Elektron ədəbiyyat və sənət portalı

Zürafənin səsi varmı?

Bölmə: Elm 08.04.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Keçilər nə yeyir?

 

Adama elə gəlir ki, keçilər praktiki olaraq hər şey yeyir. Və ən maraqlısı odur ki, həqiqətən də belədir! İnstinkt keçiləri ziyanlı şeylər yeməyə qoymur, amma, buna baxmayaraq, keçi bütün başqa heyvanların imtina etdiyi şeyləri də yeməyə cəhd göstərir. Bunun səbəbi odur ki, başqa ev heyvanları üçün nəzərdə tutulmuş yemlər keçiyə nadir hallarda çatır. Keçi ev heyvanlarının ən optimist, yəni nikbin nümayəndəsi sayılır. Onları adətən pis yemlədiklərindən, keçilər qabaqlarına çıxan hər şeyi yeyirlər ki, bəlkə dadlı bir şey tapdılar. Keçilərlə insan arasında çox qəribə münasibət var. Buna baxmayaraq, ən faydalı heyvanlardan biri də məhz elə keçidir.

Qədim zamanlardan keçilər adamları müalicəvi süd və kifayət qədər dadlı ətlə təmin ediblər. Onların dərisindən gön, yunundan yumşaq, isti paltarlar düzəlir. Lakin böyük faydalarına baxmayaraq, keçinin adamlar arasında hörməti yoxdur. Buna görə heyvan özünün pis xasiyyətinə və xüsusilə də xoşagəlməz qoxusuna “minnətdar” olmalıdır. Keçi insan üçün bütün başqa ev heyvanlarından çox iş görüb. Məsələn, keçi südü inək südündən qat-qat faydalı sayılır və onu adətən uşaqlara, əlillərə verirlər, çünki bu süd asan həzm edilir. Bəziləri keçini ətinə görə, digərləri dərisinə görə saxlayır.

Keçi dərisindən layka, safyan adlanan çox qiymətli gön istehsal olunur. Anqor və Kəşmir cinslərindən olan keçilər isə qiymətli yununa görə əvəzsizdir.

Belə hesab olunur ki, keçiləri ilk dəfə indiki İran ərazisində mövcud olmuş, Persiya adlanan qədim dövlətin ərazisində əhliləşdiriblər. Amma indi onu dünyanın bütün ölkələrində saxlayırlar. Avropa və Asiyada keçinin, təxminən 10 vəhşi növü aşkar edilib. Onların hamısı dağlıq nahiyələrdə yaşamağa üstünlük verən özünəəmin, fəal heyvanlardır.

 

Uzunqulaqla eşşək arasında fərq nədədir?

 

Necə bilirsiniz, uzunqulaqla eşşəyin fərqi nədədir? Heç nədə. Məsələ bundadır ki, bu adların ikisi də eyni heyvana aiddir. Eşşək ilk əhliləşdirilən ev heyvanları arasındadır. Misirlilər onu azı 5000 il əvvəl əhliləşdiriblər.

Özünün fövqəladə xeyirli olmasına görə eşşəklər dünyanın hər yerində saxlanılır. Məsələn, Somalidə və Afrikanın başqa yerlərində vəhşi Somali eşşəkləri olur. Onlar çox ehtiyatlı heyvanlardır, 5-20 arasında sayı olan qruplar şəklində yaşayır, səhrada quru ot və kollarla qidalanırlar. Yerli qəbilələrin əksəriyyəti bu heyvanları ətinə, dərisinə görə ovlayır, yaxud satmaq üçün tutur. Ona görə də hal-hazırda bu növ azala-azala gedir. Eşşəyin bir neçə vəhşi növü Asiyada da yaşayır.

Onlardan birinin keçmişdə Suriyada və Orta Şərqin digər yerlərində yaşamış Suriya eşşəyinin indi, yəqin ki, kökü kəsilib.

Eşşəklər səhra şəraitində yaşamağa uyğunlaşıblar və bir müddət susuz keçinə bilirlər. Balalayanda eşşəklər böyük sürülərdə birləşir, amma tezliklə xırda-xırda dəstələrə bölünür və ölkəyə dağılırlar. Müasir eşşəklər Afrikanın şimal-şərqində yaşayan Nubiya eşşəklərindən əmələ gəlib. Bir zamanlar bu heyvanlar Nil çayından Qırmızı dənizə kimi, çox geniş ərazidə yaşayırdı. Lakin vəhşi eşşəyin bir çox növü artıq məhv edilib və indi insanlar mövcud olan bir neçə növü qorumağa çalışırlar. Meksika və Mərkəzi Amerikanın bir çox yerlərində eşşək ən geniş yayılan nəqliyyat vasitəsidir və bu işdə atı da, maşını da əvəz edir.

