Elektron ədəbiyyat və sənət portalı

FAU-2 əməliyyatı

Bölmə: Tarix 13.05.2016

...”YAK” Berlinə çatanda dan yeri sökülürdü. Müharibə yenicə bitmişdi. 1945-ci ilin iyulu olsa da, hərbi aerodromda sərin səhər mehi əsirdi, ora-bura vurnuxan quşlar sanki yayın gəlişinə sevinirdi.  Hardasa yaxınlıqda, enmə zolağını əhatə edən tikanlı məftillərin arxasında isə dəhşətli müharibənin bitməyən kabusu dolaşırdı. Berlin səması hələ heç vaxt belə kimsəsiz və miskin olmamışdı...

Stalinin xüsusi tapşırığı ilə Moskvadan  gəlmiş 7 nəfərlik mühəndis-texniki qrupa həmyerlimiz Kərim Kərimov başçılıq edirdi. Nümayəndə heyətini Berlindəki Sovet qoşunları Baş Qərargahının nümayəndələri qarşıladı. Mühəndislər  bir neçə general və mühafizəçinin müşayiəti ilə dərhal Nordhauzen şəhərinə yola düşdülər. Onlar qısa vaxt ərzində FAU-2 raketinin qalıqlarını və məxfi çertyojlarını aşkar edib özləri ilə Moskvaya aparmalı idilər.

Sovet kəşfiyyatının məlumatlarına görə, FAU-2 raketləri bu şəhərin yaxınlığında yerləşən zavodda istehsal olunurdu. Yolboyu açılan mənzərə acınacaqlı idi. Almaniya dağıntılar içində idi, kiçik kəndlər, qəsəbələr viran qalmışdı. Az öncə dünyaya meydan oxuyan möhtəşəm bir ölkə Hitlerin təkəbbürünə və hegemonluq iddiasına qurban getmişdi. Kələ-kötür yollarla irəliləyən hərbi yük maşınları dağıdılmış şəhərlərin, evsiz-eşiksiz qalmış sərgərdan adamların yanından keçdikcə, Kərim qəlbində müharibəyə lənət oxuyur, kütləvi qırğın silahlarının bəşəriyyətə vurduğu sağalmaz yaraları öz gözləri ilə görürdü.

Onlar Konştayn dağının ətəyində yerləşən Mittelverk gizli yeraltı zavoduna gecə çatdılar. Bu strateji obyekt Sovet və müttəfiq qoşunlarının xüsusi əsgər bölmələri tərəfindən möhkəm mühafizə olunurdu. Yer səthindən bir neçə yüz metr dərinlikdə tikilmiş iri zavod Kərimi, sözün əsl mənasında heyran qoydu. Ən müasir mühəndis-texniki qurğular, alman dəqiqliyi və səliqəsi hər yerdə özünü büruzə verirdi. Amerikalılar 100-dən çox raketin hissələrini qablaşdırıb aparmağa macal tapmışdılar.  Sovetlərin payına isə çox az miqdarda raket qalıqları düşmüşdü. Kərim qablaşdırma işinə şəxsən nəzarət edirdi. Raket qalıqlarını bir-bir diqqətlə nəzərdən keçirirdi və heç kimə bildirməsə də, ürəyində bu istedadlı alman kostruktoru ilə görüşmək arzusu baş qaldırmışdı. 

...Verner Maqnus Maksimilian Frayher fon Braun - FAU-2-nin “atasının” əsl adı belə idi. O, 13 yaşında Berlin parklarının birində oyuncağa bənzər raket modeli ilə ilk sınağını həyata keçirmiş, 1929-cu ildən isə “Kosmosa uçuş” cəmiyyətində maye ilə işləyən mühərriklər üzərində çalışmağa başlamışdı. 1934-cü ildə Berlindəki  Fridrix-Vilhem Universitetində “Mayeli raketlərdə konstruktiv, nəzəri və eksperimental tədqiqatlar” mövzusunda elmi işi müdafiə edərək doktor dərəcəsi almışdı (bu elmi iş yalnız 1960-cı ildə tam məxfi sənədlər siyahısından çıxarılıb və çap olunub).

