Elektron ədəbiyyat və sənət portalı

Kəpənək nə yeyir?

Bölmə: Elm 22.04.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Yer üzündə neçə növ həşərat var?

 

Planetimizdə neçə növ həşəratın yaşadığından xəbəriniz var? 2 milyondan 4 milyona qədər! Alimlər həşəratların 625 minini tədqiq ediblər və praktiki olaraq bütün həşəratların təfsir olunacağına qəti ümid yoxdur. Canlıların heç bir növündə belə rəngarənglik olmur.

Əgər yer üzündə yaşayan həşəratların absolyut sayını bilməyə çalışsaq, insan şüuru alınan rəqəmləri qiymətləndirməkdə aciz qalacaq! Planetimizdə yaşayan həşəratların təqribi sayını hesablamağın yeganə məqbul yolu 1 kvadratmetr nəm torpaqda onların sayını bilməkdir. Bu rəqəm təxminən 500-2000 arasında dəyişir.

Beləliklə, bir hektar normal torpaqda 10 milyona yaxın həşərat olur. Onların əksəriyyətini insan gözüylə görmək mümkün deyil. Bu həşəratlar həqiqətən mikroskopik ölçülərdədir. Və onların yalnız bir neçə min növü insanı o dərəcədə narahat edir ki, bu məxluqlara nəzarət etməyə cəhd göstərməli oluruq. Əgər dərindən düşünsək, görərik ki, insan həşəratların mühasirəsindədir, amma onların nə qədər olduğunu təsəvvür belə etmir!

Həşəratların böyük bir qismini iki şey birləşdirir: onların bədəni üç hissəyə bölünüb və adətən, altı ayağı olur. Amma müəyyən istisnalar da var.

 

Mənənə nədir?

 

Mənənə (yaxud, başqa sözlə desək, bitki biti) yaşıl və qəhvəyiyə çalan, uzunluğu 6 millimetrdən çox olmayan həşəratdır. Onlar o qədər sürətlə artır ki, əgər təbii düşmənləri bu həşəratları məhv etməsəydi, yer üzündəki bütün bitkiləri yeyib qurtarardılar! Mənənəni bütün bitkilərin yarpaqlarında, gövdələrində, köklərində görmək olar. Bu həşəratlar çox vaxt meyvə ağaclarına, gül-çiçəyə, tərəvəzə və taxıl bitkilərinə ciddi ziyan vururlar. Onların çox kiçik başlarında güclü ağzı, yaxud xortumu olur. Mənənə bu xortumla yarpağı deşir və onun bütün şirəsini sümürür. Bundan sonra bitki solur və çox vaxt məhv olur.

Mənənənin həyatının ən qəliz detalı onun bədənindən şirin şirə ifraz olunmasıdır. Bu şirəyə “bal şehi” deyirlər, qarışqalar isə bu mayeni həvəslə içir. Ona görə də qarışqalar mənənəni tutur, onların qayğısına, əsl fermer öz inəyinin qayğısına qalan kimi qalırlar. Mənənəni öz yuvasına gətirən qarışqa onu kifayət qədər yemlə təmin edir və ciddi-cəhdlə qoruyur. Qarışqa öz “inəyini” sağmaq istəyəndə, onun qarnını bığcıqları ilə sığallayır və həşəratın qarnının kənarlarında xirdaca şirə damcıları görünür və bu damcıları qarışqalar ləzzətlə içir. Adamlarınsa mənənəni qorumaq üçün heç bir əsası yoxdur deyə, onların üzərinə kimyəvi maddələr püskürdüb öldürür.

 

Kəpənək nə yeyir?

 

Bildiyiniz kimi, kəpənəyin həyatı bir neçə dövrdən keçir. Əvvəlcə, yumurta, sonra tırtıl, sonra barama (barama bütün qışı yatır) olur və nəhayət, baramadan kəpənək çıxır. Kəpənəyin həyatında bir dövr var ki, bu zaman o, daha çox yeyir. Bu o vaxt olur ki, həşərat tırtıl dövrünü yaşayır. Bəzi kəpənək növləri üçün tırtıl dövrü onların, ümumiyyətlə, nəsə yediyi yeganə dövrdür. Tırtıl yeyə-yeyə ölçülərini böyüdür – o vaxta qədər ki, onun dərisi partlayır və yerində yeni dəri əmələ gəlir. Beləcə, bir neçə dəfə davam edir.  Və üstündən neçə həftə keçəndən sonra tırtıl əvvəlki ölçülərindən dəfələrlə iri olur.

