Elektron ədəbiyyat və sənət portalı

Didərgin düşmüş tarixi eksponatların acı taleyi

Bölmə: Tarix 21.08.2015

23 avqust Cəbrayılın erməni qəsbkarları tərəfindən işğal olunduğu gündür. Odur ki, “Bir əşyanın tarixçəsi” layihəsinin bu sayını Cəbrayıl rayonu Tarix-Diyarşünaslıq Muzeyinə həsr etmək qərarına gəldik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin binasında Cəbrayıldan əhalisi kimi didərgin düşmüş eksponatlar yerləşdirilib. Onları muzeyin direktoru Tariyel Abbaslı güllə yağışının altından çətinliklə çıxararaq min-bir əziyyətlə Bakıya gətirə bilib. Müsahibimizlə söhbətdən əvvəl Azərbaycanın dilbər guşələrindən olan Cəbrayıl haqqında ümumi məlumatları xatırlatmaq istərdik.

Cəbrayıl rayonunun yaranması haqqında 8 avqust 1930-cu ildə qərar verilib. 4 yanvar 1963-cü ildə qərar ləğv edilərək rayonun ərazisi Füzuli rayonuna əlavə edilib. 17 iyun 1964-cü ildə isə yenidən öz statusunu qazanıb. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.

Verilən məlumata görə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.

Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları,  dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənib.

1982-ci ildən etibarən muzeydə kiçik elmi işçi kimi fəaliyyət göstərən Tariyel Abbaslı 1987-ci ildə muzeyin direktoru vəzifəsinə təyin edilib.

Evini qoyub, muzeyin eksponatlarını çıxardan Tariyel Abbaslı ilə Muzey Mərkəzinin onlar üçün ayrılmış otağında görüşdüm. Muzeyin əməkdaşları da otaqda idi. Cəbrayıllı şair İsmayıl İmanzadə qonaqları idi. O həm də Yazıçılar Birliyinin Mingəçevir şəhər şöbəsinin sədridir. Olduqca mehriban, istiqanlı insanlardılar. Müsahibəyə başlamazdan əvvəl, adama bir çay süzüb ordan-burdan danışdılar. Xoş zarafatları könül oxşadı. Tariyel müəlimlə söhbətə elə muzeydən başladıq:

- 1980-ci ilin fevral ayında o vaxt Mərkəzi Komitənin birinci katibi olan Ümumilli liderimiz Heydər Əliyev rayonlarda Tarix Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında sərəncam vermişdi. Cəbrayıl Rayon Partiya Komitəsinin təşəbbüsü ilə rayonun “Sağ sahil” küçəsində yerləşən orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verildi və qısa müddət ərzində təmir edildi. Beləliklə, 1980-ci il dekabr ayının 8-də Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışı oldu. Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları,  dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənirdi. Eksponatların toplanmasında rayon ziyalılarının, məktəb direktorlarının, məktəblilərin, yerli əhalinin böyük rolu var idi. O vaxtlar dil-ədəbiyyat müəllimi işləyirdim. 1982-ci ildə muzeyə kiçik elmi işçi kimi gəldim və 1987-ci ildə muzeyin direktoru təyin edildim. Cəbrayıl işğal olunana qədər muzeydə on doqquz minə qədər eksponat qorunub saxlanırdı. Onların hamısı bir-birindən dəyərli idi. Muzey elə məkandır ki, on min manatlıq gümüş kəmərlə kiçik bir sənədin qiyməti arasında heç bir fərq yoxdu. Yüzə qədər gümüş kəmər, xəncər, yüz iyirmiyə yaxın qədim xalça, palaz, xurcun, heybə, duz torbaları, asmalıqlar var idi.

On beşə qədər portret əsər qorunurdu ki, onları da cəbrayıllı rəssamlar çəkmişdilər. Otuzuncu illərdə Cəbrayılda dərc olunan “Xudafərin”qəzetinin bütün nüsxələri saxlanılırdı. Həmin qəzet əvvəllər “Lenin bayrağı,” “Kolxozçu” adları ilə də çap olunub. O qəzetlərin bəlkə də dövlət arxivində də nüsxəsi yoxdu. Amma onlar hal-hazırda bizim muzeydə qorunur.

