Elektron ədəbiyyat və sənət portalı

Bəstəkarlıq məktəbinin təşəkkülündə Üzeyir Hacıbəyli mərhələsi

Bölmə: Mədəniyyət 10.05.2016

zərTAc xəbər verir ki, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Üzeyir Hacıbəylinin ev-muzeyinin böyük elmi işçisi Sevinc Quliyeva, Nazim Kazımov, Lalə Hüseynova, Telman Quliyev çıxış ediblər.

Bildirilib ki, konfransın keçirilməsində məqsəd Üzeyir Hacıbəylinin publisist, jurnalist və pedaqoji fəaliyyətini bir daha tədqiq etmək, onun elmi əsərlərini araşdırmaq, çoxşaxəli irsini öyrənmək və gələcək nəsillərə çatdırmaqdır. Çıxış edənlər Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsinə dair tədqiqatlarından, Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoymasından, ümumiyyətlə, Vətən qarşısındakı xidmətlərindən danışıblar.

Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli zamanın nəbzini tutan böyük sənətkar olub.

O, yaradıcılığında xalqın milli ruhuna uyğun janrlar, müxtəlif bədii-estetik obrazlar tapa bilən dahi bəstəkar olub. Çox maraqlıdır ki, Ü.Hacıbəyli haqqında ilk tədqiqat işlərini Azərbaycanda musiqişünaslar deyil, tanınmış teatrşünaslar, tarixçilər, yazıçılar yazıb. Ü.Hacıbəyli ədib və dramaturq kimi də böyük istedad sahibi olub. Musiqili komediyalarının librettolarını özü yazıb, mətbuatda musiqi mədəniyyətinin ən aktual problemlərinə həsr olunmuş dərin məzmunlu, gözəl üslublu məqalələrlə çıxış edib.