Elektron ədəbiyyat və sənət portalı

Türk dünyasının latın əlifbasına keçid yolunda atdığı ilk addımlar

Bölmə: Tarix 14.06.2016

Latın əlifbası və sovet ideologiyası

 

Azərbaycan xalqı kimi heç bir xalq, heç bir millət bir əsr boyunca üç dəfə əlifba dəyişməyib. Ərəb əlifbasından latın qrafikasına və nəhayət, kiril əlifbasına keçid Azərbaycanın milli-mədəni, elmi sərvətinə böyük zərbə vurdu, bir-birinin yazısını oxuya bilməyən nəsillər arasında uçurumun yaranmasına səbəb oldu.

1930-cu illərdə ərəb əlifbası o dövr üçün pantürkizm və panislamizmin simvolu sayılırdı. Əgər o vaxt əlifbada latınlaşma prosesinin qarşısı alınmasaydı, bu gün dünyanın siyasi xəritəsinin nə şəkildə olacağı çox maraqlı olardı. Çünki əlifbanın latınlaşması təkcə Tatarıstan, Türkmənistan, Tacikistan, Başqırdıstan və Krımı əhatə etməklə kifayətlənmirdi. Bu proses elə bir vüsət almışdı ki, hətta Rusiya Federasiyanın Xalq Maarif Komissarlığına da kiril əlifbasının latınlaşdırılmasına dair üç layihə təqdim edilmişdi. Mövzu ilə əlaqədar, Lunaçarski deyirdi: “Rus əlifbasının (əlbəttə, Ukrayna və Belarusiya da daxil olmaqla) latınlaşdırılması məfkurəsi, böyük təkanı köhnə ərəb əlifbası işlədən xalqların yazılarının latınlaşdırılmasında əldə edilmiş müvəffəqiyyətlərdən aldı”.

Türk xalqlarının sanki alın yazısına çevrilmiş bu mövzu hər zaman yaradıcı insanları, ziyalıları narahat edib. Rza Süleyman adlı bir müəllifin 1926-cı ildə “Dan yıldızı” jurnalında dərc edilmiş “Nə üçün yeni əlifbanı qəbul etdik?” adlı məqaləsində türk xalqının əlifba tarixi tədqiq edilir. Yazı ərəb əlifbasının latın əlifbası ilə əvəz olunmasını vacib edən amillərə həsr olunub. Müəllif Orxon-Yenisey abidələrinin ən qədim türk əlifbası ilə yazıldığını, daha sonra bu əlifbanın uyğur əlifbası ilə əvəz edildiyini yazir. Uyğur əlifbasının xaçpərəst missionerləri tərəfindən türk qövmləri arasında yayıldığını, lakin əlifbanın türklər tərəfindən qəbul edilmədiyini iddia edən R.Süleyman, uyğur əlifbasını, əsasən türk xaqanlarının saraylarında yaşayan alimlər və katiblərin bildiyini, elm və ürfanın yalnız onlarda olduğunu, xalqın isə bu əlifbanı bilmədiyini yazırdı. Daha sonra müəllif latın əlifbasının üstünlüklərindən danışır və ərəb əlifbasının mənfi cəhətlərini qeyd etməklə, onun türk ruhuna yad olduğunu iddia edir.

Latın əlifbasının qəbulundan sonra yenidən kiril əlifbasına keçid yalnız siyasi motiv daşıyırdı. Kiril əlifbasının latın əlifbasından bir çox cəhətdən üstün olduğunu iddia edənlər, bunun rus xalqının, Leninin dilinin asanlıqla öyrəniləcəyinə,

Azərbaycan dili və ədəbiyyatının zənginləşməsinə kömək edəcəyinə, sovet xalqlarının Stalin dostluğunu daha da möhkəmləndirəcəyinə inanırdılar. Bununla belə, o dövrdə qəbul edilmiş latın əlifbasının üstünlüklərini də inkar etmirdilər. 1939-cu ilin “Dan yıldızı” jurnalında yazılmışdı: “Azərbaycan xalqı, Aprel Sosialist Revolyusiyasının qələbəsi sayəsində savadsızlıq və avamlıq əlifbası olan köhnə ərəb əlifbasını birinci olaraq torpağa basdırdı. Onun əvəzində, bu günə kimi işlətdiyimiz yeni əlifbanın qəbul edilməsi ilə bərabər, dilimizdə böyük bir dönüş də əmələ gəldi. Bu dönüşün səmərəsi olaraq, ərəb, fars və osmanlı sözlərini dilimizdən birdəfəlik olaraq atdıq və dilimizi kultur və zəngin bir hala saldıq”. Latın əlifbasından kiril əlifbasına keçid prosesində elmilikdən çox təbliğat məsələlərinin ön plana çəkildiyini görürük. Dövrün ziyalıları da bu prosesdə iştirak etməyə məcbur idilər. 1939-cu ildə “Yeni Azərbaycan əlifbası” adlı məqalədə kiril əlifbasının tərəfdarları kimi çıxış edənlər sırasında Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov, Cəfər Xəndan, Cəfər Cəfərov, Məmməd Arif və başqalarının adlarını oxuyuruq.