Tariyel müəllimdən xahiş elədim rayonun işğalından bir qədər əvvəl baş vermiş hadisələri xatırlamağa çalışsın. Təbii ki, bu müharibənin səbəbini axtarmaq üçün tarixi bir xeyli əvvəldən geri səhifələməliyik. Amma çox uzağa getmədən, yaxın keçmişdə nə baş verdiyini bilməyimiz yaxşı olardı: 

- 1987-ci ildə bizə xəbər verdilər ki, bir dəstə erməni Cəbrayılda qədim yaşayış məntəqələrini, qədim qəbiristanlıqları gəzib qızıl axtarırlar. Məndən qabaq muzeyin direktoru olmuş Fazil müəllimlə ermənilərin getdikləri yerlərə baş çəkdik. Sonradan anladıq ki, bunlar heç də qızıl axtarmırlarmış. Ermənilərə məxsus olan yazılı, tarixi abidələri bizim qədim yaşayış yerlərinə  basdırıblarmış ki, sabah bu yerlərin ermənilərin qədim yaşayış yeri olduğunu iddia edə bilsinlər.

Muzey direktorunun dediyinə görə, on doqquz min eksponatdan on yeddi minini çıxarda bilib. Bir muzeyi təkbaşına köçürmək, əlbəttə ki, əsl qəhrəmanlıqdır.

- Hələ internat  məktəbində olanda muzeyin ən dəyərli eksponatlarının bir qismini Mahmudlu kəndində qohumların, bir qismini Mərcanlıda İsmayıl müəllimin evinə yığdım. Əşyaların muzeydən maşına daşınmasında muzey əməkdaşlarının da zəhmətini xüsusi qeyd etmək istərdim. Amma düzü, eksponatları rayondan çıxarmaq ağlıma da gəlməzdi. Çünki elə bilirdik ki, hamısını qaytarıb yerinə qoyacağıq. Sonra gördük, vəziyyət yaxşı deyil, eksponatların bir qismini Beyləqana gətirdik. İki mindən artıq eksponatı isə iri olduqlarına görə çıxartmaq imkanım olmadı. Onların arasında üstü yazılı məzar daşları, iri samovarlar, ornamental naxışları olan daş abidələr, müxtəlif kənd təsərrüfatı alətləri var idi. .

Camaat ailəsini, evini, mal-qarasını çıxartmaqda çətinlik çəkib. Tariyel müəllim isə eksponatları Beyləqana gətirdikdən bir gün sonra, onları bir də Cəlilabada, qohumlarının evinə daşıyıb.

- Sonra Bakıya gəldim. Mədəniyyət və Turizm Nazirliyindən verilən maşınla eksponatları Bakıya gətirib, təhvil verdim. Bilirsiz, adamlar mənə az qala gülürdülər ki, sənin işin-gücün yoxdu? Özünə niyə zülüm vermisən?

Mənim kimi şəhərdə böyümüş, müharibə görməmiş gənclər üçün maraqlı olardı, göydən ölüm yağan yurdun adamları necə yaşayırlarmış o ölüm-dirim məqamında? Yəqin, hər şey bizim təsəvvür etdiyimiz kimi olmayıb. Onlar da insandı axı, onlar da ölümdən qorxa bilərlər. Yoxsa elə deyil?

- Rayonda əhalinin əhvali-ruhiyyəsi olduqca yüksək idi. Hamı öz həyatını yaşayırdı. Heç kim rayondan çıxmaq haqqında fikirləşmirdi. Düzdü, Füzuli, Ağdam boşaldılmışdı, amma Cəbrayıldan heç kim tərpənmək fikirndə deyildi. Baxmayaraq ki, rayonun üstünə güllə leysan kimi yağırdı.

Bizim torpaqların işğal olunmasında şayiələrin də böyük rolu var idi.

Rayonların çoxu boşalandan sonra ermənilər gəlib doluşurdular. Adamların ümidi 1993-cü ilin  15 avqust Daşbaşı hadisəsində qırıldı. Ermənilər bizim postda olan  on səkkiz nəfəri gecə hücuma keçib öldürmüşdülər. Daşbaşı bizimkilərin nəzarətində olan erməni kəndi idi,  Cəbrayıldan yuxarıda yerləşirdi. Daşbaşı ermənilərin nəzarətinə keçəndən sonra ordan rayonu vurmağa başladılar. Beləcə, rayon boşalmağa başladı, iyirmi üçünə qədər boş qaldı.

Cəbrayıl iki dəfə işğal olundu. Birinci dəfə avqustun 23-də dağ ərazilər və Cəbrayılın özü, oktyabrın 23-də isə Arazboyu kəndlər ermənilər tərəfindən tutuldu.

Bu vaxt, bayaqdan bəri müsahibənin gedişinə müdaxilə etmədən dinləyən şair İsmayıl İmanzadə söhbətimizə qoşuldu:

- Rayon işğal olunandan sonra qərargah Mahmudlu kəndinə gəldi. Hamımız evlərimizi, mal-qaramızı Mərcanlı kəndinə yığmışdıq. Hər gün cəbhədəki vəziyyəti maraqlanırdıq. Oktyabr ayının iyirmi biri idi. Rayon fəallarının iştirakı ilə iclas çağırılmışdı. Göydən güllələr yağmasına baxmayaraq iclasda  üzümlərin yığılması, inəklərin sağılması məsələsi müzakirə olunurdu. İki gündən sonra isə Arazboyu kəndlər işğal olundu. Demək istəyirəm ki, adamlar son günə qədər inamlarını itirməmişdilər.

