Elektron ədəbiyyat və sənət portalı

Teymur Ağalıoğlu - təbiəti sənətləşdirən və sənədləşdirən rəssam

Bölmə: Mədəniyyət 14.06.2016

Az sonra öyrəndim ki, Teymur “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində illüstrasiyaçı-rəssam işləyir. Qəzetdə ara-sıra rast gəldiyim illüstrasiyaları da, onun yetkin, zövq sahibi olduğundan xəbər verirdi.

Sonra qəzetdə birgə işləməli olduq, Teymur Kəlbiyevin şəxsiyyətinə də, yaradıcılığına da kifayət qədər bələd oldum, onun duyumunun əsas mənbəyindən xəbər tutdum, bildim ki, təbiət ondan ötrü hər şeydən əzəl, hər şeydən zəngindir.

***

Teymur Ağalıoğlu 1953-cü ildə Gürcüstanın ən gözəl guşələrindən birində - Qarayazıda (indiki Qardabani rayonu) doğulub, orta təhsilini də burada alıb. Amma elə məktəbdə oxuduğu ilk vaxtlardan məlum idi ki, böyüyəndə rəssam olacaq. Gözəl əl qabiliyyəti, bənzərsiz duyumu vardı, üstəlik, təbiət vurğunu idi, ilin bütün fəsillərində cürbəcür bitkilərin, xüsusilə ağacların necə dəyişib rəngdən-rəngə düşdüklərini, ana təbiətin necə dondan-dona girdiyini müşahidə eləməyi sevirdi. Hələ məktəbin yuxarı siniflərində oxuyanda çəkdiyi mənzərələrlə sərgilərdə iştirak eləməyi, tamaşaçıların diqqətini çəkməyi arzulayırdı.

1975-ci ildə Bakıya gəlib Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olanda hələ uzun və əzablı yaradıcılıq yolunun başlanğıcında olduğunu gözəl başa düşürdü. Bilirdi ki, sənət nəzəriyyəsi rəssam üçün yalnız köməkçi vasitədir, başlıcası, kağızla, karandaşla, rənglə, kətanla, fırçayla, molbertlə məhrəm təmas qurmağı bacarmaq, üz tutduğu təbiətin kimsəyə məlum olmayan gözəlliklərini görmək, o gözəllikləri duyğularının süzgəcindən keçirib tamaşaçıya çatdırmaqdır. Ona görə də bir yerdə oturmağı sevmir, imkan tapan kimi təbiətlə nəfəs-nəfəsə dayanıb işləməyə can atırdı. O illərdə yaddaşında ən çox yer tutan ustad Səttar Bəhlulzadə ilə tanışlığı, onun Qarayazıya səfəri zamanı yaxın ünsiyyətləri oldu.

Tələbəlik illəri Teymur Ağalıoğlunun rəssam kimi formalaşmasında ilk addım oldu. Sonra təhsilini Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq bölümündə davam etdirdi, görkəmli sənətkarlardan dərs aldı, sərgilərdə iştirak elədi, əsərlərinə adi tamaşaçılarla yanaşı, peşəkar sənətçilərin də münasibətini öyrəndi. Onun get-gedə formalaşan xüsusi dəst-xəti sənətşünasların diqqətini çəkdi.

1986-cı ildə Tbilisidə keçirilən ilk fərdi sərgisi Teymur Ağalıoğlunun yaradıcılığında dönüş nöqtəsi idi. O, artıq rəngkarlığa az qala 25 illik sevgisinin hesabatını verirdi. Tamaşaçı rəylərindən, sənətşünasların çap etdirdikləri məqalələrdən onun ilk sənət imtahanından uğurla çıxdığını demək olardı.

Sonra rəssamın akvarelləri Azərbaycanda və o vaxtkı SSRİ-nin digər müttəfiq respublikalarında keçirilən sərgilərdə də nümayiş etdirildi, rəngkarlıq əsərləri toplularına daxil edildi, muzeylərin fondunda özünə yer tapdı. Belə görünürdü ki, rəssam artıq beynəlxalq sərgilərdə iştirak etmək üçün kifayət qədər sanballı yaradıcılıq bioqrafiyasına malikdir.

Lakin zamanın axarı hər şeyi dəyişdi...

***

Şübhəsiz, ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin başlanğıcı əksər sənətçilər kimi, Teymur Ağalıoğlunun taleyində və yaradıcılığında da dərin iz qoydu. Mövcud siyasi sistemin çökməsi, dəyərlərin dəyişməsi, Ermənistanın ərazi iddialarından doğan münaqişələr sənətə və sənətçiyə də təsirsiz ötüşmədi. Bununla belə, həmin illərin ağrılarını yaşayan rəssam yaradıcılığından qalmadı.

Teymur Ağalıoğlunun 1993-cü ildə İstanbul Plastik Sənətlər Sərgisi çərçivəsində Varol Sənət Qalereyasında nümayiş etdirilən əsərləri tamaşaçılarda böyük maraq oyatdı. Həmin uğurdan sonra əsərləri eyni zamanda Alanya Muzeyində, Zərgərpaşa Sarayında, Arel, Denta Form, Transparan, Nefertiti, Marina, Şəkərbank, Vəqfbank, Alanya Qala, Gözüböyük, Pera, Nar,  Sənət Qalereyalarında, Ankara Plastik Sənətlər və TÜYAP Sənət...  sərgilərində nümayiş etdirilən rəssam, Türkiyədə tanınmağa və sevilməyə başladı. 2005-ci ildən qardaş ölkənin vətəndaşlığını alan, artıq Ankarada yaşayıb-yaradan Teymur Ağalıoğlu ölkənin ən məşhur fırça ustalarından biri kimi tanınır. Türkiyənin nüfuzlu sənətşünasları onu böyük sevgiylə  “Türklərin natürmort ustası” adlandırırlar.

