Elektron ədəbiyyat və sənət portalı

Şimpanze meymundurmu?

Bölmə: Elm 01.04.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Heyvanlar şüurlu hərəkət edə bilərmi?

 

Bütün heyvanlar öz həyatları boyu bəzi şeyləri öyrənməli olurlar. Bu, hətta demək olar ki, daim öz instinkti ilə davranan məxluqlara belə aiddir. Lakin təlim prosesi həmişə eyni cür olmur. Bəzən fikirləşirik ki, heyvanlar nəyisə “öyrənirlər”, amma bu, çox vaxt onların anadangəlmə instinktlərini inkişaf etdirməkdən ibarət olur. Məsələn, yuvalarını yenicə tərk edən quşlar çox yöndəmsiz uçurlar və onların yaxşı uçmağı öyrənməsi anadangəlmə uçuş instinktlərinin təkmilləşdirilməsindən başqa bir şey deyil.

Heyvanların ən geniş yayılmış təlim üsulu sözün birbaşa mənasında, səhvlər edib, onları yadda saxlamaqdır ki, gələcəkdə eyni səhvlərə yol verməsin. İtlər də davranış normalarını və müxtəlif hərəkətlər etməyi, komandaları yerinə yetirməyi belə öyrənir, atlar belində adam gəzdirməyə bu yolla yiyələnir. Heyvanlar başqalarının təcrübəsindən nadir hallarda bəhrələnir. Əgər bir it hansısa komandanı yerinə yetirməyi bacarırsa, başqa bir it ona baxmaqla həmin hərəkəti təkrar edə bilməz. Bəs heyvan üçün şüurlu hərəkət nə deməkdir? Bu, onun əvvəllər rast gəlmədiyi, instinktlərinə əsaslanaraq həll edilməsi mümkün olmayan problemdən çıxış yolu tapa bilmək bacarığıdır.

Lakin eksperimentlər göstərdi ki, insanabənzər meymunlar müəyyən dərəcədə düşünməyi bacarır. Məsələn, meymunu elə bir otağa salırlar ki, tavandan asılmış banana əli heç cür çatmasın. Amma həmin otaqda iki kiçik yeşik də olur. Qəflətən meymun yeşiyin birini digərinin üstünə qoyur, dırmaşaraq bananı götürür! Faktiki olaraq, meymun bunu necə edə biləcəyini fikirləşib tapdı, yəni öz şüurundan istifadə etdi. Alimlərin fikrincə, itlər, pişiklər və hətta bəzi vəhşi heyvanlar da güman ki, məntiqi nəticələr çıxara bilir, amma bunu isbat etmək çox çətindir.

 

Heyvanların gözləri qaranlıqda işıq verirmi?

 

Çoxumuz gecələr yol gedərkən heyvanların qaranlıqda işıqlanan gözlərini görmüşük. Və ona görə də təbii olaraq belə fikirləşirik ki, onların gözü özbaşına işıq verir. Amma əslində bu işıq hansısa başqa mənbədən, məsələn, maşın faralarından yayılan işığın heyvan gözündə əks olunmasıdır.

İşığın əks olunması bir çox heyvanların gözündə olan kristalşəkilli maddə ilə bağlıdır. Bu maddə işığı yaxşı əks etdirir. İnsanın gözündə belə maddələr, demək olar ki, yoxdur. İşığı əks etdirən həmin təbəqə qaranlıqda heyvanların insandan qat-qat yaxşı görməsini də təmin edir. Heyvanların gözlərinin hansı rəngdə işıqlanması onlarda olan qan damarlarının miqdarından asılıdır. Gözlərində daha çox damar olan heyvanın gözü qırmızı işıq yayacaq. Damarların sayı azdırsa, əks olunan işıq daha açıq rənglərdə görünəcək.

 

Tüləmə nədir?

 

Heyvan, dərisini, yaxud tüklərini tökərək onları yenisi ilə əvəz edəndə, biz buna “tüləmə” deyirik. Məməlilər, sürünənlər, quşlar, hətta bəzi həşəratlar da tüləyir. Quşlar ömürləri boyu cürbəcür lələklər yetişdirirlər. Yetkin çağına çatanda quşların lələkləri öz növləri üçün tipik olan rəng və quruluşu alır və bundan sonra köhnəldikcə, nimdaş lələklər tökülür, onların yerində yeniləri çıxır. Elə quşların lələklərini dartıb çıxaranda da eyni proses baş verir. Bundan başqa, bəzi quşlar cütləşmə mövsümündə parlaq rəngləri olan gözəl lələklər çıxarır.

