Elektron ədəbiyyat və sənət portalı

Müasir dövrdə ərazi bütövlüyü prinsipinin yeni aspektləri

Bölmə: Tarix 15.04.2016

Xaqan MƏMMƏDOV

Beynəlxalq münasibətlər, başlıca olaraq, ərazi uğrunda mübarizə zəminində təşəkkül tapıb və inkişaf edib. Artıq XX əsrin əvvəllərində quru ərazi resursları tamamilə bölüşdürülmüşdü. Bu ərazilərin qlobal anlamda yenidən bölüşdürülməsi cəhdləri iki dünya müharibəsinə gətirib çıxardı. Məhz bu müharibələrin nəticəsində belə bir qənaət formalaşıb ki, güc yoluyla sərhədlərin yenidən çəkilməsi yolverilməzdir. Ancaq, təbii ki, bu, yeni münaqişə ocaqlarının yaranmayacağına heç bir zəmanət vermir. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər nəzəriyyəsində ərazi – dövlətin əsas əlamətlərindən biridir və məskunlaşdığı ərazilərin qorunması bütün canlıların, o cümlədən də, insanların instinktiv haqqı kimi qəbul olunur.

Məlum olduğu kimi, əsas prinsipləri BMT-nin Nizamnaməsində əks olunmuş müasir Beynəlxalq hüquq, dövlətlərin suverenitetinə, ərazi bütövlüyünə qarşı hərbi güc işlətməyi qadağan edir və silahlı təcavüzü ağır beynəlxalq cinayət tərkibli əməl sayır. Baxmayaraq ki, beynəlxalq hüquq, dövlətlər arasında mübahisələrin müharibə yoluyla həllini qadağan edir, bu o demək deyil ki, münaqişələri silah gücünə öz xeyrinə həll etmək istəyən dövlətlər yoxdur.

Qloballaşma şəraitində polietnik dövlətlərdə milli məsələlərin universal həll modeli yoxdur. Beynəlxalq sənədlər yalnız ümumi istiqaməti müəyyənləşdirir. Bütün etnik qrupların komfort şəraitdə yaşadığı halda, polietnik dövlətlər daha uğurlu həyat standartlarına malik ola bilər. Bu isə, birbaşa dövlətin iqtisadi vəziyyətinə bağlı məsələdir. Hər bir dövlət burada yaşayan etnik, dini və milli azlıqların ümumi evinə çevrilməlidir. Lakin müasir mərhələdə hər bir etnik qrup üçün ayrıca götürülmüş, başqalarından «təmizlənmiş» monoetnik yarımdövlət yaratmaqla heç bir problemin öhdəsindən gəlmək mümkün deyil. Hazırda demokratik qərb dövlətlərində milli problemlər şəxsiyyətin fərdi və etnik qrupların kollektiv hüquqlarının qorunması zəminində həll olunur. Bir qayda olaraq, inzibati bölgülər həmin qrupların ərazilər üzrə paylanmasını nəzərdə tutmur. Ona görə də etnosların «tarixi sərhədləri» məsələsi, öz-özlüyündə, yalnız yeni-yeni münaqişə ocaqlarının meydana gəlməsinə səbəb olur.

İnsan haqlarının üstünlüyü yeni reallıqlar – dünyanın ikiqütblü sisteminin dağılması şəraitində, «soyuq müharibə»nin başa çatmasının təsiri ilə formalaşan yeni təhlükəsizlik paradiqmasının əsas elementlərindən biridir. 18-19 noyabr, 1999-cu il tarixində İstanbulda, ATƏT-in sammitində qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyasında milli azlıqların hüquqlarının qorunması ilə bağlı mühüm müddəalar yer alır. Burada belə qeyd olunur: «Milli azlıqlar da daxil olmaqla, bütün insanların hüquqları qorunmalıdır. Milli azlıqların hüquqlarının qorunması öz-özlüyündə məqsəd olmaqla bərabər, ölkələrin ərazi bütövlüyünü və suverenitetini də möhkəmləndirir… Münaqişə şəraitində mülki şəxslərin müdafiəsini gücləndirmək üçün beynəlxalq humanitar hüququn tətbiqini təkmilləşdirmək yolları araşdırılacaq».

İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq, ərazidə yaşayan bütün insanları təmsil edən hökumətin mövcudluğu dövlətin parçalanmasının, siyasi və ərazi bütövlüyünün pozulmasının qarşısını alır, bu şərt öz müqəddəratını həlletmə hüququnun reallaşdırılması mexanizmini sivil qanunlarla tənzimləyir. Ona görə də əgər hökumət diskriminasiyaya yol vermədən insanların əsas hüquqlarına hörmət əsasında əhaliyə siyasi və sosial həyatda iştirak etmək hüququnu tanyırsa, həmin dövlətin ərazi bütövlüyünün, siyasi birliynin pozulması qanundankənar addım hesab olunur.

1993-cü il İnsan haqları üzrə keçirilən Vyana konfransında da öz müqəddəratını təyinetmə hüqüqunun və eyni zamanda etnik, milli problemlərin destabilizasiya doğuran effektini azaltmağa xidmət edən məsələlərin əhəmiyyətini əks etdirən müddəalar müzakirə olundu. Hazırda müxtəlif milli-mədəni muxtariyyətlər kifayət qədər geniş yayılmış təcrübədir. Belə muxtariyyətlər bu və ya digər xalqların etnik özünəməxsusluğunu qoruyub saxlamağa, din, mədəniyyət, dil, təhsil və digər sferalarla bağlı ən müxtəlif problemləri həll etməyə imkan yaradır.

Muxtariyyət bir çox hallarda milli-ərazi dövlətçilik formasında meydana çıxır və insan haqlarına riayət olunduğu, milli azlıqların maraqları nəzərə alındığı hallarda onların inkişafı ilə bağlı məsələləri həll etməyə imkan verir.

BMT Baş Assambleyasının 18 dekabr, 1992-ci il tarixli bəyannaməsində («Milli, etnik, dini və dil azlığına mənsub olan şəxslərin hüqüqları haqqında bəyannamə») deyilir: «Bu bəyannamədə yer almış heç bir müddəadan BMT-nin məqsədləri və prinsipləri ilə uzlaşmayan fəaliyyət növünə haqq qazandırmaq üçün istifadə edilə bilməz. Suveren bərabərlik, ərazi bütövlüyü, siyasi müstəqillik prinsipləri qorunmalıdır». 18 aprel, 1995-ci il tarixində Strasburqda AŞ-na üz ölkələrin imzaladığı «Milli azlıqların müdafiəsi Çərçivə Konvensiyası»nda da oxşar fikirlər yer alır:

«Bu Çərçivə Konvensiyasının heç bir müddəasından beynəlxalq hüqüqun prinsiplərini, o cümlədən də, ölkələrin suveren bərabərliyi, ərazi bötövlüyü və siyasi müstəqilliyini təhdid edən fəaliyyətə haqq qazandırmaq üçün istifadə edilə bilməz».

İndiki mərhələdə suveren bərabərlik konsepsiyasına aşağıdakı elementlər daxildir: 1) Hüquqi baxımdan bütün dövlətlər bərabərdir; 2) Hər bir dövlət «tam suverenitet»ə aid hüquqlardan istifadə edə bilər; 3) Hər bir dövlət başqa dövlətlərin hüquqi subyekt statusuna hörmətlə yanaşmağa borcludur; 4) Dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır; 5) Hər bir dövlət öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməyə və başqa ölkələrlə əmin-amanlıq şəraitində yaşamağa borcludur.

