Elektron ədəbiyyat və sənət portalı

Bürkü zarafatları

Bölmə: Ədəbiyyat 21.08.2015

Alberto MORAVİA
(İtaliya)

Yəqin, hələ çox cavan olduğumdan və özümü kişi kimi, ailə başçısı kimi hiss etməyə alışmadığımdan yayda həmişə aradan çıxmaq, harasa getmək həvəsinə düşürəm. İlin bu fəslində adətən Romadakı zəngin evlərin pəncərə qapaqları səhərdən kip örtülü olur və gecənin təmiz havası geniş otaqlarda qorunub saxlanılır; belə mənzillərdə həmişə hər şey öz yerindədir, hamısı da tərtəmiz, yığışdırılmış, səliqə-sahmanlı. Yarıqaranlıqda güzgülərin, mərmər döşəmələrin, laklı mebellərin parıltısı göz oxşayır, hətta içərinin sakitliyində də nəsə bir sərinlik, rahatlıq duyulur. İçmək istəsən, buyur, məcməyidə səninçün soyuq içki, büllur qədəhdə limonad, yaxud portağal suyu gətirirlər; qarışdıranda da bir parça buz qədəhin içində ləzzətlə cingildəyir və təkcə elə bu cingilti yetər ki, təpədən-dırnağa təzələnəsən.

Kasıb evlərdə isə vəziyyət başqa cürdür. İstilərin düşdüyü birinci gündəncə bürkü boğanaq otaqları öz ağuşuna alır və bütün yayı ordan çıxmır. İçmək istəyirsən, ancaq krandan axan su bulyon kimi ilıqdır. İçəridə tərpənməyə yer yoxdur – əşyalar sanki şişiblər, hamısı da az qala adamın gözünə girir; mebel də, pal-paltar da, qab-qacaq da. Otaqda hamı pencəksiz oturur, tər iyi gələn köynəklər isə onsuz da nəmdir. Pəncərəni bağlasan – boğularsan, çünki gecənin saf havası altı adamın yatdığı bu iki-üç qəfəsciyə girə bilmir; açıq pəncərələrdən soxulan günəş şüaları isə küçənin bütün iylərini – qızmar dəmirin, tər və tozun qoxusunu içəri gətirir.

İstilərin düşməsi ilə adamların xasiyyəti də korlanır; hamı ən xırda şeylərə görə qıcıqlanır, sinirlənir, öcəşir. İmkanlı adam belə vəziyyətdə, əlbəttə ki, durub özünü bir küncə verər, iki-üç otaq o yana, gözdəniraq bir yerə çəkilər; kasıbların isə sala boşqabları və bulaşıq stəkanların arxasında bir-biriylə burun-buruna oturub qalmaqdan başqa çarəsi yoxdur, ya da gərək evdən biryolluq baş götürüb getsinlər.

Belə isti günlərin birində bütün ailə ilə sözüm çəp gəldi: arvadımla çəkişdim ki, şorba qaynar idi və qır duz eləmişdi; qaynıma o səbəbdən hirsləndim ki, arvadımın tərəfini saxlayırdı, halbuki işsiz qalıb boynumda oturduğundan buna qəti haqqı çatmırdı; baldızımın mənə qahmar çıxması səbr kasamı lap daşdırmışdı, çünki sadəcə, mənə vurulduğunu, indi də işvəkarlıq etdiyini yaxşı bilirdim; anama çəmkirməyim onun üstündə oldu ki, məni elə hey sakitləşdirməyə çalışırdı; atam israrla tələb edirdi ki, yeməyini rahat yeməyə ona imkan versinlər və elə bu hikkəsiylə də məni hövsələdən çıxarırdı; nəhayət, qızıma ondan yana acığım tutdu ki, hönkürüb ağlayırdı. Axırda yerimdən sıçrayıb qalxdım, stulun başından pencəyimi dartıb birbaşa bəyan etdim:

- Bilirsiz nə var? Siz məni boğaza yığmısınız. Bir də oktyabrda görüşərik, havalar sərinləyəndə.

Və evdən getdim.

Yazıq arvadım pilləkənə cumdu, sürahıdan aşağı əyilib qışqırdı ki, bəs mənim xoşladığım xiyar salatı da var. Cavabım belə oldu ki, «Özün ye».

Və küçəyə çıxdım.

