Elektron ədəbiyyat və sənət portalı

Baxma daha üzümə, gözləmə
Bu gün söyləməyəcəm səni sevdiyimi

Bölmə: Ədəbiyyat 01.09.2015

 Ayrılığı hiss edən daraqlar

 

haradansa xatırlayıram,

sevməyi öncə barmaqlar hiss edir

ayrılıqları isə

aylarla saça toxunmayan

                daraqlar hiss edir.

haradansa xatırlayıram

daş-kəsək içindən çıxaraq

günəşə “azadam” deyən çiçəyə tikan,

onu kökündən qoparıb

                bir kənara tullayana

insan deyirlər.

haradansa xatırlayıram

azadlığı, tikanı, daraqları

                sevməyən sevgilini.

 

 

Yalnızlıq və ateizm

 

Tanrını

bizi unutduğu nöqtəyə qədər sevirik

qadını

bizi ovutduğu yerə qədər sevirik

elə buradan başlayır

yalnızlıq və ateizm…

 

 

Muza

 

Sənin də, qanadların qırıldı, Muza

Düşdün ucalıqdan

uşaqlıqda seyr etdiyimiz

ölən ulduzlar kimi

Hər ulduz sürüşəndə,

bir nəfər ölürdü

hər qanad qırılanda

bir mən.

 

Sənin də, qanadların qırıldı, Muza

Hər sabah öpdüyü uşağının yanağına

Zəlzələdə daş düşən analar kimi.

Hər yaşda bir uşaq öldü,

                hər daşda bir uşaq.

Hər axan yaşda

Bir mən.

 

Sənin də, qanadların qırıldı, Muza.

Bütün bahar çiçəklərinin sürgünü kimi

Sevdiyin qızıl lalələrin

Günəşi görən anda öldüyü kimi.

Hər bahar açanda bir tikan öləcək.

Hər lalə açanda

Bir mən.

 

Sənin də, qanadların qırıldı, Muza.

Sən də insan oldun sonunda.

Qaranlıqdan qorxub, qaranlığa qaçanlar kimi.

Ovuclarımdan işıq səpəcəyəm dünyaya

günəşə uçanlar kimi.

Daha heç bir İkar əriməyəcək.

Nə də ki mən

 

 

Mən bir qarışqayam

 

Mən bir qarışqayam

Bir əsgərin snayperinin içində

İndi anladım,

tunelin sonundakı işıq

əsgər gözü imiş.

 

Mən bir qarışqayam

Bayraq meydanında

İndi anladım, əlçatmaz bildiyim

Sıradan bir dirəkmiş.

 

Mən bir qarışqayam

Sosializmin qurulduğu yuvalarda

Günəşi görməsək də,

sevgimiz var.

Bizim də öz Nazim Hikmətimiz var.

Mən bir qarışqayam

Sənin ayağının altında ölə bilərəm,

                insan.

Bu heç də qorxulu deyil

Qorxulu olan insanın

                insan ayağı altında ölməsidir.

 

Mən bir qarışqayam

Gözlərini qarış-qarış axtarıram

Bir əsgər ayağı toxundu,

üstündə mina olan yuvamıza

O gündən iki ayaqsız, barış,

                barış axtarıram.

 

 

Sevgi daşımaqdır

 

Bir gün ən azad

ən müqəddəs qadınlar da daş olur

kilsə qarşısında ucalan

Məryəm ana gözlərində

dörd mövsüm halımıza

                ağlayacaq qədər

yaş olur

çadrasını atdığı yerdə

daşa dönən qadınlar olur

daş qadınlar uğrunda da

                bitməz savaş olur.

Qadın daşlığı kədərin ən bərk halıdır

Ən bərk daşlar da sevgidən ovulur

Qadın daşdırsa,

                sevgi onu daşımaqdır

Gerçəklik ən çirkin halında belə onu

yaşamaqdır

Ən titrək anlarında,

                ən dərin boşluqlarda

Ümidli gözlərlə onu qarşılamaqdır.

Başından çadrasını

                açan daş qadının

Göz yaşını silmək üçün

Məryəm anaya uzadarkən

Anlayırsan qadın kədərinin

                doğmalığını.

Anlayırsan ən sərt halında belə

Qadınların gizlicə ağlamağını.

 

 

Bir gecəlik

 

Bir gecəlik oyaq qal

Qaranlıqdan çox qorxuram

Sığınım əllərinin istisinə

Bir gecəlik dayaq qal

Bir gecəlik, sən ağlama

Sadəcə oyaq qal

Yanan da mən olum,

                külü çıxan da

Sən bir gecəlik soyuq qal.

 

Bir gecəlik sevmə məni

Eləcə, kənardan bax

Bu gecə sevgini mən daşıyacam

Sən, özünə kənardan bax.

Bir gecəlik, unut məni

Sonra bax, özündən nə qalacaq?

Bir gecəlik, sev məni.

Sonra bax, ömründə nə qalacaq.

 

 

Meqapolis obrazları

 

Qapılar açılınca

divarlar çıxır qarşıma

Meqapolis yalnızlığı içində

Pəncərədən dərvişlər boylanır

Daha hücrələr yalnızlığı bölüşə bilmir

Şəhər minlərlə yalnızlarla doludur.

Saxta üzlər gülümsəyir bir-birinə

Sevgilər imitasiya olunur

Dostluqlar teatr səhnəsindən boylanır

Gecələr pərdə qapandığında

24 saatlıq maskalar enir

Obrazlar dağılır.

