Elektron ədəbiyyat və sənət portalı

Dilimizin orfoqrafiya lüğəti və özü

Bölmə: Ədəbiyyat 01.09.2015

Yaxşı olardı ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bu haqda müvafiq qeyd verilsin. Eyni zamanda elm adlarının, tədqiqat sahələrinin yazılış formasına münasibət bildirilməlidir. Məsələn, Dədə Qorqud, Xətai, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Sabir və s. kimi onlarla onomastik vahidlər, xüsusi isim və mürəkkəb adlar böyük hərflə yazıldığı halda, qorqudşünaslıq, xətaişünaslıq, mirzəşəfişünaslıq, məmmədquluzadəşünaslıq, sabirşünaslıq və s. kimi leksik vahidlər kiçik hərflə yazılır və lüğətdə də belə verilib. Yaxud da, Azərbaycan sözü xüsusi isim, toponim kimi böyük yazıldığı halda, “antiazərbaycan” (səh.45) sözü kiçik yazılır. Buna görə də lüğətdə hərflərin yazılışına dair verilmiş fikirlərə həm kəmiyyət, həm də keyfiyyət baxımından müəyyən düzəlişlərin edilməsi vacibdir. Ümumiyyətlə, lüğətimizin VI nəşrində bir sıra fikir, qayda və sözlər var ki, onlara yenidən baxılmalıdır. Həmin məsələlərin lüğətin gələcək VII nəşrində düzəldilməsinə kömək məqsədilə və onların həlli istiqamətində biz də öz fikir və təkliflərimizi təqdim edirik. (Bir hissəsini artıq qeyd etmişik.)

Bir qrup sözlər də var ki, lüğətdə onların gah bitişik, gah da defislə yazılan formalarına rast gəlinir. Bu münasibətlə müvafiq izah və qayda verilsə, daha yaxşı olar. Məsələn: “dayı-bala, dayıbala” (səh.160), “cızbız, cız-bız”(səh.119) və s.

Defislə yazılan sözlər yenidən nəzərdən keçirilsə, müvafiq qaydalar təkmilləşdirilsə, defisin tire ilə sərhədləri konkret müəyyənləşdirilsə bu, lüğətimiz üçün, dilimiz üçün daha faydalı olar. Bununla əlaqədar lüğətdə diqqətçəkən bir məqam ondan ibarətdir ki, bəzi sözlərin yazılışı izafət birləşmələri ilə qarışdırılır. Məsələn, “xətti-hərəkət, tərcümeyi-hal, nöqteyi-nəzər, zərbi-məsəl” və s. kimi izafət birləşmələrində defisdən istifadə, başadüşülən və qəbulolunandır. Lakin “simu-zər, nəşvü-nüma” və s. sözlərdə isə hesab edirik ki, defisə ehtiyac yoxdur. Tarixi qrammatikamıza nəzər saldıqda məlum olur ki, hazırda birləşdirmə bağlayıcısı mövqeyində çıxış edən “və” bağlayıcısı tarixən “i,ü,u,vi,vü, və” şəklində işlənmiş, “vav” hərfi ilə ifadə olunmuş, birləşdirici funksiyasına malik olmuşdur. Bu bağlayıcı haqqında Ə.Dəmirçizadə, H.Mirzəzadə, M.Hüseynzadə, Q.Kazımov, Ə.Tanrıverdi kimi dilçi alimlərimiz qiymətli elmi fikirlər söyləmiş, tədqiqatlar aparmışlar. “Və” bağlayıcısının göstərilən şəkillərinə “Kitabi-Dədə Qorqud” dastanlarında, “Dastani-Əhməd Hərami” poemasında, Xətai, M.Füzuli, M.Ə.Sabirin dilində çoxlu sayda təsadüf olunur.