Amma kəpənəklərin bədəni qida qəbul etməyə uyğundur: onların başı, sinəsi, qarnı var. Yeyən kəpənəklərdə ağız əvəzinə xortum olur və bu xortum yemək vaxtları arasında qatlanmış vəziyyətdə qalır – lap saat yayı kimi. Bu xortum çiçəyin dərinliyinə işləyə bilir və onun nektarını çəkir.

Gecə kəpənəklərində xortumun uzunluğu 15-20 santimetrə çata bilər. Odur ki, belə bir xortum iri, lüləşəkilli güllərin də nektarına çata bilir. Bəzi kəpənəklərin xortumunun ucunda kəsici dişlərə bənzər bir şey olur. Kəpənək onun vasitəsiylə meyvələri deşib şirəsini içə bilir.

 

Kəpənəklər miqrasiya edirmi?

 

Quşların miqrasiya etdiyini, yəni bəlli bir mövsümdə başqa diyarlara uçmasını hamı bilir. Amma çoxlarının xəbəri yoxdur ki, kəpənəklər də miqrasiya edir. Buna misal kimi, hər il Meksikadan Kaliforniyaya səyahət edən kəpənəkləri göstərmək olar. Elə həmin ailədən olan kəpənəklər Aralıq dənizindən ötərək Afrikadan Avropaya gəlirlər. Miqrasiya zamanı göydə eyni anda minlərlə, milyonlarla kəpənək görmək mümkündür.

Köçəri kəpənəklərdən ən məşhuru danaida kəpənəyidir. O, Meksika körfəzi sahillərində və digər cənub əyalətlərində qışlayır. Yazda cavan dişilər yumurtalarını süd kimi şirə ifraz edən bitkilər üzərində qoyurlar. Bu bitkilərin yarpaqları yumurtadan çıxan tırtıllar üçün əla qidadır. Kəpənəklər böyüyəndə, bir qədər şimala köç edirlər. Orada həşəratlar cütləşir və elə həmin bitkilər üzərində yumurtlayırlar – həmin vaxt o bitkilər artıq şimalda da yetişir. Bu miqrasiyanın çox maraqlı bir növüdür, çünki bir neçə ay ərzində danaidaların bir neçə nəsli bir-birini əvəz edərək getdikcə daha şimala köç edib südləyən, yaxud ona qohum olan başqa bitkiləri axtarır.

Beləliklə, yayın axırlarında Kanadaya çatan kəpənəklər köç prosesini başlayanlar yox, onların xələfləri olur.

Payız gələndə, hava soyuyanda isə sağ qalmış kəpənəklər böyük dəstələr şəklində geriyə dönərək göydə uzunluğu 20 kilometrə çatan bir sürü əmələ gətirirlər. Danaida kəpənəkləri hər il eyni marşrutla miqrasiya edirlər.

 

Milçəklər nə yeyir?

 

Özlərinin xırda ölçülərinə görə (100 yetkin milçəyin çəkisi 25-30 qram olur) adi otaq milçəyinin böyük miqdarda qidaya ehtiyacı olmur deyə, onlar hər yerdə lazım olan qədər qida tapa bilirlər. Otaq milçəkləri quru qida yemir, çünki onu çeynəmək üçün alətləri yoxdur. Milçəyin ağzı yalnız duru qidanı sümürməyə uyğunlaşıb. “Dil” rolunu onun fil xortumuna bənzəyən xortumu oynayır. Onun da ucu iki yerə ayrılıb və bu kanallar maye qidanı sümürmək üçün boru kimi işləyir.