Hər səhər paltarlar ilə birgə

Obrazlar ütülənir

Obrazlar seçilir

Bu gün vəfalı sevgili obrazındayam

İstədiyin qədər səni sevdiyimi deyəcəm

Əllərini tutacam, ürəyimin

                titrədiyini söyləyəcəm

Sənin gözlərin parıldayacaq,

mənsə parıltılı baxmağa çalışacam

Gülümsəməni sevdiyimi söyləyəcəm

Bu günün unudulmaz

                olduğunu söyləyəcəm

Sən aldanmağı sevəcəksən,

                mən yalanlara öyrəşəcəm

Axşam olacaq yenə, obrazları

                asılqanına taxacam

Özümə dönəcəyəm

Bu gün sədaqətli dostam

Pulsuz mesajlarımdan göndərəcəm

Darıxdığımı söyləyəcəm

Yaşanılan xatirələrdən danışacağıq

Bir çaynik limonlu çayla

Ən uzun çay qədər xatirə danışacağıq

Metroya birgə minəcəyik,

ayrı stansiyalarda düşəcəyik

Hər kəs öz maskasının gərəyini

                ödəyəcək

Bəzən insan olmağı xoşlayırıq

Kənardan baxılanda, hətta

                insana oxşayırıq

Vicdanlı oluruq,

bahalı kafelərdə insan haqlarından danışırıq

Savaşlara lənət oxuyub,

                savaşla yaşayırıq.

Boğuluram obrazlar içində

Meqapolis yalnızlığında

Qapılar açılınca,

divarlar çıxır qarşıma.

 

 

Bir qadın

 

Hər yer soyuqdan,

soyuq isə onun ürəyində donub.

Qarda paltosuna, ürəkdə kədərinə bürünən

bir qadın yürüyür kölgəsindən

üç addım geridə

Bir əlində əlcək, bir əlində etinasızlıq

Boğazında şərf, başında qərarsızlıq

Gözlərinə yaş, fikirlərinə

                daş ağırlığı çöküb

Ən son ona çatdığından

xoşbəxtlliyin beli bükülüb

Bir qadın yürüyür,

bərk-bərk qəhərini düymələyərək

Qar təmizliyindən qaçaraq,

sevinci düyünləyərək.

Göz gör-görə qadın

                intiharla əl sıxışır

Çovğun qar altında intihar və qadın

bir-birinə qarışır.

 

 

Stəkan

 

Dodaqların

məndən daha çox

stəkanların idi.

İnsan insanı

Mən isə stəkanları

Qısqana-qısqana

Panteist olurdum.

Sənlə stəkan

Artıq vəhdətdə idi

Səni öpə bilməsəm də

Artıq mənim də öpəcəyim

Sənin dodaqların hopan.

Şüşə sevgililərim vardı.

 

 

Divi anlamaq

 

Çətindir

ürəyin olsun,

amma

səndən kənarda

sevgilidən kənarda

bumbuz şüşənin içində

hansısa padşahın

əzab çəkməyən oğlu

gəlsin sındırsın şüşəni

Çətindir

Div olasan

Bir insanı sevəsən

Yurdundan qaçaq düşüb

Yeddinci qəsrin içində gizlənəsən

Sevdiyini deyəsən,

Sevilmədiyini eşidəsən

Məcbur qalıb

Saçlarından asasan.

Çətindir

Hər gün sevgilin üçün

Bir alma dərəsən

Milyonlarla qızılı olan

Bir padşahın xəsisliyinin

Hikkəsini görəsən.

Çətindir

Padşah oğlunun divi anlaması

Çətindir div kimi

Ürəyin şüşə içində olması.

Çətindir insan içində yaşanması

Div yalnızlığı çöküb üzərimə.

 

 

İnsan olacağam bu gün

 

Bu gecə çox pessimistəm,

                toxunma mənə

Götür saçlarının

                qırıntısını üzərimdən

Sakitcə yuxulamaq istəyirəm

Uzunmüddətli özünəqapanmaya

                ehtiyacım var

Yorğunam, düşüncələrim korşalıb,

Ən sevdiyim baxışlarını izləməyə də

Taqətim yoxdur.

Bu gün baxışların yorur məni

Sevgi deyil, süstlük

                duyuram gözlərindən

Kirpiklərin yerin asılqanı kimidir

Azacıq toxunsam qırılacaq kimidir

Baxma daha üzümə, gözləmə

Bu gün söyləməyəcəm səni sevdiyimi

Bu gün ancaq özümə qapanacam

Bu gün sevgimi yarı böləcəyəm

Bu gün insan kimi olacam,

                Tanrı olmayacam

Ədaləti sonunadək müdafiə edəcəm

Yorğun olmaq hüququmdan

                istifadə edəcəm

Susmaq azadlığımdan istifadə edəcəm

Bəsdir, yığışdır saç qırıntılarını

Bu gün səni sevməyəcəyəm.

 

 

Qolqofadan Kərbəlaya

 

Orada dağın başında

Göz yaşından qərənfillər bitir

Qolqofaya yağan yağışdan

Çarmıx dibində səfillər bitir.

 

Orada səhranın ortasında

İstidən qan buxarlanır

Kərbəlanın susuz yollarında

Günəş yerdə yuvarlanır.

 

Orada, gələcəyin oralarında

Yenə qərənfil məzar çiçəyi olacaq

Yenə Qolqofaya yağış yağacaq

Kərbəlaya qan doğacaq.

Dilqəm ƏHMƏD