Elektron ədəbiyyat və sənət portalı

“Bu müqayisə məni qəti narahat etmir, əksinə, xoş bir rahatlıq hissi gətirir”

Bölmə: Müsahibə 14.05.2016

– Şəmistan müəllim, hazırda hansı layihələr üzərində çalışırsız? Yaradıcılıq fəaliyyətiniz barədə nə deyə bilərsiz?

– Yaradıcılıq işləri davam edir. Planda bəzi mahnılar var, onları yazdırırıq. Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” adlı silsilə tədbirlərdə iştirak edirəm, bölgələrdə, daha çox döyüş bölgələrində oluruq və belə tədbirlərin sonunda konsert proqramı ilə çıxış edirəm. Bundan başqa, yeni disk hazırlayırıq. Bura bir çox mahnılar, o cümlədən indiyədək az tanınan, təbliğ olunmayan, diqqətdən bir qədər kənarda qalan kompozisiyalar daxil ediləcək. Onu da deyim ki, mən Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin rəhbəriyəm. İldə bir dəfə layihə veririk, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə ayrılır, bu büdcə çərçivəsində ildə bir dəfə müharibə mövzusunda sənədli filmlər çəkirik. Sonra o filmlər televiziyalara təqdim olunur, internetdə yerləşdirilir, məktəblərə, hərbi hissələrə göndərilir.

 

– Musiqi bəstələdiyinizi də bilirik. Maraqlıdır, bəs mahnı mətni, şeir yazmısınızmı?

– Ömrümdə bir dəfə şeir yazmışam. Ramil Səfərov Macarıstanda həbsdə yatdığı zaman hisslərimi ifadə etdim, amma bu şeiri üzə çıxarmadım. Məndən şair olmaz, sadəcə içimdəkiləri vərəqə köçürdüm. Fikrimcə, şeir yazmaq asan iş deyil. Hər kəsin öz sahəsi var. Şeir yazmaqla, şair olmaq ayrı-ayrı şeylərdir. Şairlik Allah vergisidir.

 

– Vətənpərvərlik mahnılarını ifa edənədək özünüz musiqi bəstələmişdinizmi?

– Yox, heç ifa da etmirdim axı. 1993-cü ildə ilk dəfə “İgid əsgər, möhkəm dayan” mahnısını oxudum. Təsadüfən oldu.

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevlə xəstəxanada müalicə alırdıq, tanınmış həkim, şair-bəstəkar Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi. Bir dəfə təzə yazdığı mahnını zümzümə etdi, Yusif çox bəyəndi. Zarafatla dedim ki, bunu mən, özü də sənə ithafən oxuyacam. Razılaşdıq. Bir neçə ay sonra Yusif şəhid oldu. Onun xatirəsi üçün – hardasa məcburən, könülsüz şəkildə ifa etdim. Yalnız o zaman belə mahnılara ehtiyac vardı. Oxudum, bəyənildi. Düzü, yaxşı mənada bu qədər səs-küy doğuracağını gözləmirdim. O ki qaldı musiqi bəstələməyə, mən bəstəkar deyiləm, arada yazıram. Bu yaxınlarda dostumuz Rey Kərimoğlu mənim Nizami Saraclının sözlərinə yazdığım “Tanrı türkə yar olsun!” mahnısını sosial şəbəkədə paylaşmışdı, onun “Youtube” şəbəkəsində bir ünvandan baxış sayı 1 milyon 400 mini keçmişdi.

 

– Cəbhə bölgələrinə tez-tez gedirsiniz. Əsgərlər və yerli əhali arasında döyüş ruhunun gücləndiyi hiss olunurmu?

– Döyüş ruhu çox yüksəkdir. Hər kəs tezliklə bu müharibənin qələbə ilə başa çatmasını arzulayır. Az qala hamı döyüş ovqatındadır. Əsgərlər səhər-axşam bizim mahnıları ifa edirlər. Andiçmə mərasimlərində də bizim mahnılar səsləndirilir. Əsgərlərdə telefon yoxdur, amma bütün zabitlərin telefonunda “Cənab leytenant”, “Vətən əmanəti”, “İgid əsgər, möhkəm dayan” mahnıları var... Hara getsəm, sıravi azərbaycanlılar yaxınlaşıb soruşurlar ki, cəbhədə vəziyyət necədir, xahiş edirlər ki, döyüşə getməklərinə yardım göstərim. Elə bu gün yemək yediyimiz kafedəki ofisiant mənə könüllü cəbhəyə getmək arzusunu söylədi. Sevinirəm ki, xalqın döyüş əhvali-ruhiyyəsi yerindədir. İnşallah, yaxın zamanlarda Qarabağ problemi öz müsbət həllini tapacaq. Mən özüm də bu elan olunmamış müharibənin içindəyəm. Sabah Füzuliyə gedirəm. Bugünlərdə Gədəbəydən qayıtmışam. Hər yerdə oluram, varlığımla, səsimlə, musiqimlə, mahnılarımla.

