Elektron ədəbiyyat və sənət portalı

«Türk dillərindən Azərbaycan dilinə tərcümənin missiyası»

Bölmə: Ədəbiyyat 01.04.2016

Xalq şairi Nəriman Həsənzadə danışır ki, Moskvada Şimali Qafqaz türklərindən olan bir şair dostumla görüşərkən razılaşdıq ki, bundan sonra rus dilində yox, öz ana dillərimizdə danışaq… Bir müddət danışdıq. Ancaq sonra mənə rusca dedi ki, Nəriman, sən Allah, məni bağışla, gəl əvvəl necə rus dilində danışırdıqsa, davam eləyək, çünki sənin nə dediyindən heç nə anlamıram… Gülüb etiraf etdim ki, mən də sənin vəziyyətində idim, ancaq xətrinə dəymək istəmədiyim üçün davam eləyirdim… Və biz rus dilinə keçdik…

Xalq yazıçısı Anardan da buna oxşar əhvalat eşitmişəm. Deyir ki, Türkiyədə ənənəvi toplantılardan birində idik. Türk dünyasının birliyini israrla, xüsusi milli təəssübkeşliklə müdafiə edən bir natiq öz çıxışında hərarətlə söylədi ki, dünyadakı bütün türklərin dili eynidir, onlar bir-birini çox gözəl, tərcüməsiz anlayırlar. Və bu sözlər salonda qeyri-adi həyəcana səbəb olub sürəkli alqışlarla qarşılandı… Yanımda əyləşən tanınmış tatar yazıçısı məndən rusca soruşdu ki, nəyə əl çalırlar?.. Mən məsələnin nə yerdə olduğunu ona, təbii ki, rusca deyəndə o da rusca «tamamilə doğrudur» deyib həvəslə əl çalanlara qoşuldu.

Hər iki əhvalat, biri digərinə zidd iki qənaətə gəlməyə imkan verir. Birincisi odur ki, türk xalqları bir-birini yaxşı anlamırlar, türk dilləri arasında kifayət qədər ciddi fərqlər yaranmışdır…

İkincisi isə odur ki, bu xalqlar xüsusilə öz milli düşüncəli ziyalılarının timsalında bir-birlərini anlamağa, bir-birlərilə ana dilində danışmağa böyük ehtiyac duyur, buna cəhdlər edir, ümumtürk miqyasında qarşılıqlı ünsiyyət üçün münasib yollar axtarırlar ki, onlardan birini (və fikrimizcə, nə qədər israrlı, zahirən maraqlı görünsə də, ən uğursuzunu) özbək dilçiləri təklif edirlər… Onlar inandırmağa çalışırlar ki, müxtəlif türk dillərinin fonetik, leksik və qrammatik materialları arasından uyğun vahidləri seçib sistemləşdirməklə ortaq bir ünsiyyət dili yaratmaq lazımdır. Və hətta, deyəsən, belə bir «dil»in əsaslarını, yaxud konturlarını da müəyyənləşdirmişlər.

Cəhdin fəlsəfəsi ondan ibarətdir ki, əgər müasir türk dillərindən hər hansı biri türklər arasında ortaq ünsiyyət vasitəsi elan edilsə, digər türklər inciyə bilərlər… Bu fəlsəfədə müəyyən məntiq olsa da, çox konyuktur, qeyri-intellektual və xırdaçıdır. Təklifin mahiyyətinə gəldikdə isə, demək lazımdır ki, hər hansı şəkildə olursa-olsun süni yaradılmış «dil», sadəcə, işləmir. Və bunun məhz belə olduğunu mövcud cəhdlər dəfələrlə sübut etmişdir.

Türk dünyasının ən geniş yayılmış, müxtəlif baxımlardan ən nüfuzlu dili olan Türkiyə türkcəsinin türk xalqları arasında ortaq ünsiyyət vasitəsi missiyasını yerinə yetirməsinə gəldikdə isə, fikrimizcə, bu, türk xalqları arasındakı anlaşmanın heç də bütün problemlərini həll etmir.

Birincisi ona görə ki, sayı 25-ə çatan müxtəlif türk xalqlarının hər birinin müəyyən ənənəsi olan öz ədəbi dilləri mövcuddur ki, heç bir türk xalqı ondan imtina etmək fikrində deyil, heç zaman da, tamamilə təbiidir ki, belə bir fikrə düşməyəcək. Və Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi kimi nüfuzu nə qədər yüksəlsə də, bu, mövcud müasir türk ədəbi dillərindən (nəzərə alaq ki, onların bəziləri dövlət dilidir) imtina olunmasına gətirib çıxara bilməz.

