Elektron ədəbiyyat və sənət portalı

Tufanlı dənizin kapitanı

Bölmə: Tarix 17.06.2016

- Cənab zabitlər, icazənizlə, dostumu təqdim edim. Qraf Lev Nikolayeviç Tolstoy. Gənc zabit, eyni zamanda ümidverən yazıçı...

Traktirdə böyük yemək masası arxasına toplaşıb hay-küylə şam edən məclisə bir anlıq sükut çökdü. Bütün nəzərlər  cavan zadəgana, onun yaxasındakı “Müqəddəs Anna” ordeninə və medallara dikildi. Zabitlər bir nəfər kimi cəld ayağa qalxıb farağat dayandılar. Görünür, qonaq belə təmtəraqla qarşılanacağını gözləmirdi. Ona görə də, utandığından özünü itirdi, nə deyəcəyini bilmədi:

- Bu, mənimçün böyük şərəfdir, cənablar... Təşəkkür edirəm, minnətdaram... Xahiş edirəm, əyləşin...

Məclis dərhal əvvəlki məcrasına qayıtdı. Qədəhlər doldu, çəngəl-bıçaq cingiltisi şən qəh-qəhələrin səsinə qarışdı. Bəli, rus zabitləri əla döyüşdükləri kimi, yaxşı da şənlənməyi bacarırlar. Bu axşam süfrə arxasında əyləşənlərin böyük əksəriyyəti Qara Dəniz Hərbi Donanmasının zabitləri idi. Onlar Krım müharibəsində iştirak etmişdilər. Amansız savaş yenicə bitmişdi, amma döyüş ab-havası hələ də Sevastopolun başı üzərində dolaşmaqda idi. Rusiya və Türkiyə arasında müharibə 1853-cü ildə başlamışdı və faktiki olaraq tərəflər üçün məğlubiyyətlə sonuclanmışdı. Sülh müqaviləsinin şərtlərinə görə, Qara dəniz neytrallaşdırılırdı, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunurdu, Rusiyanın sahil istehkamları  sökülür,  Rusiya və Türkiyəyə Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Xüsusi konvensiyaya  görə, Rusiya və Türkiyəyə qaçaqmalçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət dəniz qüvvəsi saxlamağa icazə verilirdi...

Qraf Tolstoyu məclisə təqdim edən zabit qədəhi əlinə alıb sağlıq demək üçün ayağa qalxdı:

- Cənablar, icazənizlə, bu qədəhi qonağımız, qraf Tolstoyun şərəfinə qaldırmaq istəyirəm. Nəzərinizə çatdırım ki, dostumuz qələm əhli kimi artıq məşhurlaşıb. Sizə tövsiyə edirəm ki, onun “Sovremennik”də dərc olunmuş “Sevastopol 1854-cü ilin dekabrında” adlı yazısını oxuyasınız. Bu əsəri əlahəzrət imperator Aleksandr da çox bəyənib. Hətta göstəriş verib ki, bu istedadlı artilleriya zabitini qorusunlar, ona yeni əsərlər yazmaq üçün şərait yaratsınlar. Hörmətli qraf, bu münasibətlə sizi ürəkdən təbrik edirik və bü badəni sizin şərəfinizə içirik!

Sağlıq lap yerinə düşmüşdü. 26 yaşlı Lev Tolstoy bundan əvvəl Buxarestdə, Dunay ordusunda xidmətdə idi. Sonra ərizə yazıb Krım ordusuna keçmək arzusunu bildirdi. O, Sevastopola gələndə aləm bir-birinə dəymişdi, müharibənin qızğın çağı idi. Gənc zabiti 4-cü bastionda batareya komandiri təyin etdilər. Lev Tolstoy döyüşlərdə göstərdiyi igidliyə görə orden və medallarla təltif olundu. O, eyni vaxtda əsgərlər üçün jurnal buraxmağı planlaşdırırdı, amma tezliklə bu ideyadan əl çəkdi və “Sevastopol hekayələri” adlı silsilə üzərində çalışmağa başladı...

