Elektron ədəbiyyat və sənət portalı

Müqəddəs sevgi

Bölmə: «Aydın Yol»çular 10.05.2016

Ermənistanda bir hərbçi var, o da hər gün yuxu görür, sayıqlayır, hətta deyilənə görə, yuxuda ağlayır da. Kişini nə röyada, nə də oyanandan sonra ovundura bilmirlər. Axı zarafat deyil, adam “Kommandos” (!) ləqəbi ilə tanınır, general-mayor rütbəsi var.

Yəqin, soruşacaqsınız ki, Arkadi Ter-Tadevosyanın yuxuda sayıqlamalarını harda eşitmisən? Nə deyib ki?

Açığı, bu hərbçini şəxsən tanımıram, amma onun barədə oxuduqlarım belə qənaətə gəlməyə imkan verir: dedikləri sayıqlamadan başqa bir şey deyil!

Nə isə... Arkaşa röyada nə görübsə, hövlnak yataqdan tullanıb, cumub “Sobesednik Armenii” nəşrinin redaksiyasına, başlayıb sərsəm-sərsəm danışmağa: “Azərbaycan Dağlıq Qarabağda döyüşlər ideyasından əl çəkməsə, növbəti addımımız Bakıya raket zərbələrinin endirilməsi olmalıdır. Daha doğrusu, Azərbaycanın neft mədənlərini, buruqlarını vurmalıyıq. Belədə Azərbaycanın 30 faizi məhv olacaq. Bu, özü bəsdir. Yerdə qalan ərazilərdə isə yeni respublikalar yaratmalıyıq. Dünya Birliyi bizə heç nə deyən deyil. BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycana preventiv, qabaqlayıcı zərbələr endirmək hüququmuz var”.

Ter-Tadevosyan sonra xəstə təxəyyülünün məhsulu olan təkliflə çıxış edib: “Azərbaycana qarşı nüvə silahından istifadə edə bilərik. Doğrudur, hətta müdafiə məqsədilə nüvə silahından yararlanmaq fikrinə düşən istənilən dövlət dərhal Dünya Birliyinin sanksiyaları ilə qarşılaşır. Nüvə texnologiyalarına yiyələnmək istəyən İranı xatırlayın. Amma bizim başqa silah istehsal etmək, hazırlamaq imkanlarımız var. Nüvə bombası olmasa da, çox təhlükəli bir silah. Nüvə bombasından min dəfələrlə az effektiv, amma adi silahlardan min dəfələrlə güclü. Azərbaycan bilməlidir ki, radioaktiv tullantılardan hazırlanmış “çirkli bomba” ilə onları vura bilərik. Bundan başqa, Azərbaycana qarşı xüsusi hazırlanmış, təlim keçmiş dəstə və qruplardan istifadə etməliyik”.

...Uşaqlığım Bakının dağlıq məhəlləsində, “Sovetski” adlanan ərazidə keçib. Elə atam da burda böyüyüb. Dalanımız “Hüseynbala açıqlığı” deyilən yerə yaxın idi (indi bu ərazilər sökülüb). Atam həmişə buradakı birmərtəbəli köhnə evlərə baxanda Böyük Vətən müharibəsi illərini xatırlayırdı. 1941-ci ildə Hitlerin qoşunları Mozdok ətrafına qədər gəlib çatmışdı. Faşist qırıcıları hər gün Bakı üzərində dövrə vururdu. Azərbaycanın qara qızılı hər gecə Hitlerin yuxusuna girirdi, ona görə də bomba atmırdılar, amma göydən fuqas yağırdı. Atam deyirdi ki, “hər evin damında su dolu çəllək saxlayırdılar. Biz də başqa məhəllənin uşaqları kimi damlarda gecədən səhərədək növbə çəkirdik, fuqas düşən kimi onu maşa ilə götürüb çəlləyin içinə basırdıq...”

Mərhum kino ustadı Həsən Seyidbəylinin lentə aldığı “Bizim Cəbiş müəllim” filmində də oxşar kadrlar var. Şübhəsiz, sənətkar bu hadisələrin canlı şahidi olduğu üçün həmin kadrları filmə daxil edib...

Düşünürəm, əgər o qanlı-qadalı illərdə Sovetskinin yarıac, yarıtox uşaqları Hitlerin fuqaslarından qorxmayıb, faşistlərə dərs veribsə, indi biz Arkaşanın qotur bombasından qorxub gizlənəcəyik? Əsla! Qondarma general-mayor bunu ancaq röyasında görə bilər (yaxınlarda bu röyanı da ona haram eləyəcəyik!).

Arkaşa, sən və quldur həmtayların, siz Azərbaycanın cəbhəyanı bölgələrində yaşayan dinc, silahsız əhalini xaincəsinə raket atəşinə tutursunuz, cavabınızı da alanda şivən qoparırsınız. Amma bilin, nəinki böyüklər, heç uşaqlarımız da sizin mərmilərdən qorxmur. Onların mərd duruşunu, qığılcım saçan qəzəbli gözlərini, dağ boyda ürəyini görmüsünüzmü? Bu igidlər düşmən qabağından qaçarmı? Onları nə ilə qorxuda bilərsiniz? Evlərini, məktəblərini dağıdıb yerlə-yeksan qoymusunuz, amma qələbə əzmini, Vətən sevgisini heç kim onların əlindən ala bilməz. Çünki bu sevgi onlara ana südü ilə keçib!