Elektron ədəbiyyat və sənət portalı

Tərcümə modelləri

Bölmə: Ədəbiyyat 14.05.2016

Müasir tərcüməşünaslıq elmində çoxlu tərcümə modelləri (bəzi mənbələrdə bunlara “tərcümə nəzəriyyələri” də deyilir) mövcuddur. Beləliklə...

 

Denotativ (situativ) tərcümə modeli

Bu modelin mahiyyəti ondan ibarətdir ki, hər hansı bir dildəki leksik vahidlər bu və ya digər predmeti, hadisəni, situasiyanı, obyektiv gerçəklik faktları arasındakı münasibətləri ifadə edir. Küll halında bunlar həmin dildə mövcud olan məfhumların qarşılıqlarıdır ki, həmin məfhumlara denotatlar deyilir.

Nitqin hər hansı bir hissəsində verilən informasiya bir-birlərilə müəyyən münasibətlərdə olan denotatlar toplusunun yer aldığı situasiya haqqında məlumat xarakteri daşıyır. Əslində, bizi əhatə edən obyektiv gerçəklik bütün bəşəriyyət üçün eyni olduğuna görə, bir dildə ifadə edilən situasiya (denotatlar toplusu) eyni şəkildə başqa bir dildə də ifadə edilə bilməlidir. Başqa sözlə, orijinaldakı dil vahidləri ilə əks etdirilən situasiya, tərcümə dilində axtarılıb tapılır və ifadə edilir. Bu modeldən daha çox ekvivalentsiz leksik vahidlərin, üst-üstə düşən eyni situasiyaların tərcüməsində istifadə edilir. Belə ki, orijinaldakı kəlmənin (situasiyanın) tərcümə dilində qarşılığı (ekvivalenti) olmadığı təqdirdə, həmin leksik vahidin orijinal mətndə ifadə etdiyi denotat (situasiya) diqqətə alınır və bu denotatın qarşılığı işlədilir. Məsələn:

Sigara içilmez – Papiros çəkmək qadağandır; Park yapılmaz – Dayanmaq qadağandır; Yasak istikamet – Giriş qadağandır.

Əlbəttə, bütün müsbət məziyyətlərinə baxmayaraq, bu model təkbaşına tərcümə nəzəriyyəsi olaraq qəbul edilə bilməz. Çünki denotativ model yalnız iki dildəki identik situasiyalar üçün məqbuldur. Halbuki eyni bir situasiyanın ifadə forması orijinal və tərcümə dilində fərqli şəkildə ola bilər. Məsələn, papiros çəkmənin qadağan edildiyini bildirən yuxarıdakı birinci cümlənin işlənmə yerinə görə müxtəlif tərcümələri verilə bilər: Burada papiros çəkmirlər. Səhiyyə Nazirliyi xəbərdarlıq edir: siqaret çəkmək səhhətinizə ziyandır.

Yaxud eyni bir situasiyanı (məsələn, “ölüm” hadisəsini) yerinə, zamanına, danışanın sosial mənsubiyyətinə, yaşına və cinsinə görə fərqli üslub və şəkildə tərcümə etmək mümkündür: öldü, vəfat etdi, dünyasını dəyişdi, sizlərə ömür, gözlərini əbədi yumdu – ebediyete intikal etti, Tanrının rahmetine kavuştu, aramızdan ayrıldı, kaybettik, dünyadan göçtü  və s. və i.a.

 

