Elektron ədəbiyyat və sənət portalı

Qələmin altında titrəyən ölüm

Bölmə: Ədəbiyyat 01.09.2015

Amma o kitab gecikdi. Sonra Arifin özü Haqqa qovuşdu. Yazı isə arxivimdə qaldı. Təxminən eyni yaşda dünyadan köçmüş iki bənzərsiz qələm adamından xatirə qalan bu yazının oxucularımız üçün maraqlı olacağına inanıram.

N.ƏBDÜLRƏHMANLI

***

On üç il əvvəl dünyasını dəyişdi. Aradan keçən illər İsa İsmayılzadə şəxsiyyətinin və poeziyasının subyektiv insan amilindən asılı olmayan sınağına çevrildi. Ədəbi prosesin gedişində – real dünyasında necə idisə, əbədiyyətdə – haqq dünyasında da elədir: sakit, təvazökar, ciddi, layiq olduqlarını eşitməkdən ümidini kəsdiyinə görə bir azca küskün… Sağlığında da nəğməkar şair deyildi, indi də. Sağlığında da şeirləri tribunadan deyilmirdi, indi də. Sən demə, indi görünən İsa İsmayılzadə elə o vaxtlar yaşayan İsa İsmayılzadə imiş. Olduğu kimi ömür sürürmüş, yazdığı kimi yaşayırmış. 13 ildə heç nə itirməyib, amma 57 ildə umduğunu ruhunun eşidəcəyinə ümid daha çoxdur.

50 illik yubileyində yazdığım məqalədən bir parçanı xatırladım.

Mənim ürəyimdə neçə İsa var,
özümdən savayı, məndən savayı.

İ.İsmayılzadə poeziyası da bu İsaların dərdinin, ağrısının, sevgisinin və sevincinin bədii salnaməsidi. Amma bu salnamədə dərdin payına düşən səhifələr daha çoxdu: fağır İsanın diribaşlıq dərdi, utancaq İsanın cəsarətlilik dərdi, cəsarətli İsanın sınmaq dərdi…

O İsalardan biri də Sözə münasibətini müəyyənləşdirilmiş oyun qaydaları üzərində qurmağa çalışmayan İsa idi. Böyük sələfi M.Füzuli kimi əmin idi ki, söz candır.

Bunu da bir kəsə açıb demirdi
Hər şeir –
ömrümü bir gün uzadır,
Amma…
ikicə gün alır ömürdən.

Yəqin ki, Tanrıdan sonra yalnız sözə sığına bilirdi. Sozlə karyera qurmurdu, şöhrət zirvəsində özünə yer müəyyənləşdirməyə səy göstərmirdi, norma ilə yazmırdı. Bununla da oyun qaydaları pozulurdu. Özü də bilirdi, görürdü, bəlkə də özünü qınayırdı da, amma içindəki bir İsa da şeirin hesabına yox, şeirlə yaşamağa vadar edirdi. Ətrafındakılarla mübarizə bir tərəfə, içindəki İsalarla mübarizədən yorulanda dərdini sözə deyirdi, ağrısını sözə tökürdü. Doğrudur, çörəyi sözdən çıxırdı, amma boyunu oxşamağa çalışdığı sözü də mümkün dərəcədə çörəyə qurban vermirdi.

Şeir İsa İsmayılzadə üçün həyatın hələ adiləşməmiş tərəflərinin ifadə vasitəsi idi. Onun şeirlərini oxuduqca, bəzən mənə elə gəlir ki, o, bir çoxları kimi, sadəcə olaraq, bu gün hökmən şeir yazmalıdır deyə, əsər yaratmayıb. Gündəlik ömründə bəzən susaraq hirsini içinə töküb, bəzən etiketlərə əməl etməklə, boğula-boğula qalıb, bəzən başqasını qızartmamaq üçün özünü görməzliyə, eşitməzliyə, bilməzliyə vurub, bəzən də normal insani kodeksə uyğun gəlməyən halları norma kimi təqdim etməyə çalışanların əvəzinə utanıb… Amma bütün hallarda bunları ən müxtəlif formalarda şeirlərində ifadə edib – bəzən əsəbi vəziyyətdə, bəzən ağrıya-ağrıya, bəzən də acı heyrətlə.

