Elektron ədəbiyyat və sənət portalı

Alfred Hiçkokun qorxu dünyası

Bölmə: Mədəniyyət 10.05.2016

Hiçkoku “bəxti gətirən” rejissor saymaq olar. Müasir dünya kinosunun tanınmış rejissorlarından olan Martin Skorseze onun haqqında belə deyib: “Bəzi rejissorların filmləri sırf tamaşaçı üçün nəzərdə tutulub, Hiçkok isə həm özü, həm də tamaşaçılar üçün filmlər çəkib”. Bu sözləri heç də hər rejissor haqqında demək olmaz. 

Hiçkok, əsasən, qorxu filmləri yaratmaqla böyük şöhrət qazanıb. Lakin bu qorxu heç də tamaşaçını həyəcan içində saxlamaq, vahimə yaratmaq məqsədi güdməyib. Onun filmlərindəki qorxu və cinayət səhnələrinin çox ciddi psixoloji kökləri var. Bunun səbəblərindən birini də iyirminci əsrdə Qərb ədəbiyyatı və incəsənətində əhəmiyyətli yer tutan,  əsası Ziqmund Freyd tərəfindən qoyulan psixoanalizmdə axtarmaq lazımdır. Hiçkokun iki filminin timsalında onun kino yaradıcılığının əsas xüsusiyyətlərinə diqqət çəkək. 

1940-ci ildə Hiçkok Amerikada ilk filmini – “Rebekka”nı çəkir. Böyük uğur qazanan film rejissora  “Oskar” qazandırır.  İmkanlı şəxs olan Mister Vinterin (aktyor Lourens Olivye) həyat yoldaşı müəmmalı şəkildə yoxa çıxır. Filmin ilk dəqiqələrindən başlayaraq, Vinter bizə şübhəli şəxs kimi təqdim edilir. Özünü dənizə atmaq istəyən Vinter dərin tərəddüd içərisində çırpınarkən, gələcək həyat yoldaşı Missis Vinter ( aktrisa Coanna Fonteyn) onu ölümdən qurtarır. Burada rejissor uğurlu dramaturji priyomdan istifadə edə bilib. Yəni hadisələr sondan əvvələ doğru cərəyan edir. Şöhrətpərəst bir qadın olan Missis Vinter, Maksim de Vinterin evinə gələrkən, film boyu onu təqib edən ev xidmətçisi missis Danverslə qarşılaşır. Ev xidmətçisi öz qeyri-adi davranışı ilə Missis Vinterə mənəvi iztirab verir. Ümumiyyətlə, film müəmmalar üzərində qurulub. Burada əsas qəhrəmanlar sanki keçmişdə etdikləri səhv əməllərin cəzasını çəkirlər.

Filmdə vacib epizodlardan biri də ziyafət səhnəsi ilə bağlıdır. Ev xidmətçisi Missis Vinteri məcbur edir ki,  mərhum xanım Rebekkanın ən sevdiyi paltarı geyinsin. Missis Vinterin bu geyimdə həyat yoldaşının qarşısına çıxması onu qəzəbləndirir. Hadisələr sona doğru getdikcə, həyəcan daha da artır. Dənizdə qəzanın baş verməsi nəticəsində Rebekkanın həlak olması xəbəri yayılır. Bu hadisədə Maksim de Vinter özünü günahkar hesab etsə də, son anda əzabdan yaxa qurtara bilir. Bu zaman Missis Vinter ərinin ona olan əsl münasibətini görür.

Filmdə Rebekka obrazının özü olmasa da, sanki onun ruhu bu obrazı canlandırır. Xüsusilə, ev xidmətçisi Danvers sanki onun qisasını bu evin sahiblərindən alır.

Sonda ev yanır, Danvers də həlak olur. Filmin sonunda yanan evin qarşısında ər-arvadın bir-birini qucaqlaması onların əzabdan qurtulmasını əks etdirir. Lakin mühüm sirlərin üstü yenə də açılmır.

Rejissorun digər maraqlı işi isə 1963-cü ildə çəkdiyi “Quşlar” filmidir. Hadisələr Los-Anceles yaxınlığındakı bir qəsəbədə cərəyan edir. Rejissor filmin mövzusunu bir qəzet materialından götürüb.

