Elektron ədəbiyyat və sənət portalı

“Ən yeni ədəbiyyat” hansı prinsiplə tərtib olunacaq?

Bölmə: Ədəbiyyat 24.06.2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.

Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı Yaşar Əliyev, ədəbi-bədii mətnlər üzrə dil mütəxəssisləri, şair Mahir Qarayev və yazıçı Etimad Başkeçid iştirak ediblər.

Tədbirdə antologiyanın tərtib prinsipləri, kitabda yer alacaq müəlliflərin və onların bədii mətnlərinin seçim kriteriyaları barədə müzakirələr aparılıb.

Toplantıda səslənən fikirlərdən bəzi məqamları “Aydın Yol” qəzetinin oxucularına təqdim edirik.

Afaq Məsud: Antologiya hazırda tərtib prosesindədir. Bu kitabın gələcəkdə bir çox dillərə tərcümə olunacağı, xarici ölkələrdə nəşr ediləcəyi planlaşdırılır. Bu mənada, redaksiya heyəti məsələyə məsuliyyətlə yanaşmalıdır. Bu gün gəncliyimizə yazıb-yaratmaq üçün, bir vaxtlar, sovetlər dönəmində olduğu kimi, hər hansı bir maneə, ya hədd yoxdur. Heç bir nəşrə, nəşriyyata da ehtiyac yoxdur. Eyni zamanda, yazılanların dəyərləndirmə kriteriyasının özü yoxdur. İnternet şəbəkəsi isə bu gün bütün növ yaradıcılıqlar üçün azad meydandır. Belə bir antologiyanın tərtib edilməsində məqsəd, həm də bu kriteriyaların yaradılması, pisin yaxşıdan, istedadın istedadsızdan seçilib ayarlanmasıdır. Həmçinin, gənc yazıçıların istiqamətləndirilməsi, yaradıcılıqlarının ədalətlə dəyərləndirilməsidir.

Vaqif Yusifli: Bu toplantı, əlbəttə, ilkin müzakirədir. Mənim üçün müəlliflər arasında seçim etmək əziyyətli olmadı. Çünki mətbuatda bu ədiblərin bir çoxu haqqında yazılarım çıxıb. Qalan əksəriyyətinin də əsərləri ilə tanışam. Ədəbiyyatımızın cavan qolunu təmsil edən bu müəlliflərin əksəriyyəti az-çox istedadlıdırlar. Onların hər birində, böyük Mirzə Cəlilin dahi Füzuli haqqında dediyi kimi, bir dad, bir duz tapmaq olar. Amma bunu da gizlətməyək ki, gənc şairlərimizin yaradıcılığında biri-birinə oxşar motivlər çoxdur, onların şeirləri forma və məzmun cəhətdən də bir-birinə bənzəyir. Bu mətnlər, sanki dövrün darıxan uşaqlarının ürək çırpıntılarıdır. Sosializm realizmi prinsipi ilə demirəm, amma bu əsərlər arasında ictimai mövzuda olanlarını görmədim. Sözümü qəribçiliyə salmayın, məsələn, mən burada Qarabağ mövzusuna rast gəlmədim. Bu mövzu bizim yaralı yerimizdir. Bəs bu cavanları nə düşündürür? Düzdür, bəzi mətnlərdə müharibə haqqında fikirlər var, bu da fraqment, detal kimi nəzərə çarpır.

Rüstəm Kamal: Ümumiyyətlə, bizdə tarixən patriotik mövzular çətin alınır. Belə mükəmməl nümunələr azdır. Millətin zədəsi ilə bağlı mövzular bizdə həmişə bir qədər gec qələmə alınır. Tolstoy Napoleon Fransası ilə müharibəni neçə illər sonradan qələmə aldı. Bizdə də, ilk növbədə oçerklər, gündəliklər, jurnalist yazıları olmalıydı ki, sonra bunlar bədii əsərə çevrilsin. Amma, təəssüf ki, bu da olmadı.