Verner, FAU-2 raketi üzərində işləyərkən Amerikalı fizik və raket mütəxəssisi Robert Hoddardın müxtəlif jurnallarda dərc olunmuş sxemlərindən bəhrələnərək onları təkmilləşdirmiş və bura hələ də öz aktuallığını qoruyan mühüm elementlər əlavə etmişdi. Vaffen-SS zabiti olan Verner həm də Almaniya raket tədqiqatı mərkəzinin texniki rəhbəri idi. O, 1944-cü ildə həmkarlarına müharibənin gedişindən narazılığını bildirdiyi üçün Hitlerin qəzəbinə gəlmişdi. Mühəndis həbs olunmuş, lakin reyxsministr Albert Şneyerin xahişi ilə azadlığa buraxılmışdı.

Verner fon Braun 1945-ci il, mayın 2-də köməkçiləri ilə birlikdə müttəfiqlərin qoşununa - amerikalılara təslim oldu. İyunun 20-də isə ABŞ Dövlət katibi bu adamların Amerikaya mühacir kimi gəlməsinə icazə verdi...

Stalinin göndərdiyi qrupu daha çox Braunun çertyojları maraqlandırırdı. Alman hərbi əsirlərinin bildirdiyinə görə, yeni raket növünə aid sənədlər SS generalı Hans Kammlerin əmrinə əsasən Qarts dağındakı kömür şaxtasında gizlədilmişdi. Lakin şaxtaya gələrkən məlum oldu ki, Amerika hərbçiləri çertyojları götürdükdən sonra şaxtanı partladıblar.

Sovet mühəndisləri raket zavodunun yaxınlığında yerləşən Dora-Mittelbau əsir düşərgəsinə də baş çəkdilər. Nürenberq məhkəməsi üçün istintaq materiallarını araşdıran Sovet hərbi prokurorluğunun  müstəntiqlərindən öyrəndilər ki, faşistlər 30 mindən çox əsiri raket zavodunda dözülməz şəraitdə qul kimi işlədib, sonra da vəhşicəsinə güllələyiblər. Verner fon Braunun da bu kütləvi qırğınlarda yaxından iştirakı sübuta yetirilib.

Lakin nasist konstruktor ədalət məhkəməsindən canını qurtara bildi. O, NASA-nın Kosmik Uçuşlar Mərkəzinin direktoru oldu, “Apollon” orbital stansiyasını yaratdı və Amerika kosmonavtikasının atası kimi tarixə düşdü. Fon Braun 1977-ci ildə, 65 yaşında vəfat etdi.

...FAU-2 qalıqları yüklənmiş xüsusi qatar Moskvaya doğru istiqamət götürmüşdü. Kərim Vətən üçün, əzizləri üçün bərk darıxmışdı. Qarşıda onu nəhəng işlər gözləyirdi.

Gənc raket konstruktoru Kərim Kərimov bu işlərin öhdəsindən layiqincə gəldi. O, yeni kosmik raket sistemlərinin yaradılması sahəsində çalışdı, pilotlu uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri təyin olundu, planetin ilk kosmonavtı Y.Qaqarinin kosmosa uçuşunu hazırlayıb həyata keçirdi, neçə-neçə alim və konstruktor yetişdirdi, “Soyuz-Apollon” Sovet-Amerika birgə kosmik gəmisinin yaradılması işinə rəhbərlik etdi, “Mir” çoxmodullu orbital stansiyasına həyat vəsiqəsi verdi, ölkənin ən ali və fəxri mükafatlarına layiq görüldü.

...Ömrünün böyük bir hissəsini “tam məxfi” qrifi altında yaşamağa məcbur olmuş məşhur həmyerlimiz, general Kərim Kərimov 2003-cü il, martın 29-da vəfat etdi.

Fərhad SABİROĞLU