Elektron ədəbiyyat və sənət portalı

IV İslam Həmrəylik Oyunlarında 5 mindən çox atlet idmanın 20 növü üzrə mübarizə aparacaq

Bölmə: Beynəlxalq 13.05.2016

AzərTAc xəbər verir ki, İHİF-nin birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Malboumun sədrliyi ilə keçirilən iclasda Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AİOƏK) tərəfindən hazırlanan bir sıra təqdimatlar izlənilib.

Tədbir zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı ətraflı məlumat verilib.

Hamad Kalkaba Malboum deyib: “Azərbaycan idman dünyasında zəngin irsə malik ölkədir. Əminik ki, IV İslam Həmrəylik Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli möhtəşəm tədbir təşkil edəcək. Bakıya yenidən qayıtmağımızdan və hazırlıq prosesində mühüm irəliləyişlərdən məmnun olduq. Təşkilat Komitəsinin Oyunlara hazırlıq prosesindəki yüksək əhval-ruhiyyəsi bizi çox sevindirir. Oyunlara bir il qalmasının qeyd edilməsini səbirsizliklə gözləyirik”.

Azərbaycanın gənclər və idman naziri, AİOƏK-nın baş icraçı direktoru Azad Rəhmiov Bakıda Əlaqələndirmə Komissiyasının iclasının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu, bizə sonuncu görüşdən keçən dövr ərzində gördüyümüz işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını müzakirə etməyə imkan yaradır. On iki gün ərzində keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 5 mindən çox atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini nəzərə alsaq, bu Oyunlarla əlaqədar ölkəmizə təşrif buyuracaq nümayəndələrin də buradan xoş təəssüratlarla ayrılacağına əminik”.