Elektron ədəbiyyat və sənət portalı

Təqib yürüşü

Bölmə: Ədəbiyyat 08.04.2016

Ernest HEMİNQUEY (ABŞ)

Vilyam Kembell birbaşa Pitsburqdan start götürən estrada truppası ilə birgə velosiped yürüşündə iştirak etmişdi. Bu yarışmada – velosiped ötüşməsində yürüşçülər bir-birinin ardınca eyni intervalla start götürürlər. Onlar çox sürətlə hərəkət edirlər, çünki ara məsafəsi, adətən, qısa olur və əgər kimsə sürəti azaltsa, sürəti azaltmayan digər yürüşçü startda onları ayıran vaxtın əvəzini çıxır. Elə ki arxadan gələn irəlidə gedənlə tənləşir və onu ötüb keçir – həmin yürüşçü yarışmadan çıxır; velosipeddən düşüb şoseni tərk edir. Ötmə baş verməyəndə isə startdakı distansiya məsafəsini hamıdan daha çox artırmış yarışçı qalib hesab olunur. Yarışmada yalnız iki nəfər iştirak etdikdə ötmə daha çox altıncı mildən sonra baş verir. Estrada truppası Vilyam Kembelli Kanzas-Sitidə haqladı.

Vilyam Kembell fikirləşirdi ki, düz Sakit okeanın sahilinəcən estrada truppasından ən azı bir qədər öndə gedəcək. Təşkilatçı qismində estrada truppasını qabaqladığı müddətdə ona məvacib verirdilər. Estrada truppası gəlib çatanda Vilyam Kembell yataqda idi; truppanın direktoru onun nömrəsinə daxil olanda çarpayıda uzanmışdı, direktor gedəndən sonra isə Vilyam Kembell qərara gəldi ki, daha ayağa qalxmağa heç bir lüzum yoxdur. Kanzas-Sitidə hava soyuq idi və o, küçəyə çıxmağa tələsmirdi. Kanzas-Siti xoşuna gəlməmişdi.

Vilyam Kembell əlini çarpayının altına soxdu, şüşəni çıxarıb bir az içdi; viski onun mədəsini sakitləşdirdi. Estrada truppasının direktoru mister Terner isə içməkdən imtina elədi.

Vilyam Kembellin mister Ternerlə söhbəti bir qədər qəribə alındı. Mister Terner nömrənin qapısını döyəndə Vilyam Kembell “hə” dedi; içəri girən mister Terner stulun üstünə atılmış bir topa paltar, ağzıaçıq çamadan, çarpayının yanındakı kətilin üzərində viski şüşəsi, bir də başını adyala bürümüş kiminsə yataqda uzandığını gördü. 

- Mister Kembell, – estrada truppasının direktoru dilləndi.

- Məni işdən azad etməyə sizin hüququnuz yoxdur, – adyalın altından Vilyam Kembellin səsi eşidildi; mələfənin altı isti, təmiz, həm də intim idi. – Məni işdən azad etməyə təkcə elə o səbəbdən hüququnuz yoxdur ki, mən velosipeddən düşdüm. 

- Sən keflisən, – mister Terner dedi.

- Hə, əlbəttə, – Vilyam Kembell parçanı dodaqlarıyla duya-duya sözlərini mələfəyə dedi.

- Sən qanmazsan, – mister Terner elektrik işığını söndürdü; işıq bütün gecəni yanmışdı. İndi səhər saat on idi. – Sərxoş qanmaz. De görüm, sən bu şəhərə haçan gəlmisən?

- Bu şəhərə mən dünən axşam gəlmişəm, – Vilyam Kembell ağzını mələfəyə dirəmiş halda cavab verdi; o, mələfə arasından danışmağın əcəb xoş olduğunu anlamışdı. – Siz heç vaxt mələfə altından danışmamısınız ki?

- Boşla bu zarafatları. Burda gülməli bir şey yoxdur. 

- Mən zarafat eləmirəm, sizinlə mələfənin altından danışıram. Sadəcə, özümçün çərənləyirəm, vəssalam.

- Məhz çərənləyirsən; ağzına nə gəldi, danışırsan.

- Siz gedə bilərsiniz, mister Terner, – Kembell dedi. – Mən daha sizinlə işləmirəm.

- Şükür ki, heç olmasa bunu bilirsən.

- Mən çox şeylər bilirəm, – Vilyam Kembell mələfəni aşağı çəkib başını çölə çıxartdı və mister Ternerə baxdı. – O qədər şeylərdən xəbərdaram ki, hətta sizin üzünüzə də baxa bilərəm. Mənim nələri bildiyimi eşitmək istəyirsiniz?

- Yox.

