Elektron ədəbiyyat və sənət portalı

Delfin nədir?

Bölmə: Elm 23.05.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Niyə kitlər məməli sayılır?

Əgər balina suda yaşayırsa və bədən cizgilərindən balığa bənzəyirsə, onda niyə onu balıqlara aid etmirlər? Bunun sadə cavabı var. Ona görə ki, balina dəniz məməlisidir və özünün yerdə yaşayan əcdadlarından törəyib. Suda keçirdiyi uzun minilliklər boyu balinalar formaca balıqlara bənzəməyə başlayıb, amma orqanizmi və həyat tərzi ilə quruda yaşayan məməlilərə daha yaxın olub.

Məsələn, balinanın üzgəclərinin daxili quruluşu beş barmağı olan ələ bənzəyir. Bəzi balinaların bədənində, hətta arxa ayaqların sümükləri də yerində qalıb! Amma onların balıqlardan ən mühüm fərqi budur ki, balinalar da bütün qalan məməlilər kimi, balalarını ana südü ilə yedirirlər. Onun balaları yumurtadan, yaxud kürüdən çıxmır, diri doğulur və anadan olandan sonra bir müddət onun qayğısını çəkən anasının yanında qalır.

Bütün məməlilər isti qanlı olduğundan, balinanın buz kimi suda qızınmaq üçün xəzi yoxdur. Bunun əvəzinə onun bədənində xüsusi dərialtı bir qat var ki, onun içi maye piylə doludur və bu qat istiliyi ən yaxşı xəzdən heç də pis qorumur. Balinalar nəfəslərini də balıqlar kimi almır. Qəlsəmələrin yerinə onlarda ağ ciyər var. Nəfəsi başının üst tərəfindəki bir cüt burun dəliyindən ağ ciyərlərinə çəkir.

Balinalar suyun altına baş vuranda onların burun pərələri xırda klapanlarla qapanır ki, ciyərə su dolmasın. Hər beş-on dəqiqədənbir balina nəfəs almaq üçün suyun üzünə çıxır. İlk növbədə o burun pərələrindən işlənmiş havanı fışqırtı ilə bayıra püskürür. Bunun nəticəsində bütün tablolarda rəssamların çəkdiyi həmin o “fontan” əmələ gəlir. Sonra o, ciyərlərinə təzə hava yığır və yenə suya baş vurur ki, hərəkətini suyun altında davam etdirsin.

 

Ən böyük balina hansıdır?

Ən böyük balina, eyni zamanda planetimizin ən iri canlısıdır. Bu, mavi balinadır. Onun uzunluğu 30 metrdən artıq, çəkisi isə 125 ton ola bilər. Ona bütün okeanlarda rast gəlmək mümkündür, amma ən çox Sakit okeanda olur. O, dişsiz balinalar qrupuna aiddir. Balinaların digər qrupu dişli balinalar adlanır. Dünyanın ən iri canlısının dişsiz keçindiyini təsəvvür etmək çox çətindir.

Bəs bu necə olur? Onların ağzında buynuz qişasından ibarət yüzlərlə lövhə var. Onlara kit bığı deyirlər. Bu lövhələr damaqda bitir və ələyəbənzər bir şey əmələ gətirir. Kit aşağıdakı üsulla yeyir: ağzını geniş açaraq yemin bol olduğu yerdən sürətlə üzür. Onun ovu əsas etibariylə xırda molyusklardan, krevetlərdən və balıqlardan ibarətdir. Sonra heyvan ağzını örtür və suyu zərblə bayıra vurur. Su kitin bığları arasından çölə süzülür, ov isə onun ağzında qalır. Kitin ağzı nəhəng hovuza bənzəyir. Onun başının uzunluğu isə bədəninin az qala üçdən biri qədərdir.

Dişli balinalar arasında ən iriləri kaşalotlardır. Onların da başı nəhəng olur, uzunluqları isə 20 metrə çatır. Kasatka, yaxud qatil kit isə (onlar əslində, böyük delfindirlər) kitkimilərin yeganə nümayəndəsidir ki, isti qanlı heyvanlarla qidalanır. Kasatkanın uzunluğu 9 metrə çatır və sürətlə üzdüyünə görə suitilərə asanlıqla çata bilir.

Kasatka sürüləri hətta nəhəng kitlərə də hücum çəkirlər.

Balinalar suda yaşadıqları və bədən quruluşlarından balıqlara bənzədiyi üçün biz onları çox vaxt balıqlarla müqayisə edirik. Amma skeletlərinin quruluşu, qan dövranları və beyinləri baxımından onlar balıqlara heç bənzəmirlər.