 

Fillər hər şeyi xatırlayırmı?

 

Əsrlər boyu dillərdə cürbəcür əfsanələr dolaşır və insanlar çox vaxt onlara inanır. Belə əfsanələrdən birində deyilir ki, fillər heç vaxt, heç nəyi unutmurlar. Burda müəyyən dərəcədə həqiqət var. Fillər, doğrudan da yaxşı yaddaşa malikdirlər. Onların yaddaşı, yəqin ki, bütün başqa heyvanlarınkından möhkəmdir. Fillərin onlara pislik edən insanları yadda saxlamasına, uzun illərdən sonra ondan intiqam almasına dair xeyli faktlar var. Bununla belə, heç şübhə yoxdur ki, fillər hər şeyi yadda saxlaya bilməz.

Bir özünüz düşünün, görün vəhşi filə təlim vermək nə qədər çətin bir işdir. Təlimçi bəzən heyvana zərbələr endirərək onu xoşlamadığı işi görməyə məcbur eləməli olur. Əgər fillər həqiqətən heç nəyi unutmasaydı, onları əhliləşdirmək də mümkün olmazdı, heyvan daim öz təlimçisinə hücum edərdi. Amma bu, heç də belə deyil.

Təlim görmüş fil insanlara qarşı çox mehriban olur, onların bütün tapşırıqlarını məmnuniyyətlə yerinə yetirir.

 

Dəniz donuzu nədir?

 

Dəniz donuzunun adi donuzlara qətiyyən aidiyyəti yoxdur, o, dovşanların qohumudur. Başqa sözlə desək, dəniz donuzu əsl gəmiricidir və onu qədim inklər Peru, Ekvador və Kolumbiya ərazisində Yeni Dünyaya ispan konkistadorları gələndən xeyli qabaq yetişdirirdilər. Hindular onlardan qida kimi istifadə edir və ətini əsl delikates, yəni ləziz bir nemət sayırdılar. Yeri gəlmişkən, Amerikanın kəşfindən sonra bu heyvanları məhz yemək məqsədiylə Avropaya daşıyırdılar.

Bizim zamanlarda dəniz donuzlarını yalnız Peruda yaşayan bəzi qəbilələr yeyir. Əvəzində onlar bütün dünyada ev heyvanları kimi çox populyardır. Dəniz donuzlarının uzunluğu 25 santimetrə çatır və çəkisi bir kiloqrama yaxın olur. Onların quyruğu yoxdur, xırda, girdə qulaqlarında tük olmur. Dəniz donuzlarının qabaq pəncələrində dörd, arxa pəncələrində isə cəmi üç barmaq olur. Bütün barmaqların ucunda enli caynaqlar var. Bu heyvanlar əsasən, bitki mənşəli qidalarla dolanırlar. Yeyərkən, onlar çox vaxt arxa pəncələri üzərində otururlar. Təbiətdə dəniz donuzları yuvalarda yaşayır və ya yağışlı, tutqun günlərdə, ya da elə gecələr yeməyə çıxırlar. Ətrafdakı bitki örtüyü zəngin olanda bu heyvanlar uzun müddət susuz keçinə bilir. Qəfəsdə saxlananda isə dovşanlar, siçanlar yeyəndən yeyirlər, amma onda suya da ehtiyacları olur.

Dəniz donuzları ildə iki-üç dəfə doğur, hər dəfəsində də dünyaya iki-üç korpə gətirirlər. Doğulandan artıq bir neçə saat sonra onun balaları qaça bilir. Dəniz donuzlarına qulluq etmək asandır və ev şəraitində onlar 8 il yaşayırlar. Zoomağazalar alıcılarına, adətən cürbəcür rəngdə olan, tükü həm uzun, həm də qısa heyvanlar təklif edirlər.

 

Ağ fillər olurmu?

 

Fillərin yaşadığı yerlərdə belə bir ifadə var: “Filankəsin ağ fili var!”. Bunu deyərkən insanlar kiminsə çox bahalı, çox gərəkli bir şeyə malik olduğunu, onu heç nəyə dəyişməyəcəyini nəzərdə tuturlar. Ən maraqlısı isə budur ki, heç kəs, heç vaxt ağ fil görməyib! Bəzən belə deyərkən insanlar rəngi çox açıq olan, qədim zamanlarda müqəddəs sayılmış filləri nəzərdə tuturlar.