Ümumiyyətlə, təklif edirik ki, durğu işarələri də orfoqrafiya lüğətində müvafiq bir başlıq altında verilsin. Düzdür, bu, bilavasitə lüğətlə əlaqədar deyil. Ancaq verilsə, daha yaxşı olar. Çünki punktuasiya, əsasən ali məktəb kitablarında, dərsliklərində verildiyi üçün, filologiya fakültəsinin tələbə və müəllimləri daha geniş məlumatlı olur. Bu baxımdan orfoqrafiya lüğətində durğu işarələri də yer alsa, onlar arasındakı konkret sərhədlər müəyyənləşdirilsə, işlənmə məqamları göstərilsə, bu, onun dəyər və sanbalını daha da artırar. Nəticə etibarilə durğu işarələri də yazı mədəniyyətimizin, yazılı nitqimizin inkişafını tənzimləyir. Orfoqrafiya lüğətinin VI nəşrində diqqətimizi çəkən məqamlardan birini də ərəb-fars mənşəli -ba,-la,-bi ön şəkilçili sözlər təşkil edir. Düzdür, bu sözlər kiçik bir istisnanı çıxmaq şərti ilə lüğətdə düzgün yazılıb. Qeyd etdiyimiz istisna da “bihiss” sözü ilə bağlıdır. Belə ki, VI nəşrdə göstərilən söz “bihis” , “bihislik” (səh.88) formasında yazılıb. “Hiss” sözünün yazılışı digər “xətt”, “sirr”, “haqq” və s. kimi sözlərdən müəyyən dərəcədə fərqlənir. Alınma mənşəli təkhecalı və sonu qoşa samitlə bitən sözlərə samitlə başlanan şəkilçi artırıldıqda eliziya hadisəsi baş verir: xətkeş, sirdaş, haqda və s. Lakin “hiss” sözündə bu qayda özünü doğrultmur.

Daha dəqiq desək, “hiss” sözünə “s” samiti ilə başlayan şəkilçilər istisna olmaqla, samitlə başlayan şəkilçi gəldikdə səs düşümü olmur. Ona görə “s” ilə başlayan şəkilçi deyirik ki, söz ortasında üç samitin yanaşı gəlməsi göstərilən məqamda olmaz. Məsələn, “hisssiz” şəklində işlətmək mümkün deyil. “Hiss” sözündə səs düşümünün reallaşmamasının səbəbi yarana biləcək semantika ilə əlaqədardır. Çünki dilimizdə “his” sözü də var (çırağın hisi). Bu söz lüğətin 2004-cü ildəki nəşrində daha düzgün işlənmişdir: bihiss (səh.88).

Ərəb-fars mənşəli -ba,-la,-bina önşəkilçili sözlərin yazılışı deyilənlər nəzərə alınmaqla düzgün olsa da, həmin qrupa mənsub sözlərin kəmiyyətində artım müşahidə olunur. Həmin sözlərin bir qismi bu gün dilimizdə işlənmir, öz aktuallığını itirib. Bu tip sözlər orfoqrafiya lüğətinin 1975-ci ildəki III nəşrində kəmiyyət etibarilə daha çoxdur. Hərçənd ötən 40 ildə dilimiz daha da inkişaf etmiş, milliləşmiş, sabitləşmiş, saflaşmış və təkmilləşmişdir. Dildəki yersiz, lazımsız alınmalara qarşı mübarizə aparılır, müxtəlif komissiya və qurumlar fəaliyyət göstərir. Lüğətdə göstərilən sözlərin böyük əksəriyyətini müvafiq qarşılığı ilə əvəz etmək mümkündür. Lakin burda da müəyyən istisnaları nəzərə almaq zəruri şərtdir. Əks-təqdirdə söz ya asemantik olur, ya da semantik fərq əmələ gəlir. Məsələn, “laqeyd, nakişi” sözlərini müvafiq olaraq “qeydsiz və kişisiz” kimi işlətsək fərqli məna ifadə edər. “Nakişi” də, “kişisiz” də müstəqil mənaya malik leksik vahidlərdir.

Təklif edirik ki, (istisnaları nəzərə almaq şərtilə) lüğətimizin VII nəşrində ərəb-fars mənşəli ön şəkilçili sözlər imkan daxilində onların dilimizdəki müvafiq qarşılıqları ilə əvəz olunsun. Çünki “biizn, biizzət, biiman, bixət(!!!), bihal, biqəm, biqanun, bibəhrə, bitəcrübə, bizarafat, bisəda, bisükun, bisübut, binur, binurluq, bimiqdar, bimiqdarlıq, binəhayət, bimümkün, biminnət və s. kimi sözlər bu gün dilimiz, nitqimiz üçün inşaat materialı rolunu oynaya bilmir. Bu və bu qrupa daxil olan sözlər 70-ci illərdə (eləcə də III nəşrdə) nə qədər işlək, aktual idisə, bu gün bir o qədər aktual və ümumişlək deyil.