Transformativ tərcümə modeli

Bu model öz adını transformativ qrammatikadan götürür. Məlum olduğu kimi, transformativ qrammatika müəyyən bir sintaktik strukturdan bu strukturu təşkil edən leksik-qrammatik vahidlərin yer dəyişdirmələri və transformasiyaları yolu ilə müxtəlif tipli cümlələrin meydana gətirilməsini nəzərdə tutur.  Transformativ tərcümə modelində də vəziyyət təxminən bu şəkildədir. Belə ki, tərcüməçi orijinaldan aldığı bir mətn üzərində işləyir, qrammatik əməliyyatlar aparır – cümlələri kəsib-doğrayır, yeni şeylər əlavə edir, birləşdirir, ayırır və nəticədə orijinal mətnə ekvivalent olan yeni bir mətn tərcüməsi yaradır. Məsələn: “Orxan maraqlı bir roman oxuyur” cümləsindən “Maraqlı bir roman oxuyan Orxan”, “Orxanın oxuduğu roman maraqlıdır”, “Maraqlı bir romanın Orxan tərəfindən oxunması” və s. strukturlar (transformlar) düzəltmək mümkündür. Bu strukturların hamısı əsas cümlədəki fikri, məzmunu tam ifadə etsə də, qrammatik cəhətdən ondan fərqlənir, yəni bu cümlələr forma baxımından (qrammatik baxımdan) adekvat olmadıqlarına görə onları bərabərhüquqlu cümlələr hesab etmək olmaz.

Bu, tərcümə prosesi üçün də belədir. Orijinal və tərcümə mətnlərinin ekvivalent ola bilmələrinin ən mühüm şərtlərindən biri həmin mətnlərin mümkün olduğu qədər məna-məzmun, qrammatik struktur, üslub və janr cəhətdən eyniliklərinin mühafizə edilməsidir. Başqa sözlə, transformlar içindən orijinal mətnə ekvivalent, yaxud adekvat olanı seçilməlidir. Yuxarıdakı cümlənin türkcəsi “Orhan enteresan (ilginç) bir roman okuyor” şəklində olacaq.

 

Semantik-semiotik tərcümə modeli

Bu modelin banisi tanınmış tərcüməşünas L.S.Barxudarov hesab edilir.

Semantik-semiotik tərcümə modeli belə bir təcrübədən hərəkət edir ki, tərcümə prosesində orijinaldakı bir dil vahidi bu vahidin ehtiva etdiyi bütün məna tutumu və çalarları nəzərə alınaraq tərcümə dilinə çevrilir. Məlum olduğu kimi, hər bir dil vahidi (terminlər istisna edilməklə) özündə birdən artıq məna cəmləşdirir ki, dilçilikdə bu mənaların hər birinə “sema” deyilir (“semantika” termini də bu sözdəndir). Məsələn, dilimizdə “tələbə” sözünün aşağıdakı “sema”ları var: təlim alan, oxuyan, öyrənən (təlim verən, oxudan və öyrədən yox!); ali təhsil müəssisəsində təhsil alan (orta məktəb şagirdi yox!); bir nəfər (tələbələr yox!) və s. Eyni sözün, məsələn,  ruscası daha bir sema ehtiva edir: студент (kişi cinsindən olan bir nəfər, “студентка” yox!). Bu kəlmənin türkcə qarşılığı “öğrenci” sözü bir başqa semadan da bəhs etməyə imkan verir: türkcədə “öğrenci” tələbə ilə yanaşı, həm də “şagird” mənasındadır.

Semantik-semiotik tərcümə modeli transformativ modeli xatırladır və  mahiyyəti bundan ibarətdir ki, orijinal dildəki leksik vahidin bütün semaları araşdırılır, dar və ya geniş kontekstdə o semalardan cümləyə (mətnə) ən uyğun olanı bu leksik vahidin tərcümə dilindəki semalarından (məna çalarlarından) ekvivalent, yaxud adekvat olanı ilə qarşılanır (tərcümə edilir). Əlbəttə, burada diqqət tələb olunur, çünki hətta üst-üstə düşən semaların belə məna çalarları fərqli ola bilər. Başqa sözlə, tərcümə sırasında “nə?” sualı ilə yanaşı, “necə?” sualını, konteksti, konkret situasiyanı daim diqqətdə saxlamaq lazımdır. Məsələn, türkcədəki “telefon açmak” – zəng etmək, “telefonu açmak” – telefon dəstəyini götürmək, “elektriği açmak” – işığı yandırmaq mənalarındadır. Başqa sözlə, “açmak-açmaq” kəlmələrinin semaları hər iki dildə lüğət etibarilə üst-üstə düşsə də məna etibarilə fərqlidirlər. Yeri gəlmişkən, “Telefonu götür” cümləsini eşidən Türkiyə türkü bunu “Telefonu apar”  mənasında başa düşəcək.

