Elektron ədəbiyyat və sənət portalı

Mensa gözəlçəsi

Bölmə: Ədəbiyyat 01.04.2016

Vudi ALLEN (ABŞ)

Özəl detektivin həyatında vacib bir şey - gərək instinklərinə inanmağı öyrənəsən. Ona görə də Vord Bebkok adlı əfəl, ofisimə girib dərdini danışanda canıma qarışqa daraşdığına inansaydım, daha yüngül olardı.

- Kayzer? – dedi, - Kayzer Lupovits?

Cavab verməli oldum: “Lisenziyamda elə yazılıb...”.

- Siz mənə kömək etməlisiniz. Məni şantaj edirlər. Qurtarın canımı!

Rumba rəqqası kimi əsirdi. Ona stəkan, bir də viski şüşəsi uzatdım – həmişə əlimin altında olur, qeyri-tibbi məqsədlər üçün müntəzəm istifadə edirəm. “Bəlkə sakitləşib hər şeyi danışasınız mənə?”

- Siz... mənim arvadıma deməzsiniz başıma gələnləri?

- Söz verə bilmərəm, Vord. Sakitləş.

O, viski süzməyə cəhd elədi, amma şüşənin stəkana dəyərək necə cingildəməsi, yəqin, qonşu məhəllədə də eşidilirdi deyə, mayenin çoxu elə ayaqqabısının içinə axdı.

- Mən zəhmətkeş babayam, - Vord dedi. – Montaj, təmir. Biz pinbol avtomatları quraşdırırıq, onlara texniki xidmət göstəririk. Bilirsiz də, balaca topları, cürbəcür blokbasterlərdən süjetləri olan avtomatları deyirəm.

- Sonra?

- İmkanlılar onları çox sevir. Uoll-Stritə o qədər satmışıq ki...

- Mətləbə keçin.

- Mən tez-tez ezamiyyətlərdə oluram. Bilirsiz də, təklik adamı necə sıxır? Yəni, başqa şey fikirləşməyin, ha! Mən intelligent adamam. Əlbəttə, yolda adam hər şortuya rast gələ bilər. Amma həqiqətən ağıllı qadın – yox, beləsini bir gecəlik tapa bilməzsən.

- Hə-ə...

- Belədir də, mən on səkkiz yaşlı bir qız barədə eşitdim. Tələbədir. Müəyyən məbləğə gəlir, onunla istədiyin mövzunu müzakirə eləyirsən – Prustu, Yeytsi, antropologiyanı... Fikir mübadiləsini nəzərdə tuturam, yəqin başa düşürsünüz də?

- O qədər də yox.

- Mənim gül kimi arvadım var, səhv başa düşməyin. Amma onunla Paundu müzakirə edə bilməzsən. Ya da Eliotu. Evlənəndə, hələ bunu bilmirdim. Başa düşün, Kayzer, intellektual cəhətdən stimul ola biləcək bir arvad lazımdır mənə. Buna görə lap pul verməyə də hazıram. Uzun sürən əlaqəyə qəti ehtiyacım yoxdur – mən ani zehni təkanın acıyam və bundan sonra qız çıxıb getsə, daha yaxşı olar. Aman ilahi, Kayzer, mənim xoşbəxt ailəm var...

- Həmin qızla nə qədər çəkdi münasibətiniz?

- Altı ay... İçimdə belə bir istək baş qaldıranda Flossiyə zəng elədim. O, aradüzəldəndi, müqayisəli ədəbiyyatşünaslıq sahəsində elmlər namizədidi, mənim yanıma həmişə intellektual qızlar göndərir...

Hər şeyi anlamışdım: mənim qarşımda zəif damarı ağıllı qadınlar olan oğlanlardan biri oturmuşdu. Yazığın halına acıyırdım. Yəqin bizim şəhərdə intellektual ünsuyyət həvəsində olan və buna xeyli pul buraxmağa hazır belə həriflər çoxdur ki, bu biznesin bazarı da formalaşıb.

- İndi də mənə hədə-qorxu gəlir, arvadıma hər şeyi danışacağını deyir.

- Kim?

- Kim olacaq, Flossi. Onlar bizim görüşlərimizi lentə alıblar. Əllərində “Çöllüklər” romanı, “Dostoyevskinin yaradıcılıq problemləri” ətrafında diskussiyalarımız var. Orada çox dərin mətləblərə toxunuruq. Məndən on min istəyirlər, yoxsa lentləri Karlaya verəcəklər. Kayzer, siz mənə mütləq kömək etməlisiniz! Karla bilsə ki, məni intellektual cəhətdən ehtiraslandırmır, çatlayıb ölər!

