Elektron ədəbiyyat və sənət portalı

Mücadilələrdə keçən ömür

Bölmə: Tarix 23.05.2016

...Paris tezdən oyanır, qəribədir, görəsən, bu şəhər nə vaxtsa yuxuya dalırmı? Dünyanın göbəyi sayılan meqapolisin nəbzi elə bir müəmma ilə ayarlanıb ki, hətta ilin fəsilləri də bu həyat tərzi qarşısında duruş gətirə bilmir. 1928-ci ilin adi may günlərindən biri də Paris üçün istisna deyil.

Saysız-hesabsız gecə klublarını, kazinoları tərk edən zənginlərin sərxoş qəhqəhələri, avtomobillərin səs-küyü, tramvayların zəngi, səyyar satıcıların ora-bura vurnuxub müştəri səsləməsi, işə tələsən adamların  ayaq taqqıltısı, məzhəkəçinin boynundan asdığı və dəstəyini əsnəyə-əsnəyə fırlatdığı şarmankadan ətrafa yayılan melodiya, bir sözlə, nəhəng şəhərin əsrarəngiz izdiham akkordları heç də bununla bitmir.

Parisin rəmzi sayılan Site adasındakı Notr-Dam de Pari kilsəsinin qarşısı həmişəki kimi qələbəlikdir. Gün başlar-başlamaz yüzlərlə adam bura ibadətə gəlir, kilsə xoru möhtəşəm orqanın müşayiəti ilə dini nəğmələr oxuyur. Qucağı qəzetlə dolu çəlimsiz qəzetsatan uşaqlar ora-bura vurnuxur, uca səslə xəbər başlıqlarını söyləyib müştəri çağırırlar:

- Madam, müsyö, “Mond” alın, “Mond”! Fransada iqtisadi böhran dərinləşir! Böhran nə vaxt bitəcək? Ən son xəbərlər “Mond”da!

- Müsyö, “Fiqaro”nun təzə nömrəsi! Alın, oxuyun! Mussolinidən xəbər var. O, müxalifətə divan tutmaq üçün “Xüsusi tribunal” təsis etdi. Ölkədə tətillər qadağan olundu. İndi İtaliyada istənilən tətil cinayət kimi qiymətləndiriləcək!

- Müsyö, müsyö, “Humanite” alın! Dürüst xəbərləri bu qəzetdə oxuyun! Sovetlər “Brian-Kelloq paktı”na qoşuldu!

Qəzetsatan oğlan əlində tutduğu qəzeti meydan boyu aramla irəliləyən dolubədənli, girdəsifət bir kişiyə uzadır.

- Müsyö, çox maraqlıdır, alın, birja xəbərləri də var, alın, rica edirəm...

Yaşıötmüş bu adam ayaq saxlayır, ona qəzet uzadan bu balaca uşağa  gülümsünür, qəzeti alır, eynəyini taxıb birinci səhifədəki sərlövhəyə baxır.

- Deyirsən, “Brian-Kelloq paktı”na qoşulublar? Hə ... demək belə... Yaxşı, al pulunu – deyə kişi uşağa pul uzadır, - Qalığı lazım deyil, özünə bir şey alarsan, - Sonra da gülərək əlavə edir, - amma bax ha... sən bu lənətə gəlmiş pakta yox, səni sevən dostlarına qoşul...

- Allah sizdən razı olsun, müsyö, təşəkkür edirəm.

Balaca qəzetsatanın “müsyö” deyə müraciət etdiyi bu yaşlı adam Azərbaycan Demokratik Respublikasının ilk xarici işlər naziri, neçə illərdir ki, Fransada mühacir həyatı yaşayan Əlimərdan bəy Topçubaşov idi. Qəzetsatan, gəldiyi kimi də gözdən itdi. Ahıl adam azacıq kənara çəkilib yazını oxumağa başladı. Məqalədə bildirilirdi ki, Fransa SSRİ-ni “Brian-Kelloq paktı”na qoşulmağa dəvət edib. SSRİ, pakta tərksilahla bağlı öhdəliyin daxil edilməməsini, paktın yalnız milli siyasət vasitəsi kimi müharibəni qadağan etməsini çatışmayan cəhət kimi qeyd edir. Sovet hökumətinin fikrincə, hər cür beynəlxalq müharibə, müdaxilə, mühasirə, özgə əraziləri işğal etmək kimi hərbi əməliyyatlar qadağan edilməlidir...