Gözəl və ərköyün qadın olan Melani Daniels (aktrisa Tippi Hedren) bir gün quş satılan mağazaya gəlir. O, burada vəkil Maykl Brennerlə (aktyor Rod Teylor) tanış olur. Vəkil balaca bacısı üçün məhəbbət quşu alır. Filmin dramaturyi xətti təbiət-insan qarşıdurması üzərində qurulub.

Burada biz insanlar arasındakı münasibətlərin əsl mahiyyətini tam mənası ilə duya bilmirik. Lakin sonradan məsələlər aydınlaşır. “Rebekka” filmindən fərqli olaraq, burada sirr açılmağa doğru gedir. Quşlardan biri ilk dəfə Melaniyə hücum edir, onun üz-gözünü yaralayır. Bununla biz Melaninin gələcək aqibətini sezməyə başlayırıq. Melaniyə Maykl kömək edir. Bu zaman onların aralarında baş tutan dialoq səhnəsi filmin anlaşılması üçün vacib epizodlardan biridir. Melaninin Maykl Brennerdən necə bir vəkil olduğunu soruşanda onun: -  “İnsanları çox zaman müdafiə edirəm” - deməsi, onun Melaniyə olan müsbət münasibətini göstərmiş olur.

Maykl Brennerin anası Lida Brenner (aktrisa Cesika Tendi) isə oğlunun bu sevgisinə qarşı çıxır. O, Melanini bəyənmir. Filmdə bu iki şəxs arasındakı münasibətlərin sonrakı inkişafı da diqqətəlayiqdir.

Melani bundan sonra Mayklla daha yaxından tanış olur. O, həyatından vacib bir məqamı - on bir yaşında olarkən anasının başqa bir kişi ilə münasibətdə olduğunu açıb ona deyir. Bundan sonra quşlar uşaqlara hücum edir. Biz artıq burada filmin ideyasını daha aydın sezə bilirik.

Quşlar film boyu qəddarlaşmağa doğru gedir. Növbəti hücum uşaqlar məktəbdən çıxarkən baş verir. Bu zaman uşaqların daha ciddi yaralar alması qəddarlığın artmasının göstəricisi hesab edilə bilər. Qeyd etdiyimiz kimi, Lida Brenner Melaniyə yaxşı münasibət bəsləmir. Lakin Melani bu hücumdan sonra halı pisləşən Lida Brennerə qulluq edir. Bu şüuraltı bir ismarıcdır. Deməli, Melani quşların hücumunun səbəbini anlayaraq, öz xudbin xarakterini dəyişməyə cəhd göstərir.

Filmdəki restoran səhnələri də diqqətçəkicidir. Belə ki, burada quşların insanlara hücum etməsinin səbəbləri araşdırılır. Hər kəs özünə uyğun cavabı verir. Yaşlı bir qadının – “Quşlar yaxşı heyvanlardı,  insanlara hücum etməzlər,” - fikrini deməsi, sanki insan-təbiət münasibətlərinə tutulmuş bir güzgü, həm də barışığa çağırış kimi səslənir.

Quşların hücumları artdıqca, narahatlıq daha da çoxalır. Maykl Brenner, nəhayət, evin pəncərələrinə taxta vurur. Lakin bundan qəzəblənən quşların müqaviməti daha da güclü olur.

Onların növbəti həmləsindən sonra Melani məhəbbət quşunu götürmək üçün otağa daxil olarkən, quşların güclü hücumuna məruz qalır. Nəticədə Melani ağır yaralanır. Bu dəfə Maykl və anası Lida ona kömək edir. Bu hücum, filmi sona doğru aparır. Artıq Lidanın da Melaniyə münasibəti normallaşır. Buna səbəb olan dramaturji vasitələrdən biri də məhəbbət quşudur. Təhlükənin artdığını duyan insanlar artıq evi tərk edirlər. Mayklın balaca bacısının evdən çıxarkən məhəbbət quşunu özü ilə götürməsi rejissorun məramını açıqlaylır. Deməli, insanlar xudbinlikdən xilas olub bir-birilərinə qarşı səmimi olarlarsa, heç bir vaxt hücumlara məruz qalmazlar.

Ceyhun MİRZƏLİ