 

– Özünüz necə, öz mahnılarınızı dinləyirsiniz?

– Nədənsə, yox. Nadir hallarda ifa etdiyim hansısa mahnı yadıma düşür, onu tapıb təklikdə qulaq asıram. Maşında-zadda kimsə diskimi səsləndirəndə isə narahat oluram, elə bil yoruluram.

 

– Aktyorluq fakültəsini bitirmisiniz. Teatr sizi özünə çəkirmi?

– İndi yox. Amma aktyorluq bir xəstəlikdir. Uzun müddət bu həvəs məndən əl çəkmədi. Sonradan bu sənətin arxasınca getmədim. O illərdə teatr, kino tənəzzül dövrünü keçirirdi. Üstəlik, mən institut vaxtı daha çox radiotamaşalarda rol alırdım. Mikrofonla tanışlığım artıq başlamışdı. Müəllimlərim də deyirdilər, bu səs heyifdir, yaxşı olar, elə diktorluq sənətinin arxasınca gedəsən.

 

– Bununla belə, səhv etmirəmsə, filmlərə də dəvət almısınız.

– Bir neçə dəfə olub. Ssenari məni qane etməyib, imtina etmişəm, sonradan filmə başqası çəkilsə də, əsər uğur qazanmayıb. Müharibə haqqında ən çox bəyəndiyim film “Dolu”dur. Açığı, özümü orada görürdüm. O əsərdə komandir rolunu oynamaq istərdim. Aqil Abbas əsəri ustalıqla qələmə alıb, rejissor işi də yaxşıdır. Baxanda bir neçə yerdə kövrəldim də. Ümumiyyətlə, müharibə ilə bağlı və ya tarixi mövzuda yaxşı ssenari olsa, özümü orada görsəm, çəkilməkdən imtina etmərəm.

 

– Bir vaxtlar çalışdığınız televiziya mühiti üçün necə, darıxmırsınız?

– Yaş daha o yaş deyil. Həm də düşünürəm ki, televiziyada öz sözümü demişəm. İndi məni mahnı yaradıcılığı, ifaçılıq daha çox cəlb edir. Onsuz da efirdə qonaq oluram, mahnılarımı ifa edirəm. Amma vətənpərvərlik barədə veriliş aparmaq təklif olunsa, razılaşaram. Əlbəttə, format ürəyimcə olmalıdır. Bu gün vətənpərvərliklə bağlı verilişlərə ciddi ehtiyac var.

 

– Sizi “Azərbaycanın Levitanı” adlandırırlar...

– 1986-cı ildə mən Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Komitəsində ixtisasartırma kursunda oxuyanda Levitanın həyatı ilə çox maraqlanmışam. Bizim kursun rəhbəri İlya Prudovski idi. Arıq kişiydi, amma əzəmətli səsi vardı. Daha çox Levitan haqqında danışırdı. Prudovski hamının səsini yazırdı. Ona görə yazırdı ki, qulaq assın görək kimdə nə çatmır, bu müddət ərzində onu düzəltsin. Biz 16 nəfər idik. Azərbaycanı mən təmsil edirdim. Orada hamının səsini yazdılar. Sonra bir-bir qulaq asıb, fikirlərini bildirirdilər. Hərəyə bir irad tutdular. Üç, beş, on beş ilin diktorları idi. Mənsə cəmi 3 aylıq təcrübəçi kimi getmişdim. Mənim səsimi efirə verəndə utandığımdan qulaqlarımı tutdum. Amma hər şey yerli-yerində imiş. Heç belə olacağını gözləmirdim. Prudovski soruşdu ki, nə vaxtdan işləyirsiniz? Dedim, cəmi 3 aydır. Dedi, siz bura niyə gəlmisiz, sizin öyrənməyə ehtiyacınız yoxdur. Orada daxilimdən bir qürur hissi keçdi ki, Azərbaycanı təmsil edirəm. Bəlkə aktyorluq fakültəsini bitirməyimin də bu işdə mənə köməyi oldu.