Şimşək çaxması ərəfəsində otaq milçəklərinin adamı dişləməsi haqda geniş yayılan fikirlər yanlışdır. Bunu deyənlər adi milçəkləri başqa milçəklərlə, məsələn, peyin milçəkləriylə, çöl milçəkləriylə səhv salanlardır. Bu milçəklər qan sorur deyə, insanı da dişləyir. Lakin əgər otaq milçəkləri adamı dişləmirsə, bəs onda niyə onu bu qədər təhlükəli sayırlar? Məsələ bundadır ki, onların xüsusi balışcıqları olan pəncələri və bədənləri tükcüklərlə örtülüdür, dillərini isə yapışqanlı selik örtür. Bu o deməkdir ki, milçəyin bədəninə daim toz, kir yapışır. Otaq milçəkləri isə yemi hər yerdə, o cümlədən zibil qalaqlarında, tullantı sularında, çirkablarda axtardığından, onlara yapışan tozda müxtəlif xəstəliklərin törədicisi olan bakteriyalar var ki, milçək bizim qidamıza qonandan sonra orqanizmimizə düşə bilər.

 

Milçəklər necə doğulur?

 

Hamıya bəllidir ki, milçəklər xəstəlik daşıyıcısıdır. Milçəklərin doğulduğu və həyatının çox hissəsini keçirdiyi məkanlar zibilxanalar, bakteriyaların inkişafı üçün əlverişli olan başqa bu kimi yerlərdir. Faktiki olaraq, bu nəm, çürüməkdə olan materiya milçəklərin çoxalması üçün ən münbit məkandır. Burada dişi milçək ağ yumurtalar qoyur (onların ölçüsü 1,2 millimetrə yaxın olur), onlardan nazik, qurdabənzər, ayaqsız sürfələr çıxır.

Bu mərhələ milçəklərin “qidalanma” mərhələsidir. Beş, yaxud altı gündən sonra sürfənin dərisi qalınlaşır, qəhvəyiyə çalmağa başlayır və milçəyin həyatı dinc mərhələyə keçir: sürfə baramaya çevrilir.

Daha 5-6 gündən sonra baramanın qabığından milçək çıxır. Milçəklərin xəstəlik daşıyıcısı olmasına görə insan onlarla daimi mübarizədədir. Milçəyi öldürməyin ən yaxşı zamanı ya qışda, ya da erkən yazdadır. İlin  soyuq çağlarında milçəklər, qaranlıq guşələrdə gizlənir və daim ac olurlar. Ona görə də onları öldürmək qat-qat asanlaşır.

 

Milçək tavanda necə yeriyə bilir?

 

Özünün bütün ziyanlarına baxmayaraq, milçək heyran qalmalı məxluqdur. Adi otaq milçəyinin iki dənə iri qəhvəyi gözü olur ki, onların hər biri öz növbəsində minlərlə xırda linzadan ibarətdir. Belə gözlərə “mürəkkəb” gözlər deyirlər.

Bundan savayı, milçəyin başının lap üstündə daha üç “sadə” göz olur. Bu gözlər dik yuxarı baxır və onları yalnız böyüdücü şüşə altında görmək mümkündür. Otaq milçəyinin bığcıqları iybilmə orqanı kimi işləyir. Bu bığcıqlar qoxunu çox uzaq məsafədən duya bilir.

Milçəyin ağzı bizim dil hesab etməyə öyrəndiyimiz orqandan formalaşıb, lakin bu həşəratın ağzının bütün hissələri uzun xortumda cəmləşib. Bu xortumla milçək şirə çəkir. Milçəyin bədəni üç hissədən ibarətdir: baş, sinə və qarın. Qanadlarının dalında iki dənə xırdaca şiş var ki, bu, ona uçuş zamanı müvazinətini saxlamaq üçün gərək olur. Zolaq-zolaq sinəsində üç cüt ayağı var. Hər ayaq beş hissəyə bölünür ki, onların sonuncusu pəncədir.

Milçək pəncəsinin alt hissəsindəki iki dırnaqcığın üzərində yeriyir. Bu dirnaqcıqların altındakı yapışqanlı balışcıqlar ona imkan verir ki, tavanda, başıaşağı gəzə bilsin!

Daha bir maraqlı fakt: Demə, milçəyin bütün həyatı doğulduğu yerin həndəvərindəki 100 metrlik məsafədə keçir.

 

Arılar qışda necə olur?

