Elektron ədəbiyyat və sənət portalı

638 sui-qəsd

Bölmə: Tarix 21.08.2015

Xüsusi komissiya bu cəhdləri sayarkən Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin arxivindəki materiallara əsaslanıb. Çünki Kuba mətbuatındakı araşdırmalara əsasən söyləmək olar ki, bu sui-qəsdlərin böyük əksəriyyəti məhz Amerika xüsusi xidmət orqanlarının təşəbbüsü ilə hazırlanıb.

2011-ci ilin payızında Tvitter şəbəkəsində belə bir xəbər yayıldı ki, Kuba lideri Fidel Kastro qətlə yetirilib. Xəbər internet məkanında ildırım sürətiylə yayıldı, ağızdan-ağıza düşdü. Amma üstündən bir neçə gün keçəndən sonra Venesuela radiosunun efirindən bu əbədi inqilabçının səsi gəldi və Kastro dedi ki, belə bir şaiyənin yayılmasında qəribə bir şey yoxdur, çünki bədxahlara inansaq, məni artıq neçə yüz dəfə “öldürüblər”...

Həmin müsahibəni Fidel bu sözlərlə bitirmişdi: “Mənim ölümüm barədə yazan uşaqlar kefimi açır. Guya ki, ölüm mənim üçün bəd xəbər-zaddır...”

***

Ümumiyyətlə, Kuba lideri Fidel Kastronun həyatına Eyzenhauer dövründə 38, Kennedi - 42; Conson – 72; Nikson – 184; Karter – 64; Reyqan – 197; ata Buş – 16; Klinton – 21 dəfə sui-qəsd olunub. Oğul Buş və Obama dövrü barədə dəqiq məlumat yoxdur.

***

Mütəxəssislər hesablayıb ki, Kastroya sui-qəsdlərin təşkili Amerika vergi ödəyicilərinə cəmi 120 milyon dollara başa gəlib.

1999-cu ildə isə Kuba bu sui-qəsdlərə görə Birləşmiş Ştatlara qarşı 181 milyard dollarlıq iddia irəli sürdü.

Tanınmış kinorejissor Rafael Benitas Kuba təhlükəsizlik xidmətinin şefi olmuş Fabio Esklantenin “Kastronu öldürməyin 638 üsulu” adlı kitabı və Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin 2007-ci ildə açılmış məxfi sənədləri əsasında film çəkib.

Xatırlatmaq lazımdır ki, bu faktların bir neçəsi Birləşmiş Ştatların Senat komissiyasının materiallarında da öz təsdiqini tapıb.

***

İndi isə sui-qəsd faktlarının bəzilərindən söhbət açaq...

Qeyd etmək lazımdır ki, Fidel Kastronun xarizmatik şəxsiyyəti yalnız dostlarının deyil, düşmənlərinin də diqqət mərkəzində idi. Kuba tarixçilərinin yazdıqlarına inansaq, Kastronu aradan götürmək üçün hələ inqilabdan qabaq da cəhdlər edilib. Məsələn, Kuba diktatoru Batistanın agenti Eutilio Gerra on min peso müqabilində qiyamçıların inamını qazanıb, onların düşərgəsinə yol tapır. Sonralar tanınmış inqilabçı Çe Gevara yazırdı:

“Gerra soyuq gecələrin birində Fideli zəhərləmək məqsədiylə ondan yatmaq üçün ikinci yorğanını istəyir. O, qətlin sifarişçilərindən aldığı zəhərli maddəni həmin yorğana çəkərək, Kastroya qaytarmaq istəyirdi. Həmin günlər dağlarda gecə yaman soyuq olurdu. Və onda Fidel Gerraya dedi ki, onsuz da bir yorğanla üşüyəcəyik, gəl bir yerdə yataq, isti olsun”.

Bu əhvalat onunla bitdi ki, satqın səhərədək Kastro ilə eyni yorğanın altında yatası oldu və səhər özü hər şeyi etiraf etdi...

Bu hadisədən az sonra, qiyamçıların düşərgəsinə daha bir muzdlu qatil yol tapdı, amma o da niyyətini həyata keçirə bilmədi, ifşa olunaraq güllələndi.