Dünyanın bəzi yerlərində onlara hətta sitayiş də edirdilər. Ağ fillər o qədər qiymətli sayılırdı ki, belə bir heyvana yalnız krallar yiyələnə bilərdi! Və bunun mənası da vardı: yüksək qayğı və qulluqla əhatə olunmuş bu fillərin bəzək-düzəyi də çox bahalı və dəbdəbəli olurdu. Onlar heç vaxt işləmir, ayrıca yerlərdə yaşayırdılar. Onların öz qulluqçuları olurdu və bu adamlar yalnız fillərin qulluğunda dururdular. Yemi isə bu heyvanlara gümüş qablarda bəyaz geyimli insanlar verirdi. Odur ki, bahalı, amma gərəksiz bir şeyə malik olmağı bildirən həmin ifadənin hardan yarandığını artıq siz də bildiniz...

 

Fillər siçandan həqiqətənmi qorxur?

 

Məhz nəhəng heyvan olduqlarına görə fillərin xırda siçandan qorxa biləcəyi barədə fikir bizi əməlli-başlı əyləndirir. Adamlar buna inanır və elə düşünür ki, siçan filin xortumuna girib o boyda heyvanı boğa bilər. Əslində isə fillər siçanlardan qorxub-eləmir!

Zooparkda filin yan-yörəsində qaçan siçanları tez-tez görmək olar və bu zaman nəhəng heyvan onlara qəti əhəmiyyət vermir. Amma filin çox gözəl iy bilməsinə görə düşünməməliyik ki, heyvan yanında siçan olduğundan xəbərsiz qalır. Əgər siçan bütün cəsarətini toplayıb onun xortumuna girsə belə, fil nəfəsini ciyərlərinə yığıb bircə dəfə “fırt” eləsə, siçan topdan çıxan mərmi kimi uçacaq.

 

Zürafənin boyu nə qədərdir?

 

Adətən heyvanları nəzərdən keçirəndə o qədər də təəccüblənmirik, amma zürafəyə baxanda mütləq hiss edirsən ki, onun xarici görünüşündə nəsə bir qeyri-adilik var. Bunun səbəbi, yəqin ki, çox uzun boynudur. Zürafə planetimizin ən hündür heyvanıdır və boyu təxminən 5,5 metrə çatır. Zürafənin həm də çox sürətli ayaqları var və onların eyni uzunluqda olmasına baxmayaraq boynunun kökündəki güclü əzələlərinə görə elə görünür ki, guya zürafənin beli sinəsindən quyruğuna doğru maili xətlə gedir. O qədər də iri olmayan, qaragözlü ensiz başı bu heyvanın sifətinə bir incəlik verir. Zürafənin iri qulaqları kiçicik bir şıqqıltıya belə həssasdır. Bu cəhəti, gözəl iybilmə qabiliyyətiylə bir yerdə heyvanı düşmən təhlükəsindən vaxtında xəbərdar edir.

Zürafənin qeyri-adi dərəcədə uzun dili var – bəzən 46 santimetrə çatır. Buna baxmayaraq zürafə dilini elə ustalıqla idarə edir ki, tikanlı ağaclardan, kollardan ən xırdaca yarpaqları belə, yaralanmadan alıb yeyə bilir. Əgər yeriyən zürafəyə diqqətlə göz qoysaq, bizə elə gələcək ki, o yeriməkdən çox taytıyır. Amma eyni zamanda düşməni tərəfindən təqib olunan zürafə saatda 50 kilometrdən artıq sürətlə qaça bilir və ən sürətli atı da ötüb-keçə bilər! Xarakter etibariylə yumşaq olan heyvan döyüşəndə çox təhlükəlidir. O, arxa ayaqlarıyla möhkəm şıllaq atır və başını çəkic kimi hərləyərək ağır zərbələr endirir. Hətta şir belə zürafəni ovlamaq istəyəndə yüz ölçüb, bir biçməli olur.

 

Zürafənin səsi varmı?

 

Siz zürafə haqda düşünəndə ilk növbədə, yəqin, onun çox uzun boynunu təsəvvürünüzdə canlandırırsınız. Lakin bu heyvanın çox maraqlı bir xüsusiyyəti də var: zürafənin praktiki olaraq səsi çıxmır. Biz “praktiki olaraq” ifadəsini ona görə işlədirik ki, zooparkda müşahidə etdiyimiz zürafələr hərdən müxtəlif səslər çıxarır: məsələn, dişilər, əsasən nədənsə narahat olanda ahəstə-ahəstə mıqqıldayır; cavan zürafələr isə ac olanda lap buzov kimi böyürür.