- Lap yaxşı, – Vilyam Kembell dedi. – Ona görə ki, əslində, mən heç nə bilmirəm. Bunu elə-belə dedim. – O, yenə mələfəni üzünə çəkdi. – Burda, mələfənin altında elə yaxşıdır ki! 

Mister Terner çarpayının yanında dayanmışdı. O, yaşlı adam idi; qarnı qabağa çıxmışdı, keçəl idi, özü də bu dəqiqə xeyli işi vardı; işi başından aşırdı.

- Billi, pis olmazdı ki, burda qalıb müalicə kursu keçəsən, – dedi. – İstəsən, bunu düzüb-qoşa bilərəm.

- Mən heç bir müalicə almaq istəmirəm, – Vilyam Kembell qəti cavab verdi. – Kurs keçməyə zərrə qədər də həvəsim yoxdur. Mən bütün həyatım boyu hər şeydən razı olmuşam.

- Bu, səndə çoxdandır?

- Bu nə sualdı belə? – Vilyam Kempell mələfənin arasından nəfəsini içinə çəkib buraxdı.

- Billi, sən çoxdan içirsən?

- Nolub ki?! Mən bəyəm pis işlədim?

- Yox ey, Billi, yox! Mən, sadəcə, soruşuram. Deyirəm, sən çoxdan içirsən?

- Bilmirəm. Amma mənim canavarım qayıdıb. – O, dilini mələfəyə toxundurdu. – Artıq bir həftədir ki, canavarım mənimlədir.

- Yalan deyirsən!

- Yo-o-x! Mənim əziz canavarım. Ağzımı şüşəyə yaxınlaşdıran kimi keçir qapının o üzünə. Spirtin iyinə dözə bilmir. Mənim zavallı canavarım. – O, mələfəni diliylə dairəvi şəkildə yaladı. – Mənim qəşəng canavarım! Heç bir tikə də dəyişməyib. Elə həminkidir, necə vardısa, o cür.

Vilyam Kembell gözlərini yumdu; nəfəsini dərindən içəri çəkdi.

- Sənə müalicə olunmaq lazımdır, – mister Terner dedi. – Get Kili müalicəxanasına. Peşman olmazsan. Ora pis deyil.

- Kili şəhəri. Bu şəhər Londondan çox da uzaq deyil.

O, yenə gözlərini yumdu, sonra açdı; kirpikləri mələfəyə toxundu.

- Mələfəciklərdən xoşum gəlir, – Vilyam Kembell dedi və mister Ternerin üzünə baxdı. – Qulaq as, sən elə düşünürsən ki, mən kefliyəm?

- Bəs necə?! Əlbəttə ki, keflisən!

- Elə şey yoxdur.

- Sən sərxoşsan, səndə artıq içkinin qarabasmaya keçməsi də olub.

- Yox, – Vilyam Kembell mələfəni başına çəkdi və “mənim qəşəng mələfəciyim” deyib sanki onu nəfəsiylə zərifcə sığalladı. – Mənim gözəlim. Mələfəcik, de görüm, sən məni sevirsən? Bunun haqqı nömrənin qiymətinə daxildir. Yaponiyada olduğu kimi. Yox. Qulaq as, Billi, mənim əziz “Sürüşkən Billim!” İndi sən mat qalacaqsan. Mən sərxoş deyiləm. Mən xirtdəyəcən doymuşam.

- Boşla görüm, – mister Terner dedi.

- Bax, – Vilyam Kembell mələfənin altında pijamanın sağ qolunu irəli uzatdı, sonra sağ əlini adyaldan çölə çıxartdı. Biləyindən dirsəyinəcən qolunda tünd-göy rəngli xırda iynə yerlərini dövrələyən göyümtül ləkəciklər vardı. Ləkələr, demək olar ki, ard-arda düzülmüşdü. – Bax, tamaşa elə. Bu, mənim yeni nailiyyətimdir. İndi mən nadir hallarda içirəm, özü də çox az. Yalnız canavarı otaqdan qovmaq üçün.

- Bunu da müalicə edirlər, – Sürüşkən Billi Terner dedi.

- Yox, – Vilyam Kembell cavab verdi. – Bizi heç nədən müalicə etmirlər.

- Belə olmaz axı, Billi. Adam gözü baxa-baxa öz üstündən qələm çəkməz.

Mister Terner yaxınlaşıb onun çarpayısının qırağında oturdu.

- Mələfəmdən muğayat ol! – Vilyam Kembell dedi.

- Billi, lap tutaq ki, bəxtin gətirməyib. Yəni, doğrudanmı, buna görə bu yaşda öz üstündən qələm çəkmək, bədəni hər cür murdar şeylərlə doldurmaq lazımdır?!

- Qanun icazə vermir? Sən bunu deyirsən?

- Mən qanundan danışmıram, ondan danışıram ki, bunu özündə dəf eləmək lazımdır.

