Elektron ədəbiyyat və sənət portalı

“Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib

Bölmə: Beynəlxalq 29.04.2016

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva plenar iclasda çıxış edib. Mehriban Əliyeva bu əhəmiyyətli Foruma ev sahibliyi etməyin Azərbaycan üçün şərəf olduğunu bildirib, tədbirin konstruktiv dialoqun inkişafına və sivilizasiyaların zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

İclasın mövzusunun böyük ictimai əhəmiyyətə malik olduğunu deyən Mehriban Əliyeva bu gün dünyanı narahat edən miqrasiya dalğası, urbanizasiya, iqlim dəyişikliyi, bəzi ölkələrdə gənclər arasında işsizliyin artması kimi məsələlərə toxunub, bu problemlərin həllində ölkəmizin təcrübəsindən danışıb:

- Qədim diyar olmaqla yanaşı, Azərbaycan, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının ən gənc üzvlərindən biridir. XX əsrin əvvəlində əldən verilmiş müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan 1992-ci il martın 2-də BMT-nin tamhüquqlu üzvü olub. Biz 25 illik dövlət quruculuğu yolunu qət etmişik. Bu gün Azərbaycanda gördüklərinizin əksəriyyətinə bu müddətdə nail olunub. Bu gün mən iqtisadi və statistik göstəricilərə istinad etməyəcəyəm. Biz açıq ölkəyik və bizim iqtisadi, sosial nailiyyətlərimiz hamıya məlumdur. Əlbəttə ki, biz belə bir sürətli tərəqqi ilə çox qürur duyuruq. Biz iqtisadiyyatın əhəmiyyətli şəkildə transformasiyasına nail ola və onun dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edə bildik. Biz ictimai həyatın bütün səviyyələrində səmərəli idarəetmə sistemini qura bildik. Elm, mədəniyyət və təhsil sahələrində islahatlar həyata keçirilmişdir. Biz xalqımızın zəngin insan potensialına arxalanaraq bütün bu işləri görməyi bacardıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılıb, torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi, 900 qəsəbənin, 150 min evin, 693 məktəbin, 975 uşaq bağçasının, 695 xəstəxananın məhv edildiyi, 40 mindən çox nadir muzey eksponatının və materiallarının, 927 kitabxanadan 4,6 milyon kitabın və əlyazmaların qarət edildiyi qeyd olunub. Mehriban Əliyeva bu dəhşətli günlərdə bizim yanımızda olan BMT-nin bütün təşkilatlarına təşəkkürünü bildirib. Mehriban Əliyeva qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanlar üçün dövlətin yaratdığı şəraitdən danışıb.

Heydər Əliyev Fondunun layihələrindən də danışılıb, bu layihələrin müxtəlif sahələri əhatə etdiyi bildirilib. Qeyd edilib ki, Fond hökumət təşkilatları, QHT-lər və işgüzar dairələr arasında yaxşı əməkdaşlıq modeli qurub. Yüzlərlə məktəb tikilib, təmir olunub. Fond valideyn himayəsindən məhrum və fiziki imkanları məhdud olan uşaqları hərtərəfli diqqət mərkəzində saxlayıb. Bundan əlavə, Fond əlilliyi olan insanlara xüsusi qayğı göstərib və bu təcrübə Bosniya və Herseqovina, Macarıstan və digər ölkələrdə də uğurla reallaşıb. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilib. Fransanın müxtəlif regionlarında bir neçə qədim kilsə bərpa olunub. Bunun ölkəmizin tolerant dəyərlərə bağlılığından irəli gəldiyi qeyd edilib.