Bu, çağırışa çıxan qızların çoxdankı fəndi idi bu. Eşitmişdim ki, bizim ərazinin uşaqları bu yaxınlarda savadlı qızlarla birləşib reketçilik eləyən bir dəstənin sorağını alıbmış, amma kələfi açmaq istəyəndə, yuxarıdan möhkəm sıxmışdılar onları.

- Sən bir o Flossiyə zəng vur görüm...

- Nə?

- Sənin işinə girişirəm, Vord. Günə əlli dollar, üstəgəl xərclər. Sən bu məsrəfə girmək üçün gərək çoxlu pinbol avtomatı təmir edəsən.

- Hər halda on min olmayacaq ki, - istehza ilə dedi, telefonu götürüb nömrəni yığdı. Mən dəstəyi ondan alıb göz vurdum. Bu oğlan xoşuma gəlməyə başlayırdı.

İkicə saniyədən sonra mənə məxmər kimi bir səs cavab verdi, istəyimi ona bildirdim.

- Deyirlər ki, siz adamları bir-iki saatlıq unudulmaz ünsiyyətlə təmin edə bilərsiniz...

- Əlbəttə, əzizim. Nə haqda danışmaq istəyisən?

- Melvill barədə. İstəyirəm ondan danışım.

- Mobi Diki nəzərdə tutursunuz, yoxsa daha qısa romanlarını?

- Nə fərqi var ki?

- Fərq qiymətədir. Yalnız və yalnız qiymətdə. Simvolizm üçün əlavə ödəniş tələb olunur.

- Neçəyə başa gələcək?

- Əlli, Mobi Dikə görə uzaq başı yüz. Bəlkə, sən müqayisəli analiz istəyirsən: məsələn, Melvillə Qotorn arasında... Onda, yüz olacaq.

- Pulda problem yoxdur, - dedim və ona Plazada otağın nömrəsini verdim.

- Sarışın olsun, yoxsa, qaraşın?

- Fərqi yoxdur, amma təəccübləndir məni – mən təəccüblənmək istəyirəm, - deyib dəstəyi asdım.

Üzümü qırxdım, bir fincan qara qəhvə süzüb “Monarx” nəşriyyatının “Klassik ədəbiyyat üzrə referatlar” seriyasından olan  bir kitabçanı vərəqlədim. Bir saatdan sonra qapımı döydülər. Açıb gördüm ki, kandarda bədən quruluşundan Lara Kroftu xatırladan kürənsaçlı bir qız durub.

- Salam. Mənim adım Şerridir.

Belələri kişilərin qəlbinə girməyi həqiqətən yaxşı bilirlər. Qızın uzun, düz saçları, təbii dəridən çantası, gümüş sırğaları vardı, maikiyajdan əsər-əlamət yox idi.

- Maraqlıdır ki, bu görkəmdə səni içəri necə buraxdılar? Qapıdakı quşbala, adətən, intelligentləri yaxşı seçə bilir axı...

- Elələrinə nə var ki, elələrini bir beşliklə rahatlayırsan.

- Hə, başlayaqmı? – deyib taxta işarə elədim.

Siqaretini alışdırıb ilk dəqiqədən dördnala getdi. “Elə bilirəm başlanğıcda Melvillin “Billi Bad”ı, Tanrının insana münasibətini əsaslandırmaq cəhdi kimi nəzərdən keçirməsindən danışmaq, bu məsələni araşdırmaq olar, n’est-ce pas? (düz demirəm? – fransızca).

- Maraqlıdır, amma miltonvari alınmır da! - Mən blef edirdim, istəyirdim ki, görəm, qarmağa düşəcəkmi. Hə, düşdü. Qarmağa düşdü.

- Hə. Hə. Aman ilahi, sən nə qədər haqlısan, - pıçıldadım.

- Mən bu fikirdəyəm ki, Melvill günahsızlığın dəyərini sadəlövh, amma fəlsəfi baxımdan mürəkkəbləşdirilmiş bir üslubla təsdiqləyir, elə deyil?