 

Balinalardan nə almaq olar?

Bir zamanlar balina ovu çox böyük əhəmiyyət daşıyırdı. Axı biz bu nəhəng canlılardan nə ala bilərik? Sən demə, balina ovu zamanı əldə olunan qiymətli şeylər həddindən ziyadədir. Məsələn, balinaların dərisinin altındakı iki təbəqə arasında olan maye piy, çıraqlarda əla yanır, ondan keyfiyyətli sabun hazırlanır.

Bir çox balinaların əti də çox dadlıdır. Onların sümüyündən gübrə düzəldilir. Kaşalotlardan spermaset, yaxud başqa sözlə desək, heyvanın başında yerləşən piy alırlar. Spermaset ətriyyat, şam və cürbəcür məlhəmlərin istehsalında əvəzsiz maddədir. Kaşalotlardan boz əmbər də alınır. Ətir istehsalında misilsiz olan bu maddə kaşalotun bağırsağında olur.

Kaşalotun dişləri və narval buynuzu qiymətdə fil dişi ilə müqayisə oluna biləcək dərəcədə bahalıdır. Ağ balinanın dərisindən isə elə dəriyəbənzər material düzəldilir.

 

Delfin nədir?

Delfinlər o qədər maraqlı məxluqdurlar ki, adam onların da balinakimilər ailəsindən olmalarına inana bilmir.

Suda yaşayan məməlilərdən ibarət bir dəstə var ki, alimlər onun adına balinakimilər deyir. Bu dəstəyə balinalar, delfinlər və dəniz donuzları aiddir. Delfinlər kiçikölçülü balinalardır və dişli balinalar dəstəsinə aiddir. Dəniz donuzları da delfin növündəndir, amma onların burnu iti deyil, əvəzində belində üçkünc, çanaqşəkilli üzgəci var. Delfinlər mürəkkəbböcəyi, başıayaqlılar adlanan dəniz molyuskları, yengəclər, cürbəcür balıqlarla qidalanırlar.

Kasatka, balinakimilərin yeganə nümayəndəsidir ki, isti qanlı canlılarla qidalanır. Kasatka, əslində, iri delfindir və suitilərin öhdəsindən asanlıqla gəlir. Qalan delfinlər nadir hallarda 3 metrdən böyük olurlar və onların başı kasatkalara nisbətən çox xırda olur.

Bütün mülayim və tropik dənizlərdə rast gəlmək mümkün olan delfinlərin ayparaşəkilli quyruğu olur. Onun qara beli ilə ağappaq qarnı qəribə təzad təşkil edir. Delfinlər böyük sürülərdə yaşayırlar və deyəsən, gəmiləri müşayiət etməkdən əməlli-başlı xoşları gəlir.

Alimlər delfinin suyun altında təhlükədən necə qorunduğunu, bir-birinə hansı siqnalları yolladığını öyrənməyə çalışırlar. Onlar belə düşünürlər ki, delfinlər və dəniz donuzları başqa su heyvanlarından fərqli olaraq bir-birinə mənalı siqnallar göndərərək həmin siqnallara uyğun davrana bilirlər.

 

Su bədənin nəyinə lazımdır?

İnsan bədəninin təxminən 60 faizi sudur! Əgər adamı limon kimi sıxa bilsən, təxminən 50 litr su çıxar. Bu, adi su deyil, onun tərkibində bədənin yaşaması üçün cürbəcür maddələr var. Bu suyun təxminən 4,5 litri qan damarlarında olur, daimi qan dövranını isə ürək təmin edir. Qandakı su orqanizmin bütün hüceyrələrini daimi axınla yuyur. Su həm də orqanizmə istilik paylayır. Siz əgər bütün gün ərzində su içməsəniz belə, bir litrə yaxın su bədəninizə bərk qida vasitəsiylə keçəcək. Ona görə də meyvə, tərəvəz, çörək və ət yeyəndə, biz su alırıq, çünki bu məhsullar da 30-90 faiz arasında sudan ibarətdir.

Bundan başqa, hər adam gündə iki litr suyu müxtəlif içəcəklər şəklində qəbul edir. Gün ərzində bədənin müxtəlif orqanları arasında təxminən 10 litr su dövr edir. Məsələn, siz nəyisə çeynəyib udanda, həm də müəyyən miqdarda tüpürcək vəzilərinin ifraz etdiyi tüpürcəyi udursunuz. Qısa müddətdən sonra vəzilərdə bu suyun yerini qan damarlarında axan su doldurur. Udduğunuz su isə mədə və bağırsağınızdan qana keçir. Bir sözlə, qandakı suyun miqdarı daim sabit qalır. Hətta isti havada, gərgin idmandan sonra ağzınızda bir quruluq hiss etdiyiniz vaxtlarda belə, damarlarınızdakı suyun miqdarı sabit qalır. Və nə qədər su içsəniz də, bu miqdar dəyişən deyil.

