Elektron ədəbiyyat və sənət portalı

Bu başqa məsələ

Bölmə: Ədəbiyyat 10.05.2016

Boris LASKİN
(Rusiya)

İçəridən redaktorun qısa cavabı eşidildi:

– Buyurun.

Mən otağa daxil oldum. Bazar ertəsi idi. O, başını qaldırıb sınayıcı nəzərlərlə mənə baxdı. Bununla da aramızda söhbət, daha doğrusu, söhbətlər silsiləsi başlandı.

Obeyktiv olmaq üçün aramızdakı söhbətləri, mümkün qədər, olduğu kimi danışmağa çalışacağam.

Bazar ertəsi

O: – Buyurun!

Mən (daxil olub): – Salam, yoldaş redaktor.

O: – Oturun. Hekayənizi oxudum.

Mən: – Hə, necədir?

O: – Məncə, məqsədinizə əsasən nail olmusunuz.

Mən: – Çox şadam.

O: – Sevinməyə tələsməyin. Sonra sevinərsiniz. Hələlik, bu parçanı, bax buranı «…Maşa gülümsünüb…» sözlərindən başlayaraq oxumağınızı xahiş edirəm.

Mən: – Məmnuniyyətlə…

«…Maşa gülümsünüb dedi:

– Seryoja, gəlsənə sahilboyu, qayanın lap qaşı ilə gəzək. Bu, qorxulu olsa da, maraqlıdır.

Sergey təəccübləndi:

– Bunun nəyi qorxuludur?

– Birdən ayağımız qaçar, suya yıxılarıq!..

Sergey dedi:

– Heç nə olmaz, birtəhər üzüb çıxarıq.

Maşa ona qısıldı. İndi bu zərif, gücsüz məxluq özünün arxasız olmadığını hiss etdi. Sergeylə bir yerdə olmaq onun üçün xoşbəxtlik idi. Sergeyin enli kürəyi, güclü və mərhəmətli əlləri Maşanı bütün bəlalardan qoruya bilərdi.

– Bilirsən, mən bu saat nə barədə düşünürəm? – deyə Sergey dilləndi.

– Nə barədə?

– Düşünürəm ki, bax, o ağ bulud topası necə də ağ ayıya oxşayır?!

Maşa heyrətlə əlini-əlinə vurdu:

– Elə mən də o barədə düşünürdüm desəm, inanmayacaqsan!..»

O: – Sağ olun, kifayətdir. Bu parçada nə hiss etdiniz?

Mən: – Nə mənada?

O: – Sizcə, cavan qəhrəmanlarınız mənasız, mətləbsiz, boş-boşuna danışmırlarmı?

Mən (bir az fikirləşdikdən sonra): – Bağışlayın, siz heç sevmisinizmi?

O: – Yəqin ki, olub.

Mən: – Heç ömrünüzdə sevdiyiniz qızla bu cür söhbətlər etmək arzusunda olmamısınız?

O: – Məsələ heç də elə deyil. Bax, əsərinizin bir yerində qəhrəmanlarınızın qabaqcıl adamlar olduğunu göstərirsiniz. Belə ki, Sergey çilingər-quraşdırıcı, Maşa isə tibb bacısıdır. Axı bu cür adamların daxili aləmləri zəngin, dünyagörüşləri geniş, tələbatları yüksək, fikirləri dərin olur. Hörmətli müəllif, gəlin onları mənən daha da zənginləşdirək. İşləyin. Mən sizi yaradıcılıqda cəsarətli olmağa çağırıram. Məni anladınızmı?

Mən: – Anladım. Çərşənbə gününə kimi hazırlayaram.

Çərşənbə

Mən (daxil olub): – Salam! Mən hazıram. Həmin yeri oxuya bilərəm…

O: – Sizə diqqətlə qulaq asıram.

Mən: – «…Maşa gülümsünüb dedi:

– Seryoja, mən bu gün öz işim haqqında fikirləşirdim. Əgər həqiqəti etiraf etmiş olsaq, çəkinmədən demək lazımdır ki, stomatologiya bizim zəmanədə gərəksiz elm deyil: təbabətin bu sahəsi ağızboşluğu orqanlarının, çənə və ona bitişik olan sahələrin xəstəliklərini öyrənir. Susursan… Susmaq razılıq əlamətidir. İndi gəl sahilboyu gəzək.

Sergey dedi:

– Keçən gecə Talmanı yuxuda gördüm…

– Hansı Talma, Fransua Jozef? – deyə Maşa soruşdu.

– Özüdür ki, var.

– Seryoja, bir məsələ aydındır ki, o, kim nə deyir-desin, Fransanın məşhur faciə aktyoru olmuşdur. Özü də on səkkizinci əsrin sonu, Fransa burjua inqilabı dövründə geniş yayılmış klassisizm cərəyanının ən görkəmli nümayəndəsidir.

– Doğrudur. Ancaq sən demədin ki, onun formaca sadə sənətində ciddilik, emosiya və bir də ecazkar səsin qüdrəti vəhdətdə idi.

Maşa Sergeyə qısıldı.

– Bilirsən, mən bu saat nə barədə düşünürəm? – deyə Sergey sakitcə dilləndi.

– Nə barədə?