 

Arıların min müxtəlif növü var, ona görə də bu müxtəlif növlərin davranışı bir-birindən çox fərqlənir. Lakin bizi, əsasən iki şey daha çox maraqlandırır: onlar balı necə əmələ gətirir və “ictimai” məxluq olan arılar öz həyatlarını necə təşkil edir. Balın istehsal prosesi zamanı arı çiçəkdən-çiçəyə uçub nektar içir və sonra onu özünün həzm aparatının bir hissəsi olan, mədədən qabaqda yerləşən, amma ondan tam ayrı olan kisəvari bir orqanda, başqa sözlə desək, bal torbasında evinə daşıyır. Nektarın bala çevrilmə prosesinin ilk mərhələsi elə həmin kisəcikdə baş verir. Nektardakı şəkər orda kimyəvi dəyişmələrə məruz qalır.

Nektar bala çevrilməzdən əvvəl arılar ondakı suyun çox hissəsini buxarlandırırlar.

Eşşəkarısının yığdığı bal elə nektar qədər duru olur deyə, tez turşuyur. Bal arılarının şanılara yığdığı bal isə o qədər qatıdır ki, praktiki olaraq əbədi qala bilər.

Yaxşı, bəs qışda necə olur? Mülayim iqlimdə cavan eşşəkarısı anaları qışı quru qumsallıqlarda, başqa münasib yerlərdə qazılmış yuvalarda keçirir.

Ana arı koloniyanın qışda sağ qalan yeganə üzvüdür və o, yazda təzə koloniya formalaşdırır. Bal arıları isə eşşəkarısından daha xoşbəxtdirlər. Onlar hər cür iqlim dəyişikliyinə uyğunlaşa bilirlər. Onların ictimai təşkilatı o qədər güclüdür ki, lap insan cəmiyyəti ilə müqayisə oluna bilər. İşçi arılar pətəkdəki temperaturu dəqiqliklə qoruyurlar (bu, bal arılarının inkişaf etdiyi yerdə təxminən 34 dərəcədir).

Qışda arılar temperaturun 7 dərəcədən aşağı enməsinə imkan vermirlər. Topladıqları bal, arılar tərəfindən yanacaq kimi istifadə olunur – onu yeyərkən arıların bədən temperaturu artır, bu istilik də temperaturun normallaşmasına kömək edir.

 

Qurdlar hansı ailədəndirlər?

 

Alimlər qurdların nə olduğunu dəqiq söyləməkdə acizdirlər. Onları daha çox uzun bədənli, onurğasız, sürünməyə qadir və baş tərəfi qismən bədənin qalan hissəsindən fərqlənən məxluqlar kimi təsvir edirlər. Onların ən mühüm cəhəti bədənlərinin iki eyni hissəyə - sol və sağ hissələrə ayrıla bilməsidir. Odur ki, sizin rastınıza belə əlamətlərə malik heyvan çıxsa, bilin ki, qarşınızdakı qurddur. Qurdların ölçüsü mikroskopik nümunələrdən lap nəhənglərinədək (uzunluğu 12 metrədək) dəyişir. Qurdlar həm şəffaf, həm də tünd-qəhvəyi, yaşıl və qırmızı ola bilər.

Onların ən mühümləri yastı qurdlardır: bizquyruqlar, askaridlər, namatodlar, habelə lentvari qurdlar qrupu.

Yastı qurdlar bədənlərinin yastı quruluşuna görə bu adı alıblar. Bu qurdlar eyni zamanda hər iki cinsə aiddirlər.

Onlardan bəziləri sərbəst yaşayır, bəziləri isə parazit həyat tərzi keçirir. Parazit qurdlara it və insan kimi onurğalıların bağırsağında yaşayan lentvari qurdlar aiddir. Bizquyruqlar böyük qrup olan sapvari qurdlar qrupunu əmələ gətirir. Bu qurdlar ölçülərinə görə bir-birindən çox fərqlənir – gözlə zorla seçilənlərdən, uzunluğu bir neçə metrədək olanlara qədər.

Trixinella bizquyruqları, rişta və adi askaridlər ən təhlükəli qurdlar sayılır. Onlar bəzi heyvanlar və insanlarda ciddi xəstəliklərə səbəb ola bilər. Bizim yaxşı tanıdığımız yağış qurdları isə çox faydalıdır, çünki torpağı deşərək onu boşaldır, bitkilərin oksigenlə təmin olunmasına şərait yaradır.

 

Siçovullar ziyanvericidirmi?