Bəs bədənə girən artıq su necə olur? Bu su, orqanizmin müxtəlif yerlərində: bağırsaqlarda, qara ciyərdə, əzələlərdə, böyrəklərdə yığılır.

 

Niyə yarasalar başıaşağı sallanır?

Həm də uça bilən məməlilər az tapılar. Quşlar isə uçmaqla yanaşı, həm də yeriyə bilir. Lakin yarasaların pəncələri yeriməyə uyğunlaşmayıb. Bu o deməkdir ki, onlar hətta ayaqları üstə dura da bilmirlər. Odur ki, yarasa dincələndə, onun ən təbii halı başıaşağı sallanmaqdır.

Yarasanın çox diqqətəlayiq cəhətləri var. Hər şeydən əvvəl demək lazımdır ki, yarasa uça bilən yeganə məməlidir. Onların balaları diri doğulur və ana südü yeyir. Hələ lap balaca olanda anası ova çıxarkən balalarını da özüylə aparmalı olur.

Yarasalar gecə heyvanlarına aiddirlər, yəni aktiv həyatlarını günün gecə saatlarında yaşayırlar, gündüzlər isə yatırlar. Qaranlıqda ov etdiklərinə görə, adama elə gəlir ki, bu heyvanların çox iti gözləri olmalıdır. Amma qətiyyən belə deyil. Uçuş zamanı yarasalar yüksək tezlikli səslər çıxarırlar. Bu səslər o qədər ucadır ki, insan qulağı onu eşidə bilmir. Yaxın və uzaq maneələrdən əks olunan səs yarasaya qayıdır və o səsləri fərqləndirə bildiyindən, maneələrdən vaxtında yayınır. Çoxları elə fikirləşir ki, bütün yarasalar eyni cür davranır. Lakin yarasaların 2000 növü olduğundan, heç də elə deyil. Yarasalar fərqlidir. Elə yarasalar var ki, onların qanadları açılanda 15 santimetr olur, elələri də var ki, açıq qanadları 2 metrə çatır! Təbii ki, ölçü baxımından bu qədər fərqli olan heyvanlar eyni cür davrana bilməz!

 

Niyə kenquru yalnız Avstraliyada var?

Hələ 200 il qabaq kenquru kimi bir məxluqun varlığından yerli əhalidən başqa kimsənin xəbəri yox idi.

Tədqiqatçılar, səyyahlar bu heyvanları ilk dəfə Avstraliyada gördülər. Kenqurunun qarnında kisəsi var. Avstraliyada yaşayan heyvanların çoxunun kisəsi olur. Ümumiyyətlə, Avstraliya və onun yaxınlığında yerləşən adalar kisəli heyvanlarla boldur. Kisəlilər də məməlilərin bir qrupunu təşkil edir.

İlk məməlilər axı hələ dinozavrların zamanında, 100 milyon il bundan əvvəl yaranıb. Onların bəziləri kisəli, digərləri ətənəli idi. Ətənəli məməlilər hələ doğulmamış balalarını öz bətnlərində yemləyirlər. Kisəlilərdə isə bu proses xüsusi kisədə cərəyan edir. Onların balası çox zəif doğulur və anasının kisəsində inkişaf edir.

Yer üzündə iqlim dəyişəndə dinozavrlar məhv oldu. Məməlilər çoxalaraq inkişaf etdi. Onlar planetin əsas canlılarına çevrildilər. Bu zaman bəlli oldu ki, ətənəli heyvanlar yeni mühitə daha yaxşı uyğunlaşa biliblər. Onların beyni daha çox inkişaf edib, elə balalar da ana bətnində kisədən daha yaxşı böyüyür.

Bundan sonra dünyanın, demək olar ki, hər yerində kisəlilər yoxa çıxdı. Onlar yaşamaq uğrunda mübarizədə başqa məməlilərə uduzdular. Lakin Avstraliya və Cənubi Amerikada belə olmadı. Alimlər hesab edir ki, bir zamanlar Avstraliya Cənub-Şərqi Asiya ilə adalar və dar boğazlar vasitəsiylə birləşirdi deyə, o zaman kisəlilər Avstraliyaya yayıldılar. Onda hələ orada məməlilər yox idi. Yeni ərazilərdə rəqibsiz qalan kisəlilər özlərini yaxşı hiss edirdi deyə, çoxala bildilər.

