Elektron ədəbiyyat və sənət portalı

Qalibi olmayan müharibə

Bölmə: Tarix 21.08.2015

Müəllifin türk Divan ədəbiyyatına dair dəyərli ensiklopedik lüğətləri, müntəxabat və antalogiyaları, orta məktəb və litsey şagirdləri üçün ədəbiyyat dərslik və dərs vəsaitləri var. Onun bədii yaradıcılığını taclandıran isə son illərdə qələmə aldığı romanlardır. Yazıçının  dahi Füzulinin “Leyli və Məcnun” məsnəvisinin motivləri əsasında qurğulanan “Babildə ölüm, İstanbulda eşq” (2004), Osmanlı tarixinin Lalə dövrü hadisələrinin qələmə alındığı detektiv “Qətrəyi-matəm” (2009), “Şah və Sultan” (2010) və Yunus Əmrənin həyatı və sufi fəlsəfəsinə həsr edilən “Od” (2011), Barbaros Xeyrəddin Paşanın taleyindən bəhs edən “Əfsanə” (2012), Eyyub Sultan haqqında “Mehmandar” (2014), Məhəmməd Reyğəmbər barədə “Bülbülün qırx şərqisi” (2015)  adlı bir-birindən maraqlı yeddi romanı işıq üzü görüb.

Bütün müharibələr əvvəl-axır danışqla, barışıqla  bitir. Zəfərlə sonlanan bütün savaşların qalibi və məğlubu olur. “Şah və Sultan” romanının onurğasını təşkil edən Çaldıran cənginin isə qalibi yoxdur. İki qardaş bir-birini boğazlayanda ölən də, öldürən də qardaş olur. Romanda Osmanlı sarayındakı sünni Can Hüseynlə Səfəvi sarayındakı şiə Ağa Həsənin ekiz qardaş və birinin ölümünün digərinin əlindən olması məhz bu faciənin rəmzidir. Xüsusən hadisələrin gedişində bu ekiz qardaşların bir-birini əvəzləməsi məqamı uğurlu bədii tapıntıdır. Aydındır ki, qardaş qırğınında qalibdən və qalibiyyətdən bəhs etmək ortaq dilimiz adına faciə, dinimiz naminə günahdır. Çaldıran döyüş meydanında kimin zəfər qazanmasından asılı olmayaraq, mənsub olduğumuz soy, təmsil etdiyimiz millət məğlubdur!

Sultan da, şah da insanı öldürmə və öldürtmənin ustasıdırlar. Biri atası II Bəyazidi taxt-tacdan uzaqlaşdıran, öz hakimiyyəti uğrunda iki qardaşını, beş əmisi oğlunu (bunlardan üçü 7-14-21 yaşlarında idi), üç baş vəzirini boğduran sultandır. Yeri gəlmişkən, müəllifin mahir bədii tapıntılarından biri Sultan Səlimin Bəyazidi taxtdan salıb, ev dustağı edərkən atasından eşitdiyi qeyri-adi qarğışdır: ”Səni görüm şiri-pəncələr əlindən gedəsən”. Sultan hökmdar olduğu səkkiz il boyunca fikirləşir ki, yer üzündə onu öldürəcək bir aslan pəncəsi, yaxud pəncəsi aslan kimi olan igid yoxdur və atasının qarğışı heç vaxt çin olmayacaq. Halbuki, romanın sonunda ölümü həqiqətən də “şiri-pəncə”dən olur. Ancaq bu, aslan pəncəsi deyildi, onun kürəyindəki ölümcül çibanın xalq təbabətindəki adı idi!