Yaşar Əliyev: Bir dəfə bu fikri demişdim ki, bizim gəncliyin əsərlərinin altından imzaları götür, bilməzsən hansı mətni kim yazıb. Hamısı bir-birinə oxşayır, biri-birini təkrarlayır.  Əsərləri seçərkən, diqqət yetirmək lazımdır ki, mətnlər biri-birini təkrarlamasın, mövzu və formaca fərqli olsunlar.

Rüstəm Kamal: Bizim ədəbi gəncliyin yaradıcılığına nəzər salanda, şeirlərin çoxunun, sadəcə müəyyən təşbeh və metafora potensialının paylanmasından ibarət olduğu görünür. Başqa heç bir şey. Bu antologiya, elə bilirəm, həm də cavanlar üçün metodik bir vasitə, örnək olacaq. Qəribədir ki, bizim ədəbi gənclik klassikaya yox, bir-birinə baxıb həvəslənir və yazırlar. Üstəlik, burada virtual psevdodostluq tendensiyaları özünü göstərir.

Afaq Məsud: Əslində, onlar pis bir iş görmürlər, əsər yazırlar. Amma bir dəfə gənc ədiblərlə görüşdə dedim ki, ədəbi rüşeym yoxdursa, yəni bu toxum içəriyə salınmayıbsa, çətin olacaq. İllər ötəcək, vaxt gələcək, yazmaq, şair, yazıçı adı qazanmaq xatirinə yazılan yazılar yükə çevriləcək. Bu nəhəng, ağır yükü daşımaq isə, böyük iztirabdır. Dedim, bilsinlər ki, ədəbiyyat, maraqlı olduğu qədər də, təhlükəli bir ərazidir.

Rüstəm Kamal: Antologiya ən yeni ədəbiyyatımızda gedən təmayülləri də göstərməlidir. Müasirlərinə, klassikaya münasibətdə üsyankar, iddialı və skeptik mövqe nümayiş etdirən ədəbi gəncliyin məhsulu – onların əsərlərinin toplusudur. Bu gün məşhur bir tezisdə söyləndiyi kimi, bütün dünya bir kənddir. Gənclərimiz internet vasitəsilə dünyada gedən prosesləri öyrənib, onlardan yararlanaraq, ədəbiyyata gəlmək istəyirlər. Bu cavanların çoxunda virtual passionarlıq, populyarlıq var. Gənc yazarların nəzərdən keçirdiyim şeir və hekayələrinin çoxu əsər deyil, mətndir. Bu halda bizim buraxacağımız antologiya da “Azərbaycan şeiri” və ya “Azərbaycan hekayəsi” yox, Azərbaycan mətnlərinin antologiyası olacaq. Bundan başqa, mən də razıyam ki, sərbəst şeiri yazmaq üçün əruzu da, hecanı da yaxşı bilməlisən. Nazim Hikmət əruzu o qədər gözəl bilirdi ki, sərbəst şeirləri onun içindən doğuldu.

Amma indiki cavanlar gündəlik esselərini sətirlərə bölüb alt-alta yazırlar ki, şeir olsun. Hərçənd nəsrlə müqayisədə bizdə  şeir sahəsində vəziyyət daha yaxşıdır. Nəsrdə obrazlar bizimkidir, hadisələr Azərbaycanda cərəyan edir, amma baxırsan ki, oxuduğun nəsr milli deyil, dərhal əsərin havasının haradan gəldiyini anlayırsan.

Yaşar Əliyev: Çünki plagiat güclüdür.

Rüstəm Kamal: İlk cümlədən bilirsən, müəllif kimdir. Elə şeirdə də belədir. Antologiyaya gəlincə, poeziyada seçim daha çoxdur. Çünki əsərlər o qədər bir-birinə oxşayır ki, ya gərək hamısının üstündən xətt çəkəsən, ya da hamısını təqdir edəsən. Bununla belə, deməliyəm ki, gənclərin arasında, hələ ki, parlaq sima, lider görmürəm.