Elə sözlər var ki, dilimizdə işlənməsinin ən azı min yaşı var. Məsələn, “növbət” sözünə nəzər salaq. “Növbət” sözü müasir Azərbaycan ədəbi dilində də işlənir. Lakin Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapmayıb. Bu sözün varlığını dilimizin fəal lüğət fonduna daxil olan, ümumişlək olan növbəti, növbətçi, növbətçilik kimi sözlər də təsdiq edir -t ünsürü olmadan qeyd olunan sözlərin yaranması, əsasən mümkün deyil. Növbət sözünün əsası həmin sözün kökü ilə semantik cəhətdən eyniyyət təşkil edir, biri digərinin sinonimi kimi çıxış edə bilir. Ancaq bu oxşarlıq dilimizdə növbət sözünün olmaması, yaxud da bu sözdən imtina olunması üçün əsas deyil.

Yaxud da “sağaxay” sözünə nəzər salaq: Dilimizdə “solaxay” kimi “sağaxay” sözü də işlənir. Lakin nisbətən məhdud dairədə. Bu söz insan fiziologiyasından, xüsusən də genetika bölməsindən bəhs edən kitab və dərsliklərdə tez-tez işlənir.

Bir təklifimiz də “bağça” sözünün yazılışı ilə əlaqədardır. Düzdür lüğətdə “bağça” sözü verilib, yazılışı da tamamilə düzgündür. Hesab edirik ki, “uşaq bağçası” ismi birləşməsinin II tərəfi “baxça” kimi yazılmalıdır. “Baxça” sözü məktəb dərsliklərində, dilçilik ədəbiyyatlarında, lüğətlərdə “bağça” formasında göstərilib. Bizə görə, bu fikirlə razılaşmaq düzgün deyil. Düzdür, “bostan, güllük, çiçəklik” sözlərinin sinonimi olan “bağ” sözündən kiçiltmə mənalı “bağça” ismi düzəlir. Lakin “baxça” sözünün kökü “bax”(maq) feilidir. Bu və ya digər bir valideyn öz övladını baxçaya baxılmaq üçün, təlim-tərbiyə almaq üçün, yaşına uyğun intellekt sahibi olmaq üçün göndərir.

Çox güman ki, dilimizdə bağça sözünün işlənməsi rus dilindən səhv kalka edilməsi ilə bağlıdır. Zənnimizcə, bu sözün yazılışı fonetik prinsip əsasında müəyyən olunmalıdır. Dilimizdə yazılışı fonetik prinsipə əsaslanan yüzlərlə söz var. Ona görə də sözü “baxça” şəklində yazmaq daha düzgün və məntiqəuyğundur.

Lüğətdə “İskəndər” sözünün yazılışı da diqqəti cəlb edir. Belə ki, “İsgəndər” kimi verilən bu onomastik vahid -birkomponentli antroponim, əslində “İskəndər” kimi yazılmalıdır.

Bir qrup sözlər vardır ki, onların milli və alınma mənşəli olmasından asılı olmayaraq dilimizdə işlənməsinə heç bir ehtiyac yoxdur. Belə sözlər ya süni təsir bağışlayır, ya da dilimizdə müvafiq qarşılıqları mövcuddur. Məsələn: “killer, qolkiper, forvard, taym, matç, matçqabağı, matçkeçirən, taymaut, laylalama, laylalamaq, laylalanma, laylalatma, laylalatmaq, doq, sinema, primitivcəsinə, elçiləmək, elçiləmə, qonaqçı, kərəntiçi, bitikçi, gözçü, kollektivist, kollektivizm, özümçülük, özümləşmək, özümlülük, qoşaşmaq, bəkçi, bəkçilik, bəkləmə, bəkləmək, bəklənmə, bəklənmək, bəklətmə, bəklətmək, ayar, ayarlamaq, ayarlama, print, uyar, uyarlaşmaq, uyarlamaq, uyarlı, uyarlılıqla, uyarsızlıq, uyarsız” və s.

Orfoqrafiya lüğətinin 1975-ci il nəşrində (səh.36) belə bir qayda göstərilir ki, vüs`ət, kən`an tipli sözləri apostrofla hecalara bölüb keçirmək olar və mümkündür. Məsələn: vüs`ət-vüs-ət, kən`an-kən-an, məs`ud-məs-ud, məs`ul-məs-ul, hey`ət-hey-ət və s.