Roman 1501-ci ilin avqust ayından 1525-ci ilin sentyabrına qədərki dövrün məlum tarixi hadisələri işığında Şahın və Sultanın saraydaxili yaşantılarını, bilinməyən məziyyətlərini, həyat dramlarını, şəxsi duyğularını, hökmdar olaraq ehtişamlarını, fərd olaraq faciələrini gözlər önünə gətirir. Yazıçı bunun üçün uyğun və uğurlu süjet-kompozisiya quruluşu seçib. Hadisələrin məhvərinə gözəllər gözəli Bəhruzə obrazını – Taclı Xatunu, bu obrazın timsalında Sevgini yerləşdirir. Bu, həm dünyəvi sevgidir, həm mənəvi. Ürfani-sufi sevgisi ilə bəşəri məhəbbət iç-içədir. Əsərin əsas hissəsi 14-15 yaşındakı Bəhruzənin və sonradan onun qulluqçusu olacaq Qəmbərin uşaqlığı və onların Şah sarayına düşdükdən sonrakı həyatının təhkiyəsi ilə başlayıb. Şaha ərə gedib Taclı adını alan Bəhruzənin Çaldıran savaşında əsir düşməsi və Sultan sarayındakı yaşantısı ilə zirvəyə yüksəlir. Taclının Şah, Sultan, Cəfər Çələbi, Ömər və Qəmbər Can misalında şahlıq, sultanlıq, köləlik, sünnilik, şiəlik tanımayan həqiqi məhəbbətə dair düşüncələri ilə süjetin açılımı gerçəkləşir.

Romanın ideyası, mətləbi, qayəsi aşkardır. Bu savaşda məğlub olan türklükdür: osmanlısı, səfəvisi, sünnisi, şiəsi, türkü, türkməni ilə Türk dünyasıdır. Tarixi mənbələrin əksəriyyətində Çaldıran müharibəsinin başlıca səbəbi kimi dini məzhəb ayrılığı göstərilir. Romanda da daha çox bu ehtimal qabardılır.

Əlbəttə, tarixi roman janrında yazılmış bədii əsər tarixin birəbir özü deyil. Yazıçı bu romanda uzaq tarixi hadisələrin əsas mahiyyətinə sadiq qalmaqla yanaşı, olaylara və tarixi şəxsiyyətlərə bədii şərtiliyin verdiyi imkanlar çərçivəsində öz dünyagörüşü ilə baxır, oxucuya çatdırmaq istədiyi mətləb və məramı bədii cəhətdən fərdi dünyaduyumu ilə mənalandırır. Çaldıran müharibəsində Sultan Səlim Şah İsmayılı məğlub edir.

Sultanın Çaldıran döyüş meydanından, eləcə də Təbriz və Ərdəbildən özü ilə bərabər apardığı qənimət və  xəzinə baha biçilməzdi. Biz təkcə Sultanın əsir olaraq İstanbula apardığı məşhur azərbaycanlı alim və sənətkarları nəzərdə tutmuruq. Ən qiymətli xəzinə Şah İsmayılın döyüş meydanında əsir götürülən arvadı Bəhruzə - dünya gözəli Taclı Xatun idi (“Şahın qoyub qaçdığı” deməyə dilim gəlmir, çünki tarixi mənbələrin yazdığına görə, bu hadisə Şaha o qədər ağır təsir etmişdir ki, ömrünün sonuna qədər bir dəfə də olsun üzü gülməmiş, on il ona yas tutmuş, tez-tez inzivaya çəkilərək təsəllini içkidə tapmışdı). Çaldıran savaşı başlayanda iyirmi yeddi yaşında olan (sonbeşiyi və xələfi Təhmasibin iki yaşı vardı) Şah İsmayıl romanın sonlarına doğru müharibənin mənasızlığı haqqında düşünür, lakin onun baş vermə səbəbini yenə də Sultanın nankorluğuna bağlayır. Bu düşüncələr zəncirinin son cümləsi Şahın (Türklüyün!) çarəsizliyidir: “Bu iş Mehdiyə qaldı”.

