Elektron ədəbiyyat və sənət portalı

Ən təhlükəli ilan və...

Bölmə: Elm 02.05.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Gürzəni necə tanıyırıq?

 

Gürzə ilanın bir növüdür. O Yer kürəsində ən zəhərli ilanların daxil olduğu bir dəstəyə – viperalar (gürzəkimilər) ailəsinə aid edilir. Həmin qrupa Amerika zınqırovlu ilanı, mokassin adlanan suilanı, Cənubi Afrika buşmeysteri, adi Avropa gürzəsi, Qafqaz gürzəsi və buynuzlu Afrika gürzəsi də daxildir.

Məşhur Misir kraliçası Kleopatranı öldürən, çox güman ki, elə buynuzlu Afrika gürzəsi olub. Bütün gürzələrin qalın bədəni və yastı, üçkünc başı olur. Onların üst çənələrində yerləşən zəhərli dişləri əslində çox uzundur. Bu dişlərin içində ilanın gözlərinin arxasında yerləşən zəhər vəzilərinə birləşmiş kanallar var. İlan qurbanını sancanda, əvvəlcə, onu dişləyir, sonra heyvanın çeynəmə əzələləri yığılır və zəhər dişlər vasitəsiylə açıq yaraya püskürdülür.

Orta ölçülü ilan bir dəfəyə qurbanının bədəninə təxminən yarım çay qaşığı zəhər daxil edir! Belə ilanların zəhərli dişini çıxarmaq da faydasız bir işdir, çünki onların yerində az sonra təzə dişlər bitir! Gürzəkimilər iki ailəyə ayrılır: yalnız Avropada və Afrikanın bəzi nahiyələrində yaşayan əsl gürzələrə və bir çox cəhətlərindən onlara bənzəyən, Qərb yarımkürəsində və Asiyanın bəzi yerlərində yaşayan, xallı batıqbaş adlanan ilanlara.

Ən zəhərli gürzə Hindistanda yaşayır. Onun uzunluğu 1,5 metrə çatır. Azərbaycan, İran ərazisindəki gürzələr də elə Hindistan gürzəsinə bənzəyir. Qeyd etmək lazımdır ki, gürzə adama yalnız qorxanda və bir də ona ov etmək imkanı verməyəndə hücuma keçir. Ona görə də istənilən halda, onlardan uzaq durmaq məsləhətdir!

 

Ən təhlükəli ilan hansıdır?

 

Bu sualın cavabı ondan asılıdır ki, “təhlükəli” sözünün altında biz nəyi nəzərdə tuturuq - daha çox adam öldürənləri, yoxsa zəhəri ən güclü olanları? Bəziləri hesab edir ki, ən öldürücü zəhərə malik olan ilan kral kobrasıdır. Onlar öz fikirlərini belə əsaslandırırlar: onun zəhəri çox təhlükəlidir və bu ilan gözlənilmədən hücum edir. Elə hallar olub ki, kral kobrasının sancmasından insan bir saatdan da az müddətdə dünyasını dəyişib.

Bu sahədə kral kobrası ilə rəqabətə Avstraliyada yaşayan zolaqlı ilan girə bilər. Onun zəhəri ən güclü zəhərlərdəndir, amma xoşbəxtlikdən zolaqlı ilanın zəhəri miqdarca az olur. Daha bir “rekordçu” Hindistanda yaşayır. Onun adı kraytdır. Kraytın sancdığı adamların 77 faizi ölür.

Digər bir Hindistan kobrası – gözlüklü ilan, yəqin, yer üzündə bütün ilanlardan daha çox adam öldürüb. Amma əslində, onun sancdığı insanlara vaxtında tibbi yardım göstərilsəydi, cəmi 10 faizi ölərdi.

Yer kürəsinin ən iri ilanı heç də ən öldürücü deyil. Söhbət Cənubi Amerikada yaşayan anakondadan gedir. Bu ilanın uzunluğu doqquz metrə çata bilər. Lakin anakondalar çox kimsəsiz yerlərdə yaşadığından, mümkün ki, onların, tədqiqatçıların hələ rast gəlmədiyi daha iri nümayəndələri var.

 

İlanlar yumurta qoyurmu?

