Elektron ədəbiyyat və sənət portalı

Stiven Kinq: Zamanla ayaqlaşan yazıçı

Bölmə: Ədəbiyyat 31.08.2015

Stiven Edvin Kinq 1947-ci il, sentyabrın 21-də Men ştatının Portlənd şəhərində anadan olub. O, bir müddət uşaqları olmadığından Devid Viktor adlı körpəni övladlığa götürmüş Pilsberri və Donald Kinçin yeganə doğma övladı idi. Amma Stivenin dünyaya gəlməsi də ailədəki narazılığı ört-basdır eləyə bilmədi. Bütün dedi-qoduların, dava-dalaşların nəticəsi də bu oldu ki, oğlanın iki yaşı olanda ata evdən getdi və bir daha geri qayıtmadı.

Stiven Kinqin uşaqlığı Massaçusets və Men ştatları, həm də Maleden və Rounal şəhərləri arasındakı yolayrıcında keçdi. Oğlan Dürhem ibtidai məktəbini və Lisbon Follz orta məktəbini bitirdi. Elə həmin dövrdə də Stiven yaradıcılıq yoluna qədəm qoydu. Qardaşı Devidlə şəxsi qəzet buraxmaq fikrinə düşəndə onun cəmi 12 yaşı vardı. Onların «Deyvin zarafatları» adlı qəzeti mimeoqraf üsulu ilə cəmi 20 nüsxə tirajla çap olunur, beş sentə satılırdı. Stiven müxtəlif mövzularda məqalələr yazırdı, hələ nümayiş olunmamış televiziya şoularının xülasəsini hazırlayırdı. Onun məqalələri və xülasələri oxucular tərəfindən rəğbətlə qarşılanırdı və bu,  qardaşların daha da həvəslə çalışmalarına rəvac verirdi.

Elə həmin vaxtlarda Stiven Kinq ilk hekayələrini qələmə almağa başladı. Bu hekayələr hələ üslub, forma və təhkiyə cəhətdən  yeniyetmə sadəlövhlüyü ilə qələmə alınsa da, oxucuların diqqətini çəkirdi – Stiven hər hekayəni 30 sentə satırdı. Bunun nəticəsi kimi, cəmi on altı yaşı olanda – 1963-cü ildə gənc yazıçının ilk hekayələr toplusu işıq üzü gördü. «Adamlar, yerlər və heyvanlar – I cild» adlandırdığı topluya müəllifin 18 hekayəsi daxil edilmişdi. Onun «Yolun axırındakı hotel», «Mən gedirəm!», «Əsas ölçü», «Quyunun altındakı məxluqlar», «Naməlum Adam», «Mən yıxılıram», «Lənətlənmiş ekspedisiya», “Dumanın o biri tərəfi» hekayələri oxucularına artıq yaxşı tanış idi.

1964-cü ildə kitabın «Ulduzlu işğalçılar» adlı ikinci hissəsinin çap olunması onun yazıçılıq peşəsinə ciddi münasibət bəslədiyini göstərdi.

Stiven Kinqin növbəti il «Komiks Revyü» jurnalında çap etdirdiyi «Mən qəbirləri soyan yeniyetmə idim» adlı hekayəsi də maraqla qarşılandı. Amma onun peşəkar yazıçı kimi ilk hekayəsi yalnız 20 yaşında çap olunmuşdu. «Şüşə döşəmə» adlı həmin hekayədə müəllifin peşəkarlığı özünü açıq-aydın büruzə verirdi.

Bununla belə, Stiven orta məktəbdə o qədər də seçilən şagird hesab olunmurdu, özünün dediyi kimi, nə pislərin, nə yaxşıların arasındaydı. Amma 1966-cı ildə Men universitetinə daxil olmaq ondan ötrü çətin olmadı. Dərhal da «Uzun yol» adlı romanını yazmağa başlayan tələbə-yazıçı birinci kursu bitirəndə ilk iri əsərini başa vurdu. Amma hər şey gözlədiyi kimi olmadı. «Bennet Cerf Random House» nəşriyyatı romanın çapından imtina elədi. Bu da gənc Stivenə ağır təsir bağışladı. O, romanı «sandığa» qoyub bir müddət ictimai işlərlə məşğul oldu. O, universitetin tələbə qəzetində hər həftə köşə yazıları çap etdirir, Vyetnam müharibəsi əleyhdarlarının aksiyalarında iştirak edirdi.

1970-ci ildə ingilis dili sahəsində bakalavr dərəcəsi alan Stiven Kinq orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı qazandı. Lakin onun müəllimlik eləmək fikri yox idi. Bir il sonra universitetdə tanış olduğu Tabite Sprüslə evləndi. Amma ilk vaxtlar Stiven iş tapa bilmədiyindən, onlar böyük çətinliklərlə üzləşdilər. Gənc yazıçı hekayələrini «Cavaller» kimi kişi jurnallarında ara-sıra çap etdirməklə qonorar alır, arvadı isə camaşırxanada işləyirdi. Bir müddət sonra Stiven yanacaqdoldurma məntəqəsində işləmək məcburiyyətində qaldı.