Zabitlər qədəhləri ayaq üstə, birnəfəsə boşaltdılar və ardınca xorla “İlahi, sən çarı hifz elə” mahnısını oxudular. Ardınca traktirin ansamblı “Oçi çyornıe” (“Qara gözlər”) çaldı, qaraçı gözəlçə mahnı oxuya-oxuya rəqqasələrin müşayiəti ilə qrafa yaxınlaşdı. Əlindəki kiçik sinidə dolu qədəh vardı. Qraf qədəhi başına çəkib qaraçı gözəlçəni öpdü, sonra da siniyə pul qoydu.

Məclis yenidən qızışdı. Az keçmiş qrafın dostu ona yaxınlaşdı.

- Əzizim, yəqin yanında əyləşmiş bu qarabəniz zabitlə hələ əməlli-başlı tanış olmağa macal tapmamısan. Ona görə də, icazə ver, ən yaxın dostumu və silahdaşımı, kapitan-leytenant İbrahim bəy Aslanbəyovu sənə təqdim edim. Qafqazdandır, özü də azərbaycanlıdır. İgid adamdır. Onu, sözün əsl mənasında, Krım savaşının qəhrəmanı hesab etmək olar.

Qraf məmnunluqla İbrahim bəyin əlini sıxıb başı ilə təzim etdi. Eyni hörməti də yeni tanışı ona göstərdi. Bakıda, Mərdəkanda, bəy ailəsində dünyaya göz açmış 33 yaşlı bu adam davranış qaydalarını yaxşı bilirdi.

İbrahim bəy Aslanbəyov 1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirəndən sonra Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüşdü, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdi. “Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü ildən desant gəmisinin döyüşən batareyasına başçı təyin olundu, dəfələrlə şücaət göstərdi, döyüşlərdə fərqləndi. Bu xidmətlərinə görə admiral Naximovun təqdimatı ilə ona kapitan-leytenant rütbəsi verildi. İbrahim bəy müharibənin sonuna kimi Sevastopol qarnizonunun tərkibində döyüşdü, kontuziya aldı. Müalicədən sonra qayıdıb Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik etdi...

Tolstoyun dostu sözünə davam etdi:

- Sözümün canı var, hörmətli qraf. Admiral Naximov barədə mənə verdiyin bütün sualları İbrahim bəy cavablandıra bilər. Admiralla çiyin-çiyinə döyüşüblər, komandanın önəm verdiyi zabitlərdəndir. Özü də çox maraqlı adamdır. Sizi baş-başa buraxıram...

Lev Tolstoy yeni tanışını diqqətlə süzüb sakitcə sözə başladı:

- Əvvəlcə sizi imam Şamilin həmyerlisinə bənzətdim, hörmətli İbrahim bəy. Mən o dağlara, Qafqazın mərd adamlarına yaxşı bələdəm, rus ordusunun tərkibində döyüşmüşəm. Təəssüratlarım hədsizdir. Yəqin, nə zamansa Şamildən roman yazacağam. Amma bu gün Naximov məni daha çox maraqlandırır. Onun yoxluğu rus donanması üçün böyük itkidir. 

Qraf Tolstoyun bu sərkərdəyə göstərdiyi maraq heç də əbəs deyildi. Naximov həlak olsa da onun haqqında söz-söhbətlər səngimək bilmirdi. Pavel Stepanoviç Naximov 1852-ci ildə donanma diviziyasının vitse-admiralı təyin olunmuşdu. Krım müharibəsində isə Qara Dəniz Donanmasının eskadronuna başçılıq etmişdi. 1853-cü ildə Sinop döyüşündə misilsiz hünər göstərmişdi. 1855-ci ildə Sevastopol limanının komandanı və şəhərin hərbi qubernatoru təyin edilmişdi. Naximov əsgər və zabit heyəti arasında böyük nüfuza malik idi. İgid sərkərdə 1855-ci il iyunun 30-da şəhər istehkamlarında aparılan bərkidilmə işlərini yoxlayan zaman düşmən gülləsinə tuş gəlmişdi.

İbrahim bəy tanınmış sərkərdə haqqında xeyli danışdı. Lev Tolstoy müsahibini diqqətlə dinləyirdi. İbrahim bəy admiral barədə söhbətini belə bitirdi:

- O, dəniz hərb sənətinin, necə deyərlər, atası idi. Bu gün bir zabit kimi, öyrəndiyim hər şeyə görə admiral Naximova borcluyam...  

Fərhad SABİROĞLU