Hazırda əlifbamızda apostof işarəsi yoxdur. Lüğətdə də yuxarıdakı sözlər haqqında müvafiq qayda yoxdur. İndi həmin sözlərin taleyi necə olur? Bu qaydada hansı dəyişiklik və düzəliş nəzərdə tutulub? Bu tip sözləri necə hecalara bölmək lazımdır? Arzu edirik ki, VII nəşrdə bu məsələyə də münasibət bildirilsin. Ümumiyyətlə, sətirdən-sətrə keçirilmə, hecalara bölünmə haqqında qaydalar sistemi daha da təkmilləşdirilərək zənginləşdirilsin və çoxaldılsın.

Lüğətdə “o-laşma, o-laşan, o-laşanlı, o-laşma, o-laşmaq, j-laşdırma, j-laşdırmaq” kimi sözlər də verilib. Bu qrupa mənsub olan sözlər müasir dilimizdə məhdud səviyyədə olub, əsasən fonetik hadisələrlə əlaqədardır. Lüğətin quruluşunu əks etdirən bölmədə bu sözlərin yazılışı haqqında, yaxud da niyə defislə yazılması haqqında müvafiq qeyd verilməyib. Göstərilən sözlərin kökü hərfdən ibarət olmasına baxmayaraq, bir söz həcmindədir. Lakin bu sözlər “kitab, ata, ana, vətən, şəhid” və s. kimi leksik vahidlərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Ona görə də, bu kimi sözlərin dildə azlığını nəzərə alıb, onların yazılışına dair müəyyən bir qayda lüğətdə öz əksini tapmalıdır. Təklif edərdik ki, “o-laşma, o-laşan, o-laşanlı, o-laşmaq, j-laşdırma, j-laşdırmaq” sözlərinin yazılışında defisin əvəzinə dırnaq işarəsindən istifadə olunsun. Məsələn: “o”laşmaq, “j”laşmaq, “o”laşan və s.

Orfoqrafiya lüğətində görmək istədiyimiz, arzu etdiyimiz qaydalardan biri də müxtəlif kitab və onların müəlliflərinin adları ilə bağlıdır. Bu baxımdan göstərilən söz və birləşmələrin, leksik vahidlərin, antroponimlərin yazılışında bir sərbəstlik müşahidə olunur. Hərflərin hansı halda böyük, hansı halda kiçik yazılması əksər halda yanlış olur. Düzdür, bu, lüğətimizin deyil, istifadəçilərin günahıdır. Nümunəyə diqqət edək: (nümunələr şərtidir) NİZAMİ Gəncəvi, Nizami GƏNCƏVİ, Nizami Gəncəvi, NİZAMİ GƏNCƏVİ, MƏHƏMMƏD Füzuli, Məhəmməd FÜZULİ, Məhəmməd Füzuli, MƏHƏMMƏD FÜZULİ və s. Bu adların hansı düzgündür? Bunların göstərilən şəkildə yazılışı nəyə əsaslanır? Yaxud da kitab, jurnal və s. adları necə yazılmalıdır? Hərflərin hamısı böyük yazılmalıdırmı? Hansı məqamlarda hamısı böyük olmalıdır və s. Çox güman ki, gələcəkdə bu fikirlər saf-çürük ediləcək, dilimizin və dilçiliyimizin inkişafına faydalı olan, kömək edə biləcək məqamlara aydınılq gətirilməklə müvafiq düzəlişlər aparılacaq. Səsləndirdiyimiz fikirlərin içərisində elə fikirlər, elə sözlər, elə qaydalar vardır ki, düzü, onların özləri belə bizim üçün tam aydın deyil, müvafiq izahatlar verilmədiyi üçün qaranlıq olaraq qalır, çoxmənalılıq yaradır. Çatışmazlıqların olması normaldır. Çünki dil inkişaf edərək təkmilləşir. Müəyyən bir qayda, zaman keçdikdən sonra öz təsir qüvvəsini itirə bilər. Bu da təbiidir. Bu baxımdan çalışmalıyıq ki, dolğun, elmi nəticələrə əsaslanmaqla gələcək yeni nəşrdə daha mükəmməl əsər ortaya qoya bilək.

İlkin ƏSGƏR, Naxçıvan Dövlət Universitetinin magistrantı