 

– Əlbəttə, bu, çox xoş hissdir. Amma eyni zamanda kiməsə bənzədilmək adamı bir qədər narahat edə də bilər.

– Elədir, amma Levitan birincidir axı. Biz sovetlərin tərkibində olmuşuq, Böyük Vətən müharibəsi də bizim ümumi tariximizdir, qələbə də ümumidir. Azərbaycan da bu müharibədə çoxsaylı itkilər verib, böyük qəhrəmanlıqlar göstərib. Levitan bir əfsanədir. Ona görə də onu örnək hesab edirlər. Bu müqayisə məni qəti narahat etmir, əksinə, xoş bir rahatlıq hissi gətirir.

 

– Diktor kimi çalışdığınız müddətdə, yəqin, çoxlu məktublar da alırdınız?

– Bəli… Çalışırdım hamısını oxuyam. Yadımdadır, bir yaşlı kişi məktubunda nəvəsindən şikayət edirdi. Dedim, nəvənizi də gətirin, gəlin. Oğlanın 14-15 yaşı olardı. Gözlərindən cin yağırdı. Hər dəfə evdən cəbhə bölgəsinə qaçır, babası onu güclə tapıb gətirirdi. Yaşlı kişi dedi ki, bu uşaq sizi çox istəyir, bəlkə sözünüzü eşidər. Oğlana vəd etdim ki, məktəbi bitirəndən sonra onun hərbi məktəbə daxil olmasına kömək edəcəm. Göstəriciləri də buna imkan verirdi. Həqiqətən də, oğlan hərbi məktəbi bitirdi. Belə şeylər çox olub.

Ən çox qələbə arzusundan yazırdılar, əzizlərini itirənlər təsəlli, ya bir xəbər almaq istəyirdilər. Çox ağrılı məktublar idi... Ümumiyyətlə, istəyirəm müharibə dövrü ilə bağlı memuar yazam. Xatirələr çoxdur…

 

– Heç diktorluq sənətiylə bağlı müəllimlik etməyi düşünmüsünüzmü? Fərdi tələbələriniz varmı?

– Düzü, bu barədə düşünməmişəm. Əslində, hərbi diktor adlı xüsusi bir sənət yoxdur. Heç buna ehtiyac da duyulmur. Hərbi diktor yalnız müharibə zamanı lazım olur. Onun səs tembri, müharibə xəbərlərini necə çatdırması önəmlidir. Levitanın dövründə televiziya yox idi, o, radioda çalışırdı. Biz televiziyaya da çıxırıq deyə, müəyyən xarici görünüş, yəni hərbçi görkəmi də tələb olunur.

 

– Son ay yarımda atəşkəs dəfələrlə pozulub. Əsgərlərimizin düşməni geri oturtması və müəyyən strateji yüksəklikləri əldə etməsi xalqın döyüş ruhunu yüksəldib. Sizdə belə bir hiss yarandımı ki, kaş bu xəbərləri xalqa mən çatdıraydım?

– Mən diktorluqla bağlı missiyamı başa vurmuşam. Həmin hərbi əməliyyatlar dövründən kitab yazılarsa, əminəm ki, içərisində hərbi diktor kimi mənimlə bağlı bir neçə cümlə mütləq olacaq. İndi daha çox mahnı yaradıcılığıma diqqət etmək istərdim.

 

– Amma bütün gəlmiş-keçmiş diktorlarımızın ən böyük arzusu, təbii ki, qələbə xəbərini ilk dəfə efirdən verməkdir...

– Əlbəttə, bu, mənə həvalə olunsa, böyük şərəf duyaram. Bu qədər şəhid vermişik, qurbanlarımız olub, anaların gözünün yaşı qurumayıb. Biz bu yükü daha çəkə bilmirik, onu övladlarımıza qoya da bilmərik. Əsas odur, qələbə olsun. Və biz artıq Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla bu yolun, bu uğurun astanasındayıq. Fərq etməz, bu qələbə xəbərini ilk dəfə millətə kim çatdıracaq.

Rəbiqə NAZİMQIZI