Vaqif Yusifli: Antologiya ilə bağlı başqa bir məqam, topluya salınması nəzərdə tutulan şeirlərin böyük əksəriyyətinin sərbəst vəzndə olması ilə bağlıdır. Hərçənd poetik kriteriyalarla yanaşsaq, heç onların bir çoxuna şeir də demək olmaz – sanki müəllif söhbət edir, danışır, əhval-ruhiyyəsini prozaik formada ifadə edir.

Mahir Qarayev: Çünki heca vəznində özünü ifadə etmək, sərbəst vəzndə olduğundan daha çətindir.

Vaqif Yusifli: Düşünürəm ki, antologiyanın tərtibi zamanı bu məqam da nəzərə alınmalıdır. Antologiya bütünlükdə Azərbaycan ədəbi gəncliyi barədə tam və bitkin fikir oyatmalıdır. Buna görə də bölgələrdən cəlb olunan müəlliflərin sayını artırmaq yaxşı olar. Mənzərənin daha geniş, əhatəli olması üçün mən sizə əlavə müəlliflərin də siyahısını təqdim edəcəyəm. Bir də, biz ədəbi gəncliyin yaşı ilə bağlı məsələni müzakirə etməliyik. Bu imzalar arasında yaşı qırxı keçsə də, özünü təsdiq edə bilməyən müəlliflər də var ki, cəmi bir kitabı çıxıb, ya çıxmayıb, biz onlara hələ gənc deyirik.

Əsəd Cahangir: Təklif edirəm ki, əvvəlcə antologiyaya düşəcək imzaları müəyyən edək, əsərləri sonradan dəyişdirmək və ya müəllifin ən yaxşı mətnlərini tapıb, onların arasından seçmək də olar. Mən bizə təqdim olunan mətnləri üç kateqoriyaya bölmüşəm: birmənalı məqbul hesab etdiklərim, birmənalı qeyri-məqbul hesab etdiklərim, bir də tərəddüd etdiklərim.  Fikrimcə, ilk qələm məşqlərindən o yana keçməyən, uğursuz modernist cəhdlər edən müəlliflərlə dünya arenasına çıxmaq olmaz. Elə nasir var ki, çox kamil struktura malik əsər ortaya qoyub, maraqlı obrazları var, ideyanın bədii həllinin verə bilib, amma oxuyan kimi bilirsən ki, əsər qərb ədəbiyyatından köçürülüb. XVIII əsr Avropa bürgerlərinin həyatından bəhs edən hekayəni XXI əsrin əvvəllərində azərbaycanlı müəllifin yenidən Avropaya qaytarmasına nə ehtiyac var? Yəni toplu üçün göndərilən babat hekayələr var, amma onları şedevr kimi təqdim etmək olmaz. Ümumiyyətlə, düşünürəm, nəsr sahəsində bu əsərlər arasında ciddi əsər hesab edəcəyimiz bədii mətn yoxdur. Bir təklifim də var, bəlkə, antologiyanın daha səviyyəli olması üçün yaş senzini 35-dən 40-dək artıraq. Çünki bizim babat müəlliflərimizin çoxunun yaşı 35-40 arasındadır.

Yaşar Əliyev: Biz ən yeni ədəbiyyat antologiyasını hazırlayırıq. 40 yaş ora heç cür uyuşmur. Təklif edirəm ki, 35 yaşla məhdudlaşdıraq. Bu imzalardan bəziləri ilk dəfədir kitaba düşür. Bir neçə kitabı çıxmış müəlliflər arasında da, hələ ki, bədii ədəbiyyat yaradan yazara rast gəlinmir. Biz bu kitabla Azərbaycan ədəbiyyatının dünyanın ən yaxşı ədəbiyyatı olduğunu iddia etmirik, sadəcə olanımızı, içərilərindən az-çox istedadlılarını təqdim etmək istəyirik.

Rəbiqə NAZİMQIZI