Elektron ədəbiyyat və sənət portalı

Qafqaz Albaniyasının məbədləri

Bölmə: Tarix 21.08.2015

Bizans kilsəsi ilə əməkdaşlıq edən Alban kilsəsinə zərbə vurmaq məqsədi ilə VIII əsrin əvvəllərində Mərvan ibn Məhəmmədin başçılığı ilə ərəb qoşunları Albaniyaya yürüş etdi. 701-ci ildə xilafətin cəza dəstələri tərəfindən mühasirəyə alınmış Bərdə şəhərində Nerses Bakur və alban çarı Varaz Tiritatın arvadı çariça Sparama mühakimə edilib, işgəncə ilə öldürüldü. Təcili çağırılmış Kilsə qurultayında bütün alban yepiskoplarına erməni kilsəsi ilə ittifaq haqqında saziş imzalatdırıldı. Faktiki olaraq, Alban kilsəsi Xilafətlə əməkdaşlıq edən erməni kilsəsinə tabe edilmişdi. Yeni seçilmiş alban katalikosu Simoen Bərdə monastırından köçüb Ağdərə rayonunun Maqavuz kəndində yerləşən Müqəddəs Yelisey monastırında məskunlaşmışdı. Qədim erməni dili rəsmi kilsə dili olduğundan, alban tayfalarının dillərində olan, alban əlifbası ilə yazılmış dini kitablar, salnamələr, epiqrafik yazılar məhv edilmişdi. 705-ci ildə Mərvan ibn Məhəmmədin hücumundan sonra alban çarı Şero hakimiyyətdən salınmış, Albaniya və Ermənistan əraziləri ərəb xilafətinin bir əyalətinə çevrilmişdi. IX əsrin I yarısınadək mövcud olmuş bu əyalət ərəb mənbələrində “Ərməniyyə” adlandırılır. Xilafətin əyalət üzrə canişininin qərargahı Bərdə şəhərində yerləşmişdi. Ərəb xilafətinin süqutundan sonra Albaniyanın Arsax və Uti vilayətlərinin ərazisində IX əsrdə güclü Xaçın knyazlığı yaranmışdı. Xaçın knyazları tərəfindən IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Açoğlan monastır kompleksi Laçın rayonu ərazisindədir.

(Əvvəli ötən saylarımızda)

Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində görkəmli yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır. Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastırın əsası VI-VII əsrlərdə qoyulub. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu olan Vaxtanq, kompleksin ərazisində geniş tikinti işləri aparıb, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fəsadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunub. Arzu xatun alban knyazı Kürdün qızıdır.

Alban knyazı Ohanes tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu xalqların kilsələrindən fərqlənir. Şəki rayonunun Kiş kəndindəki Müqəddəs Yelisey məbədinin, Orta Zəyzid kəndindəki birnefli alban məbədinin və Oğuz rayonundakı Müqəddəs Yelisey məbədinin plan quruluşları, demək olar ki, eynidir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günlərə çatmış ən diqqət çəkəni Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastır kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılıb, iri baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilib. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılıb. IV əsrdə ölkədə cərəyan etmiş hadisələrlə əlaqədar, “Aqvan tarixi” əsərində Moisey Kalankatuklu Amaras kilsəsinin tikilməsindən bəhs edir. O, yazır ki, Haband vilayətində xristianlığı geniş təbliğ etmək məqsədilə Amaras şəhərindən memarlar, sənətkarlar və fəhlələr cəlb olunub, yaraşıqlı kilsə binası ucaldılıb. Amaras kilsəsi IX əsrdə Xaçın knyazları tərəfindən əsaslı bərpa edilib, XIII əsrdə isə yenidən qurularaq monastır kompleksinə çevrilib.