 

Bizim əksəriyyətimiz üçün ilanların hamısı eynidir – nahaq yerə demirik ki, ilanın ağına da lənət, qarasına da! Əslində hamımız eşitmişik ki, ilanlar bir-birinə bənzəmir. Amma onların arasındakı fərqin nə qədər böyük olduğunu təsəvvür edə bilmirik. Fərqlərin biri bundadır ki, ayrı-ayrı ilanlar müxtəlif yollarla çoxalır. Məsələn, zınqırovlu ilan, “misbaş” adlanan ilan və suilanı yumurta qoymur. Onların balası diri doğulur.

Elə ilan var ki, birdəfəyə 75 bala verir. Başqa ilanlar isə yumurtlayır. Onlar adətən bunu xəlvət yerlərdə edirlər – daşın, ağacın altında, boş koğuşlarda. İlan yumurtaları öz quruluşuna görə toyuq yumurtalarından bir qədər fərqlidir: onlar daha xırda və uzunsov olurlar. İri ilanların yumurtaları isə toyuq yumurtalarından kiçik olmur. İlan yumurtasının qabığı dəriyə bənzəyir və kifayət qədər möhkəm olur. Birdəfəyə qoyulan yumurtaların sayı da ilanın növündən asılıdır. 

Yəqin, ən çox yumurta qoyan ilan pitondur. Hindistan pitonu birdəfəyə 107-dək yumurta qoya bilər. Yumurtalar adətən günün altında, ya da çürüyən bitkilərdən ayrılan hərarətin hesabına isti olan yerlərdə qoyulur. Bəzən ilan, yumurtalarının ətrafında qıvrılaraq onların keşiyini də çəkir. Amma yumurtanın sayı 100-ə çatanda onları kim qoruyacaq? Təbii ki, heç kim.

Bunun bir səbəbi də odur ki, bütün körpə ilanlar yumurtadan çıxdığı andan etibarən öz qayğılarına özləri qala bilir.

 

İlanın sümüyü olurmu?

 

İlanın hərəkətinə göz qoyanda biz ilk növbədə iki şeyə təəccüblənirik. Əvvəla, onun necə hərəkət etməsinə: ayağı yoxdur, onu arxadan nəsə itələmir, amma buna baxmayaraq kifayət qədər sürətlə hərəkət edir! İkincisi də budur ki, ilanın bədəni elə bil yerin üstüylə “axır” – sanki sümüksüzdür! Hə, zahirən elə görünür, amma fakt budur ki, ilanın bədəni sümüklə doludur.

İlanın fəqərə sütunu bir-birinə çox mütəhərrik şəkildə birləşmiş fəqərələrdən ibarətdir ki, qabırğalar da onun üzərində durur. Bəzi ilanların fəqərə sütununda 145 cüt qabırğa olur. Fəqərələr bir-birinə qəribə şarnirlər vasitəsiylə birləşir, özü də hər fəqərənin özünün qabırğa cütü olur ki, bu da fəqərələrə və qabırğalara tam hərəkət sərbəstliyi verir. Hər cüt qabırğanın ucu öz növbəsində əzələlər vasitəsiylə ilanın qarnındakı təbəqələrdən (pulcuqlardan) birinə birləşir. Bundan başqa, ilanın başında da, çənəsində də sümükləri var.

Yemək zamanı ilan ağzını çox geniş aça bilir, çünki ağzının və qırtlağının sümükləri mühərrikdir. Faktiki olaraq, ilanların əksəriyyəti qurbanını öldürməmiş udur. Onlar qidanı elə diri-diri həzm etməyə öyrəncəlidirlər. Odur ki, zahirən ilanlar öz hərəkətindən sümüksüz canlıya oxşasa da, onların bir xeyli sümüyü var.

 

İlanın niyə ayağı yoxdur?

 

Müasir ilanların ayağının olmaması heç də o demək deyil ki, onların heç vaxt ayağı olmayıb. Amma bu heyvanların öz ayaqlarını nə vaxt, hansı şəraitdə “itirməsi” elm aləminə bəlli deyil. Bəzi alimlər hesab edir ki,  ilanların əcdadı torpaqeşən kərtənkələlərin bəzi növləri olub – həmin kərtənkələlər günümüzədək gəlib çıxıb. Bu kərtənkələlərin hamısının ayaqları ya lap qısadır, ya da ümumiyyətlə, yoxdur. Nə vaxtsa ilanın da bütün ayaqları yoxa çıxıb. Və indi ilanlar ayaqsız olmalarına rəğmən, hərəkət etmək bacarıqlarını itirməyiblər və ayaqsız da yaxşı keçinirlər. İlanların hərəkət etməsinə qarınlarındakı təbəqələr kömək edir.