İkincisi isə, Türkiyə türkcəsinin türk xalqları arasında ortaq ünsiyyət vasitəsi kimi təzahürü həmişə nüfuzlu beynəlxalq dillərin müqavimətilə qarşılaşır ki, bununla hesablaşmamaq, prinsip etibarilə, mümkün deyil. Yəni bir azərbaycanlı, qazax və ya özbək intellektualı, ümumən dünyaya çıxmaq üçün Türkiyə türkcəsindən daha çox ingilis dilini öyrənməyə çalışacaqdır.

Əlbəttə, türk xalqlarının bir-birilə ünsiyyətə Türkiyə türkcəsilə girməsinin ingiliscə, rusca və ya hansısa başqa bir beynəlxalq dildə ünsiyyətindən fərqi vardır. Belə ki, Türkiyə türkcəsi türk xalqları üçün yalnız texniki baxımdan deyil, ruhən də yaxındır, doğmadır. Və hər bir türk xalqının nümayəndəsi bu dildə öz dilinin fonetika, leksika və qrammatikasını, üslub xüsusiyyətlərini görür. Görkəmli Türkiyə ziyalısı, siyasət və dövlət adamı Namiq Kamal Zeybək deyir ki, məndə xarici dilləri öyrənmək üçün heç bir istedad yoxdur, nə qədər cəhdlər eləsəm də, heç bir xarici dili öyrənə bilməmişəm, ancaq türk dünyasını gəzərkən bir-iki günə müxtəlif türk dillərini asanlıqla anlamağa, o dillərdə danışmağa başlayıram… Türkiyə türkcəsinin türk dünyasında ortaq ünsiyyət vasitəsi kimi mənimsənilməsinin bir problemi isə onun bir sıra türk dillərinə az qala tamamilə xarici (əcnəbi) dil qədər uzaq olmasıdır. Məsələn, əsasən oğuz mənşəli Azərbaycan türklərindən fərqli olaraq qıpçaq türkləri (qazaxlar, qırğızlar, tatarlar, başqırdlar, Altaylar və b.) Türkiyə türkcəsini çətin anlayırlar, çuvaşlara və ya saxalara gəldikdə isə, onlar, demək olar ki, ümumiyyətlə, anlamırlar.

Bütün bunlar isə belə bir nəticəyə gəlmək üçün hər cür əsas verir ki, müasir türk xalqları arasında ictimai-siyasi, mədəni əlaqələrin genişlənməsində tərcümənin rolu özünün klassik və ya ənənəvi səviyyəsində danılmazdır.

İndiyə qədər türk dillərindən bir-birinə tərcümələr ya birbaşa, ya da rus dili vasitəsilə olmuşdur. Postsovet türkləri arasında rus dilinin ortaq ünsiyyət nüfuzu bugünədək mövcuddur. Və görünür, hələ uzun müddət qalacaqdır. Bununla belə unutmaq olmaz ki, müxtəlif türk xalqlarının alimlərinin, yazıçılarının, publisistlərinin ana dilində yazdıqları çoxsaylı əsərlər hazırda rus dilinə ya çevrilmir, ya da çox az çevrilir. Ona görə də həmin əsərlərin bir türk dilindən digərinə tərcüməsinə böyük ehtiyacın olmasını sübut etmək artıqdır.

Türkiyə türkcəsindən Azərbaycan dilinə və ya türkcəsinə çevirmə, yaxud uyğunlaşdırmanın kifayət qədər zəngin təcrübəsinin olduğu məlumdur. Və burada indiyə qədər heç bir kənar dilin vasitəçiliyindən istifadə edilməmişdir. Xüsusilə Azərbaycanda latın əlifbasına keçildikdən sonra bu dillər arasında ünsiyyət daha da sıxlaşmış, qarşılıqlı söz, ifadə alış-verişi üçün geniş meydan açılmışdır. Kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyanın oynadığı rol xüsusilə mühümdür… Lakin bunu Azərbaycan dilinin digər türk dillərinə münasibətində, demək olar ki, görmürük. Və ümumiyyətlə, azərbaycanlılar bilmirlər ki, türkmənlər, özbəklər, uyğurlar, qazaxlar, qırğızlar, Altaylar, tatarlar, başqırdlar, qaraçaylar, balkarlar, qumuqlar, noqaylar, qaraqalpaqlar, xakaslar, tıvalılar, şorlar, çuvaşlar, saxalar öz vətənlərində nə yazırlar, nə danışırlar… Doğrudur, bir sıra türk dillərindən azərbaycancaya ara- sıra tərcümələr edilir, lakin bunlar o qədər azdır ki, demək olar, yox səviyyəsindədir.