Hər halda, zürafənin qırtlağı, demək olar ki, inkişaf etmədiyindən, biz onun səsi olmadığını söyləyə bilərik. Amma bütün başqa heyvanlar kimi, zürafə də bu çatışmazlığını çox inkişaf etmiş başqa keyfiyyətləriylə ört-basdır edə bilir.

Onun əla eşitmə və iybilmə qabiliyyəti var. Bu keyfiyyətlər ona təhlükəni hələ lap uzaqdan duymaq imkanı verir. Zürafə üçün əla qoruyucu vasitə rolunu onun rəngi oynayır. Rənginə görə zürafə ətraf mühitə o qədər qarışır ki, hətta nəhəng ölçülərinə baxmayraq, meşədə durmuş zürafəni görmək asan iş deyil.

 

Hörgüc dəvənin nəyinə gərəkdir?

 

Dəvəyə “səhralar şahı” deyirlər və bunun öz səbəbləri var. Gəmilər dəryaya nə qədər uyğundursa, dəvə də səhrada elə o qədər ahəngdar görünür. Dəvə, başqa heyvanların acından və susuzluqdan çoxdan öləcəyi yerlərdə özünü əla hiss edir. Dəvə özünün yeməyini də, suyunu da yanında gəzdirir. Növbəti səfər ərəfəsindəki dörd gün ərzində dəvənin yeyib içməkdən başqa işi olmur. O qədər çox yeyir ki, belindəki hörgüc 45 kiloqrama çatır. Dəvənin hörgücü onun piy anbarıdır və bu anbardan heyvan səfərdə olarkən istifadə edir.

Bundan başqa, onun bədənində də xüsusi boşluqlar var ki, orada su ehtiyatı toplanır.

Məhz elə buna görə də dəvə su quyuları arasında neçə günlər sürən keçidlərə dözə bilir, yeməksiz isə daha çox davam gətirir, çünki hörgücündəki piy ehtiyatı ona uzun müddət kömək edir. Uzun səfərin axırında dəvənin hörgücü boşalaraq öz formasını itirir, yana sallanır. Hər keçiddən sonra dəvə mütləq uzun müddət istirahət etməlidir ki, gücü bərpa olunsun. Yeri gəlmişkən, bir məsələni də diqqətinizə çatdıraq. Siz bilirsiniz ki, dəvə insanın qulluğunda durmağa, az qala hamıdan qabaq başlayan heyvandır? Misirlilər bu səhra gəmisinin xidmətlərindən hələ 3000 il qabaq istifadə edirdilər.

 

Sincablarda belə bəyaz xəz hardandır?

 

Sincab xəzi krallara layiq bir xəz sayılır və bunun da öz səbəbləri var. Qədim zamanlarda İngiltərədə bu xəzdən ancaq kral ailəsi istifadə edə bilərdi. Sonralar bu şərəfə lordlar və dövlət rəsmiləri də layiq görüldü. Onların tutduğu mövqe haqda taxdıqları qara sincab quyruqlarının sayından nəticə çıxarmaq olardı. Ağ sincabın xəzi digər sincab növlərindən sıx olur. Yalnız soyuq diyarlarda – Kanada, Laplandiya və Sibirdə yaşayan sincablar ağ olur.

Daha mülayim iqlimdə yaşayan sincabların isə yayda belləri qırmızıya çalan, qarınlarının altı açıq-sarı olur və heç qışda da rəngini dəyişmir. Sincablar su samurları, gəlincik, dələ kimi heyvanlarla yaxın qohumdur. Bütün bu heyvanlar uzun, düzgün qamətli bədənləri, uzun boyunları və iti dırnaqlı qısa pəncələriylə fərqlənirlər. Erkək gəlinciyin boyu 40 santimetrə, dişisininki 33 santimetrə çatır. Quyruqlarının uzunluğu isə 10 santimetrədək olur. Qısaquyruq gəlinciklərin quyruğu  təxminən iki dəfə qısadır.

“Xırda gəlincik” adlandırılan balaca heyvana Alyaskada və Şimali Kanadada rast gəlmək olar. Gəlinciklərin ən iriləri isə Birləşmiş Ştatların cənubundadır və bu canlılar il ərzində rənglərini dəyişmirlər. Ümumiyyətlə, gəlinciyi insanların dostu saymaq olar. Onlar ov edərkən cürbəcür parazitləri – siçanları, dovşanları, siçovulları və bəzi quşları məhv edirlər. Amma fermerlərin çoxu sizə toyuq hinlərini müntəzəm dağıdan bu heyvanların necə azğın düşmən olmasından həvəslə danışar. Bir gəlincik bir gecəyə 40-dək toyuq boğa bilər!

 

Qunduzlar nə yeyir?