Beləliklə, quşların əksəriyyəti ildə iki dəfə tükünü dəyişir - cütləşmə mövsümündən əvvəl və sonra. Bütün quşlar əsas lələklərini eyni ayda tökmədiklərinə görə tüləmənin onların uçmaq qabiliyyətinə maneçiliyi olmur. Bundan başqa, aerodinamik balans pozulmasın deyə, lələklər cüt-cüt tökülür: biri soldan, digəri sağdan. Yalnız ördəklər, qazlar və qular bu baxımdan istisna sayıla bilər. Onlar bütün tüklərini eyni zamanda tökür və buna görə uça bilmirlər.

Lakin bu quşlar suda üzə bildiyindən təhlükədən can qurtarmaq üçün uçmaları vacib deyil, suya ensələr bəs edir! Tüləmə vaxtı rəngbərəng lələkləri olan erkək quşlar çox vaxt bir rəng alırlar ki, lazım gələndə gizlənə bilsinlər.

İlanların qabığını dəyişməsi çox maraqlı prosesdir. Onlar bütün qabığı birdən atmırlar, əvvəlcə yalnız ən qıraq hissəsindən azad olurlar. İlan başını nəyəsə sürtür ki, ağzının qıraqlarındakı qabıqdan azad olsun, sonra qopan yeri daşa ilişdirir və köhnədən dartılaraq çıxır. Proses başa çatanda ilanın köhnə qabığı astar üzünə çevrilmiş olur.

 

İnsana ən çox oxşayan heyvan hansıdır?

 

İnsana ən çox bənzəyən heyvan insanabənzər meymundur. Onun yalnız skeleti insan skeletinə uyğun deyil, həm də digər barmaqlarından aralı baş barmağı var ki, onunla bütün qalan barmaqlarına toxuna bilir. Bu isə meymuna imkan verir ki, müxtəlif əşyaları tuta bilsin, ağaca dırmansın. İnsana isə əlinin baş barmağı əmək alətlərindən istifadə etmək imkanı verir. Bəziləri elə hesab edir ki, meymunlar insanların əcdadıdırlar, amma bu, qətiyyən belə deyil.

Təkamül nəzəriyyəsi deyir ki, meymunla insan çox qədimlərdə eyni əcdaddan törəyiblər, amma müxtəlif yollarla inkişaf ediblər. Antropoidlərin, yaxud insanabənzər meymunların dörd növü var. Onların ən böyüyü və ən güclüsü qorilladır.

Ölçüsünə görə qorilladan sonra oranqutanq, sonra şimpanze və nəhayət, onların hamısından balaca olan hippon gəlir. Hippon insanabənzər meymunların ən az tədqiq olunanıdır. Hippon başqa meymunlardan fərqli olaraq, insan kimi düz dura və düz yeriyə bilir, qabaq pəncələrinə söykənmir.

Digər tərəfdən, hippon yerdə az gəzir və ömrünün əsas hissəsini ağaclarda keçirir, uzun əllərinin köməyiylə budaqdan budağa keçir. O, yerə yalnız gördüyü yaşıl yarpaqları, yaxud meyvələri götürmək üçün enir. Hippon yemək yeyərkən də adam kimi düz oturur. Onun qida rasionuna hörümçəklər, quşlar, quş yumurtaları da daxildir.

Hipponun çox möhkəm ailəsi olur. Valideynlər uşaqlarından nə gündüz, nə də gecə ayrılırlar. Cavan hipponlar öz valideynləriylə təxminən 6 yaşlarına kimi yaşadığından bir hippon ailəsində səkkiz-doqquz üzv olur. Vəhşi cəngəlliklərdə hippon təxminən 30 yaşına kimi yaşayır!

 

Şimpanze meymundurmu?

 

Meymun olmağına, meymundur, amma adisindən yox. Şimpanze meymunların ən ağıllısıdır!