Yazıçı Taclı obrazını simvolik missiya ilə vəzifələndirib. Bəhruzənin sevdiyi Təbrizli Ömər sünnidir. Şah İsmayıl isə sünnilərin qənimidir. On beş yaşına yenicə qədəm basan Bəhruzə Şah İsmayılın xanımı Gülüzar Bəyimin üstünə günü gəlir. Romanın sonuna qədər əlinə kişi əli dəymədən bakirə qalır. Türk qadın ismətinin satın alınmaz qeyrəti olaraq rəmzləşdirilir. Şah İsmayılla yaşadığı beş il ərzində Bəhruzə yataqda Şahla arasına qılınc qoyub yatır. Sevgilisi Ömərdən onu ayırdığı üçün Şahı bağışlaya bilmir. Lakin  səbəb yalnız  bu deyil. Bəhruzə hər gün yataq otağına sərxoş gələn Şahın onu sevməsini, ona aşiq olmasını istəyir. Könül əyləndirmək, vaxt keçirmək üçün onun otağına təşrif  buyuran sərməst İsmayılı ər olaraq qəbul edə bilmir.

Sultan Səlim əsir aldığı Taclının gözəlliyinə heyranlığını gizlətmir, hətta bəzi söz və davranışlarından ona aşiq olduğunu hiss elətdirir.  Lakin “Şah artığına” tamah salmağı öz şan-şərəfinə ləkə hesab edir. “Çeynənmiş  loxma”nı sarayın yaşlı katibi, qadın tayfasına nifrət edən və üzdən son dərəcə kifir Saray şairi Tacizadə Cəfər Çələbiyə cariyə olaraq bağışlayır, onların nikahını kəsdirir. Romanda  hadisələrin sonrakı inkişafı göstərir ki, Sultanın aşiq olduğu Bəhruzə də ona biganə deyil. Zaman-zaman o da xəyalından keçirir ki, kaş Sultan onu sevəydi, ona aşiq olaydı. Bununla o, tapdalanmış qadın qürurundan hərəkət edir, onu döyüş meydanında atıb qaçan Şah İsmayıldan qisas almaq istəyir.  

Cəfər Çələbi Bəhruzə ilə bir yatağı paylaşmır. Saraydakı illərin təcrübəsi ona öyrətmişdi ki, Sultan Səlim aldığı bu ani qərarı günün birində dəyişdirib, Taclını özü üçün geri tələb edə bilər. O zaman Bəhruzəni Sultana təmiz qaytarmaq lazımdır. Lakin bu uzaqgörən ehtiyatlılıq belə “kazasker” rütbəsinə - ali hərbi hakimliyə qədər yüksəlmiş Tacizadəni ölümdən xilas edə bilmir. Sultan qarətlə məşğul olan yeniçərilərin bir iftirasını bəhanə edərək onu boğdurur. Ehtimal ki, Taclının dul qalmasını daha münasib bilir.

Sultan Səlim də, Şah İsmayıl da şairdilər. Müharibələrdən, fəthlərdən imkan tapdıqca qılıncı yerə qoyub, qamışdan qələmi ələ alır, biri Səlimi, o biri Xətai təxəllüsü ilə şeirlər yazır, qəzəllərində gözəli, gözəlliyi, bu dünyanın faniliyini, Uca Yaradana bağlılığı, sufi-ürfani hikmətləri tərənnüm edirdilər. Yazıçı bu məqamdan istifadə edərək, hər bir fəslin sərlövhəsi altında Səliminin və Xətainin o bölümün ruhuna və ovqatına uyğun düşən bir beytini, yaxud bəndini epiqraf olaraq verir.

Romanda Taclı Xatunun ətrafını saran bir məhəbbət haləsi var. Sultan da, Şah da, Ömər də, Cəfər Çələbi də, Qəmbər də ona aşiqdirlər. Əsərin finalında Taclının da həyatının müxtəlif zaman dilimlərinin aşiqlərinə biganə qalmadığı aydın olur. Lakin ömrünün qürub çağında boynundan asdığı, ölərkən düz ürəyinə tuş gələcək şəkildə  məzarına basdırılmasını istədiyi mirvariyə hər dəfə toxunanda içini isidən sevginin ünvanını tapmaqda çətinlik çəkir: bir cüt mirvaridən təkini hədiyyə edib, digər tayını özündə saxlayan Ömərmi, o tək incini sırğa düzəltdirib, qulağından asan Şahmı, döyüş zamanı Şahın qulağından qoparılıb ona gətirilmiş bu mirvarini yanından ayırmayan, ölüm döşəyində bir zərfə qoyub Taclıya yollayan Sultanmı?