Biz Ostienze ilə üzbəüzdə yaşayırıq. Küçəni keçib çay limanının yanındakı çuqun körpüyə tərəf yönəldim. Saat iki – günün ən isti vaxtıdır; sirokkonun1 ucbatından səma göyə çalan qurğuşun rəngində, lap elə bil göyərmiş göz kimiydi. Körpüyə çatıb sürahılara dirsəkləndim, gündən qızmış dəmir əlimi yandırdı. Sahil küçələrinin arasında sıxılmış Tibr öz bulanıq, sarımtıl suyu ilə lap qanova oxşayırdı. Binanın yanıb qaralmış karkasını xatırladan Qazqolder, silos qüllələri, boru xətləri, iri benzin çənləri, qaz zavodunun sobaları, istilik-elektrik mərkəzinin şiş uclu damı üfüqü büsbütün dövrələmişdi və adama elə gəlirdi ki, sanki bura Roma yox, Şimalın hansısa sənaye şəhəridir. Mən sement çuvallarıyla yüklənmiş bəndin yanındakı barjda ayaq saxlayıb sarı, ensiz Tibrə baxa-baxa bir qədər dayandım; mənə gülməli göründü ki, nəhəng gəmilərin girib-çıxdığı Genuya, yaxud Neapolun limanları kimi bu qanov da liman adlanır. Əgər mən, həqiqətən, qaçmaq istəsəydim, onda bu «limancığazdan» uzaqbaşı Fiumiçinoya qədər qaça bilərdim və orada dənizə baxa-baxa qızardılmış balıq yeyərdim.

Nəhayət, irəli getməyə qərar verib körpünü keçdim və Tibrin o biri üzünə doğru uzanan çöllüyə yönəldim. Baxmayaraq ki, yaxınlıqda yaşayıram, amma buralara heç vaxt yolum düşmədiyindən hara getdiyimi düz-əməlli bilmirdim. Əvvəlcə hər iki tərəfi tullantılarla dolu çılpaq çöllüyün olduğu adi asfalt yolla addımladım. Sonra asfalt yol torpaq cığıra çevrildi, zibil qalaqları isə təpə kimi ucalırdı. Fikirləşdim ki, görünür, mən şəhərin hər tərəfdən zibil daşınıb tökülən hissəsinə düşmüşəm; burda bitki adına heç bir şey yox idi, heç nə zoğ atmırdı və ətrafda hər şey köhnə kağız-kuğaz parçalarıyla, paslı konserv bankalarıyla, hər cür qida tullantılarıyla doluydu. Çöllük başdan-başa göz deşən qızmar gün işığı içindəydi, çürüntünün kəskin üfunətindən burun tutulurdu. Tərəddüd içində ayaq saxladım: irəli getmək istəmirdim, amma geri qayıtmağa da meylim yox idi. Elə bu vaxt qəfildən səs eşitdim, sanki kimsə iti yanına çağırırdı.

Başımı geri döndərdim ki, görüm bu nə itdir, amma heç bir it-filan gözümə dəymədi, baxmayaraq ki, bütün bu zibil topalarının arası süləngi itlərin əsl yeriydi. Onda fikirləşdim ki, yəqin, bu çağırış mənə aiddir, odur ki, səsin gəldiyi tərəfə boylandım. Zibil qalaqlarının arxasında bayaqdan gözümə sataşmayan dəmir örtüklü balaca bir koma gördüm.

Komanın qapısı ağzında səkkiz yaşlarında sarıyanız bir qız dayanmışdı və mənə işarə verirdi ki, içəri girim. Qızcığazın sifəti solğun idi, gözlərinin altında yaşlı qadınlarınkı kimi göy həlqələr vardı, toz-torpağa bulaşmış pırtlaşıq saçları küləş içində olduğundan başı çalağan başına bənzəyirdi. Geyimi çox sadə, çox biçimsiz idi. Buna heç paltar da deməzdin – ikisi qolları, ikisi ayaqları üçün olan dörd dəlikdən ibarət çuval.

- Sən həkim deyilsən ki? - ona tərəf çönəndə qız soruşdu:

- Yox, - dedim. - Nolub ki? Sənə həkim lazımdır?

- Əgər həkimsənsə, - qız davam elədi, - onda keç içəri. Anamın halı pisdir.