Xəbərin ardını oxumadı. Qəzeti büküb cibinə qoydu. Aramla yoluna davam etdi. Ürəyində öz-özünə danışırdı: “Həyasızlığa bir bax! Sovetlər işğalı pisləyir. Bəs özləri? İşğal etmədikləri ərazi qalıb ki? Əllərinə nə keçib, qamarlayıblar, Azərbaycanı da üstəlik. Bolşeviklər neçə-neçə xalqı, milləti diz çökdürüb, azadlığını, xöşbəxtliyini, gələcəyini əlindən alıb, namuslu övladlarını didərgin salıb. Ürəkləri soyumur, gözləri doymur, bunların. İndi də paktla dünyanın gözünə kül üfürmək istəyirlər...”

Ürəyi sıxıldı, meydandakı skamyalardan birində əyləşdi ki, nəfəsini dərsin. Kilsə xorunun mahnıları indi daha aydın eşidilirdi. Gözlərini yumdu, xatirələr onu çox-çox uzaqlara apardı. Düz 9 il əvvəl, 1919-cu ilin may ayında Fransaya səfər etmiş Azərbaycan Demokratik Respublikasının ilk xarici işlər naziri Əlimərdan bəy Topçubaşov  bilirdi ki, bir neçə gün öncə Versal sülh konfransında ABŞ prezidenti Vudro Vilson Azərbaycan məsələsini gündəmə gətirib,

“Böyük 4-lük” yeni yaranmış cümhuriyyətin taleyini müzakirə edib. Tərəflər masa arxasına əyləşən kimi, Əlimərdan bəy dərhal bir neçə dildə hazırlanmış Memorandumu prezident Vilsona təqdim etdi, ABŞ ilə ölkəsi arasında ikitərəfli diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğuladı.

- Cənab prezident! Müstəqillik və demokratiya yolunda çox çətin mücadilə aparan Azərbaycan Demokratik Cümhuriyyətinin yaşamaq haqqı var. Biz uzun illər çar Rusiyasının əsarəti altında əzilmişik, ölkəmizə, milli sərvətlərimizə, mənəvi dəyərlərimizə sahib çıxa bilməmişik. İndi Azərbaycan öz müstəqilliyinə qovuşur və bu gün, mayın 28-i, Demokratik Cümhuriyyətin ildönümündə Sizinlə görüşdən böyük şərəf duyuram. Cənab Vilson, Sizdən dönə-dönə təvəqqe edirəm: biz çətinliklə əldə etdiyimiz müstəqilliyimizi qorumalıyıq.  Azərbaycan dövlətinin Dünya Birliyinin dəstəyinə böyük ehtiyacı var...

Prezident Vilson dərhal cavab vermədi. Görünür, amerikalı siyasətçi qarşısında əyləşmiş bu israrlı azərbaycanlı diplomata nə deyəcəklərini fikrində götür-qoy edirdi.

- Cənab Topçubaşov, biz dünyanı xırda dövlətlərə bölmək niyyətində deyilik. İngilislər mənə vəziyyət barədə ətraflı danışdı. Qafqazda qeyri-sabitlikdir. Bolşeviklər kimsəyə aman vermir, Qızıl Ordu da işğalçı yürüşünü davam etdirir. Elə ingilislər də Bakını tərk etməyə məcbur olub. Aydındır ki, Lenin neftdən və Qafqazdan əl çəkən deyil. Bu səbəbdən, müstəqilliyinizin tanınması barədə xahişinizə əməl edə bilməyəcəyik. Yaxşı olardı ki, siz federasiya barədə düşünəsiniz. O ki qadı bizə, cənab Topçubaşov, vəd edirəm ki, bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində böyük Amerikanın yardımını alacaq.

Əlimərdan bəy Topçubaşov və Azərbaycan diplomatlarının Versal sülh konfransındakı gərgin səyləri nəticəsiz qalmadı: 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi “dе-fakto” tanındı.

Fərhad SABİROĞLU