Elektron ədəbiyyat və sənət portalı

Bilməsək dil ...

Bölmə: «Aydın Yol»çular 17.06.2016

Bəziləri isə təhsil ocaqlarında rus dilinin məcburi qaydada deyil, ancaq fakultativ formada tədrisinin tərəfdarıdır.

Mövzu ətrafında fikirlər çoxşaxəlidir və hərə öz fikrini əsaslandırmaq üçün müxtəlif arqumentlər gətirir. Hələ uzun illər əvvəl Seyid Əzim Şirvani yazırdı ki, “bilməsək dil, əlacımız yoxdur”.

...Bakının qızmar yay günlərindən birində axşamüstü şəhər bazarına yollandım. Həmişəki kimi qələbəlik idi, səs-küydən qulaq tutulurdu. Çiyələk satılan cərgələrin yanından keçəndə qəribə bir mənzərənin şahidi oldum. İki sarısaç qız satıcıdan rusca nəsə soruşurdu, o isə gözlərini döyə-döyə qalmışdı. Müştəri qızların dilimizi bilmədiyini görən satıcı qonşu həmkarını “köməyə” çağırdı:

- Hətəm, bunlar nə istəyir? Rusca bir şey anlayırsan?

Hətəm piştaxtaya yığdığı çiyələklərdən ən irisini ağzına atdı və bic-bic gülümsədi:

- Yəqin, çiyələk istəyirlər də! Bunlara başqa nə lazımdır ki? Vallah, məni qınama, urusca “ya tebya lyublyu”dan (mən səni sevirəm) başqa bir şey bilmirəm.

Qızlardan biri satıcıların rusca bildiyini, lakin onlarla məzələndiklərini zənn edib hövsələdən çıxdı:

- Vot, vot, u vas v ume tolko odno, lyublyu! (ağlınızda sevməkdən başqa bir şey yoxdur)

Qızlara yaxınlaşdım. Öyrəndim ki, Nijnı-Novqorod şəhərindən Bakıya qonaq gəliblər. İstirahətdən çox razıdırlar. İlk dəfə gördükləri bü əsrarəngiz şəhərə, onun mehriban sakinlərinə heyran qalıblar. Bazara da onları ekzotikaya maraq gətirib. Eşidiblər ki, şərq dünyasının incəliklərini görmək istəyən mütləq bazarı gəzməlidir. İndi də yerli çiyələkdən, gilasdan dadmaq üçün şirin nemətlərin hərəsindən yarım kilo almaq istəyirlər...

Qonaqlara vəziyyəti anlatmağa çalışdım:

- Siz bu cavanlardan inciməyin. Onların sizi ələ salmaq fikirləri yoxdur. Sadəcə, kənddə böyüyüblər, məktəbdə rus dili keçməyiblər. Amma çox saf və zəhmətkeş adamlardır.

Nə isə. Vəziyyət düzəldi. Satıcılar ən yaxşı meyvələrdən “assorti” düzəldib qızlara verdilər, dedilər ki, qonaq edirik, pul da almadılar.

Düşündüm ki, əhvalat Bakı bazarında yox, Rusiyada baş versəydi, azərbaycanlı gənclər vəziyyətdən necə çıxacaqdı? Yəqin ki, rus müştəri satıcı ilə doğma dilində ünsiyyət qura bilmədiyi üçün əlini yelləyib gedəcək, azərbaycanlılar haqqında Allah bilir nələr düşünəcəkdi!

Amma biz bu barədə düşünməyə borcluyuq. Uzun illər formalaşmış bir tədris sistemini qadağan etmək bizə nə verəcək? Məlumdur ki, istənilən əcnəbi dil dünya elminə, mədəniyyətinə və incəsənətinə mükəmməl körpüdür. Xüsusən də şimal qonşumuzun dilini öyrənmək bizə ziyanlı yox, xeyirlidir.

Bu barədə uzun illər Rusiyanın Kirov vilayətində yaşayan sahibkar dostum Müşfiq Məmmədovun fikirləri də maraqlıdır:

- Yaşadığımız şəhərdə rus dilini bilməyənlərə daş dövründən gəlmiş insan kimi baxırlar. Açığı, əvvəllər çox çətin idi, rus dilini bilmirdik, hansı idarəyə gedirdiksə, tərcüməçi aparırdıq. Tədricən rus dilini öyrəndik, övladlarımız da mükəmməl danışır. Bunun sayəsində yerli sakinlərlə xoş ünsiyyət qurmuşuq. İndi xalqımız haqqında ictimai rəy müsbətdir. Başqa çarə yoxdur, bu ölkədə uğurlu biznes qurmaq istəyirsənsə, dili öyrənməlisən!

Sahibkar haqlıdır. Dil çətin anda həmişə köməyə gəlir. Hazırda respublikamızda xarici dil öyrənmək üçün hər cür şərait var. Pullu kurslar, fərdi məşğələlər barədə elanlara hər addımda rast gəlmək olar. Bununla yanaşı, Azərbaycanın bölgələrində rus və digər xarici dillərin tədrisini daha da gücləndirmək lazımdır.

İndi xarici dili bəsit şəkildə bilmək, özün haqqında qısa məlumat vermək, sadə ünsiyyət qurmaq yetərlidir.

Məncə, “ya tebya lyublyu” ifadəsi heç də pis başlanğıc deyil...