– Maşa, fikirləşirəm ki, temperament insan psixologiyasının xüsusi tərzidir. Öz tipinə görə onun fizioloji əsası ali sinir fəaliyyəti ilə bağlıdır. Bu hal oyanma və ləngimə prosesinin gedişində qüvvətli və ya zəif, müvazinətli və ya müvazinətsiz, çevik və ya süstlüyü ilə xarakterizə olunur.

– Hə? – Əslində, Maşa bu sözlərdə təəəccüblü bir şey görmədi. – Elə mən də o barədə düşünürdüm desəm, inanmayacaqsan!..»

O: – Necədir? Hiss edirsinizmi ki, qəhrəmanların xarakterləri nə qədər zənginləşib? İndi onlar ağıllı, düşünməyi bacaran adamlardır. İstər iş, istər istirahət saatlarında onların danışmaq üçün rəngarəng mövzuları var!

Mən: – Ümumiyyətlə, sadə peşə adamları bu tərzdə…

O: – Yaxşı yadıma saldınız, qəhrəmanların peşələrini dəyişdirib, onları intellektual aşiqlər kimi göstərmək necə olar?

Mən: – Cümə gününə kimi düzəldərəm.

Cümə

Mən (daxil olub): – Salam! Dəyişdim. Əlavələr də etmişəm. Həmin hissəni oxuyuram:

«…Maşa gülümsünüb dedi:

– Sergey Ksenofontoviç, siz böyük alimsiniz, bütün elmlərdən xəbərdarsınız. Mən sizdən xahiş edirəm, ətrafınıza bir nəzər salın, görün bu düzə səpələnən çiçəklər necə də gözəldir!..

Sergey Ksenofontoviç başını tərpətdi:

– Bəli… Amma bunlar bağayarpağı deyil, çobanyastığıdır. Başqa sözlə desək, rütubəti çatışmayan səhra və yarımsəhralarda yaşayış şəraitinə uyğunlaşmayan bitkilərdir.

Maşa Sergey Ksenofontoviçə qısıldı. Bu zərif, gücsüz məxluq özünü lap bilik dəryası sandı:

– Bilirsinizmi, mən bu saat nə barədə düşünürəm? – deyə Maşa soruşdu.

– Nə barədə?

– Düşünürəm ki, bu bulud layları su buxarlarının açıq səmada sıxlaşmasından alınan məhsuldan başqa bir şey deyildir. Onların səmanın aşağı qatlarında, yəni troposferdə əmələ gəlməsini bir daha xatırlatmağa kəskin ehtiyac hiss edirəm.

Sergey Ksenofontoviç heyrətlə əlini-əlinə vurdu:

– Elə mən də o barədə düşünürdüm desəm, inanmayacaqsan!..»

O (bir az fikirləşdikdən sonra): – Təbrik edirəm! Siz doğru yoldasınız. Ancaq təəssüf ki, yazınızda məhəbbət mövzusu – lirika ikinci plana sıxışdırılıb. (Fikirləşir). Bir dəqiqə… İndi bu parçada Sergey nəçidir?

Mən: – Elmlər Akademiyasının həqiqi üzvü.

O: – Deməli, akademikdir. Bəs Maşa nəçidir?

Mən: – Professordur, doktordur.

O: – Doktor çox yuxarı oldu, namizədə oxşayır.

Mən: – Olsun.

O: – Ağlıma əsrarəngiz bir fikir gəlib. Artıq biz bilirik ki, onlar geniş dünyagörüşə malik ciddi adamlardılar. Qoy qəhrəmanlarınız mənasız, mətləbsiz boş-boşuna danışsınlar. Bu, yersiz görünsə də, əsəriniz oxunaqlı olacaq. Hə, necədir?.. Yaxşımı fikirdir?...

Mən: – Gözəl fikirdir.

O: – Elə isə, şirinlik sizdə.

Mən (çıxarkən): – Qonorardan tutarsınız. Şənbə günü yanınızdayam.

Şənbə

Mən (daxil olub): – Salam! Dediklərinizin hamısına əməl olunub. Oxuyuram:

«…Maşa gülümsünüb dedi:

– Seryoja, akademik, gəlsənə sahilboyu, qayanın lap qaşı ilə gəzək. Bu, qorxulu olsa da, maraqlıdır.

Akademik çiyinlərini çəkdi:

– Burada qorxulu nə var?

– Bəs birdən suya yıxılsaq, necə olar?

– Heç nə olmaz, birtəhər üzüb çıxarıq.

Elmlər namizədi Akademiyanın həqiqi üzvünə qısıldı. Maşa özünü arxasız hiss etmirdi. Sergeyin şöhrəti onu bütün bəlalardan qoruya bilərdi.

– Bilirsən, mən bu saat nə barədə düşünürəm? – deyə akademik Sergey Ksenofontoviç sakitcə dilləndi.

– Nə barədə?

– Düşünürəm ki, bax, o ağ bulud topası necə də ağ ayıya oxşayır?!

Maşa heyrətlə əlini-əlinə vurdu:

– Elə mən də o barədə düşünürdüm desəm, inanmayacaqsan!..»

O: – Lap dahiyanədir! Siz başa düşürsünüzmü ki, əbəs yerə əziyyət çəkməmisiniz? Bax bu, başqa məsələ, indi əsərinizə söz ola bilməz!

Tərcümə edən: Qərib MEHDİ, Gəncə şəhəri