Elektron ədəbiyyat və sənət portalı

Yer kürəsini “cazibədar” edən alim - İsaak Nyuton

Bölmə: Elm 01.09.2015

Nyutonun üç yaşı tamam olanda anası Anna Eyskou ikinci dəfə ərə gedib. Gələcəyin böyük alimi nənəsinin himayəsi altında böyüyüb...

 

Dahi şagird

Nyuton hələ uşaqlıqdan öz tapıntıları ilə yaşıdlarını və müəllimlərini heyrətləndirirmiş. İbtidai sinif dövrü Nyuton üçün olduqca ağır keçib. Məktəb illərində onun dərin zəkasına paxıllıq edən sinif yoldaşları İsaakı daim təzyiq altında saxlayırmış. Buna baxmayaraq, o oxuduğu sinifdə əlaçılar sırasında birinci olmağı bacarıb.

Bir müddət sonra texnikaya maraq göstərən Nyuton təbiət hadisələri ilə bağlı araşdırmalara başlayıb. Bir dəfə dayısı Uilyam Eyskou onu əlində kitab, dərin fikirlərə qərq olmuş halda görüb. İsaakın əlindəki kitaba nəzər salan dayısı, onun yaşına qətiyyən uyğun gəlməyən mürəkkəb riyazi məsələlərə maraq göstərdiyini görüb və anasından İsaakın təhsilini davam etdirməsi ilə bağlı arzusunu nəzərə almasını xahiş edib. Ciddi hazırlıqdan sonra – 1661-ci ildə İsaak Kembric Universitetində təhsil almağa başlayıb.

 

Kembric illəri

Kembricdə oxuduğu ilk altı il ərzində İsaak bütün kollec dərəcələrini keçib. Onun gələcək elmi kəşflərinin əsası tələbəlik illərində qoyulub. 1665-ci ildə magistr olan Nyuton bu illərdə işığın fiziki təbiəti ilə bağlı araşdırmalara başlayıb. Həmin araşdırmalar bu gün də dünya universitetlərində fiziklərə tədris olunur. 

1668-ci ildə Kembricdən qayıdan Nyutona Lukask riyaziyyat kafedrasına rəhbərlik həvalə olunub. Ona qədər bu kafedraya müəllimi Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsinin maddi çətinliklərini aradan qaldırmaq üçün kafedra rəhbərliyini ona güzəştə gedib.

Bu dövr onun həyatında ən məhsuldar illər hesab olunur. 1660-1667-ci illərdə onun əsas ideyaları, eləcə də, ümumdünya cazibə qanunu öz təsdiqini tapıb.

Yalnız nəzəri tədqiqatlarla kifayətlənməyən Nyuton bu illərdə teleskop-reflektor (əksetdirici) icad edib. Bu cihazın hazırlanması ona London Kral Cəmiyyətinə üzv olmaq şansı verib. Kral Cəmiyyətinin üzvlük haqqını ödəyə bilməyəcəyini deyən Nyuton bu imkandan imtina edib. Lakin onun elmi xidmətlərini nəzərə alan cəmiyyət alimi üzvlük haqqından azad edərək istisna hal kimi öz sıralarına qəbul edib.

 

İşıqlı araşdırmalar və cazibə qanunu

Onun ilk elmi işləri işıq şüalarının tədqiqi ilə bağlı idi. Uzun illərin araşdırmaları nəticəsində Nyuton “Ağ Günəş şüası çoxsaylı rənglərin qarışığından ibarətdir” deyib. Alim sübut edib ki, prizmanın köməyi ilə ağ rəngi onun tərkib hissələrinə ayırmaq olar. Nazik lövhələrdə işığın sınma hadisəsini öyrənərkən alim elmdə “Nyuton həlqəsi” adlandırılan difraksiyanı müşahidə edib. Bu kəşfin əhəmiyyəti tam dolğunluğu ilə yalnız XIX əsrin ikinci yarısında dərk olunub.

1666-cı ildə Kembricdə taun epidemiyası başlayandan sonra Nyuton doğulduğu Vulstorp kəndinə köçüb. Burada sakit kənd həyatına başlayan 24 yaşlı alim heç bir kitab, cihaz olmadan, az qala, tərkidünya həyatı yaşaya-yaşaya dərin fəlsəfi araşdırmalar aparıb. Bu fikirlərin bəhrəsi kimi ümumdünya cazibə qanunu kəşf olunub.

Akademik V. Vernadski Nyutona həsr olunmuş kitabında yazır: “Bir yay günü idi. Nyuton bağda açıq havada oturaraq düşünürdü. Bu zaman ağacdan onun başına bir yetişmiş alma düşdü. Nyuton çoxdan idi ki, cismlərin düşməsi barədə düşünürdü və başına düşən alma onun üçün bəzi qapıların açarı oldu”.

