Elektron ədəbiyyat və sənət portalı

Abbasqulu ağa Bakıxanovun sirləri

Bölmə: Elm 01.04.2016

Osmanlı sultanına təqdim olunan əsər

 

Əsər bugünədək öz layiqli dəyərini almayıb. XIX əsrin 20-ci illərində dövlət əhəmiyyətli ezamiyyətdən istifadə edərək, bir çox Baltik ölkələrini gəzən və coğrafi səyahət xarakterli əsərlər yazan A.Bakıxnov qələmini elmi astronomik mövzuda da sınayıb. Polşaya səfəri zamanı böyük alim, astrofizika sahəsində inqilabi kəşflərin müəllifi, heliosentrik nəzəriyyəsinin banisi Nikolay Kopernikin ev muzeyində olur. Onun, demək olar ki,  bütün əsərləri ilə tanış olan Bakıxanov alimdən təsirlənərək “Kainatın sirləri” adlı əsərini yazır. Bakıxanovun uğuru ondan ibarət olur ki, təkcə elmi nəzəriyyə və quru riyazi  hesablamalar, quru faktlarla kifayətlənmir. Bir Şərq filosofu kimi onları İlahi məntiqlə əlaqələndirir. Beləliklə də, elmlə fəlsəfənin vəhdətinə nail olur. O, qismən də olsa, Yer kürəsinin qarşılaşacağı potensial təhlükələri şərh edir. Hətta deyilənlərə görə, əsəri, Osmanlı sultanı Əbdülhəmidə ona qarşı yaranacaq təhlükələrdən xəbərdar olması məqsədilə  təqdim etmək istəyir.

 

Kainatın sirr dolu fəlsəfəsi

 

Abbasqulu ağa Bakıxanov əsərdə kainat sirləri və bu sirlərin bətnində cəm olan fəlsəfədən danışır. Avropanın nəhəng alimləri Kepler və Nyutonun fizika elmi tarixində partlayış  edən nəzəriyyələrini də bu İlahi hikmətlə əsaslandırır. Keplerin nəzəri astrofizikanın əsasını təşkil edən 3 qanunu burada Şərq hikməti ilə ustalıqla əlaqələndirilir. XVII əsrdə Keplerin yerin günəş ətrafında hərəkətini izah edən üç qanunu Bakıxanov üçün çox gözəl bir material, elmi mənbə rolunu oynayır. Ulduzların, milyardlarca səma cisimlərinin, “Süd yolu” qalaktikasının və milyonlarla bu kimi qalaktikanın təşkil etdiyi Vahid Kainat sisteminin necə tənzimləndiyini  göstərmək üçün o, Kepler qanunlarını əsas kimi nümunə göstərir. Keplerin Yerin Günəş boyunca elleptik hərəkətini Bakıxanov, İlahi hikmətin elmi əsası kimi səciyyələndirir:

“Adamın başına belə bir fikir gələr: görəsən bu müxtəlif hərəkətlərin bir-birinə uyğun gəlməsinə hansı təbii səbəb, onlardakı nizamın sabit olması üçün nə kimi qayda vardır?

Hicri təqvimi ilə XI əsrin (XVII əsr - red) görkəmli alimləri Kepler və Nyuton bu suallara ən yaxşı cavab vermişlər. Birincisi – səbəbi, o biri – nəticəni əldə etmişdir.

Bu qanunlar üçdür: 1) Planetlərin orbitləri dəyirmi yox, ellipsvarıdır. O, bu qanunu Yerin Günəş ətrafında dövr edərkən cənuba nisbətən şimal tərəfdə 9 gün çox olmasına əsaslanaraq kəşf etmişdir.

Buna gorə də Günəş şimal tərəfdə qış olarkən Yerə yaxın olur. Sonra Kepler başqa planetlər və onların peyklərinin orbitlərində də bunu aşkara çıxarmışdır”.

Bakıxanov elmi əsərə iki nəzəriyyənin müqayisəsi istiqamətindən yanaşıb. Həmin nəzəriyyələrdən birincisi antik dövr yunan alimi Ptolemeyin yer haqqındakı nəzəriyyəsidir.