Sovet ideologiyası, hətta 60 il əvvəl dünyasını dəyişmiş Mirzə Fətəli Axundovu da təbliğat vasitəsinə çevirməkdən çəkinməyib. Belə ki, dövri mətbuatda kiril əlifbasına keçmək layihəsinin M.F.Axundov tərəfindən hazırlanması kimi gülünc fikirlərə də rast gəlmək mümkün idi. 10 il əvvələ - latın əlifbasının qəbul edildiyi dövrə baxdığımızda isə sovet təbliğatının digər üzü ilə qarşılaşırıq. “İnqilab və mədəniyyət” jurnalının 1929-cu ilə aid 6-cı sayında “Ə.A.” imzalı şəxsin məqaləsində oxuyuruq: “Mirzə Fətəli əvvəlcə ərəb əlifbasına istinadən müxtəlif tərz və şəkildə üç cür əlifba tərtib etdiyi kimi, türk aləmində ilk dəfə olaraq latın sistemində müəyyən bir əlifba tərtib etmişdir ki, bu yazımızda bu vaxta qədər məlum olmayan bu əlifbanı qiymətli bir vəsiqə halında elm aləminə təqdim edəcəyiz”.

Məqsədlərinə çatmaq istəyənlər ən müxtəlif təbliğat üsullarından istifadə edərək, yenicə qəbul edilmiş, böyük çətinliklər, zəhmətlər bahasına artıq cəmiyyətdə özünə yer qazanmış latın əlifbasının indi yararsız olduğunu və artıq öz missiyasını yerinə yetirdiyini söyləyirdilər.

 

Latın əlifbası ortaq əlifba kimi

 

O dövr mətbuatındakı çoxsaylı məqalələri tədqiq edərkən, Rusiya Federasiyası Xalq Maarif Komissarlığına göndərilmiş məktublarda, 1929-cu ilin 1 yanvarında Azərbaycanın, 1929-cu ilin 1 oktyabrında Türkmənistanın, 1930-cu ilin 1 yanvarında Qırğızıstanın, 1930-cu ilin 1 yanvarında Gürcüstanın rəsmən latın sistemli əlifbaya keçdiyi elan edilir.

Bundan başqa, o dövrün mətbuatında Türkmənistan, Özbəkistan, Tacikistan, Qaraqalpaq, Qırğızıstan, Qazaxıstan, Dağıstan (avarlar, ləzgilər, laklar və darginlər üçün), Abxaziya, Şimalı Qafqaz (kabardinlər, çeçenlər, inquşlar, osetinlər və s.), dunqanlar (çinlilər), kürdlər, Yakutiya, Buryat – Monqolustan, Tann – Tuvin Xalq Cümhuriyyəti, Sibirdə yaşayan türk-tatar xalqları (oryatlar, xakaslar, şorlar və s.), dağ yəhudiləri, Buxara yəhudiləri, Qaraimlər – kırımşaklar və talışların (xalqların və etnik birləşmələrin adları dövrün mətbuatında yazıldığı kimi verilib) da Yeni Əlifba komitəsinin birinci plenumunda yeni, vahid latın əlifbasına keçdikləri qeyd olunur.

Gürcüstanda da latın əlifbasına keçid sürətlə gedirdi. Ə.Məşrikinin “Gürcüstanda yeni türk əlifbası komitəsinin savad kursları” adlı məlumat xarakterli yazısına görə, Gürcüstan Yeni Əlifba komitəsi tərəfindən Tiflisdə türk məktəbləri, eləcə də Nərimanov və Qadınlar klublarında, Sap fabriki nəzdində, Qarayazı rayonunun Qaratəpə, Candar, Təzəkənd, Təklə və Qoşalı kəndlərində latın əlifbasını öyrədən savad kursları açılmışdı.

Hətta İran mətbuatında da ərəb əlifbasının latın qrafikası ilə əvəz edilməsi haqqında məqalələr dərc olunurmuş. Onlardan biri haqqında Kamçin Bəkin “Şuralar İttifaqında yeni əlifbanın qalibiyyəti” (1930) adlı məqaləsində də bəhs edilir:

 

Türk dünyası və latın əlifbası

 

Ümumiyyətlə, latın əlifbasının qəbulu zamanı sovetlər məkanındakı bütün türk xalqlarının bu əlifbaya keçməsi üçün layihələr hazırlanmışdı. 1929-cu ilə aid “Şuralar İttifaqı cümhuriyyətlərində yeni əlifbaya iki il müddətində keçmək barəsində tədbirlər” adlı məqalədə yeni əlifbanı başqalarından əvvəl tətbiq etməyə başlayan Azərbaycan Cümhuriyyətinin 6 il yarımda gördüyü işi başqa cümhuriyyətlərin 4 il müddətində görməli olduqları, bunun da iki ilinin keçdiyi, bəzi cümhuriyyətlər üçün yeni əlifbaya keçid prosesinin 1926-cı ildə Birinci Türkoloji qurultaydan etibarən, bəzilərinin isə daha yeni başladığı yazılır.

Latın əlifbasına keçid prosesi 1929-cu ilin 1 yanvarından etibarən, Azərbaycanda, Türkmənistanda, Qırğızıstanda, Gürcüstanda, Şimali Qafqaz muxtar əyalətlərində müxtəlif tarixlərdə baş verdi. Dövri mətbuatda Özbəkistan, Tatarıstan, Başqırdıstan və Krım cümhuriyyətlərinin 1930-cu ilin ikinci yarısına qədər qəti şəkildə yeni latın əlifbasına keçəcəkləri, yeni əlifbanın quruluşuna görə çox asan və tez mənimsənilən olduğu, onu Şuralar İttifaqının türk-tatar xalqlarının bir-birinin arxasınca qəbul etdikləri ilə bağlı məqalələr dərc edilirdi.

Kəmalə ƏLƏKBƏROVA,
Filologiya üzrə fəlsəfə doktoru