları görə bilmirəm. Bu gün çoxunun mətnində şeir var, poeziya yoxdur. Çox zaman poeziya ilə şeiri qarışdırırlar. Şeiri istənilən adam yaza bilər, heca, qafiyə sistemini gözləməkdən asan nə var, amma poeziya yaranacaqmı – sual budur. Bəzən bizdə şeir maraqlı deyim tərzinin üzərində qurulur, amma içərisində məna olmur. Qısası, belə deyərdim, bizim poeziyada dramaturgiya çatışmır – nədən başlayıb, nədə qurtaracaqlarını bilmirlər, buna görə də şeir, oxuyub bitən kimi yaddan çıxır...

Rəbiqə NAZİMQIZI