İlanın hərəkət etməsinin dörd fərqli üsulu var.

  1. Yanakı dalğavarı hərəkət: İlan ardıcıl olaraq bədəni ilə yerdə S hərfi yaza-yaza, səthin üzərindəki qabarıq sahələrdən itələnərək irəli sürüşür.
  2. Düz hərəkət: Qarnındakı bir qrup təbəqə irəli yığılır, həmin vaxt arxadakı təbəqələr geri yığılaraq bədən üçün dayaq nöqtəsinə çevrilir. Bundan sonra irəli getmiş təbəqələr bədəni yerində saxlayır, bədənin arxa hissəsindəki təbəqələr irəli yığılmasını gözləyir.
  3. Spiral hərəkət: Hərəkətin bu növündən ilan ağaca dırmanarkən istifadə edir. İlan quyruğuyla ağacın gövdəsinə dolanır və bədəninin qabaq hissəsini yuxarı atıb, arxa qismini dalınca dartır.
  4. Yanakı hərəkət: Bu metodla hərəkət edən ilan bədəninin qabaq hissəsini yana atır, sonra arxa hissəsini dartaraq eyni əməliyyatı davam etdirə-etdirə hərəkət edir.

 

İlanın pulları nə üçündür?

 

İlanlar sürünənlər sinfinə aiddir və bütün sürünənlər kimi, onların da dərisi quru və pul-puldur. Kərtənkələ, alliqator, timsah, dəniz və quru tısbağaları ilanların qohumudur. Yer üzündə 2000 ilan növü var deyə, onların hər yerdə yaşaması heç qəribə deyil. İlana yerin üstündə, altında, ağaclarda, suda rast gəlmək mümkündür. Onlar planetimizin bütün regionlarında məskunlaşıb. İstisna kimi qütb nahiyələrini, bir də ayrı-ayrı adaları nümunə gətirmək olar.

Bayaq qeyd etdiyimiz kimi, ilanların ayağı yoxdur (təkcə piton və udavlarda arxa ayaqların qalıqları müşahidə olunur), onun hərəkətinə qarnının altındakı təbəqələr (pullar) kömək edir.

Bu pullar kifayət qədər enlidir və ilan elə hərəkət edir ki, pulun qırağı yerdəki qeyri-hamar şeylərdən itələnir. Bir neçə puluyla eyni zamanda itələnən ilan irəli hərəkət edir.

Bütün ilanlar – yaşlıları da, cavanları da vaxtaşırı olaraq qabığını dəyişir. Hətta heyvanın gözlərini örtən dəri təbəqə də yenisi ilə əvəz olunur. Bu prosesdə ilanın qabığı tərs üzünə çevrilir. İlan daşlara, ağaclara sürtünərək köhnə qabıqdan can qurtarır. İlan, qabığını ildə bir neçə dəfə dəyişir.

 

İlanı həqiqətən hipnoz etmək olarmı?

 

Biz hamımız müxtəlif filmlərdə ilanın qarşısında hansısa müsiqi aləti çala-çala onu oynadan adamları görmüşük. İlan bu zaman başını yerdən qaldırır, musiqinin ritminə uyğun ahəstə hərəkətlər edir. Bəs, görəsən, bu vaxt əslində nə baş verir? Həqiqət belədir ki, “ilan ovsunçusu” ilanı nə ovsunlayır, nə də hipnoz edir. O, sadəcə olaraq, bir tamaşa oynayaraq camaatı inandırmağa çalışır ki, ilanı “rəqs” elətdirir.

Lap əvvəldən bir məsələni diqqətinizə çatdıraq ki, ilanlar tamam kardırlar və deməli, ovsunçunun alətindən çıxan musiqini də eşidə bilməzlər. Amma əvəzində ilanlar yaxın məsafədəki kiçicik hərəkətləri belə duyur və duyan kimi də ona reaksiya verirlər.

Deməli, əslində ilan ovsunçusu tamaşaya hazırlaşdığını camaata göstərərək, zənbilini yüngülcə döyəcləyir, ya da ayağını yerə tappıldadır və heyvan o an bu vibrasiyaya reaksiya verir. Bir də ovsunçu çalanda bədənini aramla yırğalayır, ilan onun hərəkətlərini izləməyə başlayır və əslində eyni ritmlə həmin hərəkətləri müşayiət edir. Kənardan isə elə görünür ki, ovsunçunun hipnoz etdiyi ilan guya rəqs edir!

