Elektron ədəbiyyat və sənət portalı

Dolma məsələsi

Bölmə: «Aydın Yol»çular 23.05.2016

Bu sözləri birnəfəsə deyib qaçdı. Bəlkə də utanırdı, ya da sevincindən uçurdu. Kim bilir? Dalana açılan kiçik pəncərəyə dəmir barmaqlıq, üstündən də tor vurulmuşdu. Ona görə də nənəm Kubra arvad gələnin  kimliyini ayırd edə bilmədi. Gözlərini qıyıb soruşdu:

- Kimsən, ay uşaq?

Köməyinə mən çatdım:

- Kərimdi e... ay, mə (nənəmə ailədə “məmə” deyirdik), toya çağırır...

8-9 yaşım olardı. Kərim məndən bir-iki yaş kiçik idi. Sovetskidə, yaşadığımız dalanın axırında balaca evləri vardı. Anası Sitarə xala iki il əvvəl dünyasını dəyişmişdi. Kərimə və bacısına bibisi Dilarə baxırdı. Nənəm də hər dəfə Kərimin atası Əflatunu görəndə o ki var danlayırdı. Deyirdi ki, “ay Allah saxlamış, bu uşaqlar nə vaxtacan bibinin qoltuğunda böyüyəcək, bu tifillərə ana lazımdı axı... bir halal süd əmmiş tap da...” O da qımışıb gülümsünürdü. İndi də, deyəsən, Əflatunu yola gətirmişdilər ki, evlənsin. Axşam da evlərində yığıncaq olacaqdı...

Ötən əsrin 60-cı illərində, sovetlərin tüğyan etdiyi bir dövrdə adamlar kasıb yaşayırdı. Toy məclisləri də indiki kimi  dəbdəbəli yox, çox sadə keçirdi. Əflatunun toy məclisi qonşuların köməyi ilə təşkil olunmuşdu. Kimin nəyə imkanı çatırdısa, bişirib gətirir, süfrəyə düzürdü. Dolanışıq çətin olsa da, mehriban qonşuluq, xeyirxahlıq və mərhəmət kimi saf hisslər həmin illərdə daha güclü idi.

- Ay Kubra xala, Kubra xala....

Bu dəfə pəncərədən səslənən Kərimin bibisi Dilarə idi. Nənəm artıq qollarını çırmalayıb işə girişmişdi. Qiyməkeşlə ət döyür, xınalı əlləri ilə əti ovuşdururdu. Yeri gəlmişkən, arvad ömrünün sonunadək ətçəkən maşını yaxına qoymadı, deyirdi ki, ət ki maşına girdi bütün dadı-tamı qaçır...

- Kubra xala, gəldim deyim ki, əziyyət çəkib dolma bükmə, qonşu Asyanın hazır dolması var, gətirəcək...

Bu sözü eşidəndə nənəmin üzünün aldığı ifadəni indi üstündən illər keçəndən sonra təsvir etmək mənim üçün çətindir.

- A... ağəz, erməni nə vaxtdan dolma bişirən olub? Getsin az, getsin bosdurmasını qurutsun. İndi deyirsən ki, mən, pak arvad durub erməninin bişirdiyi dolmanı yeyim? Heç elə şey yoxdur!

Hər dəfə pip yarpağına bükülmüş bu balaca “ləzzətləri” yeyəndə nənəmin sözlərini xatırlayıram.

Bu gün ermənilər hər tinbaşı aləmə car çəkirlər ki, “dolma bizim milli yeməyimizdir və azərbaycanlılar bu neməti bizdən oğurlayıb, öz adına yazmaq istəyir.” Azərbaycan dolmanı UNESCO-nun bütün türk dünyasının qeyri-maddi mədəni irsi siyahısına salmaq istəyir. Bu da ermənilərin kürkünə birə salıb. Mədəniyyət naziri Hasmik Poğosyan deyib ki, Azərbaycan UNESCO-nu  “siyasi döyüş meydanına” çevirmək istəyir.

Məgər dolmaya “tolma” adı qoymaqla  iş bitir? Sirr deyil ki, Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin böyük əksəriyyətini – mahnı və melodiyaları, musiqi alətləri və rəqsləri ermənilər özününküləşdirməyə çalışır...

Erməni həyasızlığı sərhəd tanımır. Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istəyirdi. Onlar lavaşın ermənilərə aid olduğu və bu nemətin qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün əldən-ayaqdan gedirdi.

Amma məsələ dolmanın kimə aidliyindən yox, dilənçi kökündə yaşayanların bu neməti bişirmək imkanından gedir. Məsələn, Ermənistandakı “Yeni dövr” partiyasının sədri Aram Karapetyan eks-prezident Levon Ter-Petrosyanın ölkədəki siyasi gücləri indiki hakimiyyətin ətrafında sıx birləşməyə çağırmasına sərt reaksiya verib: “Hakimiyyət Ermənistanı taladı və onu, belə acınacaqlı vəziyyətə gətirdi. Kimin ətrafında birləşmək? O adamların ki, neçə illərdir, ölkəni talayıb, onu bugünkü acınacaqlı vəziyyətə salıblar?!”

İndi bu bədbəxt ermənilər qalıblar çıxılmaz vəziyyətdə: dolma bişirməyə imkan yox, amma hər dəfə dolma adı gələndə ağızları sulanır. Ax, kaş nənəm sağ olaydı, yəqin ki, belə deyərdi: “Erməni getsin öz donuzunu yesin!”