Bu sevgilərin heç biri digərinə oxşamır. Ömər Bəhruzənin ilk və sona qədər unutmadığı məhəbbəti (əsərin sonunda Taclının məzarı başında Qəmbərə mirvarinin ikinci tayını verən gözüyaşlı şairin Ömər olduğunu öyrənirik), Cəfər Çələbi isə onu bütün bəlalardan qoruyan ikinci nikahlı əridir.

Sultan Taclıya dəli kimi aşiq olduğunu, hər an vüsalını istədiyini onun gözəlliyini vəsf edən qəzəllərində dilə gətirsə də, real həyatda Bəhruzədən uzaq dayanır. Gücü-qüdrətilə aləmi lərzəyə salan bu “aslanı”,  özünün də bir qəzəlində etiraf etdiyi kimi, “bir gözləri ahu zəbun edir”. Lakin ölüm döşəyində belə, Sultan Taclının gələcək taleyinə biganə qalmır.

Şah İsmayıl bir tərəfdən “isməti ayaqlar altına düşdüyü” üçün Taclını öldürməyə İstanbula muzdlu qatil göndərir. Digər tərəfdən, Sultanın vəfatından sonra Taclıya namələr göndərərək Təbrizə qayıtmasını istəyir, hətta itkin sevgilisi Öməri tapdırıb, onları evləndirəcəyinə söz verir.

Taclı Xatun bu sevgilər yumağının içində əbədi yuxuya gedir. Ölümqabağı onu sevənlərin hamısının adını son dəfə sayıqlayır: Ömər, Şah, Sultan, Cəfər. Bu zaman Qəmbərin “Ən çox hansını sevmişdin?” sualına Bəhruzənin verdiyi cavab bütün təxminləri alt-üst edir: ”Səni sevmişdim, Qəmbər Can, ən çox səni sevmişdim“. Ona öz sevgisini heç bir zaman açmağa cəsarət etməyən, bütün ömrünün mənasını Taclıya xidmətdə görən, öləndə Taclının məzarı ucunda basdırılmasını vəsiyyət edən Qəmbər Can Şahın uşaq vaxtı axtalatdırdığı doğmaca qardaşı oğludur!

Romanda şiə-qızılbaş və ələvi-bektaşi terminologiyasında, cəm və dəm  rituallarının  təsvir və təhkiyəsində kiçik xətalar da gözə çarpır. Cəm əhlinin ibadətxanası olan cəmevlərinin, ibadət şəkli olan toplantılarının təsvirində “dəmlik” səhnələri sanki içki sərxoşluğu kimi təqdim edilir. Halbuki “dəm olma” həqiqət qapısını aralamağa çalışanların öz ibadətlərini həyata keçirməsi,  Yaradanla həmhal olması, “dəm-uyum içində dövran sürməsi” deməkdir. Ədib Şah İsmayılın Çaldıran müharibəsinə qədər təxəllüsünün Xıtai (yəni Xıtalı, Xıtadan olan, Xıtada doğulan), Taclı əsir düşdükdən sonra Xətai (yəni Çaldıran müharibəsinə girməklə xəta edən) kimi mənalandırır ki, bu, bədii tapıntı kimi görünsə də, tarixi həqiqətlə uzlaşmır.

Roman Türk dünyasının qaranlıq faciəvi tarixinin bədii-estetik təqdimatı olmaqla bərabər, həm də dramatik, lakin işıqlı Sevgi dünyasının təqdimatıdır. Elə bir dünya ki, orada şah və sultan, müsəlman və xristian, sünni və şiə ayrıseçkiliyinə yer yoxdur. Yazıçı romanın ilk cümlələrindən buna işarə edir: “Ey yolçu, sevgiyə doğru yeri, ta ki həqiqətə çatasan!”. Biz də Xətainin misraları ilə bu kəlamı tamamlayırıq:

Həqiqət bir gizli sirdir
Aça bilərsən, gəl bəri!

Əsgər RƏSUL, professor