Alban kilsəsinə aid bu abidə hazırda Xocavənd rayonunda yerləşir. Düzbucaqlı plan quruluşu olan bu kilsə yaxşı yonulmuş ağ daşlardan səliqə ilə hörülüb. İkimailli daş dam örtüyünün üstündə altı sütunlu ratonda yüksəlir. Monastırın düzbucaqlı həyətini əhatə edən və dörd dairəvi bürcü olan qala divarları kobud yonulmuş daşlardan hörülüb. Həyətdə qala divarlarına bitişik yaşayış və təsərrüfat otaqları inşa edilib. Kilsənin fasad hissəsində giriş qapısının üstündə ensiz pəncərə qoyulub, onun üstündə isə iri barelyef xaç düzəldilib. Rəvayətə görə, Müqəddəs Qriqorisin Qafqaz Albaniyasında missionerlik fəaliyyəti faciə ilə nəticələnib, o qətlə yetirilib və Amaras monastır kompleksinin ərazisində dəfn olunub. XIII əsr Xaçın knyazlığının tarixində intibah dövrü olub. Mehranilər sülaləsindən olan məşhur alban knyazı Həsən Cəlal Dövlənin babası Böyük Həsən, atası knyaz Vaxtanq, oğlu Vaxtanq, gəlini Arzu xatun, anası Xorişə xatun knyazlığın ərazisində bir sıra möhtəşəm müdafiə qalaları ilə yanaşı, monastır, kilsə və məbədlər də inşa etdirmişdilər. Həsən Cəlalın hakimiyyəti illərində knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti-abadlıq işləri böyük vüsət almışdı. Onun iqamətgahı olan Hohanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar monastırı Qafqaz Albaniyası xristian memarlığının ən gözəl abidələrindən biridir.

Monastırın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi-Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanıb. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə arşax “aranşax” adlanıb. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib Qandsazar monastırında dəfn etmişdi. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olub. Həsən Cəlalın nəslindən olan bir çox alban katalikosları bu monastır kompleksinin ərazisində dəfn olunub. Hündür qala divarları ilə əhatə olunmuş Qəncəsər kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Baş kilsənin xaçşəkilli günbəz kompozisiyası, 16 künclü günbəz barabanı və onun üzərində yüksələn çətir formalı piramidaşəkilli daş günbəz örtüyü alban katalikosluğunun son iqamətgahına xüsusi əzəmət və gözəllik verir. Şərq və qərb fasadlarından fərqli olaraq, şimal və cənub fasadlarının memarlıq həlli, demək olan ki, eynidir. Onların hər biri beş tağla bəzənib, ortadakı ən hündür tağ isə profilli xaçla tamamlanır. Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunmuş öküz və qoyun başlarının barelyefləri ilə bəzədilib. Monastır kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş monastır “dinin baş xəzinəsi” mənasında Gəncəsər adlandırılıb.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq niyyətlərinə haqq qazandırmaq məqsədi ilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastırları erməni abidələri elan edirlər. Azərbaycandakı bir sıra alban xristian abidələri bu tarixi həqiqətlərdən bixəbər olan adamlara qəribə görünsə də, xalqımızın milli-mədəni irsinə aiddir. Bunlardan Qəbələ rayonunun Böyük Əmilli kəndində Kilsə dağ məbədini (II-IV əsr), Şəki rayonunun Kiş kəndində Müqəddəs Yelisey məbədini (I əsr), Qax rayonunda Qum (V-VII əsr) və Ləkit (V-VII əsr) məbədlərini, Zaqatala rayonunda Mamrux məbəd kompleksini (II-V əsr), Qazax rayonunda Avey məbədlər kompleksini (antik dövr, V əsr), Ağdam rayonunda Qavurqala məbədini (V əsr), Laçın rayonunda Varazaqu məbədini (XV əsr), Açoğlan məbədini (VI əsr), Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini (V-XIV əsr) və Qanzasar monastır kompleksini (XIII əsr), Xocavənd rayonunda Amaras monastır kompleksini (IV-XIII əsr), Tug kəndindəki Qırmızı məbədi (X əsr), Kəlbəcər rayonunda Xudavəng məbədini (VI-XIII əsr), Ağdərə rayonunda Urek və Xatirəvəng məbədlərini (X əsr), Xocavənd rayonunda Aquanbert kilsəsini (I əsr), Daşkəsən rayonunda İçərvəng, Gədəbəy rayonunda Ərəkvəng məbədlərini, Şahbuz rayonunda Gülüs məbədini (VI əsr), Babək rayonunda Qızılvəng məbədini (X əsr), Culfa rayonunda Albaməd məbədini (XII əsr) və onlarca digər abidələri qeyd etmək olar. Azərbaycan Respublikası ərazisində bu günədək Qafqaz Albaniyasının xristian kilsəsinə aid 130-dan artıq memarlıq abidəsi qeydə alınıb. Bunların böyük əksəriyyətində Roma imperiyası memarlığının təsiri duyulur.

Redaksiyadan: 10 Aprel 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Alban-Udin cəmiyyətini qeydiyyata aldı. Beləliklə də, Alban apostol kilsəsinin dirçəlişi baş verdi. Alban kilsəsi 1836-cı ildə çar hökuməti tərəfindən ləğv edilmişdi. Bunun nəticəsində də albanlar qriqorian kilsəsinə üz tutmağa məcbur olmuşdular.

Vaqif ƏSƏDOV, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə cəmiyyətinin sədri