Əlim titrəyir –
Əlimin altında qələm titrəyir,
Qələmin altında ölüm titrəyir
Son beşik üstə,
son nəfəs üstə,
son həvəs üstə…

Özü ilə bacaran İsa İsmayılzadə əksər hallarda vaxtla bacarmırdı və vaxtla dil tapmağı bacarmayanda susmağa üstünlük verirdi. Zamanı bəhanə gətirərək mənəvi tənəzzülü zəmanə adamının səciyyəvi keyfiyyəti kimi qələmə verməklə yaşayanların əhatəsində də gücü çatanı görürdü, içində özü ilə danışırdı və bu danışıqlarını şeirdə əks etdirirdi. Çox vaxt sözü ünvansız qalırdı, anlaşılmırdı, bəzən isə eşidilirdi. İsanı eşidənlər də onun kimi ömür sürənlərdi. Onlar da şair kimi deyə bilərdilər:

Bu orqan mənimdi, dəniz mənimdi,
Çalanı da mənəm, eşidəni də.

Poeziyanı mükəmməl bilən və dərindən duyan bir sənətkar kimi, İsa İsmayılzadəyə o da əyan idi ki, bədii sözün missiyasını gerçəkləşdirmək gücü bizim ondan umduğumuzdan qat-qat zəifdi, bununla əlaqədar özümüzü inandırdıqlarımız deyilənlər qədər deyil. Qəflətən mənalı ömür yaşadığına əminlik illüziyasının dağılmasını başa düşmək, çalanın da, eşidənin də özün olduğunu dərk etmək – yaranışdan bu zamana kimi davam edən və fərqinə varılması bədbinlik doğura biləcək bu hal da onu ağrıdırdı.

Min illərdi cavabı tapılmayan suallarla əlləşən bir sıra sənətkarlar kimi, İsa İsmayılzadə də, yəqin ki, nə üçün yazdığı barədə düşünüb, bəlkə də qələmin işləməsinə haqq qazandıran yozum da tapa bilib. Amma şeirlərinin bir çoxu onun göynərtili bir həqiqətin güman və şübhə dolu burulğanında düşünüb-daşındığından xəbər verir: həyat olduğu şəkildə davam edir, naməlum bir zamanda Tanrı bəndəsinin yaratdığı dərdi-ağrını aradan qaldırmaq olmur, bütün bunlara poetik reaksiya olan bədii söz, köhnə dərd-ağrı ilə əlaqədar mahiyyəti baxımından təkrarlanan, ifadəsi baxımından fərqlənən yeni söz yarananda ya ədəbiyyat tarixinin faktına çevrilir, ya da tədricən unudulur. İsa İsmayılzadə «şeirin günahını yumaqdan ötrü…» qələmi, kağızı qəbrə qoymağı məqbul saydığı kimi, günaha batırmadan, yəni qələmi, kağızı qəbrə qoymadan yazmağı da Sizif əməyi hesab edirdi. Başqa sözlə, onun nəzərində istedadlı qələm sahibləri, həyatda da, insan xislətində də görünənlərdən daha çox, görünməyənləri işıqlandıran yaradıcı insanların hamısı Sizifdir. Bircə fərqlə: cəzanı verən də, çəkən də bəndədir.

Bunu dərk edən, həyatında yaşayan və şeirlərində müəyyən qədər əks etdirən İsa İsmayılzadə, eyni zamanda, yazıb-yaratmaqdan qalmırdı, düşünülmüş şəkildə Sizifləşirdi, Mirzə Cəlilin «Usta Zeynal» hekayəsinin eyniadlı qəhrəmanının dediyi kimi, «boynuna düşdüyünə» görə yazmırdı.

Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə,
(Eh, kimin nə vecinə).

Düşünməyi bacaran insan üçün həyatın obrazlı adlarından biri də dərddi. Bəla dərdi görüb göstərmək deyil, bəla dərdi gizlətməkdi. Sürünmək yox, yaşamaq hünəri də məhz dərdi bilə-bilə, görə-görə, göstərə-göstərə yaşamaqdı. Onun şeirlərində, bir tərəfdən, yaşanacaqların deyil, yaşanmışların ovqatı ifadəsini tapırsa, digər tərəfdən də gündəlik rəngsiz ömrü təzələyəcək halların, o cümlədən, özü demişkən, «təkcə adı qalacaq sevincin» həsrəti, nostalgiyası əks olunur. Yeknəsəqlikdən, maskalanmış insan süniliyindən bezən şair bəzən üzünü, danışanda məqsədi içindəkiləri gizlətmək olan insanlardan fərqli olaraq susmağı bacaran varlıqlara çevirirdi.

