Elektron ədəbiyyat və sənət portalı

Elmi-fantastik ədəbiyyat və yaxud bəşəri kəşflərin bədii açarı

Bölmə: Elm 17.06.2016

Fantastlar şüurun səhrasında azıb qalan nabələd yolçulara bənzəyir. Zaman və məkan sərhədlərini aşmaq, paralel aləmlərdə addımlamaq, alternativ dünyalardan bəzi ismarıcları çatdırmaq onların əsas missiyası olub. Antik dünyanın kor şairi Homerin “İliada” və “Odisseya”sından tutmuş, Dantenin “İlahi komediyası”na, Rablenin “Qarqantua və Pantaqrel” əsərlərinə qədər bir çox bədii mətnlərdə fantastikanın elementləri olub. Əksər dünya xalqlarına məxsus nağıllarının əsasını fantastik elementlər təşkil edib. Lakin bu yazının qəhrəmanları, şərti olaraq “şüur səhrasının yolçuları” adlandırılan fantastlar elmi fantastika janrını inkişaf etdirməklə yanaşı, bəşəriyyətin əsas dayaq nöqtəsi olan elm üçün də nəsə etməyə çalışıblar. Tomas Edisson, Maykl Faradey, Albert Eynşteyn başda olmaqla, dünyanın bir çox alimləri, ixtiraçıları onları bu işə sövq edən əsas təkanın məhz elmi-fantastik əsərlər olduğunu qeyd ediblər. Təbii ki, onların əksəriyyəti Jül Vern, Hüqo Hensberq və Herbert Uellsdən təsirlənmişdilər. Lakin sonradan Ayzek Azimov, Robert Haynlayn, Rey Bredberi, Artur Klark, Aleksey Tolstoy, Aleksandr Belyayev və s. kimi müəlliflər elmi fantastikanı XX əsrin elmi üçün əsas motivasiya mənbəyinə çevirə bildilər. 1926-cı ildə Hensberq tərəfindən ədəbiyyata gətirilən “elmi fantastika” termini bədii təxəyyüllə, praqmatik düşüncə arasındakı sərhəddə özünə məskən saldı. “Şüur yolçuları”nın zamanı qabaqlama, məkanı aşma cəhdləri mətnlərdə yeni təxəyyül oyunlarının, elmi proqnozların meydana çıxmasına səbəb oldu. Təqdim edəcəyimiz yazıda bu janra aid olan əsərləri nəzəri yöndən təhlil edib, bədii cəhətdən qiymətləndirməyəcəyik, yalnız və yalnız, elmi-fantastik ədəbiyyatın, “şüur səhrasındakı yolçuların” elmə verdiyi töhfələrdən danışacağıq:

 

Şüur səhrasının yolçuları

 

Heyrətamiz texniki ixtiralar, yeni təbiət qanunları, fərqli düşüncə sistemləri bu müəlliflərin istifadə etdiyi əsas elementlərdi. Müəllifindən asılı olmayaraq bütün yazılanların hamısını eyni məqsəd birləşdirir – uzaq gələcəyi təsəvvür etmək və o zamandakı insanların yaşam tərzini öyrənmək.

Klifford Saymakın “Vaxtdan sadə nə ola bilər” romanında insan şüuru ilə qeyri-insani təfəkkürün vəhdəti, telepatlar və telepatiya vasitəsilə cihazlardan istifadə etmədən ulduzlara səyahətin mümkünlüyündən danışılır. Lakin burada fantastik ehtimal yalnız bir elementdir. O element vasitəsilə insan öz “mən”ini qoruyur. Uzaq qalaktikalara, ulduzlararası boşluqlara səyahət etsə də, özü ilə Ali Enerji Kütləsinin zərrəsini - ruhu aparır. Həyatın olmadığı qalaktikalara, paralel aləmlərə qonaq olan ruh oranı da öz nuruna boyayır. Deməli, burada elmi-fantastik ehtimal yalnız bir metoddur. Əsas, məqsədi çatdırmaq üçün edilən müəllif gedişidir. Rey Bredberi, Saymak, Hamilton kimi romantik fantastlarda elmi ehtimallar yardımçı elementlərdir.

Lakin Jül Vern, Herbert Uells, Aleksey Tolstoy, Robert Haynlayn, Ayzek Azimov kimi elm tarixinə və onun ayrı-ayrı sahələrinə bələd olan insanlar üçün isə elmi ehtimallar bəşəriyyətin gələcəyi naminə səsləndirilmiş proqnozlardı. Elə isə, adıçəkilən müəlliflərin bu əsərlər vasitəsilə elmə verdiyi töhfələrdən danışaq:

 

Jül Vern

 

Məşhur alim, dünya elmində ən çox ixtira müəllifi olan Tomas Edisson məhsuldarlığına görə Jül Vernə borclu idi. Onun qeydlərində də bu haqda fikirlərə rast gəlmək olar. Jül Verni oxuyarkən insan zəkasının intəhasızlığına valeh olan Edisson onun kağız üzərində olan ideyalarının bəzilərini laboratoriyaya gətirdi.