Türk dünyası ilə ünsiyyəti özünün strateji məqsədlərindən biri hesab edən Türkiyə həmin problemi aradan qaldırmaq üçün ciddi addımlar atmışdır. Sovetlər Birliyi dağılandan, sovet türkləri müstəqillik qazandıqdan dərhal sonra postsovet ölkələrindən Türkiyə universitetlərinə təhsil almağa dəvət edilmiş gənclər bu gün Türkiyənin bütün türk dünyası ilə ünsiyyətini yaradan böyük qüvvədir. Və onların hesabına həm ictimai-siyasi, həm də ədəbi istiqamətlərdə türkcə-qazaxca, türkcə-özbəkcə, türkcə-tatarca, türkcə-çuvaşca, türkcə-saxaca və s. çoxlu tərcüməçilər yetişmişdir ki, həm Türkiyədə, həm də öz vətənlərində çalışaraq müxtəlif tərcümə layihələrinə cəlb edilirlər ki, bir sıra mötəbər lüğətlərin, antologiyaların, ayrı-ayrı müəlliflərin irihəcmli kitablarının və s. türk dillərindən türkcəyə tərcüməsi məhz onların əməyinin məhsuludur…

Azərbaycanda isə, həmişə olduğu kimi, asan yol tutulur. Belə ki, biz müxtəlif türk dillərində yazılan əsərləri əvvəllər rusca oxuyurduqsa, indi də Türkiyə türkcəsində oxuyuruq. Və Türkiyə türkcəsindən başqa hər hansı türk dilindən dilimizə tərcümələr edəcək kadrlarımızın hazırlanması barədə, ümumiyyətlə, düşünmürük. Acınacaqlı odur ki, heç düşünmək planımız da yoxdur.

Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılanda böyük mübahisə doğuran məsələlərdən biri də bu idi ki, Assambleyanın toplantıları hansı dildə və ya dillərdə aparılacaq… Ancaq ən uğurlu yol tapıldı. Hər respublikanın nümayəndəsi özünün dövlət dilində danışır, digər türk dillərinə isə sinxron tərcümələr edilir. Bir neçə toplantıdan sonra müəyyən dil hazırlığı (və həssaslığı) olan millət vəkilləri bir-birini tərcüməsiz anlamağa başladılar. Əslində də, azərbaycanlılarla Türkiyə türkləri, qazaxlarla qırğızlar arasında tərcüməyə elə bir ehtiyac yox idi. Və bir məsələ də var ki, tərcüməçilər hələ o qədər də peşəkar olmadığından, məsələn, azərbaycanlı millət vəkilinin Türkiyəli həmkarını birbaşa türkcə dinləməsi daha effektli olur… Nəticə etibarilə, Türkdilli Dövlətlərin Parlament Assambleyasının təcrübəsi göstərdi ki, toplantılarda dörd dövlətin nümayəndələri iştirak etsə də, praktik olaraq, iki «dil»dən istifadə olunur: azərbaycanca-Türkiyə türkcəsicə və qazax-qırğızca.

Fikrimizcə, Azərbaycanda müxtəlif türk dilləri üzrə tərcüməçilərin hazırlanması işinə əsas türk dillərinin universitetlərdə tədrisindən (ən azı ikinci dil kimi) başlamaq lazımdır ki, buraya özbək və qazax dilləri ilk növbədə daxil edilməlidir. Çünki özbəkcəni bilmək digər karluq, qazaxcanı bilmək isə digər qıpçaq dillərinə az-çox bələd olmaq deməkdir. Və həm də bu dillərdə zəngin elmi, bədii və publisistik ədəbiyyat nəşr olunmaqdadır.

Türk dilləri arasındakı qarşılıqlı tərcümələrin əhəmiyyəti yalnız informasiya mübadiləsilə bitmir, həm də eyni kökdən olan bu dilləri həm leksik, həm də qrammatik baxımdan zənginləşdirməklə çox mühüm linqvistik-idraki missiyanı yerinə yetirmiş olur.

Nizami CƏFƏROV, AMEA-nın müxbir üzvü, akademik