Meymunlar məməlilərin primatlar adlandırılan ən mütəşəkkil dəstəsinə aiddirlər. Xatırladaq ki, bu dəstədə insanlar da var. Meymunun bütün dərisi sıx tüklə örtülüdür, onlar adətən ağaclarda yaşayırlar. Qabaq və arxa pəncələrinin beş barmağında caynaq əvəzinə dırnaqları olur.

Bütün meymunları dörd əsas qrupa bölmək olar: lemurlar, Köhnə Dünyanın meymunları (babuinlər və sair), Yeni Dünyanın meymunları (hörümçəkkimi meymun, çığırğan meymun və sair), insanabənzər meymunlar (qorilla, oranqutanq, şimpanze və hippon). İnsanabənzər meymunların üç növündən: qorilla, oranqutanq və şimpanzedən insana ən çox oxşayanı şimpanzedir. Bu meymun qorilladan və oranqutanqdan kiçik olsa da, onlardan xeyli “tərbiyəlidir”. Şimpanzenin quyruqsuz bədəni insan bədəninə çox bənzəyir.

Buna baxmayaraq insanın on iki cüt qabırğası var. Şimpanzenin isə 13 cüt qabırğası olur. Şimpanzenin tünd rəngli dərisi əllərini və sifətini çıxmaq şərtiylə sərt qara tüklərlə örtülüdür. Onlar xırda qruplar şəklində Mərkəzi Afrika meşələrində - Syerra-Leonedən tutmuş, Viktoriya gölünədək olan geniş bir ərazidə yaşayırlar. Bu heyvanları əhliləşdirmək çox asandır və onlar zoopark şəraitinə yaxşı uyğunlaşır. Bəzən şimpanzelər heyvanxanada işləyən əməkdaşlara elə bağlanırlar ki, xəstələnib-eləyəndə ağlayaraq, onları çağırırlar!

Şimpanzelərin həyatını öyrənən mütəxəssislər deyir ki, “şimpanze dili”nə aid edilməsi mümkün olan azı 20 müxtəlif səs var. Şimpanzelər yerdə dörd pəncəsinin sümüklərinə söykənərək hərəkət edir. Bu meymunun erkəyinin bəzən 70 kiloqrama yaxın çəkisi, 1,5 metr boyu  olur, amma ümumilikdə şimpanze daha o qədər də iri olmur.

 

Müxtəlif it cinsləri necə əmələ gəlib?

 

İtlər bütün qalan heyvanlardan daha erkən əhliləşib. Bu baş verən zamandan etibarən insanlar 200-dən artıq it cinsi yetişdiriblər. Bəzən bu cinslər konkret ehtiyacların ödənməsi üçün yetişdirilirdi. Çox vaxt yeni ölkələrə gəlib çıxan itlər ya yerli vəhşi itlərlə cütləşir, ya da yad iqlimə uyğunlaşaraq görkəmlərini dəyişirdilər.

İqlim fərqi, məsələn, Meksikada qısa tüklü, Uzaq Şimalda isə uzun tüklü itlərin yayılmasına səbəb olan amillərdən biridir. İtlərin cinslərini müəyyənləşdirmək elə onların necə yarandığını izləmək qədər çətin bir işdir.

Havadakı qoxulara köklənən ov itləri; izlərdən iy alıb ov edən tulalar; ov zamanı yuvaları eşən teryerlər; xidmət itləri; oyuncaq-itlər və onların cürbəcür mələzləri var. Bəzi it cinslərinin yaranması haqda müxtəlif nəzəriyyələr mövcuddur. Poynterlər çox güman ki, fokshaundların törəməsidir. Onlar ov quşu görərkən bəlli bir duruş alırlar (ingilis dilində “to point”). Tulaların əksəriyyəti, yəqin ki, Fransada sent-yuber adı ilə tanınan itlərin nəslindəndir. Tulaların ən sürətliləri – fokshaundlar böyük ehtimalla yaxşı iy bilən tulalarla sürətli qaçan tulaların qarışığıdır. Qeyri-adi cins sayılan kunhaund isə Amerikanı fəth edənlər tərəfindən yetişdirilib.

Nyufaundlendlər ingilis axtarış itləriylə etibarlı çoban itlərinin calağından əmələ gəlib. Sebernarların əcdadı isə eyni zamanda üç it olub. Danimarka doqu, görünür ki, mastiflə tazının cütləşməsindən əmələ gəlib. Şpits, çau-çaunun qohumudur və Almaniyada yaradılıb. Buldoqlar isə hələ orta əsrlərdə əmələ gəlib və mastiflərlə qohumdur.

