Elektron ədəbiyyat və sənət portalı

Getsəniz yaxşıdır

Bölmə: «Aydın Yol»çular 08.04.2016

Müəllif yazır: “1991-ci ildən sonra Ermənistan əhalisi təqribən 1.5 milyon azalıb və proqnozlara görə, növbəti onilliklərdə bir o qədər azalacaq. Belə göstəricilər ermənilərin millət olaraq uzunmüddətli mövcudluğunu sual altına qoyur. Özü də Ermənistanı əhalinin daha savadlı zümrəsi tərk edir”.

...1984-cü ilin günəşli payız günlərindən birində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində, Stepanakertdə “Məhsul bayramı” keçirilirdi. Yeri gəlmişkən, bu tədbir miqyasına görə 7 Noyabr və 1 May bayramlarından heç də geri qalmırdı.

AzTV-dən mən və operator Stepanakertə süjet hazırlamaq üçün ezam olunmuşduq.

Şəhər stadionu al-əlvan bəzədilmişdi. Rəsmi açılışda partiya komitəsinin katibi Gevorkov nitq söylədi. Sonra əmək kollektivlərinin nümayəndələri danışdı. Fəxri qonaqlar arasında Yerevandan gəlmiş bir şəxs diqqətimi cəlb etdi. O, toplaşanlara əvvəlcə rusca, sonra isə erməni dilində müraciət etdi. Yerli bələdçim (vilayət komitəsinin təlimatçısı) dedi ki, bu Hrant müəllimdir, çox nüfuzlu adamdır, hətta katib də onunla hesablaşır.

Çıxışın erməni dilində olan bölümünün tərcüməsindən belə anladım ki, Hrant gənclərə Ermənistanın ali məktəblərində güzəştli şərtlərlə təhsil almağı, SSRİ-nin müxtəlif şəhərlərinə gedib orada yaşamağı təklif edir: “Qoy görsünlər ki, ermənilər necə zəhmətkeş və mehribandır. Ermənistanı və erməniləri gecə-gündüz təbliğ edin, tariximizi dönə-dönə xatırladın...”

Bayram tədbiri bitdikdən sonra bizi Gevorkovun kabinetinə apardılar. Vilayət katibi söhbət əsnasında çox israrla bir xahişini səsləndirdi:

- Qeyri-rəsmi qonağım olan Hrantın efirdə görünməsini istəməzdim. O, bir qədər çılğın adamdır və fikirləri Kommunist Partiyasının məramı ilə uzlaşmaya bilər.

Təəcübümü gizlədə bilmədim:

- Axı o tribunada sizin yanınızda dayanmışdı, bütün kadrlarda görünür.

- Elə verin ki, efirə düşməsin, Bakıda düzgün anlamazlar...

İllər ötəndən sonra anladım ki, bu “qeyri-rəsmi” qonaq Daşnaqsütün partiyasının gizli emissarı imiş.

Bu hadisəni ona görə xatırladım ki, hələ sovet dönəmində daşnaqlar gənclərə “isti” ölkələrdə kök salmaq ideyasını təbliğ edirdilər. Nə əkmişdinizsə, qarçınıza çıxmadımı, cənablar?

Məqalədən sitat: “Söhbət təkcə rəqəmlərdən getmir. Ermənistandan başqa ölkələrə iş tapmaq məqsədi ilə gedənlərin 55-60 faizi yüksək səviyyəli mütəxəssislərdir. Daha bir neqativ tendensiya odur ki, gənclərin 40%-dən çoxu təhsil almaq, işləmək, yaşamaq və ya nikaha girmək məqsədi ilə çıxıb gedirlər”. Erməni sosioloqun qənətincə, İrəvan emiqrasiyanın dayanmasına ümid edə bilməz, ancaq “erməni xalqının gələcəyinin olması üçün o, “sirkulyasiya edən miqrasiya”nı stimullaşdırmalıdır”.

Bəlkə hay-küy əvəzinə gedənlərin qarşısını kəsib səbəbini soruşasınız?! Amma cavabında nə eşidəcəyinizi yaxşı bilirsiniz:”ara, iş yox, pul yox, çörək yox! Torpağı yeməyəcəyik ki!”

Amma bu gün ermənilər yemək ucbatından yox, qorxudan qaçırlar. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Xankəndi, Şuşa xeyli boşalıb, buranı 3 mindən çox erməni tərk edib. Çox güman ki, bütün bunlar erməni eksperti narahat etmir və o, hətta çıxış yolu da göstərir: “8 milyonluq diaspor tərəfindən ermənilərin bura cəlb olunması üçün addımlar atılmalıdır. Suriyadakı 150 minlik erməni icmasından Ermənistan yalnız 7 min nəfəri qəbul edə bilib”.

İndi təsəvvür edin ki, bu aclar dünyaya səpələnərək ağlaya-ağlaya öz “parlaq” keçmişlərindən, “şanlı” tarixlərindən ağızdolusu danışacaqlar. Məni bir sual maraqlandırır: Bundan belə Qarabağda kim quldurluq eləyib azərbaycanlılara xaincəsinə güllə atacaq? İşğal etdiyiniz torpaqlarda kəndləri, şəhərləri, tarixi abidələri kim viran qoyacaq? Və bir də... “Məhsul bayramı”nda bizdən oğurladığınız melodiyaların sədaları altında kim rəqs edəcək?

Amma getsəniz yaxşıdır. Qoy sizi bütün dünya “tanısın”!