 

Niyə quşlar başqa ölkələrə uçur?

 

Müxtəlif quşların vaxtaşırı başqa ölkələrə uçmasının səbəbi kifayət qədər sadədir. Qışın soyuğuna görə yem tapmaq o qədər çətinləşir ki, bəzən quşlar real aclıq təhlükəsiylə üz-üzə qalırlar. Beləliklə, əgər quşlar qışdan sağ çıxmaq istəyirlərsə, onlar daha isti ölkələrə uçmağa məcburdurlar.

Quşlar o vaxt köç edir ki, onların növündən sağ qala bilən fərdlərin sayı soyuq diyarlarda qışladıqları təqdirdə sağ qalacaq fərdlərin sayından çox olsun (hətta səfər zamanı küləyin apardığı quşlar da daxil olmaqla). Miqrasiya ilə əlaqədar risklər eyni yerdə qışlamanın riskindən artıq olsa, quşlar oturaq həyata keçirlər.

Quşların köçə başlaması vaxtı havanın vəziyyətiylə müəyyənləşir, özü də bu zaman küləyin istiqaməti və sürəti havanın temperaturundan daha mühümdür. Bir çox quşlar qışlama üçün köç etdikləri yerə dönürlər. Alimlər nişan kimi halqa vuraraq izlədikləri quşların neçə il dalbadal eyni yerdən uçduqlarının şahidi olublar.

Son olaraq deməliyik ki, quşlar ulduzlara və günəşə əsasən istiqaməti müəyyən edə bilirlər, amma buna necə nail olduqları alimlər üçün bir sirr olaraq qalmaqdadır.

 

Dəvəquşunun səsi varmı?

 

Dəvəquşu çox qəribə və maraqlı quşdur. Quşların ən böyüyüdür, amma uça bilmir, sürətlə qaçarkən özünün balaca qanadlarından müvazinətini saxlamaq üçün istifadə edir. Bu quşun başında və boynunda demək olar ki, lələk yoxdur. Uzun ayaqları cəmi ikibarmaqlıdır. Erkəyinin lələkləri, yalnız qanadlarının ucundakı, bir də ağ quyruğundakı lələklər istisna olmaqla, qara, yaxud tünd-qəhvəyi rəngdədir. Dişisinin tükləri isə daha boğuq rənglərdə, özü də lap qısa olur.

Təbii ki, bu boyda quşun nəğməkar olmağı ağlabatan şey deyil. Amma dəvəquşunun səsi hər halda var. İlin əsas hissəsində bu quşlar yalnız ucadan, fışıltılı bir səs çıxara bilir. Amma cütləşmə mövsümündə onların səsi açılır – erkək dəvəquşunun nəriltisini hətta çox uzaqdan da eşitmək mümkün olur.

Bu quşların dişilərindən ikisi, üçü bir yerdə yumurtalarını qumda qazılmış dayaz bir çalaya qoyurlar və növbə ilə onların üstündə otururlar. Gecələr isə dişiləri erkəklər əvəz edir. Dəvəquşu yumurtaları indi dünyada yaşayan quşların hamısının yumurtasından iridir. Bu quş özünün qarınqululuğuyla fərqlənir. Onun qida rasionu əsas etibariylə bitkilərdən, giləmeyvələrdən və taxıldan ibarətdir. Yem yaxşı həzm olunsun deyə, quş hərdən kifayət qədər iri daşları, dəmir parçalarını və başqa əşyaları udur!

İnsanlar qabaqlar dəvəquşunu gözəl lələklərinə görə bəsləyirdilər. Onun lələklərini ilk dəfə bir yaşı tamam olmamışdan yolmaq mümkündür və hər dəfə həmin lələklərin yerində yeniləri əmələ gəlir. Son illərdə isə əvvəllər yalnız lələyindən istifadə olunan bu quşu həm də ətinə görə bəsləyirlər. Onun xolesterin deyilən ziyanlı maddədən azad, gözəl əti var. İndi Azərbaycanda da dəvəquşu əti yetişdirməklə məşğul olan təsərrüfatlar mövcuddur. O ki qaldı vətəni Avstraliya olan bu heyvanların bizim şəraitə uyğunlaşmasına, bu barədə konkret bir söz demək hələ tezdir.

