Elektron ədəbiyyat və sənət portalı

Bakı Dövlət Universitetində Respublika Gününə həsr olunmuş tədbir

Bölmə: Beynəlxalq 27.05.2016

AzərTAc xəbər verib ki, tədbirdən əvvəl jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub.

Açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik jurnalistika fakültəsi studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrinə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan fakültənin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Studiya əsaslı təmir olunub, texniki imkanları genişlənib, ötən ay isə əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər.

Sonra tədbir universitetin əsas binasında davam etdirilib. Akademik Abel Məhərrəmov 28 May - Respublika Günü münasibətilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük yadigarları olduğunu xatırladan akademik Abel Məhərrəmov bildirib ki, onlardan biri də Bakı Dövlət Universitetidir. Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir vaxtda Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma təhlükəsindən qurtardı. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzə ilə çıxış edib. Professor Ə.Həsənov məruzəsində Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni, intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT-nin üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti hesab olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır.

Çıxışlardan sonra “M.Teatr Production”un ifasında Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabı paylanılıb.