 

İtlər niyə sümüyü yerə basdırır?

 

İtlər bütün başqa heyvanlardan əvvəl insanın dostu kimi tanınıb. Yüz min illər əvvəl, Yer üzündə  sıx tükü olan mamontlar mövcud olanda və adamlar mağaralarda yaşayanda itlər insanlarla dostlaşıb. İtin kim bilir nə vaxtdan ev heyvanı sayılmasına baxmayaraq, onun davranışındakı bəzi cəhətləri çox-çox əvvəllərə, insanın hələ onları əhliləşdirmədiyi dövrlərə qayıtmaqla izah etmək mümkündür. Qəribədir ki, alimlər, məsələn, atlardan fərqli olaraq, itlərin əmələ gəlməsini dəqiqliyiylə izləyə bilmirlər.

Bəziləri hesab edir ki, itlər canavarla çaqqalın cütləşməsindən yaranıb. Digərləri isə bu fikirdədir ki, itlərin bəziləri canavardan, bəziləri çaqqaldan, bəziləri koyotlardan, bəziləri isə tülküdən törəyib. Ən ağlabatan nəzəriyyə isə bunu deyir ki, itin də, canavarın da eyni qədim əcdadı olub. Çox vaxt bir çox heyvanlar bizim günlərdə faydasız sayılan, amma bir zamanlar çox zəruri olmuş vərdişləri qoruyub saxlayırlar.

Bu vərdişlər, yaxud başqa sözlə desək, instinktlər yüz min illərdən sonra belə ölmür. Odur ki, itlərin vəhşi heyvanlardan törədiyini nəzərə alsaq, onların bəzi vərdişlərini izah etmək mümkünləşir.

İt bu gün də ehtiyat olaraq sümük basdırır, çünki onun vəhşi əcdadlarını insanlar yemlə təmin etmirdi. Buna görə də ehtiyat üçün sümük basdırırdılar. Bundan başqa it yatmaq üçün öz oxu ətrafında üç dəfə hərlənir. Yəqin onun cəngəlliklərdə yaşayan əcdadı yarpaqlar, otlar arasında yerini bu cür rahatlayırmış. İtlərin hürməsi isə, yəqin ki, onların bir zamanlar canavarlar kimi sürü şəklində yaşamasının göstəricisidir.

 

İtlər rəngləri seçə bilirmi?

 

Ailədə it həmişə hamının sevimlisi, gəzməkdə də, evdə də məmnuniyyətlə yanınızda olan sadiq dostdur və buna görə də onun dünyanı sizdən tamam fərqli gördüyünü anlamaq çətindir. Amma bilin ki, itlər rəng seçə bilmir. Onlara  rəng seçməyi öyrətmək üçün çoxlu təcrübələr aparılıb. Bu təcrübələrdə adətən yemdən istifadə olunurdu. Müəyyən rəng, yemək vaxtının çatdığına işarə idi. Lakin itlər bu rəngləri bir dəfə də olsun fərqləndirə bilmədilər. Əşyaları fərqləndirərkən isə itlər özlərinin əla iybilmə qabiliyyətlərinə əsaslanırlar.

Bəs pişiklər necə, görəsən, onlar rəng tanıyırmı? Bunu aydınlaşdırmaq üçün onlarla da xeyli təcrübələr aparılıb və bəlli olub ki, onlar da itlər kimi rəngləri seçə bilmir. Pişik hər şeyi boz rəngin müxtəlif çalarlarında görür. Yaxşı, bəs Yer üzündə rəngləri fərqləndirə bilən heyvan varmı? Təcrübələr göstərir ki, insandan başqa rəngləri seçə bilən yeganə məxluq meymundur. Əslində, heyvanların rəng sarıdan “korluğu” tam izah olunandır.

Vəhşi heyvanların çoxu axşamlar və gecələr, bütün rənglər bozarıb solanda ov edir. Üstəlik, bir çox heyvanların dəriləri də yeknəsəq rənglərdə olur. Ona görə də rəngləri seçmək heyvanlar üçün həyati əhəmiyyət kəsb edən məsələ deyil. Çünki onların əksəriyyəti qalan duyğu üzvlərini o qədər inkişaf etdirib ki, öz dünyalarında rahat dolana bilirlər.