Jül Vernin “Hava şarı ilə beş həftə”, “XX əsrdə Paris”, “Yerin mərkəzinə səyahət”, “Dünyadan aya”, “ 20 min lyö su altında”, “80 gün Yer ətrafında səyahət” kimi əsərləri onlarla ixtiranın toxumunu daşıyırdı. Dalbadal o qədər roman yazırdı ki, Fransada bir çoxları Jül Vernin tək bir şəxs, vəkil Pyer Vernin oğlu deyil, bir cəmiyyət olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, vertolyot, təyyarə, qazma texnikası, raket və kosmosa uçuş kimi yeniliklər onun ideyalarının bəhrəsi idi. Bir çox ixtiraçının Jül Vernə ithafən söylədiyi sözlər boşuna deyildi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan admiral Riçard Börd “Mənə yolu Jül Vern göstərdi”, - deyirdi. Sualtı dünyanın atası hesab olunan Simon Leyk isə “İşığım Jül Vern oldu”, - deyərək onun yazdıqlarının önəmini vurğulayırdı.

Jül Vernin bəzi ixtiraları coğrafiya və başqa təbiət elmləri sahəsinə aid idi. Çünki peşəkar coğrafiyaşünas olan Jül Vern gənclik çağından əlil olana qədər (ruhi xəstə olan qardaşı oğlu silahla onun diz qapağını yaralayandan sonra yazıçı bir daha səyahətə getmir) dünyanın əksər quru və su hövzələrini qət edərək, qabarma və çəkilmələr, sualtı dünyadakı tektonik proseslər, temperatur və təzyiqin dəyişmə metodları kimi elmi məsələləri ilk dəfə öz əsərlərində nəzəri əsaslarla təqdim edib.

Jül Vern zamanında mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox texniki nailiyyətlərin təsvirini verib. Romanlarının birində təsvir etdiyi sualtı qayıq - “Nautilus” bir çox yazıçılar tərəfindən rişxəndlə qarşılanmışdı. Lakin sonradan bu, heç də utopiya sayılmadı. Yazıçının istər sualtı qayıq, istərsə də gəmini gur işıqlandıran elektrik və ya rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradıla bilən işlərdir. Jül Vernin böyük elmi uzaqgörənliklə təsvir etdiyi bu gəmi, həqiqətən də o zaman elm aləminə və hərb tarixinə məlum deyildi.

Dahi yazıçının bu uzaqgörənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və bu gəmi də onun şərəfinə məhz “Nautilus” adlandırıldı.

Ümumiyyətlə, ədəbiyyatşünaslar hesablayıblar ki, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u yanlış olub və ya prinsip etibarilə həyata keçirilməsi mümkün olmayıb. Qalan 98 halda yazıçının gələcəkdən böyük uzaqgörənliklə xəbər verdiklərinin hamısı doğru çıxıb.

 

İki dahi – Herbert Uells və Robert Haynlayn

 

İndi isə Jül Verndən ilhamlanaraq, elmi fantastikanın məhək daşlarına çevrilən ingilis yazıçı Herbert Uells və ABŞ fantastı Robert Haynlaynın uzaqgörənliyi barədə qısa da olsa, danışaq. “Görünməz adam” və “Dünyaların müharibəsi” kitablarının müəllifi olan Herbert Uellsin gələcək haqqında xəbər verdiyi 86 ideyasından 75-i indiyə kimi ya artıq həyata keçirilib, ya da müasir elmin məlumatlarına əsasən, mütləq həyata keçəcək.

Herbert Uells 1902-ci ildə çapdan çıxan “Gələcəyi görmə” kitabında yazırdı: “Aeronavtika heç zaman ciddi nəqliyyat və rabitə vasitəsi olmayacaq. Hər hansı bir sualtı qayığın heyətinin boğulması, qayığın özünün isə suyun dibinə enməməsini təsəvvürə gətirməkdən təxəyyül imtina edir. Siz öz-özünə hərəkət edən minanı və ya başqa bir mərmini hədəfə ala bilərsiniz, amma belədə hədəfi məğlub etmək ehtimalınız, heç də düşmənlə gözübağlı atışmadan çox olmayacaq”.

Herbert Uellsin XIX əsrin sonu XX əsrin əvvəllərində yazdığı bir əsərdə atom bombası haqqında üstüörtülü məlumatlar da verilir. Hətta radioaktiv zəhərlənmə, bakterioloji silahlar barəsində ilkin təsəvvürləri də onun əsərlərindən ala bilərik. Yazıçının bir əsərində modern mikrobiologiyaya aid məsələlərə də rast gəlmək mümkündür. Kiçik hekayədə modern mikrobiologiya elminin araşdırmalı olduğu bəşəri problemlər öz əksini tapıb.

H.Uellsin “Dünyaların müharibəsi” əsərində isə bu gün NASA-nın Marsda kəşf etdiyi bəzi elmi faktlara, səthi də olsa toxunulub. UNO gəmisi, onun ətrafa saçdığı yaşıl işıq haqqında ilk məlumatı da yazıçı bu əsərində qeyd edib.

Robert Haynlayn isə öz əsərlərində elmi ehtimallarla bərabər, onların gələcəkdə bəşəriyyətə gətirə biləcəyi fəlakətlərin də proqnozunu verib. Amerikalı fantast Xirosima faciəsindən dörd il əvvəl – 1941-ci ildə “Uğursuz nəticə” adlı povestində amerikalıların “Uran-235″dən mərmi düzəldəcəklərini və müharibənin axırında həmin mərmini düşmənin böyük şəhərinə atacaqlarını təsvir etmişdi. Təsvirlər o qədər aydın və yerli-yerində idi ki, yazıçını hərbi sirləri yaydığına görə, məsuliyyətə cəlb etmişdilər. Çünki həmin ərəfədə ABŞ-da və İngiltərədə atom silahı ilə bağlı işlərə artıq başlanılsa da, bu proses son dərəcə məxfi aparılırdı…

Elmin NURİ