 

Qunduz iri gəmiricidir və bütün başqa gəmiricilər kimi, onun da çənəsinin ön tərəfində yerləşən iki cüt kəsici dişi olur. Məhz bu dişləriylə o, ağacların gövdələrini, budaqlarını kəsir və onlardan həm yem, həm də bənd tikmək üçün inşaat materialı kimi istifadə edir. Beləliklə, qunduz öz həyatını, əsasən bitkilərin hesabına təmin edir – onların pöhrələrini, budaqlarını, su bitkilərinin köklərini yeyir.

Bəs görəsən qunduzlar niyə bənd tikirlər? Məsələ bundadır ki, qunduz suda yaşayır və qışda da aktiv həyat tərzi keçirir. Bunun üçün qunduza ən sərt şaxtalarda belə dibinə kimi donmayan, kifayət qədər dərin gölməçələr lazımdır. Ona görə də heyvan çayların, göllərin dərinliyini artırmaq üçün suyun səviyyəsini qaldıran bəndlər tikir.

Bəndi ucaltmaq üçün qunduzlar çayın dibinə söyüd, qızılağac budaqları döşəyir, onların axıb getməməsi üçün üstünə daş düzür, lil daşıyır. Bənd ucaldıqca budaqları, ağac gövdələrini necə gəldi düzür. Çox vaxt yenicə kəsdiyi budaqlar suda kök atır, bir-birinə hörülür və bu, bəndi daha möhkəm edir.

Ağacı kəsmək üçün qunduz onun gövdəsində əvvəlcə bir-birinə paralel iki dənə dərin iz salır, sonra bu izlərin arasındakı hissəni qazıb çıxarır. Qalınlığı 2 santimetr olan budağı qunduz cəmi iki dişləmə kəsir. Qunduzlar daha çox qalınlığı 25 santimetrədək olan ağacları kəsirlər. Belə bir ağacı heyvan bir gecəyə yıxır. Qunduzlar adətən qızılağac, söyüd, qovaq kimi yumşaq ağac növlərinə üstünlük verirlər. Onlar ağac qabıqlarının yalnız iç tərəfini yediklərinə görə, qabığı soyulmuş ağac parçaları bəndin tikintisində sərf olunur. Bu bəndlərin hündürlüyü, adətən, 2 metrdən artıq olmur, amma əvəzində onların uzunluğu kifayət qədərdir!

Qunduz yuvasını çay, yaxud dayaz gölməçənin sahilində qurur. Yuvanın döşəməsi suyun səviyyəsindən yuxarıda olur, heyvan onun üzərinə ağac yonqarları döşəyir. Qunduz yuvasının girişi isə mütləq suyun altında olmalıdır. Yayın axırında, yaxud payızda qunduz qış azuqəsini toplayır və yuvasının yaxınlığına yığır. Bu yem “anbarlarının” hündürlüyü hərdən 1 metrə çatır və yüzlərlə budaqdan, cavan ağacdan ibarət olur.

 

Opossum niyə quyruğundan asılı qalır?

 

Opossum Amerikada yaşayan kisəli siçovula deyirlər. Onu bir çox cəhətlərinə görə maraqlı heyvan saymaq olar. Əvvəlcə bunu deyək ki, opossum “kisəlilər” adlanan heyvan qrupundandır. Dişi opossumun qarnında kisəsi olur və körpəsi həmin o kisənin içində inkişaf edir.

Kisəli heyvanlardan ən məşhuru Avstraliya kenqurusudur. Opossumun bədəninin uzunluğu 23-25 santimetr arasında olur, quyruğu isə 23-33 santimetrə çatır. Onun xəzi açıq-boz rəngdədir. Yalnız girdə qulaqlarında, nazik quyruğunda və barmaqlarında tük olmur. Arxa pəncəsinin orta barmağı qatlanıb istənilən digər barmağa toxuna bilir. Opossum özünün arxa pəncələrindən əl kimi istifadə edir. Uzun quyruğu kimi, pəncələri də ona ağaclara dırmanmaqda kömək edir.

Ümumiyyətlə, opossum vaxtının çoxunu ağacda keçirir, orda ov edir, orda qidalanır. Yemək yeyəndə pəncələrini azad etmək üçün heyvan quyruğunu budağa dolayıb başıaşağı sallanaraq yeməyini yeyir. Opossum, sözün əsl mənasında, nə gəldi yeyir! Onların qida rasionuna xırda məməlilər, həşəratlar, xırda quşlar, yumurtalar, kərtənkələlər, çay xərçəngləri, meyvələr, göbələklər daxildir. Gecələr opossumlar meyvə bağlarına, toyuq hinlərinə baş çəkməyi xoşlayırlar.