Ona imkan verdim, qoy fikrini inkişaf etdirsin. Hələ on doqquz yaşı yox idi, lakin artıq onda yalançı intelligentlərə xas bir davranış formalaşmışdı. O, öz ideyalarını bir-birinə calayır, hüdüləyib-tökürdü, amma bütün bunlar adama sırf mexaniki təsir bağışlayırdı. Mən araya bir kəlmə dürtüşdürəndə, o, saxta bir maraq, bir heyranlıq oynamağı özünə borc bilirdi: “Elədir, Kayzer! Elədir, əzizim. Xristianlığın platonik dərki – indiyədək necə ağlıma gəlməyib mənim?”

Bir saatlıq söhbətdən sonra dedi ki, vaxtdır, getməlidir. Ayağa qalxdı, mən yüzlüyü ona uzatdım.

- Sağ ol, əzizim.

- Dəyməz, məndə bunlardan çoxdur.

- Nə demək istəyirsən?

Onu maraqlandırmışdım. Yenə oturdu.

- Təsəvvür elə ki, mən bir yığıncaq təşkil etmək istəyirəm.

- Nə yığıncaq?

- Təsəvvür elə ki, istəyirəm Xomskini mənə izah etsinlər. İki qız...

- Oho.

- Yox, əgər istəmirsənsə...

- Sən Flossi ilə danışmalısan, - dedi. – Bunun qiyməti...

Qarmağı dartmağın zamanı gəlmişdi. Ona detektiv nişanımı göstərdim və bunun bir qurğu olduğunu söylədim.

- Nə?

- Mən polisəm, balası, Melvillin pullu müzakirəsi isə 802-ci maddədir. Səni tutacaqlar.

- Ay səni, alçaq!

- Balası, hər şeyi boynuna alsan yaxşıdır. Təbii ki, əgər yaşadığın ağır həyat barədə polis məntəqəsində danışmaq istəmirsənsə...

O ağladı.

- Məni ələ vermə, Kayzer, - dedi. – Pul mənə kurs işimi bitirmək üçün lazım idi. Qrant vermədilər. İmtina etdilər. Düz iki dəfə. Aman, ilahi...

İndi artıq hər şeyi necə var, danışırdı. Yəhudi məhəlləsində ev, Brandeysdə sosialistlərin yay düşərgəsi... Belə qadınları ya Bertoluççinin premyaraları üçün növbədə duran, ya da Hegelin kitabxanalardakı cildlərində avtoqrafını qoyub “Tam dəqiq!” yazan görürsən.

Amma bu qız yolüstü, hardasa səhv döngəyə burulmuşdu.

- Ehtiyac içində idim. Rəfiqəm dedi ki, bir evli kişi tanıyır, arvadı elə də ağıllı deyildi. Amma özü Bleyklə maraqlanırdı. Rəfiqəm gedə bilmirdi, mən də dedim, pul versə, onunla Bleykdən danışa bilərəm. Əvvəlcə, həyəcanlanırdım, özümü süni aparırdım. Amma kişi üçün elə də fərqi yox idi. Rəfiqəm sonra mənə dedi ki, həmin kişiyə bənzər başqaları da var. Bu, birinci dəfə deyildi, görüşlərə pulla getdiyim üçün əvvəllər də ilişmişəmmiş. Bir dəfə dayanacaqda duran bir maşının içində “Proloqomena”nı ucadan deklamasiya edirdim, növbəti dəfə də mağazada saxlayıb üst-başımı axtarmışdılar... Təsəvvür elə ki, bir dəfə də ilişsəm, evim yıxıldı...

- Onda məni Flossinin yanına apar.

Dodağını dişləyib dedi:

- Onların oylağı Hanter Kollecin kitab mağazasıdır.

- Eləmi?

- Bukmekerlər kimi – bunlar da kontorlarını bərbərxanalarda gizlədirlər. Özün görəcəksən.

Mən tez polis məntəqəsi ilə əlaqə saxladım, sonra ona belə dedim.

- Okey, balaca. Sən azadsan. Amma şəhəri tərk eləmə.

Başını qaldırdı:

- Mən sənə Duayt Makdonaldın mütaliəsinin fotolarını tapa bilərəm.

- Gələn dəfə, imkan olanda.

Hanter Kollecin kitab mağazasına girdim. Parlaq gözlü bir cavan satıcı oğlan mənə yaxınlaşdı.

- Sizə yardım edə bilərəm?

