Elektron ədəbiyyat və sənət portalı

“Reuters” erməni atəşləri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayıb

Bölmə: Beynəlxalq 10.05.2016

“Reuters” agentliyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, ermənilərin artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayıb. Məqalədə bildirilir ki, bir ay əvvəl cəbhə xəttində atəşin dayandırılması barədə razılıq əldə edilməsinə baxmayaraq, silah səsləri hələ də eşidilir və insanlar həlak olurlar.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verir, müharibə nəticəsində minlərlə insanın həlak olduğunu, yüz minlərlə insanın öz yurdundan didərgin düşdüyünü diqqətə çatdırır.

Ermənilərin artilleriya zərbələri nəticəsində baş verən dağıntılarla yerində tanış olan xarici jurnalistlərin tərkibində Azərbaycanın cəbhə xətti yaxınlığında yerləşən kəndlərində olan agentliyin müxbiri aprelin əvvəlində dörd gün davam edən toqquşmalarda onlarla insanın həlak olduğunu bildirir, yerli sakinlərin müsahibələrini təqdim edir. Sakinlər aprelin 5-də əldə olunmuş atəşkəs razılığının hər gün pozulduğunu qeyd edirlər.

Ağdamın təmas xəttindən cəmi 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində ingilis dili müəllimi işləyən Maral Abdullayeva ermənilərin açdıqları atəşlər nəticəsində çalışdığı məktəbin binasının dağıldığını, dərslərin yarımçıq qaldığını deyir. M.Abdullayeva danışa-danışa yaşadığı kiçik evin divarındakı güllə izlərini göstərir.

Müəllif vurğulayır ki, Cənubi Qafqazda daha bir qaynar nöqtədə qeyri-sabitliyi dərinləşdirməsindən ehtiyat edən Avropa ölkələri bu vəziyyətdən narahatdırlar.