Elektron ədəbiyyat və sənət portalı

Tərcüməşünaslıq nəzəriyyəsinə bir baxış

Bölmə: Ədəbiyyat 02.05.2016

Tərcümə nəzəriyyəsinə dair mənbələrdə tərcüməşünaslığın ekvivalentlik, janr-üslub, praqmatika, konvensional normaları kimi normativ tələbləri diqqətə alınmaqla aşağıdakı əsas kateqoriyalarından bəhs olunur:

  • ekvivalentlik kateqoriyası. Bu kateqoriyanın uyğunluq tipləri ekvivalent tərcümə, variant uyğunluğu və mətn uyğunluğudur.
  • adekvatlıq - qeyri-adekvatlıq kateqoriyası. Bu kateqoriya ekvivalentlik kateqoriyasına oxşasa da, tam eyniyyət təşkil etmir. Belə ki, ekvivalentlik mətnin (orijinalın) tam, mükəmməl (tamdəyərli) tərcüməsi deməkdir. Adekvatlıq isə orijinala ən yaxın, orijinalın məzmununu kifayət dərəcədə ifadə edən tərcümə variantlarından biri mənasına gəlir.
  • variantlıq - invariantlıq kateqoriyası. Eyni bir mətnin orijinalla tamdəyərli, yaxud adekvat olan tərcümə variantlarıdır.
  • orijinal mətnin (informasiyanın) dəyərliliyi, praqmatikliyi kateqoriyası. Bu, mətnin tərcüməsi zamanı saxlanması zəruri olan (relevant) və çıxarılması mümkün olan (qeyri-relevant) informasiya deməkdir.
  • orijinal mətnin (informasiyanın) tərcümə üsulu kateqoriyası. Orijinal mətnin strukturu dəyişilmədən (cümlə quruluşu, janr tipi və s.) tərcümə edilir, yaxud da tamdəyərli tərcümə işi orijinalın strukturu ilə başqa şəkillərə transformasiya edilərək (şeir nəsrlə, mürəkkəb cümlə iki sadə cümlə ilə və s.) həyata keçirilir.
  • tərcümənin keyfiyyəti kateqoriyası. Tərcümə işi tamamlandıqdan sonra ortaya çıxan nəticənin (tərcümənin) keyfiyyəti onun bir neçə əlamətinə görə müəyyənləşdirilir: orijinalın və tərcümənin məna yaxınlığına görə; janr-üslub ekvivalentliyinə görə; praqmatik faktorlara görə (məsələn, bədii tərcümə ədəbi dəyərinə, texniki tərcümə terminoloji ekvivalentliyə, reklam tərcüməsi onun effektlilik dərəcəsinə görə qiymətləndirilir).

 

Tərcümə prosesi

 

Tərcüməyə (tərcümə prosesinə) verilən müxtəlif təriflər içərisində ən yığcam olanı budur ki, tərcümə - bir dildə ifadə olunanın başqa bir dilin imkan və vasitələri ilə ifadə edilməsidir. Bu isə yalnız o zaman mümkün olur ki, mütərcim hər iki dili ən dərin incəliklərinəcən bilir. Söhbət bədii tərcümədən gedirsə, mütərcim eyni zamanda çevirdiyi əsərin müəllifinin yaradıcılıq üslubuna, yazı tərzinə, yazıçının ölkəsinin adət-ənənələrinə, coğrafiyasına, ictimai-siyasi şəraitinə, o dilin dialektlərinə dərindən bələd olmalıdır. Mütərcim iki dildən birini yaxşı, digərini zəif bilirsə, tərcümənin sönük çıxacağı şübhəsizdir. Tərcüməçi xüsusilə öz ana dilini kamil bilməlidir. Qəribə görünsə də, əcnəbi dildən ciddi əsəri tərcümə etməkdən ötrü həmin xarici dildən daha çox ana dilini yüksək səviyyədə bilmək lazımdır ki, onu xalis xalq dilində tələbkar oxucuya çatdıra biləsən.

Tərcümə prosesi (texnikası) praktikada üç əsas mərhələdən keçir:

  • orijinal mətnlə tanışlıq və tərcümə tipinin (növünün) seçilməsi (şifahi tərcümədirsə, dinləmə, xüsusən mövzu əvvəlcədən bəllidirsə, o sahəyə aid ədəbiyyatla tanış olma; yazılı mətndirsə, oxuyub lazımi qeydlər aparma və s.);
  • orijinal mətni orijinalın öz dilində analiz və tərcümə dilində sintezetmə yoluyla “özününküləşdirmə”, yadda saxlama; tərcüməyə başlamadan əvvəlki hazırlıq işlərini tamamlama – lüğət(lər) və xüsusi ədəbiyyat üzərində iş (texniki tərcümədirsə, lazımi elmi-texniki materialla tanışolma, bədii mətn tərcüməsidirsə, əsər müəllifinin həyat və yaradıcılığı, xüsusən üslubu ilə tanışlıq və s.);
  • orijinal mətni tərcümə – yadda saxlanan orijinal mətni başqa bir dilin imkan və vasitələrilə əslinə adekvat şəkildə yenidən yaratmaq ( dil-üslub, orfoqrafik redaktə işi və s. bu mərhələdə həyata keçirilir). Tərcümənin ekvivalentliyinə (adekvatlığına) nail olmaq üçün prosesin bu mərhələsində leksik-qrammatik transformasiyalar həyata keçirilir.
    Bu zaman baş verən “itkilər” yeri tərcümə dilinin imkanları ilə doldurulur (kompensasiya edilir).

Görkəmli rus tərcüməşünası V.N.Komissarov qeyd edir ki, tərcümə prosesində tərcüməçi iki bilik növündən – pozitiv (epistemik), yəni artıq onun yaddaşında olan biliklər və evristik (yeni informasiyanın əldə edilməsi qabiliyyəti) - istifadə edir.

Bunu da qeyd etmək lazımdır ki, yazılı tərcümə prosesində çox sayda informasiya mənbələrindən istifadə olunur. Bunların başında ikidilli və izahlı lüğətlər, sahəvi və xüsusi lüğətlər (terminlər lüğəti, orfoqrafiya lüğəti, qısaltmalar lüğəti və s. və i.a.), ensiklopediyalar, tərcümə mətni ilə əlaqədar xüsusi ədəbiyyat, mütəxəssis məsləhətləri və s. dayanır.

 

Leksik-qrammatik tərcümə transformasiyaları

 

Tərcümə zamanı tərəf-müqabil dillərin konstruksiyalarının məna funksiyası, leksik dolğunluğu, üslubi-ekspressiv vəzifəsi və digər özəllikləri nəzərə alınaraq, məzmun və ifadə planında üç cür transformasiya həyata keçirilir: leksik, leksik-qrammatik və qrammatik transformasiyalar.

a) leksik transformasiya çeşidləri

  • transkripsiya (orijinal leksik vahidin səs formasını tərcümə dilində ifadəetmə);
  • transliterasiya (orijinal leksik vahidin qrafik-hərf formasını tərcümə dilinin hərfləri ilə ifadəetmə);
  • kalka yaratma (orijinal leksik vahidinin quruluşu əsasında tərcümə dilində yeni leksik vahid – morfem, söz birləşməsi və s. düzəltmə);
  • leksik-semantik əvəzləmələr: mənaların konkretləşdirilməsi, ümumiləşdirilməsi, dolğunlaşdırılması, fikrin tam başqa sözlərlə açılması;
  • əlavələr (orijinalda olmayan bir elementin, leksik vahidin və s. tərcümə mətninə əlavə edilməsi yoluyla mənanın tam çatdırılması);
  • atımlar (tərcümə prosesində orijinal mətnin məna təhrifinə yol açmadan, mətnin tərcümə edildiyi dilin normalarını pozmadan mətnin əslindəki bəzi leksik vahidlərin atılması – tərcümə edilməməsi)

 

b) leksik-qrammatik transformasiya çeşidləri

  • antonimik tərcümə (orijinaldakı təsdiq formasının tərcümə dilində inkar formasında, yaxud əksinə işlədilməsi yolu ilə eyni mənanı ifadəetmə);
  • eksplikasiya (tərcümə prosesində orijinal mətnin leksik vahidinin (texniki termin, ictimai-siyasi həyata, yaxud məişətə dair realiyalar və s.) tərcümə dilində təsviri yolla dolayı şəkildə tərcüməsi);
  • əvəzləmələr (tərcümə prosesində orijinal mətnin saxlanması mümkün olmayan leksik vahidinin tərcümə dilində başqa bir ifadə vasitəsilə kompensasiya edilməsi, “itkilərin” yerinin doldurulması);

 

c) qrammatik transformasiya çeşidləri

  • orijinaldakı və tərcümə dilindəki qrammatik modellərin sintaktik uyğunluğu (hərfi tərcümə);
  • yerdəyişmələr və qrammatik çevirimlər: söz sırasının dəyişdirilməsi, cümlə quruluşunun dəyişdirilməsi, cümlənin kommunikativ əvəzlənməsi və s.;
  • qrammatik əvəzləmələr: sözün formasının (morfoloji əlamətlərinin) dəyişdirilməsi, cümlə üzvlərinin və nitq hissələrinin qrammatik əvəzlənməsi, cümlə quruluşunun dəyişdirilməsi və s.

 

Əsgər RƏSULOV,
Filologiya elmləri doktoru, professor