 

Yexidna nədir və harada yaşayır?

Yexidna insan gözünün gördüyü, bəlkə də ən qəribə heyvandır. Yexidnanın uzun caynaqları, boruyabənzər sifəti və kirpidəki kimi qısa, sərt tikanları var. Amma ən qəribəsi budur ki, bu məməli yumurta qoyur! Bu azmış kimi, onun məməli sayılmasına baxmayaraq, yexidnanın da quşlar kimi həm təbii ehtiyaclarını ödəmək, həm də yumurta qoymaq üçün cəmi bir dəliyi var! Ona görə də yexidnaya “heyvanquş” deyirlər. Yexidna torpağı qazıb qarışqa və digər həşəratları toplayaraq yeyir – heyvanın qidası, əsasən bundan ibarətdir.

Yexidna Avstraliya və Yeni Qvineyada yaşayır. Onun sifəti dar və uzundur – lap lülə kimi. Qısa, lakin güclü pəncələrində uzun, əyri caynaqları var – bu caynaqlarla heyvan yer qazır.

Onun dili uzun və yapışqanlıdır, həşərat tutmaq üçün yaxşıca uzana bilir. Yeni Qvineyada yaşayan yexidnanın uzunluğu 80 santimetrə çata bilər, amma Avstraliyada yaşayan həmcinsləri onlardan xırdadır.

Balasını yemləyərkən yexidnanın qarnında arxaya açılan kisə əmələ gəlir. Heç kəs bilmir ki, yumurta həmin kisənin içinə necə düşür. Amma çox güman ki, dişi yumurtlayanda elə qıvrılır ki, yumurta özü kisənin içinə düşür. Heyvan yumurtanı bala çıxanadək kisəsində gəzdirir və onlar yer darısqallıq edənə kimi kisədə qalırlar.

Körpələr kisədən çıxdıqdan sonra, anaları ova gedəndə onları xəlvət bir yerdə gizlədir. Təhlükə hiss edəndə yexidna elə durduğu yeri qazıb torpağın altına girir və düşmən onun yalnız iti tikanlarını görür. Torpağın altına tam girmək üçün yexidnaya cəmi bir neçə dəqiqə gərəkdir!

 

Yarasaların dişi olurmu və onlar necə qidalanır?

Əgər Yer üzündə 2000-dən artıq yarasa növü varsa, təbii ki, onların arasında fərqlər də olmalıdır. Yarasaların əksəriyyəti həşəratlarla qane olurlar, amma tropiklərdə elə yarasalar da var ki, meyvə, yaxud çiçək tozcuğu yeyir. Elə yarasalar da olur ki, balıqla, özlərindən daha xırda yarasalarla qidalanır, hətta heyvanların qanını da içir.

Böyük Britaniyada yaşayan ən iri yarasanın qanadları 33-36 santimetr arasında olur, bədəninin uzunluğu isə 13 santimetrə çatır. Bu yarasa meşəliklərdə yaşayır və iri həşəratlarla qidalanır. Meyvə yeyən yarasalar əsasən tropiklərdə yaşayır. Onların enli, yastı dişləri olur. Bu dişlərin köməyiylə heyvan meyvələrin şirəsini sıxır. Çiçək tozcuğu ilə qidalanan yarasaların isə, çiçəyin içinə girib tozcuqları çıxarmaq üçün uzun dili olur.

Vampir-yarasalar yalnız qanla qidalanır. Onlar atların, inəklərin, itlərin, quşların qanını sorur və hətta insana da hücum edir. Bu heyvanlar qabaqda yerləşən iki dənə iti kəsici dişiylə qurbanlarının dərisini deşir, sonra da yaradan axan qanı yalayırlar. Yarasaların 20-dən 38-dək dişi ola bilər.

Maraqlıdır ki, 22 dişi olan yarasa yoxdur, 38 diş isə həşəratyeyən yarasaların bəzi növlərində olur. Bəs xəbəriniz varmı ki, yarasaları Yer üzünün ən qədim məməliləri saymaq olar?

Belə ki, yarasaların daşlanmış qalıqlarını tapıblar. Sizcə, bu qalıqların neçə yaşı olar? 60 milyon! Yarasanın ən qədim təsviri Misirin qədim məqbərələrindən birində aşkarlanıb. Həmin təsvirin 4 min yaşı var.