Amma yaradıcılıqdan uzaqlaşması Stiven Kinqə heç cür rahatlıq vermirdi. Bir dəfə kitabxanada əlinə Robert Brauninqin «Balaca Roland Qaranlıq Qülləyə gəldi» adlı poeması keçdi. Kitabı oxuyub «Qaranlıq Qüllə» adlı saqa yazmaq həvəsinə düşsə də, işləmək məcburiyyətində qaldığından fikrini gerçəkləşdirə bilmədi.

Amma 1973-cü ildə Kerri Uayt adlı qız barədə hekayələr yazmağa vaxt tapdı, bu da onun gələcək taleyində mühüm rol oynadı. Əvvəlcə yazdığını bəyənməsə də, arvadı onu, hekayənin pis olmadığına inandıra bildi. Stiven Kinq roman həcmindəki «Kerri» adlandırdığı əlyazmasını «Doubleday» nəşriyyatına göndərdi və dərhal 2500 dollar avans aldı. Roman isə anındaca populyar oldu. «NAL» nəşriyyatı əsərin təkrar nəşr hüququnu 400 min dollara satın aldı və həmin məbləğin yarısı  müəllifə çatırdı! Artıq Stiven Kinq peşəkar yazıçılıqla məşğul ola bilərdi. Cəmi otuz yaşı olsa da, o,  nəşriyyatların və oxucuların yeni əsərlər gözlədiyi qələm sahiblərindən idi. Elə bu vaxt anasının səhhəti pisləşdiyindən, Sebaqo gölü kənarındakı yay evinə köçməli oldu. Burada Stiven triller üslubunda «dəhşət romanları» yazmaq fikrinə düşdü. Qış ərzində yazıb bitirdiyi və ilk adı «İkinci Zühur» olan «Qüdsün taleyi» romanının çapından sonra oxucularının da, əsərlərini çap eləmək istəyən nəşriyyatların da sayı get-gedə artdı. «Ölü zona» romanının nəşri isə Stiven Kinqi ABŞ-ın ən çox oxunan yazıçıları sırasına çıxardı.

Elə həmin vaxt o, nüfuzlu «NAL» nəşriyyatı ilə əsərlərinin çap hüququ ilə əlaqədar müqavilə bağladı. Yazıçının «Yaşıl mil», «Şouşendən qaçış» romanları kinoprodüserlərin diqqətini çəkdi. Həmin əsərlərin uğurla ekranlaşdırılması Stiven Kinqi ekran sənətilə daha möhkəm bağladı.

İyirmi beş ildən artıqdır ki, Stiven Kinqin adı ABŞ-ın ən məşhur yazıçıları arasında çəkilir. Bu müddət ərzində onun 50-yə yaxın kitabı işıq üzü görüb, kitablarının tirajı milyon nüsxələrlə ölçülür. Dünyanın ən məşhur nəşriyyatları Kinqin yeni romanlarını çap eləmək uğrunda qızğın mübarizəyə girişirlər. ABŞ-ın məşhur kinokompaniyaları onun romanlarını ekranlaşdırmaq üçün yüksək məbləğ  təklif eləyirlər. Bütün bunların nəticəsidir ki, yazıçı-ssenariçi 1998-ci ildə 40 milyon dollar qazanaraq «Forbes» jurnalının məşhurlar siyahısında 31-ci yeri tutmuşdu.

Stiven Kinq hələ də gənclik arzusu olan «Qaranlıq Qüllə» saqasını yazmaq ideyasından əl çəkməyib. Mətbuata açıqlamasında o, saqanı başa vurandan sonra yazıçı karyerasına son qoymaq istədiyini deyib. Amma hələ də onun yaradıcılığı öz axarıyla davam eləyir. 2003-cü ildə Stiven Kinq ədəbiyyata verdiyi töhfəyə görə, “Milli Kitab” mükafatını alıb. O, indi də Men ştatının Banqer şəhərində yaşayır, əsərlərinin süjetlərini və qəhrəmanlarını da buradan götürür.

Azərbaycan oxucusu Stiven Kinqin yaradıcılığı ilə, ssenarisi və əsərlərinin motivləri əsasında çəkilən filmlər və dilimizə çevrilmiş bir-iki kiçik hekayəsi vasitəsiylə tanış olsa da, yalnız indi ətraflı tanışlıq imkanı qazanıb. İstedadlı mütərcim və nasir Etimad Başkeçid yazıçının «Ölü zona» romanı və bir neçə hekayəsini tərcümə edib. Dəqiq və koloritli tərcümə Stiven Kinqin zamanla səsləşən rasional düşüncə tərzini və özünəməxsus üslubunu aydın çatdırır. Ümid edirik ki, Azərbaycan oxucuları bu kitab vasitəsi ilə yeni bir aləm kəşf edəcəklər.

Nəriman ƏBDÜLRƏHMANLI