Həkim olmadığıma qızı inandırmağa çalışmadım və qapıdan içəri girdim. İlk anda mənə elə gəldi ki, Kampio di Fyori bazarındakı köhnə-kürüşçünün dükanına düşmüşəm. Tavandan hər cür avadanlıq asılmışdı: paltar, corab, çəkmə, əski-üskü, qab-qacaq, müxtəlif ev əşyaları. Amma sonra anladım ki, mebel olmadığından bunları mıxdan asmağa məcbur olublar. Sallanan şeylərə toxunmasın deyə, başımı əyib ətrafı gözdən keçirdim ki, görüm uşağın anası hardadır; qız oğrun-oğrun mənə küncdəki cır-cında topasını nişan verdi. Baxanda gördüm ki, qızın göstərdiyi bu cındır qalağı bir gözüylə düz mənim üzümə baxır; o biri gözü isə bir çəngə ağ saçın arxasında it-bata düşüb. Qadının görkəmi məni dəhşətə gətirdi: çox qoca görsənsə də, hələ xeyli cavan olduğu aydın bilinirdi. Baxışlarımı tutub birdən-birə dilləndi:

- Ölənə qədər tanışlar bu dünyada həmişə rastlaşırlar.

Qız qəhqəhə çəkdi, sanki əyləncəli bir tamaşaya baxırdı; sonra sallağı oturub boş konserv bankalarıyla oynamağa başladı.

- Düzünə qalsa, mən səni tanımıram, - dedim. - Kimsən sən? Bu uşaq sənin qızındır?

- Əlbəttə… - qadın cavab verdi. - O elə sənin də qızındır…

Qız yenə başını qaldırmadan oğrun-oğrun pıqqıldadı. Mən bunu zarafata yozdum və qadına belə cavab verdim:

- Bəlkə mənimkidir, bəlkə də bir başqasınınkı.

- Yox, - qadın bu sözə bəndmiş kimi torpaq döşəmədən dikəlib barmağını üstümə tuşladı. - Səninkidir, yalnız səninki… Sən heç bilirsən kimsən? Avaranın, qoxağın, tənbəlin, yaramazın yekəsi!

Qadın təhqirə keçərkən qız da bərkdən gülməyə başladı, sanki bayaqdan elə bu sözləri gözləyirdi.

- Dilinə yiyəlik elə, - hirsimi boğa bilmədim, - mən axı dedim ki, səni tanımıram.

- Belə söylə, demək məni tanımırsan?.. Tanımırsan, amma hər necə olsa bura qayıtdın, eləmi? Əgər məni tanımırsansa, onda bəs evin yolunu necə tapdın?

- Qorxaq-yaramaz, qorxaq-yaramaz, - qızcığaz pəsdən oxumağa başladı.

Bürküdən və hiddətdən məni tər basmışdı. Cavab verdim ki, bəs burdan təsadüfən keçirdim.

- Ah, zavallı, - qadın kinayə ilə dilləndi və dönüb qıza əmr elədi: - Çantanı mənə ver görüm.

Qız qara məxmərdən olan cırıq, çirkli çantanı qıvraqcasına mıxdan dartıb çıxartdı və anasına verdi. Qadın çantanı açdı, içindən bir vərəq kağız çıxarıb dedi:

- Bu da nikah şəhadətnaməsi: Elvira Proetti, Ernesto Rapellinin arvadı… Sən yenə dəbbələyəcəksən, Ernesto Rapelli?

İşə bax ki, mənim adım həqiqətən Ernestodur. Bu təsadüfdən mat qaldım.

- Amma mən Rapelli deyiləm, - çaşqın halda dedim.

- Belə de. Deməli Rapelli deyilsən?

Qız indi belə oxuyurdu:

- Ernesto, Erne-esto.

Qadın ayağa qalxdı. Zənnimdə yanılmamışdım: saçı ağ, sifəti qırış-qırış, ağzı dişsiz olsa da, aydın görünürdü ki, yaşı otuzdan artıq deyil.

- Hə, deməli belə, deməli sən Rapelli deyilsən…

Sonra bir böyrünü çəkə-çəkə yaxınlaşdı, məni diqqətlə süzüb qışqırdı: - Sən Rapellisən! Allahın da, bəndənin də qarşısında sən Rapellisən ki, durmusan!

- Başa düşürəm, başa düşürəm, - dedim. - Sən özünü pis hiss edirsən. İcazənizlə, mən gedim.

- Yox, dayan bir dəqiqə!.. Belə tez olmaz!

Qız ürəkdən sevinə-sevinə bizim böyrümüzdə atılıb-düşür, başımıza fırlanırdı. Qadıın yenə kinayəyə keçdi.

- Ernesto, arvadını atan, evdən əkilən, bütün il boyu gözə görükməyən sinyor Ernesto… Bəs heç xəbərin var ki, sən olmayanda biz uşaqla bütün bu ili necə dolanmışıq?

- Yox, xəbərim yoxdur, - mən sərt şəkildə dedim. - Bilmirəm, heç bilmək də istəmirəm. Burax məni, çıxım gedim.

- Gəl bunu ona de, - qadın qıza qışqırdı. - Gəl bizim nəylə yaşadığımızı, necə dolandığımızı öz atana danış!