İndi 2006-ci ildən Birləşmiş Rəssamlar və Heykəltəraşlar Dərnəyinin üzvü olan Teymur Ağalıoğlunun əsərləri İstanbulun “Galeri Bohem Art Nişantaşı” rəsm qalereyası, “Art Bosphorus” beynəlxalq yarması kimi elitar sənət ocaqlarında nümayiş etdirilir, daim böyük maraqla qarşılanır.

50-dən artıq qarışıq və fərdi sərgi keçirmiş, Ankaranın Çankaya rayonunda şəxsi qalereyasını açmış rəssamım əsərlərini Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Dənizli Bələdiyyəsi, Alanya Muzeyi ilə yanaşı, Malayziya, Fransa, İngiltərə, ABŞ, Avstraliya, İsveçrə, Hollandiya və Almaniyada yaşayan şəxsi kolleksiyaçılar da alıblar.

***

Türkiyənin tanınmış sənətşünası Bünyamin Balamir akvarel ustası Teymur Ağalıoğlunu “İşıq axtaran səyyah” adlandırıb.

Onun dünyası böyük şəhərlərin izdihamından uzaqda, təbiətin ilahi səssizliyində başlayır. O, bizimlə eyni zamanda yaşasa da, elə bil başqa aləmi görür, həmin aləmi əsərlərinə gətirir, tamaşaçılarına işıq və saflıq dolu anlar bəxş eləyir.

O, təbiətin ağlagəlməz möcüzələrini əsərlərində əks etdirməyə can atır. Teymur Ağalıoğlunun akvarellərində Türkiyənin əsrarəngiz gözəllikləri – Hasanoğlan, qaz dağları, Ərdəmit körfəzi, Zeytunlu küçələri, Toros dağlarının ətəkləri, Beş Konak kanyonları, Side sahilləri... ağlagəlməz cazibəyə malik mənzərələrə çevrilir. Hələ təbiət yenicə oyananda, dan yerinin qızartısı göyün üzündən çəkilməmiş, quşların cəh-cəhi eşidiləndə onu İşığı qarşılamağa gedən görürlər. Həmin anlar rəssamın ömrünün ən gözəl anlarıdır. O, təbiətin ruhunu duymağa, onunla təmasda olmağa gedir. Elə ötən il sənət dostu Fərman Aydınla Antik Sənət Qalereyasında təşkil etdikləri “Təbiət yuxuları” adlı sərgi də həmin təmasın bəhrəsi idi.

2015-ci ildə Türkiyənin Sərhəd İnkişaf Agentliyinin həyata keçirdiyi layihə Teymur Ağalıoğlunun yaradıcılıq bioqrafiyasına yazılacaq. Rəssam həmin layihə çərçivəsində 10 tanınmış fırça ustasıyla birgə Ani antik şəhərində və Qars qalasında oldu, gəzib gördüyü yerlərin eskizlərini çəkdi, Qarsdakı Güləhməd Aytəmiz Anadolu Gözəl Sənətlər Liseyinin şagirdlərilə görüşdü. Əlbəttə ki, həmin layihə həm də bütöv bir silsilənin yaranmasına səbəb oldu.

Daha bir yaddaqalan hadisə isə ötən ilin axırında Azərbaycanın Türkiyədəki səfirliyinin Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankaradakı Rəsm və Heykəl Muzeyində təşkil etdikləri “Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamların 3-cü Rəsm Sərgisi” oldu.

10 gün nümayiş etdirilən sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri İsmət Sezgin, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda tanınmış mədəniyyət və elm xadimi, millət vəkilləri, ictimaiyyət və diaspor nümayəndələrilə yanaşı, çox sayda KİV təmsilçiləri də iştirak etdilər. Sərgidə Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmayıl Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov, Məhəmməd Yüzbaşıyev, Məhər Bayramov, Məhəmməd Şirzad, Məzahir Ərtuğ Avşar, Məhəmməd Əliyev, Nazim Məmməd, Pərvanə Əlizadə, Rafiq Əziz, Rahim Məhmədov, Rəsul Rzayev, Sabir Mehdiyev, Sadiq Babayev, Səid Rüstəm, Sənan Eynullayev, Sərhad Rzayev, Şahin Məmmədov, Tariyel Əlizadə, Teymur Rzayev, Ümbülbanu Həmidova, Vahid Novruzov, Vahid Talıb, Yaşar Zeynalov, Yusif Əlizadə və Ziyad Sultanov kimi rəssamlarla yanaşı, Teymur Ağalıoğlunun əsərləri də uğurla nümayiş etdirildi.

Teymur Ağalıoğlunun emalatxanasının qapısı da qəlbinin qapısı kimi dostlarının, sənətsevərlərin üzünə açıq olur. Sənətşünas Bünyamin Balamirin qeyd etdiyi kimi, bəlkə də o, rəsmlərində təbiət gözəlliklərini yalnız ona görə əks etdirir ki, saralmış payız yarpaqları töküləndə onun yaz havası gələn akvarellərinə baxıb ümidlə yaşaya biləsən...

Nəriman ƏBDÜLRƏHMANLI