- Mən nadir bir nəşri axtarıram - “Zirək oğlanlar rəqs eləmir”. Bildiyim qədər, müəllif ondan bir neçə min nüsxə qızılla işlənmiş dəri üzlükdə buraxıb...

- Araşdırmalıyam, - dedi. – Bizim Meyler nəşriyyatı ilə də əlaqələrimiz var.

Diqqətlə ona baxdım:

- Məni Şerri göndərib...

- Onda siz bu tərəfə keçməlisiniz. – Düyməni basdı; içində kitablar olan iki rəf aralandı və mən madam Flossinin par-par yanan həzz sarayına günahsız quzu balası kimi qədəm basdım.

Qırmızı divar kağızları və otağın Viktorian üslubunda dekoru ortama bir ahəng verirdi. Solğun sifətli, qalın sağanaqlı eynək taxmış əsəbi qızlar divana yayxanıb barmaqlarını mənalı-mənalı “Penquin Klassiks” nəşrlərinin vərəqlərində gəzdirərək diqqəti cəlb edirdilər. Sarışın qız gülümsünüb ikinci mərtəbədəki otaqlara işarə etdi: “Edqar Uollas” necədir?..

Amma burda yalnız intellekt deyil, emosiyalar da satılırdı. Əlli dollara metafiziki yaxınlığa nail olmaq mümkün idi. Yüz versən, qız səninlə birgə Bartokun musiqilərinə qulaq asar, hələ şam da edərdi. Yüz əlli olsa, Tomas Mannın ekizləri haqda sənədli filmə baxardınız. Üç yüzə lap möcüzə göstərirdilər: arıq, qaraşın yəhudi qızı sizə Müasir İncəsənət Muzeyindən danışırdı. Birlikdə onun magistr işinin tezislərini oxuyur, sonra da “Eleyns”dən qadın freydist konsepsiyası ilə əlaqədar isterika göstərir, lap axırda da ikiniz bir yerdə könüllü intiharı imitasiya edirsiniz – bəziləri üçün çox uğurlu, məzmunlu bir axşam olur. Pis biznes deyil. Nyu-York yaxşı şəhərdir.

- Xoşunuza gəlir? – arxadan bir səs soruşdu. Dönəndə, özümü otuz səkkiz kalibrli revolverlə tet-a-tet gördüm. Mənim əsəblərim poladdandır, amma bu dəfə içimdə hər şey başayaq oldu. Hə, bu, Flossi idi. Həmin səs idi, amma Flossi kişi imiş. Onun üzünü maska örtürdü.

- Sən inanmazsan, amma mənim heç bakalavr dərəcəm də yoxdur. İki aldığıma görə atdılar bayıra.

- Ona görə maska taxırsan?

- Mən “Nyu-Yorkun kitab xülasəsi”nin direktorlar şurasında səslərin çoxunu ələ keçirmək üçün mürəkkəb bir sxem hazırladım, amma bu o demək idi ki, gərək Layonel Trillinqin eynisi olaydım. Əməliyyat üçün Meksikaya getdim. Huaresdə bir həkim var, adamlara Trillinqin sifət cizgilərini verir, xeyli də pul alır. Amma nəsə, alınmadı, özüm Odenə, səsim Meri Makkartinin səsinə oxşadı. Bax, onda qanunu pozmağa məcbur oldum.

Zirək tərpəndim, o, tətiyi çəkməyə macal tapmamış əsas məsələyə keçdim. İrəli əyilib dirsəyimlə çənəsindən ilişdirdim, yıxılanda tapançasının lüləsindən yapışdım. Zibil torbası kimi yerə sərildi. Polis gəlib çıxana kimi, o ki var, deyindi.

- Əladır, ustalıqla işlədin, Kayzer, - serjant Holms dedi. – Biz işimizi bitirən kimi, FTB-çilər xosunlaşacaq onunla - Dante Cəhənnəminin şərhli nəşrində fırıldaqlarla əlaqədar iki qumarbazın məsələsi var, o barədə... Aparın onu, uşaqlar.

Axşam köhnə tanışım Qloriyaya baş çəkdim. O da sarışındır. Özü də əla qiymətlərlə oxuyub. Fərq yalnız bundadır: o, idmanı bitirib. Və nə yaxşı ki...

Qeyd: Mensa – “İQ” koffisenti çox yüksək olan adamları birləşdirən təşkilat.

Tərcümə edən: İlqar ƏLFİ