Sonralar Cəbrayıl rayonunun MTN idarəsinin rəisi İbrahim müəllim mənə dedi ki, bizim anamız namaz üstə imiş. Demə ermənilər xəbər tutub ki, Cəbrayıl rayonunun fəalları iclas keçirir. Tanklarla həmin yeri mühasirəyə almaq əmrini alıblar. Yarımca saat ləngiyiblər deyə, bəxtimiz gətirib. Təsəvvür edin, Ağ yolda, Şişpapaq tərəfdə öndə gedən tanklardan biri xarab olduğundan yolu kəsib. Tankı yarım saata ancaq düzəltmək mümkün olub. Tank xarab olmasaydı hamımızı ya qıracaq, ya da girov götürəcəkdilər.

Tariyel müəllim söhbətə qaldığı yerdən davam elədi:

- 1992-ci il iyunun 28-də və avqustun 15-də iki böyük döyüş əməliyyatı oldu. Əməliyyatların hər birində nə qədər əsgərimiz şəhid oldusa, rayon mərkəzində bir o qədər yerli əhali öldürüldü. Dayanmadan qrat atırdılar.

Yüzdən çox adam yaralanmışdı. Qarabağ muharibəsində uğursuzluqların bir səbəbi də birliyin olmamasında idi. Cəbrayıl daha çox ermənilərin məskunlaşdığı Xocavənd rayonu ilə həmsərhəd idi. Bir də görürdün camaat arasında söhbət gəzir ki, filan gün hərbi əməliyyat olacaq. Əslində isə, bu haqda heç kimin məlumatı olmamalı idi. Amma hərbi sirr ortalıqda idi. Başqa bir misal. Planlaşdırılmışdı ki, Cəbrayıl batalyonu hücum edəndə, o biri tərəfdən də Füzuli batalyonu hərəkətə keçəcək. Bununla da, erməniləri mühasirəyə alıb, Xocavəndi azad edəcəklər. Dəfələrlə olmuşdu ki, Cəbrayıl döyüşçüləri hücuma keçmişdi, döyüş qızışmışdı, Füzuli batalyonundan isə xəbər çıxmamışdı, ya da əksinə. Bunun səbəbi isə vahid komandanlığın olmaması idi. Ordu ayrı-ayrı qüvvələrin əlində cəmlənmişdi. Hücumlar kompleks şəkildə olmalı idi. Bütün bunlara baxmayaraq Cəbrayıl döyüşçüləri ləyaqətlə vuruşdular. Altı milli qəhrəmanımız var. İsmayıl müəllimlə Cəbrayıl şəhidlərinin ailələrində olub, onlar haqqında məlumat toplayaraq “Cəbrayıl şəhidləri” adlı kitab nəşr etdirdik.

İsmayıl müəllim mənə bağışladıqları “Cəbrayıl şəhidləri” kitabını vərəqləsə də arada başını qaldırıb bizə baxırdı. Tariyel müəllimin dediyinə görə o, rayonu tərk etmiş sonuncu adamlardandı. Cəbrayıldan Arazı üzərək çıxıb. Müsahibədən sonra İsmayıl müəllim məğlubiyyətin məyusluğundan danışdı. 

- Qəribədi ki, o vaxt belə bir anlayış var idi: hansısa batalyon elə düşünürdü ki, məsələn, Qubadlını Qubadlı alayı müdafiə eləməlidir. Ermənilər, hətta Cəbrayılda ikinci Xocalı faciəsini törədə bilərdilər. Amma Araz yolunu açıq qoymuşdular. Yəqin düşünürdülər ki, hamı suda boğulub öləcək. Sahil boyu minik və yük maşınları düzülmüşdü. Adamların çıxmağına özləri şərait yaratmışdılar. Yalnız gülləni ona görə atırdılar ki, camaat vahiməyə düşüb rayonu tərk eləsin. Arazdan keçəndə onlarla adamı çay apardı. Sahildə hər addımda müxtəlif silahlar, patronlar, əsgər paltarları ilə qarşılaşmalı olurdun. Cənubi Azərbaycanda olan həmvətənlərimiz qayıqla çaya tökülüşmüşdülər. Sağ olsunlar, onlar xeyli adamı xilas elədilər.

FEYZİYYƏ