Billi Kembell dodaqlarını və dilini nəvazişlə mələfəyə sürtüb “Mənim əziz mələfəciyim, – dedi, – mən bu mələfəni öpə bilərəm, eyni vaxtda da onun arasından hər şey görünür”.

- Di bəsdi öz mələfəciyindən danışdın. Bu çirkaba batmaq, bu murdarlığa yaxa tanıtmaq olmaz, Billi.

Vilyam Kembell gözlərini yumdu; ürəkbulanması asta-asta başlamaqdaydı. Bilirdi ki, bu, öyüməklə yüngülləşən deyil, əksinə, əgər bir tədbir görməsə, getdikcə güclənəcək. Bax mister Ternerə içkini də elə bu vaxt təklif elədi, o isə boyun qaçırtdı. Vilyam Kembell şüşədən bir az içdi. Bu, yalnız müvəqqəti yüngüllük gətirə bilərdi. Mister Terner ona altdan-altdan diqqətlə göz qoyurdu. Truppanın direktoru nömrədə lazım olduğundan xeyli çox oturmuşdu – görüləsi o qədər işi vardı ki. Bütün ömrünü narkomanların arasında keçirməsinə baxmayaraq, narkotiklər onu dəhşətə gətirirdi. Vilyam Kembellə isə münasibəti yaxşı idi və onu tək qoymaq istəmirdi. Onun halına ürəkdən acıyırdı və düşünürdü ki, müalicə kursunun Vilyam Kembellə mütləq köməyi dəyər. Kanzas-Sitidə bunun müalicəsi olduğunu bilirdi. Amma indi ona getmək lazım idi və mister Terner ayağa qalxdı.

- Qulaq as, Billi, – Vilyam Kembell dedi. – Qulaq as, gör sənə nə deyirəm. Sənin adına Sürüşkən Billi deyirlər. Ona görə belə deyirlər ki, sən həmişə sürüşürsən. Mənə isə Billi deyirlər, sadəcə, Billi. Çünki mən sürüşməyi bacarmıram. Bacarmıram sürüşməyi, Billi. Heç vaxt da bacarmamışam. Həmişə nəyəsə ilişirəm. Elə ki buna cəhd edirəm, çalışıram ki, sürüşəm, o dəqiqə – al gəldi! – ilişirəm!

Vilyam Kembell gözünü yumdu.

- Bacarmıram sürüşməyi, Billi, – dedi. – Bu isə pisdir; heç bilirsən sürüşə bilməmək nə pisdir?!

- Hə, – Sürüşkən Billi Terner cavab verdi.

- Nə “hə”? – Vilyam Kembell ona baxdı.

- Sən dedin ki…

- Yox, – Viyam Kembell dedi. – Mən heç nə demədim. Yəqin səhv olub.

- Sən sürüşməkdən dəm vururdun, deyirdin ki…

- Yox, yox. Sürüşmək barədə söhbət gedə bilməz. Qulaq as, Billi, sənə bir sirr açım. Sən mələfələri sev. Bilirsən, Billi, fahişələrlə... – Onun dili dolaşdı. – Sən fahişələrlə xudahafizləş, Billi. Fahişələrlə sadəcə gecə, mələfələrlə isə gecəciyəz... 

O susdu və başını mələfənin altına soxdu.

- Mən getməliyəm, – Sürüşkən Billi Terner dedi.

- Fahişələrlə fırlansan, mütləq ilişəcəksən, – Vilyam Kembell dedi. – Onlarla yalnız gecə, amma…

- Sən artıq bunu demisən.

- Nə demişəm?

- Gecə və gecəciyəz barədə.

- Hə, düzdü. Mələfəni sevsən… – O, nəfəsini mələfəyə verib burnunu ona sildi. – Onların barəsində mən hələ heç nə bilmirəm. Bu mələfəciklə mən hələ təzə-təzə başlamışam.

- Mən gərək gedəm, – mister Terner dedi. – Xeyli işim var.

- Neyləmək olar, buyuracaqsız, – Vilyam Kembell dedi. – Getmək hamıya lazımdır.

- Yaxşı, mən getdim.

- Get.

- Sən necəsən, Billi, yaxşısan?

- Ömrümdə belə yaxşı olmamışam.

- Doğrudan, yaxşısan?

- Çox yaxşıyam. İşində ol. Mən hələ bir az da uzanacağam. On iki üçün duraram.

Amma mister Terner günorta üstü onun nömrəsinə gələndə Vilyam Kembell yatmışdı; mister Terner isə həyatda məhz nəyi qiymətləndirməyin lazım olduğunu bilənlərdən sayıldığı üçün onu oyatmadı.

Tərcümə edən: Mahir N.QARAYEV