Beynəlxalq münasibətlərin əsasını təşkil edən bütün bu prinsiplər torpaq iddiaları zəminində meydana çıxan beynəlxalq münaqişələrin tənzimlənməsində mühüm rola malikdir. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Müşavirənin (1975-ci il) yekun aktında göstərilən prinsipə görə: «iştirakçı dövlətlər bir-birinin və bütün Avropa ölkələrinin dövlət sərhədlərinin toxunulmaz olduğunu bildirir və bəyan edirlər ki, bundan sonra hər vasitə ilə sərhədlərin olduğu kimi qalmasına çalışacaqlar». Bu, mahiyyət etibarilə, ölkələrin bir-birinə qarşı torpaq iddialarından imtina etdiyini bildirirdi.

Bundan başqa, 7 avqust 1993-cü il tarixində MDB iştirakçı ölkələri sərhədlərin toxunulmazlığı haqqında Bəyannamə, ardınca, 19994-cü il, avqustun 15-də isə MDB ölkələrinin suverenitetinin, ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığı haqqında Bəyannamə imzalamışlar. Belə ki, beynəlxalq münasibətlərin müasir aspektlərinə uyğun olaraq, dövlətlər başqa dövlətlərin müəyyənləşmiş sərhədlərinə höpmətlə yanaşmağa borcludurlar. Lakin Berlin divarı yıxıldıqdan sonra postsovet məkanında bir sıra münaqişə ocaqları meydana gəldi.

Əldə olunmuş razılaşmalara zidd olaraq, ərazi iddiaları irəli sürüldü, insan haqları kütləvi şəkildə pozuldu (insanların doğma yerlərdən qovulması, dinc əhaliyə divan tutulması, şəhər və kəndlərin dağıdılması, milli mənsubiyyətinə görə insanların qətlə yetirilməsi və s.). Bütün bunların beynəlxalq cinayət tərkibli əməllər olduğu heç kəsdə şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, təcavüzkar dövlətlər öz cinayətkar niyyətlərini pərdələmək və əsassız ərazi iddiaları irəli sürmək üçün xalqların öz müqqədəratını təyin etmək hüququna, həm də bu hüququn ən ifrat formalarına istinad etməyə çalışırlar.

1998-ci il, iyunun 17-də Roma konfransı Beynəlxalq cinayət məhkəməsinin Statusunu qəbul etdi. Bu sənədə görə soyqırımı, bəşəriyyətə qarşı cinayət (mülki əhaliyə qarşı törədilən deportasiya, zorla köçürmə, işgəncə, qətl hadisələri), hərbi cinayətlər, təcavüzkarlıq və s. kimi əməllər beynəlxalq hüququn yurisdiksiyasına aid edilir. Yuxarıda sadalanan cinayətlərin hamısı, bir qayda olaraq, xalqların öz müqəddəratını təyin etmək bəhanəsinə əsaslanan ərazi iddialarının doğurduğu nəticələrdir. Lakin BMT-nin Nizamnaməsinə əsasən (b.55, 73, 76, m. 1, p.2.) xalqların bərabərliyi prinsipindən və öz müqəddəratını təyinetmə hüququndan heç bir diskriminasiyaya, ayrı-seçkiliyə yol verməyən (dövlət idarəçiliyində əhalinin bütün təbəqələrinin təmsilçiliyini təmin edən) ölkələrin siyasi və ərazi bütövlüyünün pozulması məqsədləri ilə istifadə oluna bilməz.

Beləliklə, yeni beynəlxaql əlaqələrin formalaşması şəraitində dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsipinin funksiyası bir daha nümsayiş etdirir ki, suveren bərabərlik prinsipi ölkələr arasında tərəfdaşlığın və konstruktiv qarşılıqlı əlaqələrin, eləcə də beynəlxalq sabitliyin ən əlverşli zəminini təşkil edir. Bu isə istər dinc yolla, istərsə də silah gücünə sərhədlərin dəyişdirilməsi iddialarının qəbuledilməz olduğunun göstəricisidir.

Tərcümə edən: Etimad BAŞKEÇİD