 

Ekvivalentliklərin səviyyəsi (dərəcəsi) modeli

Ekvivalentliklərin səviyyəsi (dərəcəsi) modeli yuxarıdakı tərcümə modellərinin bir araya gətirilmiş, ümumiləşdirilmiş şəklidir. Belə ki, denotativ model tərəf-müqabil dillərdəki identik situasiyalara, transformativ model sintaktik konstruksiyaların semantik yaxınlığına, yaxud çoxvariantlılığına, semantik model orijinalın və tərcümənin ekvivalent vahidlərinin semantik cəhətdən maksimum dərəcədə identikliyinə əsaslanırdı. Ekvivalentliklərin səviyyəsi (dərəcəsi) modelinin mahiyyəti isə ondan ibarətdir ki, orijinal və tərcümə mətnlərinin adekvatlığı tərcümənin müxtəlif qatları (səviyyələri) arasındakı uyğunluğun dərəcəsinə görə müəyyənləşdirilir. Belə ki, istənilən mətn kommunikativ funksiya yerinə yetirir və bu vəzifəni icra edərkən müəyyən faktlar haqqında məlumat verir, emosiyaları ifadə edir, ünsiyyətə girən tərəf-müqabillər arasında əlaqəni təmin edir. Orijinal mətnin (informatorun) adresata (alıcıya) ötürdüyü bu informasiya tərcümədə başlıca məqsədə xidmət edən məna, qayə saxlanılmaqla “artıqlardan” təmizlənmiş ola bilər.

Bütün bunlar nəzərə alınaraq, tərcümənin aşağıdakı ekvivalentlik səviyyələri (tipləri) müəyyənləşdirilir:

  1. a) Ekvivalentliyin birinci tipinə görə, tərcümədə kommunikasiyanın əsas məqsədini təşkil edən məzmun mühafizə edilir, yəni orijinalla tərcümə arasında məzmun ekvivalentliyi təmin edilir və mətnlərin digər ünsürlərinin uyğun olub-olmaması diqqətə alınmır.

Bu tipdən o zaman istifadə edilir ki, dillər arasında leksik və sintaktik uyğunsuzluqlar, semantik və sintaktik transformasiyaların mümkünsüzlüyü, orijinaldakı informasiya ilə bu informasiyanın ifadə şəkli arasında bilavasitə bağlılığın olmadığı bariz formada nəzərə çarpır. Bu tipdən daha çox atalar sözləri və deyimlərin tərcüməsində istifadə olunur.

  1. b) Ekvivalentliyin ikinci tipində orijinalla tərcümə arasında məzmun ekvivalentliyi təmin edilməklə bərabər, orijinal mətnin situativ komponentləri, məzmunun ifadə formaları da diqqətə alınır. Bu tipdən də, əsasən, atalar sözləri və deyimlərin, sabitləşmiş söz birləşmələrinin tərcüməsində istifadə olunur.
  2. c) Ekvivalentliyin üçüncü tipi orijinalın və tərcümənin, demək olar ki, əksər səviyyələrinin (məzmun, forma əlamətləri, təsvir və ifadə təfərrüatları və s.) uyğunluğunu nəzərdə tutur. Başqa sözlə, birinci tipdə orijinalla tərcümə arasında yalnız kommunikativ məqsəd uyğunluğu, ikinci tipdə kommunikativ məqsəd və situasiyanın təsviri uyğunluğu, üçüncü tipdə kommunikativ məqsəd, situativ təsvir və bu təsvirin ifadə şəklinin uyğunluğu əsas şərt kimi irəli sürülür.
  3. ç) Ekvivalentliyin dördüncü tipində orijinalın və tərcümənin yuxarıdakı üç səviyyə uyğunluğu ilə yanaşı, sintaktik konstruksiyaların da böyük əksəriyyətinin identikliyi, sintaktik paralelliyi (hər iki mətnin leksik-semantik vahidlərinin adekvatlığı, söz sırası və cümlə quruluşunun mühafizəsi və s.) tələb edilir.

(Davamı gələn sayımızda)

Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor