Elektron ədəbiyyat və sənət portalı

Can nənə, bir nağıl de!

Bölmə: Ədəbiyyat 09.05.2016

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə.  Gərdişin əli hər yerdən üzüləndə, dünya  qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə klassiklərimizin tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, sənətkarlarımızın əsərlərindən örnəklər verməyi planlaşdırmışıq. Azərbaycan ədəbiyyatının görkəmli ədiblərindən olan Əhməd Cəmilin şeirləri ilə missiyamızı davam etdiririk.

 

YADİGAR

 

Odur köhnə dəyirman iki yol ayrıcında,

Orada iydələrin altı kölgəli, sərin...

Bir qızın gül əlləri bir gəncin ovucunda,

Oğlan gülür, qız dalıb düşünür dərin-dərin.

 

Dikilir bir-birinə mehriban qara gözlər,

Qız oğlana bir daha diləyir uğurlu yol.

Ürəkdən dodaqlara axır bu sadə sözlər:

- Mehparacan, unutma!

                                - Kağız yaz!

                                                - Arxayın ol!

 

Onlar ilk dəfə dadır eşqin ayrılığını...

Ah, nələr pıçıldayır, o öpüşən dodaqlar!

Qız uzadır oğlana öz güllü yaylığını:

“Al, - deyir, - bu yaylığı, saxla məndən yadigar”.

 

Beləcə vidalaşır iki əziz sevgili,

Həzin-həzin hardasa çalınır uzaqda ney...

Gənc gedir süngüsüylə qorumağa bu eli,

Qız qalır intizarda, gözləri yol çəkir hey.

 

Keçir həftələr, aylar,

                                bir-birindən vəfasız.

Oğlan çapır atını yel kimi cəbhələrdə.

Boylanır yola sarı hər axşam, hər səhər qız...

Bir quş olmaq istəyir qız o dəqiqələrdə.

 

Uzaqlarda, dağların dalında çiskin, duman...

Düşmənin mərmiləri sovurur göyə qarı.

Çapır qızıl atlılar,

                                öndə o gənc qəhrəman,

Gurlayır ordumuzun uzaqvuran topları.

 

Dağ əzəmətli tanklar düşmənə hücum edir,

Qopur “Ura!” səsləri azad vətən namına.

Mənimsə qəhrəmanım, odur, qabaqda gedir.

Şığıyır tərlan kimi düşmən istehkamına!

 

Bəzən döyüşdən qabaq,

                                bəzən döyüşarası,

Qanadını gərəndə qorxunc sükut havada,

Görürsən, yada düşür sevgili Mehparası,

Açır güllü yaylığı, baxır hərdən davada.

 

 

CAN NƏNƏ, BİR NAĞIL DE!

 

- Ay nənə, bir nağıl da de!

                - Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

- Can nənə, de birini də.

                - Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör, heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə,  bax, eşikdə yel əsir...

- Qar yağırmı?

                - Elə yağır... sazaq qılınctək kəsir...

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

 

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur... amma yuxu getmir gözünə.

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?

- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...

- Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayır yastığı...

 

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!

- Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

- Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

- Ömrüm-günüm, körpə quzum, qurban olum adına,

Niyə köks ötürürsən o düşəndə yadına?

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.

Deyir oğlum darıxmasın, görüşərik bu bahar.

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram kəndə mən...

Heç darıxma, dərdin alım, atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Di yat, indi gecə keçir...

                                - Onda, nənə, ay nənə!

Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.

- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,

Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.

Mən eyvana xalı sallam, anan evi bəzəyər,

El qaydası süfrə açar, qohum-qonşumuz gələr.

Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,

Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən...

 

Körpə güldü... həsrət qonan gözlərindən uçdu qəm,

Öpdü onun xəyalını indi özgə bir aləm:

Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz...

Qucaqladı atasını, sonra kimsə çaldı saz...

Körpə özü hiss etmədən, onu yuxu apardı,

Çöldə isə bütün gecə külək tufan qopardı.

 

 

ADMİRAL

 

Yenə külək uğuldayır, çalxalanır ümman,

Sahil uzaq, sular dəli, göylər çən, duman...

Bizimdir o mayakları göz vuran liman,

Çək lövbəri, sür gəmini, dənizə yol al,

Keşik çəkək sərhədlərə, yoldaş admiral!

 

Gen qoynunda layla çalır bizə göy dəniz.

Su üzündə bir qayadır sanki gəmimiz,

Külək susur, tufan yatır hökm edəndə biz,

Toplarımız dinən zaman sular olur lal.

Biz hazırıq hər əmrinə, yoldaş admiral!

 

Bizim dərya könlümüzdə Vətən eşqi var!

Sür gəmini, qoy sahildən əl eləsin yar.

Ellərimiz yaşasın dinc, azad, bəxtiyar.

Sular mavi tül geyinsin, şəfəqlərsə al,

Öpsün açıq alnımızdan ellər, admiral!

 

Dənizlərə qan çiləsə şərəfsiz yağı,

Od püskürər hər bir qarış Vətən torpağı!

Qoy var olsun yurdumuzun qalib bayrağı,

O gətirdi bizim yurda səadət, cəlal;

O aparır zəfərlərə bizi, admiral!

 

 

TEZ OL, SEVGİLİM, TEZ OL!

 

Sən bir şəfqət bacısı, mən döyüşçü qəhrəman,

Artıq verdi bu gündən qəti hökmünü zaman,

Tez ol, sevgilim, tez ol!

                                Gəlib keçir saatlar,

Qapımızda kişnəyir yəhərli köhlən atlar.

Tez ol, götür çantanı, gərək biz yola düşək!

Tez ol, darvazaya çıx, gəl yubanma, görüşək...

Mən köhlən at belinə yatıb quş kimi uçum,

Sən də çap, dalımca gəl, başlanıb artıq hücum.

Tez ol, sevgilim, tez ol!

                                Düşmən aşıb həddini,

Quldur kimi keçib o, Vətənin sərhəddini.

Öz qanında boğulsun gərək o qanlı düşmən,

Yoxsa qoya bilmərəm qılıncımı qına mən!

Sevgilim! Dava günü məni həsrətlə anma,

Desələr ki, əsirəm, ölmüşəm, yox, inanma!

Səngərləri axtarıb, soruşma heç hardayam,

Bil ki döyüş zamanı ən ön sıralardayam!

Mən üfüqdən-üfüqə şığıyıb ildırımtək,

Düşmənlərin başına ölüm yağdıram gərək!

Sənsə odlardan keçib, harda yaralı görsən,

Şəfqətli əllərinlə yarasını tap hökmən,

Bağla mənim yaramtək, qoyma ki qan aparsın;

Qoyma ölüm bir nəfəri sıramızdan qoparsın!

Tez ol, sevglim, tez ol!

                                Gəl artıq vidalaşaq!

Yaylıq çıxarmaq nədir?! Sən ki deyilsən uşaq!

Zərər yoxdur, döyüşdə, bəlkə ayrı düşərik,

Qalibiyyət günü biz Berlində görüşərik!

 

24 iyun 1941