- Məmnuniyyətlə, - qız bunu hazırlıqlı şəkildə, uzada-uzada deyib öz növbəsində mənə yaxınlaşdı.

Boynuma alım ki, tamam karıxıb qalmışdım. Bütün bu təsadüflər: həqiqətən evdən əkilməyim, adımın Ernesto, üstəlik də həm arvadımın, həm qızımın olması əsəblərimə toxunub məni əməlli-başlı yerimdən oynatdı. Artıq mənə elə gəlirdi ki, özüm yox, bir başqasıyam, eyni zamanda da sanki elə özüməm, amma həmişə olduğumdan fərqli bir mənəm. Qadın isə çaşıb qaldığımı gördüyündən, birbaşa üzümə çımxırdı:

- Bəs bilirsən ailəsini atan adamı nə gözləyir? Sürgün… Qandınmı, cani! Sürgün!

Bu yerdə artıq qorxuya düşüb xoflandım və sakitcə qapıya tərəf döndüm ki, çıxım. Amma kandarda kimsə dayanmışdı və düz bizə baxırdı. Bu kasıbyana, lakin təmiz geyinmiş arıq bir qadın idi. Mənim çaşqınlığımı və təəccüb dolu sifətimi görüb dedi:

- Ona qulaq asmayın… Ağlı yerində deyil… Kişi xeylağı görən kimi, elə bilir əridir… Onun bu murdar qızcığazı isə yoldan ötənləri qəsdən evə çağırır ki, əylənsin, baxsın ki, anası necə qışqırır, ağzına gələni necə çərənləyir… İndi sənin dərsini verərəm, ifritə!

Qadın qolunu fırlatdı ki, qıza şillə ilişdirsin, ancaq qız şillədən çevikliklə yayınıb yenidən mənim yan-yörəmdə atılıb-düşməyə, şən halda oxumağa başladı:

- Sən inanmışdın ha, düzdürmü inanmışdın… qorxmuşdun… qorxmuşdun… qorxmuşdun…

- Elvira, bu kişi sənin ərin deyil, - qadın mülayim səslə dedi.

Elvira kirimişcə qırağa çəkilib aralandı, yenidən komanın küncündə büzüşüb qaldı. Qadın içəri girib sobanın kömürünü qurdaladı.

- Mən bunlarçün yemək hazırlayıram, - o, izah elədi. - Bunlar, həqiqətən, sədəqə hesabına yaşayırlar, amma əri onu atmayıb, sadəcə, ölüb.

Bugünlük bəsim idi. Cibimdən yüz lirə çıxarıb qıza verdim; o da aldı, heç təşəkkür də eləmədi. Sonra komadan çıxdım və birbaşa geriyə döndüm: cığırla, asfalt yolla gəlib körpüdən keçdim və via Ostienzedəki evimə qayıtdım.

Mağaraya bənzəyən komanın boğanağından sonra evimiz mənə sərin görsəndi. Baxmayaraq ki, mebel az, otaq xeyli genişdir, bununla belə o bədbəxtlərin öz cındalarını asdıqları mıxlardan yaxşı idi. Mətbəxdə artıq hər şey yığışdırılmışdı; arvadım məndən ötrü gizlədib saxladığı xiyar salatını çıxartdı və mən çanağın yanında dayanıb qabları yuyan arvadıma baxa-baxa salatı çörəklə yeməyə başladım. Sonra yerimdən qalxdım, yaxınlaşıb sakitcə onun boynundan öpdüm və biz barışdıq.

Bir neçə gündən sonra koma əhvalatını arvadıma danışdım və ora təzədən getmək qərarına gəldim ki, baxım görüm qızcığaz üçün nəsə eləyə bilərəmmi. Artıq məni Ernesto Rapelli kimi qəbul edəcəklərindən çəkinmirdim. Amma bilmirəm inanacaqsız, ya yox: mən nə komanı tapa bildim, nə ağlı qaçmış arvadı, nə qızcığazı, nə də onlara nahar hazırlayan qadını. Qızmar günəşin altında, zibil topalarının arasında boş-boşuna düz bir saat avaralandım, axırda evə əliboş qayıtdım. Düşünürəm ki, yəqin, yolu çaşdırmışam. Arvadım isə əminliklə deyir ki, guya onu atmaq fikrinə düşməyimə görə vicdan əzabından qovrulduğum üçün bu əhvalatı, sadəcə özümdən uydurmuşam.

1 Cənubi Avropada əsən isti, quru külək.

Tərcümə edən: Mahir N. QARAYEV