Ptolemeyin Yerin hərəkəti barəsindəki nəzəri fikirləri Bakıxanovu qəti razı salmır.  Çünki həmin nəzəriyyə yerin sükunətdə olması və Günəşin onun ətrafında fırlanması kimi xarakterizə olunur. Bakıxanovu bu məntiq qane etmir. Çünki yunan hegemonluğu nəticəsində az qala bütün dünyada Yer hərəkətinin əsas formulu kimi sırıdılan bu nəzəriyyə elmi əsasdan kənar olduğu üçün İlahi hikməti də əks etdirmirdi.

Konkret  dəlillər  gətirən və xüsusi riyazi  hesablamalara söykənən  Bakıxanov öz arqumentlərini dahi polşalı alim Nikolay Kopernikin Heliosentrik nəzəriyyəsi ilə əsaslandırır.

 

Heliosentrik nəzəriyyə

 

Orta əsr Avropasında yerin hərəkəti barədə ilk dolğun nəzəriyyə olan Heliosentrik nəzəriyyəni Bakıxanov kainatın  əsas dövrü qanunu kimi  təsvir edir. 1543-cü ildə Kopernik tərəfindən  kəşf edilən və astronomiya tarixində inqilab sayılan  Heliosentrik nəzəriyyəyə əsasən Yer öz oxu ətrafında və digər planetlərlə birlikdə günəş ətrafında fırlanır. Bu iddia kilsənin - Yer kainatın mərkəzidir - tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük hay-küy qopardı. Kopernikin iddiası bu idi ki, onun sistemi hesablamaları asanlaşdırır.

O, həmçinin planetlərin  Günəş ətrafındakı tam dövr və onların günəşə qədər olan məsafələrini astronomik vahid olaraq hesablamışdı.

Bu hesablamalar Bakıxanovun “Kainatın sirləri” əsərində ortaya qoyduğu dəlillər idi:

“Astronomiya elmində iki nəzəriyyə vardır: bunlardan biri rumlu Ptolemeyin nəzəriyyəsidir. Bu nəzəriyyə Yerin sükunətdə olması, Günəşin isə onun ətrafında fırlanmasına əsaslanır. O biri isə polşalı Kopernikin nəzəriyyəsidir ki, birincinin əksinədir.  Hər ikisinin milliyyətcə bizdən  fərqli olduğunu xüsusi nəzərə almaqla əqli qavrayışların təqlidinə yol verilməməsi, əqlin üstün tutduğu və şəriətə uyğun gələn şeyi götürməyi zəruri edir və öz dediklərini üstün tutaraq haqlı olduqlarını iddia edənlərin təqlidindən çəkinməyi lazım bilir. Birincidən fərqli olaraq o biri nəzəriyyənin qəti həndəsi dəlillərlə təsdiq edildiyini, hədis və ayələrlə təsbit oluna bilindiyini görərək, sonuncu peyğəmbərlik sahibinin hicrətindən  coğrafiya elminə aid kitabımın riyyaziyyat bölməsindən olan müqəddimə, üç fəsil və nəticədən ibarət kiçik bir risalə yazdım. Allahdan bu işi yaxşı başa catdırmağımı diləyirəm”.

Göründüyü kimi, o,  burada əsərin yazılma səbəbini izah edir. Kainat elminə aid Şərq dünyasında o qədər də müfəssəl əsərlərin yazılmaması və insanların bundan xəbərsizliyini əsas gətirərək, Bakıxanov bu sahədə də qələmini sınayır. Onun başqa bir missiyası da Şərq dünyasını xəbərdar etmək idi. Avropa Şərqdən  oğurladığı elm, fəlsəfə,  mədəniyyətin işığından tutaraq kainat sirlərini kəşf etdiyi halda, Şərq dünyası XIX əsrdə belə bu məsələlərə girişə bilmir.

Dövlət qulluqçusu olmasına baxmayaraq ensiklopedik bilik daşıyıcısı kimi yetişən Bakıxanovun da bu əsəri  o səbəbdən yazılır. 

Əsər 3 hissəlidir. On bir fəsildən ibarət olan  birinci hissə Yerin hərəkəti haqqındadır. Amma fəsillərin sayından da göründüyü kimi, burada tək Yerin hərəkəti yox, eləcə də onun forması, dövriliyi, iqlimi, qütbləri,  üfüqləri, meridian və paralelləri barədə geniş məlumat verilir. Əsərin əsas qayəsi isə ikinci hissədə üzə çıxır. “Göy cisimləri haqqında” adlanan bu hissə beş fəsildən ibarətdir. Kainatın sirləri, ulduz partlayışı, qalaktikalararası toqquşmalar da bu hissədə əks olunur. Onların bəzilərini ilk dəfə olaraq Abbasqulu ağa elmi əsaslarla sistemləşdirib riyazi üsullarla hesablayaraq dəqiq qənaətə gəlib.