Sonralar Nyuton yazırdı ki, ümumdünya cazibə qanunu formulunu Keplerin məşhur qanunlarının öyrənilməsi nəticəsində yaradıb.

Məşhur rus pedaqoqu K.Uşinski isə bu hadisəni belə izah edirdi: “Yalnız Nyuton kimi dahi almanın yerə düşməsinə təəccüblənə bilərdi”.

 

Kembricə qayıdış

1667-ci ildə Nyuton, Kembricə qayıdıb və iki il sonra riyaziyyat üzrə professor mərtəbəsinə yüksəlib. O, burada elmi araşdırmalarına davam edib. Bu dövr ərzində Edmund Halleylə birgə çalışaraq ən böyük əsəri olan “Natural fəlsəfənin riyazi başlanğıcı”nı hazırlayıb və 1682-ci ildə bu əsəri bitirib.

Onlar “Natural fəlsəfənin riyazi başlanğıcı” əsərinin düsturlarından istifadə edib parlaq bir kometin orbitini hesablayaraq, onun 1759-cu ildə qayıdacağını qabaqcadan xəbər veriblər. Komet deyilən vaxtda qayıdıb və bu kometə Edmund Halleyin adı verilib.

 

Kimyaçı Nyuton

Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir. Onun qanunlarının əsas hissəsi əsrlərdir ki, heç bir dəyişikliyə uğramayıb. XVII əsrin sonunda o, elmi kəşflərində Kopernik, Kepler və Qalileyin araşdırmalarını tamamlayaraq universal sistem yarada bilib.

Ümumdünya cazibə qanununu kəşf edən Nyuton güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Bu təcrübələr əsasında o, tarixdə ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb.

Nyuton qızmış cismlərin soyuma qanununu da kəşf edib. Onun göy cismləri haqqında qanununa ingilis alimləri müsbət münasibət bildirsə də, başqa Avropa alimləri bu nəzəriyyəni mənfi qarşılayıblar. Çünki Yer kürəsinin qütblərdən basılmış kimi yastı olması Nyuton nəzəriyyəsini bir daha təsdiqləyib və bu nəzəriyyə Dekart təlimindən fərqlənib.

Nyutonu Avropa qitəsində Huk, Leybnits, Flemstid kimi alimlərin işlərini oğurlamaqda, hətta küfr sözlər danışmaqda da təqsirləndiriblər.

Fizika və riyaziyyat sahələrində elmi axtarışlarıyla paralel olaraq, Nyuton kimyaçılıqla da məşğul olub. Amma bu sahədə gəldiyi nəticələri çap eləməyib.

Böyük alim apardığı kimyəvi araşdırmalar nəticəsində çox ciddi zəhərlənmə keçirib.

 

Anasının ölümündən sarsılan dahi

Nyutonun anası 1689-cu ildə yatalaq xəstəliyindən vəfat edib. Son günlərində gecə-gündüz anasının yanında olan alim özü ona dərman verib. Lakin anasının həyatını xilas etmək mümkün olmayıb və Nyuton dərindən sarsılıb. Bu hadisə onun sonradan əsəb xəstəliyi keçirməsinə səbəb olub.

Nyuton 1701-ci ildə Londona köçüb. 1705-ci ildə ona əsilzadə titulu verilib. Böyük mənzillə təmin olunan Nyuton öz tənhalığını ovuda bilməyib. Düşdüyü depressiyalar elmi araşdırmalarına da təsirsiz ötüşməyib. O, bu illərdə “Optika” və “Başlanğıc” kitablarının yenidən nəşri ilə kifayətlənməli olub.

Dahi fizik 1727-ci ildə Londonda vəfat edib. O, İngiltərənin görkəmli şəxsiyyətlərinin torpağa tapşırıldığı Vesminster qəbiristanlığında dəfn edilib. Nyutonun dəfn günü ölkədə milli matəm elan olunub.

Nyutonun elmi yaradıcılığı fizikanın inkişaf tarixində müstəsna rol oynayıb. Albert Eynşteyn onun haqqında deyib: “Nyuton ilk dəfə təbiətdə gedən prosesləri yüksək dərəcədə dəqiqlik və bütün təfərrüatları ilə müəyyən edən qanunları kəşf etməyə cəhd etmiş alimdir”.

Beynəlxalq Vahidlər Sistemində qüvvə vahidi onun şərəfinə Nyuton adlandırılıb.

MÖVLUD