Elektron ədəbiyyat və sənət portalı

“Azərbaycana olan maraq, sevgiyə çevrilməkdədir”

Bölmə: Müsahibə 03.06.2016

 

 

- Kamal müəllim, Azərbaycanda mövcud olan multikultural durumun və Azərbaycan multikulturalizminin özəlliklərinin dünya dövlətlərinə və xalqlarına təqdim olunmasında növbəti ünvan Böyük Britaniya oldu. Burada xüsusi bir səbəb varmı?

- “Multikulturalizm ili” çərçivəsində Azərbaycan dini tolerantlıq modelinin Avropa ölkələrində nümayiş etdirilməsi artıq ənənəyə çevrilir. Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu görüşlər daha əvvəl İsveçdə, Almaniyada olmuşdu. Böyük Britaniya bu baxımdan bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bir tərəfdən bu ölkənin multikultural mənzərəsi ölkə hökuməti tərəfindən adekvat qiymətləndirilmir və burada Baş nazir multikulturalizmin iflasını elan edir. Digər tərəfdən, bu yaxınlarda London meri kimi mötəbər bir vəzifəyə milliyyəti və dini başqa olan şəxs seçilir.

İngilis cəmiyyəti dini tolerantlığın hansı qütbünə doğru meyil edir? Bu cəmiyyət kifayət qədərmi açıq cəmiyyətdir və Azərbaycan dəyərlərini kifayət qədərmi adekvat qəbul etməyə hazırdır? Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Ölkə Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırması, əslində bütün sülhsevər dünya ictimaiyyətinə, eyni zamanda dövlətlərinə bir dəyərli mesaj idi. Bizi eşitməyə və bizi qəbul etməyə hazırdırlarmı? Dünyanın, konkret olaraq İngiltərənin nüfuzlu dairələri Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin ədalətli həlli məsələsini adekvat qəbul edə bilirlərmi? Bu suallara cavablar öz-özünü ləngitmədi. Bizimlə bu istiqamətdə söhbətə, dəyərlərimizi öyrənməyə, müzakirə etməyə dünyanın bir çox ölkələrinin tanınmış mənəvi-intellektual dairələri hazır olduqlarını bildirirlər. Səfərlər, xüsusilə, London səfəri bunu bir daha sübut etdi.

 

- Azərbaycan bu gün təkcə enerji və digər təbii resursları ilə deyil, həm də insan kapitalı və mədəniyyət mərkəzi kimi dünyanın diqqətindədir. Bunu nə ilə əlaqələndirirsiniz?

- Əgər bu gün Azərbaycan dedikdə bir xarici üçün artıq “bu sözün arxasında nələr durur” yelpazəsini açmağa ehtiyac yoxdursa, heç şübhəsiz, bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin xidmətidir, Prezident İlham Əliyevin titanik zəhmətinin nəticəsidir. Bu gün başqa bir təbəddülatın şahidi oluruq. Bu gün biz Azərbaycana marağın iqtisadi platformadan mədəni-mənəvi-intellektual platformaya keçidini görürük. O da var ki, ölkəmizə marağın bu istiqamətinə tam yeni rakurs kimi baxmaq da doğru olmazdı. Məlumdur ki, XIX əsrdə, elə ondan əvvəlki dövrlərdə Azərbaycanın ədəbi-elmi potensialı dünyanın bir sıra düha sahiblərini özünə cəlb etmişdi. Sonra bu potensial “sovet gerçəkliyi”nin məlum ideoloji-siyasi rejimində əridi və gözdən itdi. Bu gün biz bu marağın yenidən, özü də xeyli intensivləşmiş formasının ortaya çıxmasını müşahidə edirik. Bu prosesin daimi olması üçün Azərbaycana olan marağı Azərbaycana sevgiyə çevirmək və Azərbaycan həqiqətinin hamıya eyni dərəcədə parlaması üçün biz öz tərəfimizdən sistemli, konseptual layihələr təqdim etməliyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Beynəlxalq Humanitar forumlar, “Bakı prosesi”nin müxtəlif layihələri, Azərbaycan multikulturalizm modelinin get-gedə təkmilləşən mərhələləri və bir çox başqa milli əhəmiyyət daşıyan proqram səciyyəli layihələr bu istiqamətdəki işlərə dövlət tərəfindən verilən diqqət və qayğının bilavasitə təzahürüdür.