 

İti nə dəli edə bilər?

 

Hamı bilir ki, it insanın ən yaxşı dostudur. Lakin bəzən ən mehriban it belə elə bir məxluqa çevrilər ki, onun bircə dəfə dişləməsi öldürücü olar! Bu, itin xasiyyətinin dəyişməsindən baş vermir. Bu ona görə olur ki, heyvan dəhşətli xəstəliyə yoluxur.

Bu xəstəliyin adı quduzluqdur. O, orqanizm üçün həyati əhəmiyyət kəsb edən baş və onurğa beynini sıradan çıxarır.

Xəstəliyin törədicisi virusdur – adi mikroskopda belə görünməyəcək dərəcədə xırda bir orqanizm. Adətən, quduzluq xəstəliyindən danışarkən itlər yada düşür, çünki insanlar bu xəstəliyə, əsasən onlardan yoluxur. Quduzluğa canavar, tülkü, skuns, inək, pişik, hətta yarasa da daxil olmaqla, bütün istiqanlı heyvanlar tutula bilər. Amma yuxarıda adlarını çəkdiyimiz heyvanların əksəriyyəti bu xəstəliyi insana çox nadir hallarda keçirirlər.

Sahibi bir müddət itinin quduzluğa yoluxmasından bixəbər qala bilər, çünki xəstəlik adətən, 4-6 həftədən sonra özünü göstərir. Onun ilk əlamətləri itin çox sakit olması, iştahasını itirməsi və qızdırmasının artmasıdır. Sonra it həyəcanlanmağa başlayır, onun ağzının suyu axır, heyvan mırıldayır, hürür və kimisə dişləməyə çalışır. Bu əlamətlərin görünməsindən üç-beş gün sonra heyvan ölür. Həmin virus heyvanın ağız suyunda olduğu üçün xəstəlik dişləmə zamanı ötürülür.

Ən dəhşətlisi budur ki, insan, yaxud heyvan quduzluq tutanda ölüm, demək olar, labüddür. Ona görə də xəstəliyin qarşısını almaq çox vacibdir. Əgər sizi it dişləsə, o dəqiqə həkimə müraciət etməlisiniz. Həmin virusun yayılmasının qarşısını alan xüsusi zərdab da var, amma o, üç gündən gec olmamaq şərtiylə orqanizmə daxil edilməlidir ki, köməyi olsun.

 

Bütün pişiklər mırıldayırmı?

 

Pişik öz razılığını nümayiş etdirəndə xəfifcə mırıldanır. Bu mırıltı səs tellərinin vibrasiyası nəticəsində yaranır. Pişik havanı ciyərlərinə yığır, amma bu hava yolüstü səs tellərindən keçib onları ehtizaza gətirir, yəni titrədir.

Beləliklə, pişik özü istəyəndə səs tellərinin havanın təzyiqi altında vibrasiya etməsinə imkan yaradır. Əgər pişik mırıldamaq istəmirsə, səs tellərindən istifadə etmir və biz mırıltı eşitmirik. Biz pişik deyəndə, təbii ki, ev pişiklərini nəzərdə tuturuq. Amma pişikkimilər fəsiləsində üzv çoxdur. Bəs siz bilirsiniz ki, pələng, şir, bəbir, yaquar, koquar, oselota, başaq da pişikkimilərə aiddir? Çıxardığı səslərə gəlincə, ev pişiyi mırıldamaqla yanaşı, miyoldaya, ulaya, çığıra bilir.

Pişikkimilərin başqa növləri də müxtəlif səslər çıxarır. Şirlə pələng nərildəyir. Yaquarla bəbir bərk öskürəyə bənzəyən səs çıxarır. Ən maraqlısı budur ki, boğazındakı bəzi sümüklərinin quruluşuna görə nə şir, nə pələng, nə yaquar, nə bəbir miyoldaya bilir! Əvəzində ölçülərindən asılı olmayaraq, bütün pişiklərin bədən nisbəti eynidir. Əgər siz pişiyin şəklini böyütsəniz, onun pələngə çox oxşadığının şahidi olacaqsınız.