Göy cismləri bölməsində  Ayın vəziyyəti,  Günəşin hərəkəti, planetlərin yerləşmə ardıcıllığı və onların Günəş ətrafında hərəkəti müfəssəl şərh olunub. Əsasən astronomik hesablamalara əsaslanan  bu şərhlərdə İlahi hikmət məqamı gizli fon kimi özünü qoruyub saxlaya bilir. Bakıxanov hər hesablama nəticəsində gəldiyi qənaəti məhz bununla əsaslandırır. Ulduzların sirləri adlı fəsildə bu məqam özünü daha çox büruzə verir:

“Səmada görünən ağ ləkələr  uzaq kəhkəşanlardır. Herşel məşhur teleskopu ilə bunları kəşf edərək demişdir ki, sayı 3000-ə çatan bu ləkələr parlaq nöqtələrdən ibarətdir. Əgər adıçəkilən yaxın kəhkəşan indiki yerinə nisbətən bizdən 2000 dəfə uzaqda yerləşsəydi, onda o da həmin ləkələr kimi görünərdi. Ehtimal olunur ki, onların arxasında göz və alətlə görunməsi mümkün olmayan saysız-hesabsız kəhkəşanlar gizlənir”.

Qeydin altında  çox gizli mətləblər yatır. Müəllif Yer kürəsinin nə qədər kiçik bir mexanizm olmasını diqqətə çatdıraraq, onu Allahın tənzimləyici qüvvəsi sayəsində özündən milyonlarca böyük olduğu qalaktikada necə qərar tutmasını  nümayiş etdirir. Təhlükə məqamını təsvir metodu da bu qeyddən yan keçmir. Bakıxanov sayı-hesabı bilinməyən ulduz yığınının birsaniyəlik qeyri-müntəzəm hərəkəti nəticəsində Yer kürəsinin asanlıqla darmadağın oluna biləcəyi ehtimalını irəli sürür.

Günəşin mərkəzində yerləşən qara ləkələr barədə məlumat verəkən də o, bu təhlükəni xatırladır. Astronomiya elmi hələ o zaman bu qara ləkələri yeni-yeni öyrənməyə başlayırdı. O qara ləkələr ki, Yerin həcmindən dəfələrlə böyük idi. O, oradan gözlənilə bilən potensial təhlükənin Yerin hərəkət mexanizmi üçün nə dərəcədə böyük zərbə vuracağını  qeyd edib. Günəşin özündə istiliyin olmaması və  ətrafında hərəkət edən cisimlərdə bu istiliyi əksetdirmə kimi fərziyyələrini  də irəli sürür. “Nur mənbəyi”  adlandırdığı Günəşi qalaktikanın şahı deyə səciyyələndirir və mərkəzdə dayanaraq hər bir cismi  özünə çəkməsini də elmi yöndən izah etməyə  çalışır.

Burada səma cisimlərinin toqquşması nəticəsində yarana biləcək astronomik fəlakətlərlə bərabər, filosof həm də ilahi hökmlərin pozulması nəticəsində yarana biləcək ruhi,  mənəvi çöküşlərə işarə edib.  Bu məqamları bir neçə detalla izah etmək olar: əslində  dünyanın dağılmasını göstərməklə yanaşı o, həm də İlahi nizamın pozulma sistemini əks etdirib.  Çünki bü gün kainat mexanizmi kimi insan da mikrokainat kimi məhz  ilahi hökmlərə tabedir. Amma təbii ki, elmi dəlillərlə əsaslandırılan fəza təhlükəsini də emosionallığın məhsulu olaraq göstərməyib. Burada dəqiq riyazi hesablamalar var və XX əsrdə Avropa alimlərinin bəzi nəzəriyyələri və səma cisimləri arasında baş verən toqquşmalar  “Kainatın sirləri”nin nə dərəcədə elmi məxəz olduğunu əks edir. Nəticə tam etibarilə sonda İlahi hökmlərə söykənir. Bütün cisimlər tam olaraq mərkəzə doğru hərəkət edir və “əvvəl-axır qayıdış mənədir” ayəsinə bənzədilməsi ehtimalı təsdiqlənir.

Elmin NURİ