Gəlin gedək ulduzların ad gününə -
gecələr soyuqdan titrəyib sönən
tənha, yazıq ulduzların,
gözdən uzaq ulduzların -
ad gününə…

Ağrını axtarmağa ehtiyac yoxdu, onsuz da ağrı bəndənin yol yoldaşıdı. Sevinci isə, tapmaq nə qədər çətindirsə, uydurmaq və uydurduğuna inanaraq yaşamaq ondan da çətindir, əslində, mümkün də deyil. İsa İsmayılzadə dərddən də yazırdı, dərdsizlikdən, yalnız adı qalan sevincsizlikdən də.

Kağızlar ağarır…
gecə uzunu,
Alışıb-yanmağa həsrət qalmışam,
Bir qəfil duyğunun qışqırtısından,
hövlnak oyanmağa
həsrət qalmışam…

Sənət dünyasına qədəm qoyan əsl istedad sahibi ədəbi tənhalığa məhkumluğu könüllü şəkildə özünə tale seçir. Allahın insanların görməsini, duymasını, bilməsini məsləhət bilmədiyi məsələləri, mətləbləri sənətkar görməyə, duymağa, bilməyə başladığı məqamdan tənhalaşır. Fikri də, xəyalı da, özü də bir yerdə qərar tuta bilmir – şəhərdə kənd arzulayır, kənddə şəhər, gecələr gündüz arzulayır, gündüzlər gecə. İnsan, xüsusən, sənətkar gecələr tək qalır, gündüzlərin günahından gecələr təmizlənir, tövbə edir. Elə buna görə də, İ.İsmayılzadənin «Sən mənim andımsan, gecə!... Tənha gecə, şair gecə, Mənim şair qardaşım!» misraları qəribə görünmür.

İsa İsmayılzadə şairliyin Siziflik olduğunu dərk edə-edə, yazıb yaratmağını davam etdirirdi. Yox, özünü aldatmırdı, susmağa üstünlük verdiyi real dünyadan fərqli danışmağa üstünlük verdiyi fərqli bir mənəvi dünya yaradırdı. Yaratdığı mənəvi dünyada bəndə termos şüşəsi kimi çilik-çilik olub içinə tökülmür, bir zaman qanadlarının olduğunu etiraf edə bilir, sevinc oyuncağının olmamasının xiffətini dilinə gətirə, payızın fikrini bilmək üçün ağac, yarpaq, budaq olmaq lazım gəldiyini deyə bilir…

Onun bu dünyasının əsas cəhəti adiliyin qeyri-adiliyin astanasına çatdırılmasına, sadəliyin möcüzənin bir addımlığına yüksəldilməsinə, gündəlik yaşanan, artıq vərdişə çevrilən hisslərin, duyğuların vərdişçilikdən çıxarılmasına, sirli-sehrli yeni məcraya salınmasına inadkarcasına cəhddir. Şair söhbətə hisslərin, duyğuların alışdığımız, öyrəşdiyimiz məna ovqatlarının, çalarlarının tükənən məqamından, bəlli fikirlər qurtaran yerdən başlayır. Bu tipli şeirlərin mütaliəsi yeni ovqatla, hiss və duyğuların yeni qatı ilə tanışlığın əziyyətini, narahatlığını istər-istəməz qaçılmaz edir. Yaşanmış kövrək duyğuları, hələ yaşanmamış, hələ adiləşməmiş və vərdişə çevrilməmiş, dadı-tamı naməlum hissləri hərəkətə gətirmək – yaşamaq naminə xəbis xisləti bəndələrlə və ölümlə oynamaqdır. Belə oyunu oynamaq üçün Sizif cəzasını çəkməyə dəyər. Həyatının və yaradıcılığının məhz bu cəhətlərinə görə İsanın Əli Kərim haqqında dediyi misraları onun özünə də şamil etmək olar:

Ölümün öləcək, dəfn olunmağa
Çiynində gedəcək şeirlərinin…

Bir də ona görə ki, istedadlı söz ustasının qələminin altında həmişə ölüm titrəyir.

Arif ƏMRAHOĞLU