Elektron ədəbiyyat və sənət portalı

Əsgər ataları

Bölmə: «Aydın Yol»çular 13.05.2016

...Yadınızdadırsa, filmdə Georgi Maxaraşvili dizini yerə qoyub əzilmiş üzüm salxımını ovcuna alır, əzizləyir, oxşayır, sonra da tankçıya deyir:

- Sən bu torpağı becərmisən? Sən bu torpağa nəsə əkmisən? Sən ona qulluq göstərmisən? Bəs indi nə haqla bu üzümlüyü ayaqlar altına salıb məhv eləyirsən?

Əslində, əsgər atasının bəşəriyyətə verdiyi bu mesaj hələ bundan sonra da neçə-neçə nəslə örnək olacaq: Vətən, torpaq ana kimi müqəddəsdir, onun hər qarışını ən ülvi məhəbbətlə sevməli, çiçəklənməsi üçün zəhmət çəkib tər tökməli, lazım gələndə də uğrunda canından keçməlisən.

Ermənistandan Azərbaycana növbəti hədələyəci mesaj gəlib: “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər”. Həyasızlığa bir bax! Amma qərar verməyə cəsarətləri çatmayıb. İrəvan parlamenti bu məsələni müzakirəyə çıxarmaqdan imtina edib. Yaxşı bilirlər ki, rəsmi Bakı Dağlıq Qarabağın “müstəqilliyini” tanıyan İrəvanla danışıqlar aparmayacaq. Bu isə müharibəyə aparan yol deməkdir.

Başqa səbəb də var: İrəvan, Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa, Ermənistan beynəlxalq aləmin, o cümlədən Rusiyanın dəstəyini itirəcək, əksinə, böyük dövlətlər İrəvanın bu siyasətini tənqid edəcəklər. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verəcəklər ki, bu da Ermənistanın mövqeyinin zəifləməsinə yol açacaq... Nə isə, bədbəxtlər çaşıb qalıblar.

Bu xəbəri oxuyanda, nədənsə, “Əsgər atası” filmindəki həmin epizodu xatırladım. Üzümü ermənilərə tutub  demək istəyirəm: bəllidir ki, vaxtilə kimlərinsə əmrinə əsasən, özü də bizim iradəmizin əksinə olaraq, sizi Dağlıq Qarabağda yerləşdiriblər. Torpaqdan pay olmaz, desələr də, biz alicənablıq və insanpərvərlik göstərib qapıları üzünüzə açdıq. Bəs siz? Bu hədsiz yaxşılığa yamanlıqla cavab verdiniz. Uzun illər boyu öz torpağımızda bizimlə müharibə aparıb, silahsız, günahsız azərbaycanlıları qılıncdan keçirdiniz, xalqımıza qarşı dünyanı dəhşətə gətirən soyqırımlar törətdiniz. Hansını deyim? Çünki ermənisiniz və xəmiriniz xainliklə yoğrulub!

“Əsgər atası” filmindəki Maxaraşvili kimi, mən də qəzəbimi boğa bilmirəm, ürəyim doludur. Sizə - ermənilərə ərməğan olunmuş torpağı sevə bilmədiniz. Onu əkib-becərmək, nazını çəkmək, öpüb göz üstə qoymaq əvəzinə qanla suladınız, xarabalıqlara çevirdiniz, viran qoydunuz. Nə haqla? Kim sizə bu ixtiyarı verib. Bilin və agah olun: bu torpağın sahibi var və məhşər ayağına çəkiləcəyiniz gün yaxındadır.

...Oğlum Fuad, Milli Ordunun zabitidir. Qədərini özü seçib, ailəmiz də onun bu seçiminə daim dəstək olub. Bilirəm ki, övladım hərbçi olmağı ilə fərəh duyur. Amma onun son günlər keçirdiyi həyəcanı, daxili iztirabları duyuram. Cəbhəyə can atır, şəhid olmuş dostlarının qisasını almaq istəyir. Arzuları böyükdür, amma hələ ailə qurmayıb. Bu mövzudan danışanda söhbəti yayındırır.

- Ata, qoy bu şərəfsizlərin dərsini verək, uşaqların qanı yerdə qalmasın, sonra baxarıq.

Oğluma ürək-dirək verirəm, deyirəm ki, hər şey yaxşı olacaq, ermənidə ürək nə gəzir ki, sizin kimi igidlərin qarşısında tab gətirsin...

Fuadın dünən axşam dilə gətirdiyi bir istək isə ürəyimi lap dağa döndərdi:

- Dostlarımla belə qərara gəlmişik ki,  döyüşlərdən sonra Qarabağ torpağında hərəyə bir ağac əkək, şəhid qardaşlarımızın ruhunu əbədiləşdirək...

Arzun çin olsun, oğlum. Ona deməmişəm, amma oğlum döyüşməyə gedəndən sonra mən də cəbhəyə yollanacam. Əsgər atası Georgi Maxaraşvilidən heç də əskik kişinin oğlu deyiləm. Bilirəm, yaşıma görə məni döyüşə buraxmazlar. Amma oğlumun əkəcəyi ağacları göz bəbəyim kimi qorumağa söz verirəm!