 

Tovuz quşu nədir?

 

Yer üzündə tovuz quşunun 50-yə yaxın növü var, amma onların hamısı Sakit okeanın qərb hissəsindəki tropik adalarda və şimali Avstraliyada yaşayır. Tovuz quşunun müxtəlif növlərinin ölçüləri də fərqlidir – sərçə boyda olanından qarğa boydalarına kimi. Hər növünün özünəməxsus naxışları olur. Məhz bu rəngarəng lələklər tovuz quşunu qeyri-adi quşların sırasına salıb. Əslində isə bu quş adi qarğanın qohumudur!

Avropalılardan bu quşu ilk dəfə XV əsrdə holland səyyahları görüb. O qədər gözəl görünürlərmiş ki, səyyahlar onlara cənnət quşları adı verib (ingiliscə bu quşların adının tərcüməsi indi də elədir). Məşhur alabəzək lələklər yalnız erkək tovuz quşlarına xasdır. Lələklərin bu dərəcədə alabəzəkliyi quşun nəyinə gərəkdir, bunu indiyə kimi bilən yoxdur. Bəlkə də ya dişinin diqqətini cəlb etmək, ya da düşməni içində balaları olan yuvadan yayındırmaq üçündür...

Tovuz quşlarının çoxu zərif, yastı yuvalarını ağacların kəlləsində qurur. Elə yumurtalarını da ora qoyur. Onun yumurtaları xal-xal, damarlı olur. Bu quşlar meyvədən tutmuş, həşəratlara, ilbizlərə qədər hər şey yeyirlər. Cütləşmə mövsümündə erkək quşlar özlərinin rəngbərəng lələkləriylə dişiləri valeh edir.

Adətən çox ehtiyatlı olan bu quşlar cütləşmə mövsümündə öz məhəbbət oyunlarına o qədər aludə olurlar ki, ovçuları lap yaxına buraxırlar. Yerli sakinlər tovuzquşunun lələklərini korlamamaq üçün onları adətən küt oxla vururlar. 

 

Yumurtası ən iri olan quş hansıdır?

 

Adətən, quş nə qədər böyük olsa, onun yumurtaları da bir o qədər iri olur. Amma yumurtanın ölçüsü həmişə onu dünyaya gətirən “valideynin” ölçüsünə uyğun gəlmir. Yumurtanın ölçüsü onun içində böyüyən embrionun nə qədər qidaya ehtiyacı olduğundan asılıdır. Yumurtadan çıxan kimi müstəqilləşən, özü– özünə qulluq edə bilən quşlar, içində körpənin yaxşı inkişaf etməsi üçün daha çox qida maddəsi olan yekə yumurtalardan çıxır. Dünyaya kor və köməksiz gələn balalar xırda yumurtalardan çıxırlar – belə yumurtalarda onların tam inkişafı üçün qida çatmır.

Bütün quş yumurtaları toyuq yumurtasına bənzəmir: bəzi quşların yumurtası uzun, girdə və hətta armudvari olur. Yüksəkliklərdə qoyulan yumurtanın forması onun diyirlənməsinə maksimum dərəcədə mane olmalıdır. O ki qaldı yumurtaların ölçülərinə, burda şəksiz, çempion, dəvəquşudur. Dəvəquşu yumurtası uzununa 15-17, eninə 13-15 santimetr ola bilər və bu yumurtanın həcmi 12-18 dənə toyuq yumurtasınınkı qədər olur!

Dəvəquşu yumurtası müasir quş yumurtaları arasında ən böyüyüdür. Çox qədim zamanlarda yer üzündə elə quşlar yaşayırdı ki, dəvəquşu yumurtası onların yumurtasının yanında lap xırda görünərdi. Söhbət bir zamanlar Madaqaskar adasında yaşamış qədim Ruh quşundan gedir. Bu quşun yumurtasının alimlər tərəfindən tapılmış qabıqları yumurtaların özü barədə də təsəvvür yaradır. Onların uzunluğu 33 santimetrə, eni 23-26 santimetrə çatıb. Belə bir yumurtanın həcmi 8 litrdir ki, bu da dəvəquşunun yumurtasından 6, toyuq yumurtasından 150 dəfə çoxdur!

Ən kiçik yumurtalar isə kolibri quşuna aiddir. Bu quşların bəzi növlərinin yumurtası cəmi 6 millimetr olur.