Fidel Kastro Kubada hakimiyyəti ələ keçirəndən sonra, Moskva onu bir marksist kimi tanımadığından, yeni hakimiyyətlə əlaqələr yaratmağa cəhd göstərmir, Fidel özü də Rusiyaya yaxınlaşmaqdansa, Amerikayla dostlaşmağa üstünlük verirdi. Bunun üçün, hətta müəyyən addımlar atmışdı.

1959-cu ildə Kastro münasibətləri normallaşdırmaq məqsədilə prezident Eyzenhauerlə görüşmək üçün ABŞ-a gəlir.

Lakin bu səfər gənc Kuba lideri üçün tam uğursuz başa çatır, Amerika prezidenti onunla görüşməkdən imtina edir və görüşə vitse-prezident Riçard Niksonu göndərir. O isə, öz növbəsində Fidellə elə kobud davranır ki, Kuba lideri tamam özündən çıxır, Amerikanı düşmən elan edir və nəzərlərini SSRİ-yə yönəldir.

1959-cu ilin yayında Kastro Moskvadan silah istəyir və yalnız bundan sonra Kubaya yüzdən çox sovet hərbçi və təhlükəsizlik xidməti mütəxəssisi gəlir. Bu xəbər Amerikaya çatan kimi, dövlət rəsmiləri Kastronun aradan götürülməsinə yönəlik əməliyyatlara start verirlər və Fideli öldürmək üçün onun sevgilisi Marita Lorensdən istifadə etmək qərarına gəlirlər.

Onların tanışlığı da qəribə olub. Maritanın atası Cənubi və Şimali Amerika limanlarına müntəzəm səfərlər edən “Berlin” adlı okean laynerinin kapitanı idi. 1959-cu ilin fevralında atası hələ doqquzuncu sinifdə oxuyan Maritaya onunla səfərə çıxmağa icazə verir. Fevralın 23-də “Berlin” gəmisi Havana limanında lövbər atır...

Sonralar Marita Lorens Kubaya ilk səfəri haqda öz xatirələrində belə yazırdı:

“Mən kapitan körpüsündə durmuşdum və birdən uzaqda bizə tərəf gələn bir qayıq göründü. Qayıqda 27 nəfər saqqallı adam vardı, onların biri hamısından ucaboy idi. O, qayığın burun tərəfində durmuşdu, əlində də tüfəng vardı. Öz-özümə fikirləşdim ki, bu gələnlər, yəqin, bizim gəmini abordaja götürmək istəyirlər”.

Az sonra, gələnlər gəminin göyərtəsinə qalxanda bəlli olur ki, saqqallıların ən ucaboylusu Fidel Kastrodur. Fidel Maritaya elə ilk baxışdan aşiq olur və gəmidə qaldıqları müddətdə qızdan bir addım da aralanmır. Kubalılar həmin gecə “Berlin”də qalaraq, inqilabın qələbəsini bayram edirlər...

Ertəsi gün vidalaşanda isə Kastro qıza öz saatını bağışlayır, Marita da ona Nyü-Yorkdakı mənzillərinin telefonunun nömrəsini verir.

Onlar bir müddət telefon əlaqəsi saxlayırlar, amma axırda Fidel bezərək qızın dalınca öz təyyarəsini göndərir. Marita “Habana libre” hotelində yerləşdirilir. Fidellə görüşləri də elə orda olur. Onlar yeddi ay müntəzəm görüşürlər.

1959-cu ilin noyabrında isə Maritayla Fidelin oğlu olur və həmin andan etibarən gənc qadının həyatı daha çox detektiv romanlarına bənzəməyə başlayır...

Marita öz memuarlarında, doğuş zamanı huşunu itirdiyini yazır. Ayılanda isə... Ayılanda görür ki, Nyü-Yorkdadır və ətrafında Mərkəzi Kəşfiyyat İdarəsinin bir neçə agenti var. Agentlər ona ölü doğulmuş körpəsinin fotosunu göstərirlər. Qıza təlqin edirlər ki, Fidel onu atıb və Amerikaya aparılmasına icazə verib.

Bu xəbər qız üçün böyük sarsıntı olur deyə, agentlər ona əməkdaşlıq təklifi edəndə, düşünmək üçün vaxt istəyir. Marita bir neçə gün Fidelin zəngini gözləyir. Amma onun intizarı əbəs olur. Və yalnız bundan sonra, Marita Lorens Mərkəzi Kəşfiyyat İdarəsiylə əməkdaşlığa razılıq verir...

Sonu gələn sayımızda