Elektron ədəbiyyat və sənət portalı

İrəvanda çay dəstgahı

Bölmə: «Aydın Yol»çular 10.06.2016

...Xankəndindəki köhnə mehmanxana ağzınadək doludur. Yox, elə bilməyin ki, Qarabağa turist axını var və mehmanxanada boş yer tapmaq müşkülə çevrilib. Əsla! İlin-günün bu vaxtında turistin Xankəndində nə işi? Sadəcə, Azərbaycan ordusunun sonuncu uğurlu əməliyyatından sonra Talış kəndindən qaçan erməniləri mehmanxanada yerləşdiriblər.

Qəfildən çaxnaşma düşür. Mühafizəçilər foyeni, dəhlizləri, bütün yardımçı otaqları xüsusi nəzarətə götürürlər, indi mehmanxanada milçək də uça bilməz. Əslində, qaçqınlara baş çəkməyə gəlmiş şəxsi hamı tanıyır. Bu, qondarma DQR prezidenti Bako Saakyandır.

Əshabələri ilə otaqların birinə daxil olur. Ona məlumat verirlər ki, Talış kəndindən qaçanlardan biri, hərbçi arvadı Marine Saakyan azyaşlı uşağı ilə burada məskunlaşıb. Bako narazılıqla başını bulayır:

- Belə olmaz axçi (yəni qız), hər şeyi atıb qaçmışız, təcili qayıdın Talışa, qoy görsünlər ki, buz qorxmuruq, təslim olmuruq...

Marine də söz altda qalan deyil:

- Sizin avtomobiliniz var?

Bako duruxur, yanındakılar da çaşqınlıqla bir-birlərinə baxırlar. Qadın səsini bir az da ucaldaraq, sualı təkrar edir:

- Soruşuram, avtomobiliniz var?

- Xanım, maşının məsələyə nə dəxli?

- Dəxli odur ki, siz də ailənizi götürün, bizimlə birlikdə Talışa köçün. Hər gün ordan maşınla işə gedərsiz...

Bako qəzəbindən az qalır nərildəsin, amma özünü birtəhər ələ alır, yalandan gülümsünür:

- Bilirsiz, məsləhətinizə qulaq asıb mən də Talışa köçərdim, amma, təəssüflər olsun ki, kənddə evim yoxdur.

Əshabələr vəziyyətdən çıxış yolu tapıldığı üçün qəh-qəhə çəkirlər.

Ay-hay! Siz Marineni nə bilmisiz. Kənddə hamı onu hazırcavab kimi tanıyır.

- Qəti dərd eləməyin, bir şey fikirləşərik. Biz kənddəki evimizi sizə bağışlayarıq, sağlıqla oturun!

 “Nümayəndə heyəti”ndəki qadınlardan biri yaltaqcasına soruşur:

- Tutaq ki, evi bağışladınız, bəs öz ailəniz? Küçədə qalacaqsız?

- Küçədə niyə? Biz sadə adamlarıq, tələbatımız böyük deyil, samanlıqda da yata bilərik...

Yaltaq qadın başqa söz tapa bilmir:

- İlanlarla qucaqlaşıb?

Bu zaman Talış kəndinin digər sakini Armenui Bayunts etirazını bildirir:

- Onsuz da kənddə ilanlar mələyir. Talışda nə məktəb var, nə mağaza, nə uşaq bağçası. İndi siz deyin, iki azyaşlı uşaqla orada necə yaşayım? Siz, öz uşaqlarınızı belə şəraitdə saxlayardız?

Məmurlardan kimsə söz atır:

- Bəlkə, sizin üçün kənddə çayxana da tikdirək?

Marinenin sözləri ultimatum kimi səslənir:

- Kimin harada, necə və kiminlə çay içəcəyini gedin “Syamo”dan soruşun!

Bako köhnə düşməni, vaxtilə qondarma DQR-in hərbi naziri olmuş Samvel Babayanın adını eşidən kimi diksinir. Çünki “Syamo”nun son bəyənatından xəbərdardır. Bu erməni sərsəm, görün, nə deyib: “Bakıda çay içəcəyik deməklə iş bitir ki? Bilirsiniz, Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, onlar (yəni azərbaycanlılar – müəl.) tezliklə Yerevana çatacaqlar və burada çay içəcəklər. General forması geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək... əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, orada adam dayana bilər? Bu nə sözdür? Deyirlər ki, bizim əsgərin döyüş ruhu yüksəkdir. Onlar raketi tutacaqlar, yoxsa əsgər mərmini havada ovlayacaq?”

...Bakonun boğazı qurumuşdu. Düşünürdü, görəsən bu mehmanxanada ona çay nədi, heç olmasa bir qurtum su verən tapılacaq?