 

Bəşəriyyətin bütün tarixi boyu insan yalnız bir heyvanla çox böyük səylə, ən qəddar vasitələrdən istifadə etməklə barışmaz mübarizə aparıb. Bu heyvan siçovuldur! Siçovulların əksər növlərinin tamamilə ziyansız və maraqlı heyvan olmasına baxmayaraq, bu dəstənin iki üzvü – qonur və qara siçovul bütün ailənin adını ləkələyir. Yaxşı, bəs insanlar siçovullarla nəyə görə mübarizə aparır?

Məsələ bundadır ki, bu heyvanlar hər il milyonlarla ton qiymətli taxıl məhsullarını məhv edir, ev quşlarının yumurtalarını yeyir, yaşayış məskənlərində, gəmilərdə ərzağı korlayaraq, adamları çətinliyə salırlar. Evlərdə, binalarda baş verən yanğınların xeyli hissəsi qaz borularını, elektrik naqillərinin izolyasıyasını didib-tökən siçovullara görə baş verir. Onlar bundan başqa döşəmələri, mebelləri korlayır və üstəlik, cürbəcür xəstəliklər, o cümlədən bizim günlərdə, xoşbəxtlikdən az rast gəlinən taun kimi dəhşətli bir bəla yayırlar.

Şəhərlərdə siçovulların sayı, hesablamalara görə adamların sayından az deyil, kəndlərdə isə hər adama 3-4 siçovul düşür. Onlar divara dırmana, yerin altına girə bilir, evdə,  küçədə, və nəm yerdə rahatca yaşayır. Adətən, tərəvəzlərə üstünlük verən siçovullar əslində hər şey yeyir. Bu heyvanlar harda desən yaşaya bilməsinə, nə desən yeməsinə görə sürətlə artır, çoxalır. Bir sözlə, siçovullara nəzarət etmək mümkün deyil. Onun dişisi ildə 10-dək bala verə bilər ki, onların hər biri artıq 4 aydan sonra tam yetkinləşərək nəsil verir!

Qara siçovulların vətəni Kiçik Asiya və bəzi Şərq ölkələridir. Avropaya bu siçovullar Fələstindən qayıdan səlibçilərlə “gəliblər”. Qonur siçovullar isə əvvəllər Mərkəzi Asiyanın çöllərində yaşayırdılar və onların kütləvi köçü, yəqin ki, Roma İmperiyası dönəminin əvvəllərində başlayıb. Qara siçovullar kimi onlar da dünyanın hər yerinə gəmilərin anbarlarında gedib çıxıblar.

İndi siz artıq bilirsiniz ki, siçovulla mübarizə aparmasan, onların vurduğu ziyanın öhdəsindən heç cür gəlmək olmaz. Amma siçovulun daha bir növü də var, gəlin bir qədər də ondan danışaq.

Siçovullar özlərini yeni şəraitə ən asan uyğunlaşan heyvan kimi göstəriblər. Onlar da insanla birlikdə yaşayan başqa gəmirici siçan kimi çox populyar ev heyvanlarına çevrildi və onları sırf bu məqsədlə yetişdirməyə başladılar. Təbii ki, ev siçovullarının çoxaldılması üçün adi vəhşi siçovullardan heç vaxt istifadə etməyiblər, baxmayaraq ki, onlar rənglərinə, bəzi davranışlarına görə qohumdurlar.

Ağ siçovullar faktiki olaraq, qonur siçovulların albinosudur. Albinos - dərisinin və tükünün piqmentasiyası pozulmuş canlılara deyirlər. Ən yaxşısı ev siçovullarını qəfəsdə saxlamaqdır, amma həmin qəfəs kifayət qədər iri olmalıdır. Siçovul saxlanan qəfəsin içində “ikinci mərtəbəyə” aparan maili yol düzəltmək məsləhətdir. Bir də təbii ki, bu məqsədlə dəmir qəfəslərdən istifadə etmək daha yaxşıdır, çünki heyvan qəfəsindən bezəndə ağac barmaqlıqları asanlıqla gəmirib azadlığa çıxa bilir.

Ev siçovulları elə də tələbkar deyil və onlar üçün ən yaxşı qida döyülmüş yulafla quş yeminin qarışığıdır. Ev siçovullarının ömrü 2-3 ildir.