 

- Böyük Britaniyada keçirilən tədbirlərdə hansı heyətlə iştirak edirdiniz?

- Görüşlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının sədri arxiyepiskop Aleksandr Ata, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov iştirak edirdilər. Görüşlərin təşkilində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və şəxsən səfir Tahir Tağızadənin zəhmətini qeyd etmək lazımdır.

Görürsünüzmü, seçilmiş heyət artıq öz-özlüyündə Azərbaycanın xoş məramından xəbər verir. Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə loyal münasibəti, eyni zamanda dövlətə, azərbaycançılıq ideyasına sədaqəti bu gün nail olduğumuz ciddi siyasi və mənəvi dəyərlərdəndir, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi hesabına bilavasitə əldə edilən uğurdur.

 

- Kamal müəllim, bildiyimizə görə, İngiltərədə tam müxtəlif platformalarda tədbirlərdə iştirak etmisiniz. Bu tədbirlərdə yerli iştirakçıların ilkin reaksiyası necə idi?

- Bizim səfirliyimiz və “Faith Matters” təşkilatının birgə keçirdiyi “Azərbaycan tolerantlıq və dinlərarası birgə yaşayış modeli” adlı konfransda, Oksfordda İslam Araşdırmaları Mərkəzinin rəhbərliyi və akademik heyəti ilə görüşdə, Xarici İşlər Nazirliyində Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi və həmkarları ilə söhbətdə, Böyük Britaniyanın Lordlar Palatasında Lord Devid Evansla görüşdə, Londondakı nüfuzlu “Üç Dinin Forumu” adlı təşkilatda keçirilən “dəyirmi masa”da son dərəcə maraqlı söhbətlər və fikir mübadilələri oldu. Biz onun şahidiyik ki, İngiltərədəki həmkarlarımız bizi – ölkəmizi, xalqımızı daha yaxından tanımaq istəyirlər. Bizə o da aydın oldu ki, bunun üçün təkcə birtərəfli səfərlər təşkil etmək kifayət deyil.

 

- Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif dini icmaların ölkəmizə qarşılıqlı səfərləri ilə bağlı fikir mübadiləsi oldumu?

- Konfrans iştirakçıları tərəfindən sonda belə bir təklif səsləndi ki, Böyük Britaniyadakı dini konfessiya rəhbərlərinin də Azərbaycana səfəri faydalı olardı. Onlar belə səfərlər etməyə hazırdırlar. Bu, bizə nə verər?

Bizim onlara Azərbaycan barədə danışdıqlarımızı öz gözləri ilə görmək, elə bilirəm ki, Azərbaycana marağın sevgiyə çevrilməsində əsas rol oynayardı. Bundan sonrakı birgə “dəyirmi masalar”ın, konfransların funksiya və ünvanları daha da zənginləşərdi.

 

- Multikulturalizmin Azərbaycan modelinin dünyamızda sülh və sabitliyə töhfə kimi əhəmiyyətini və perspektivini necə dəyərləndirərdiniz?

- Azərbaycan Prezidenti qeyd edir ki, multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu qorumuşuq. Amma bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi abidələrini (xüsusilə dini abidələrini) bərpa edir, onlara yeni həyat verir. Ulu öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici din və elm xadimlərinə, diplomatlara və parlament üzvlərinə çatdıranda bunun əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada, İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin dünyaya çıxışı deməkdir. Siyasi və ideoloji gələcəyə tuşlanmış son dərəcə vacib perspektivlərdir.

 

- Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qarşısında qoyduğu məsələlər və onların həlli ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz yaradıcısı Prezident İlham Əliyevin qarşıya qoyduğu ideoloji hədəflərə doğru inamla irəliləyir. Deyim ki, biz bu işləri çətinliklərdən keçə-keçə görürük, doğru olmaz. Hədəflər o qədər aydın, o qədər dəqiq göstərilib və onlara yetişmək üçün cənab Prezident tərəfindən elə möhkəm siyasi və insani zəmin hazırlanıb ki, görülən və görüləcək bütün işlərin uğurla başa çatdırılması əvvəlcədən şübhəsizdir. Bu ideyalar indiyə qədər baş tutan bütün görüşlərdə – həm Almaniyada, həm İsveçdə, həm də İngiltərədə təkcə bizim yox, xarici həmkarlarımız tərəfindən də inamla səsləndirildi. Həqiqətən, Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməkdədir.