Elektron ədəbiyyat və sənət portalı

Neofaşizmin erməni dalğası

Bölmə: «Aydın Yol»çular 15.04.2016

1945-ci ilin aprelində müttəfiq qoşunları Buhenvald ölüm düşərgəsində bəşəriyyəti sarsıdan mənzərə ilə qarşılaşdılar. Faşistlər nəhəng qaz kameralarında 250 mindən çox insanı məhv edib, əsirlər üzərində dəhşətli təcrübələr aparmışdılar. Minlərlə adam bu təcridxanada aclıqdan və xəstəlikdən tələf olmuşdu. 

Ötən əsrin 70-ci illərində Buhenvald Memorial Kompleksinə gəlmiş turistlərdən biri rəy kitabına yazmışdı: “Ölüm sobalarını çox erkən demontaj etmisiniz, onlar hələ bizə lazım olacaq!” Müəllifi bəlli olmayan (bəlkə də elə erməni imiş!) bu rəy bir çox mətləblərdən xəbər verirdi. Faşizmin məhvindən tarix baxımından qısa zaman keçsə də, sosializmin bərqərar olduğu o illərdə təhlükəli məfkurənin rüşeymləri artıq özünü büruzə verməyə başlamışdı... Və tezliklə dünya yeni bəla - neofaşizm və irqçilik terroru ilə üz-üzə qaldı.

...Ermənilərin cəbhədə törətdiyi son təxribatlardan bəhs edən süjetə baxanda, nədənsə bu faktı xatırladım. Müxbirlər təmas xətti yaxınlığında yerləşən kəndlərdən birində çəkiliş aparırdılar. Yaşayış məntəqəsi, gecə düşmən tərəfdən intensiv atəşə tutulmuşdu, xeyli sayda ev, məişət obyektləri dağıdılmış, şəxsi təsərrüfatlara xeyli ziyan dəymişdi. Kənd uşaqlarından biri mikrofon qarşısında doluxsundu:

- Məktəbə  mərmi atıblar, sinfimizi, partaları dağıdıblar... Dərsə gedə bilməyəcəyik...

Amma ətrafına toplaşan dostları elə bil ona ürək-dirək verdilər, bir-birinin sözünü kəsə-kəsə qürurla dilləndilər:

- Biz qorxmadıq, heç yerə qaçmamışıq. Əsgərlərimiz erməniyə elə cavab verdi ki, hamısı qaçdı.

Hətta ən balacası yumruğunu qaldırıb “Şəhidlər ölməz, Vətən bölünməz” dedi. Açığı, kövrəldim. Bu məsum uşaqların dağ boyda qəlbini görüb qürur duydum, onların taleyinə yazılmış bu acı günlərə görə təəssüf hissi keçirdim.

Şübhəsiz, erməni terrorunun başında dayanan faşist Sarkisyan belə hisslərdən çox uzaqdır. Çünki, təmas xəttində gərgin döyüşlərin getdiyi bir vaxtda Almaniyaya səfər edib həyasızcasına genosiddən dəm vururdu...

Amma Azərbaycan hələ ötən əsrin əvvəllərində faşistlərin cinayətlərindən də qat-qat dəhşətli sayılan soyqırımla üzləşib. Daşnakların vandalizmi, erməni quldurların Bakı, Şamaxı, Şuşa, Laçın, Xankəndi, Xocalı, Əsgəran, Gəncə və Qubada törətdiyi qırğınlara, azərbaycanlıların doğma torpaqlarından qovulması faktlarına dünya göz yumub.

Sonra da Xocalı soyqırımı. Silahsız azərbaycanlılara - dinc əhaliyə qarşı terror və digər bu kimi dəhşətli faktlar erməni neofaşizminin əsl xislətini aşkar göstərir. Erməni əsirliyindən xilas olmuş vətəndaşlarımızın söylədiklərini ümumiləşdirsək, belə deyə bilərik: dəhşətli ölüm və işgəncə mexanizmlərinin formalarına görə ermənilər hətta faşistləri də geridə qoyublar.

Faktlarla sübut olunub ki, dünyanın bir çox yerlərində erməni terror təşkilatları insanlığa qarşı dəhşətli müharibə aparan beynəlmiləl faşist şəbəkəsi ilə sıx əlaqə saxlayıb təcrübə mübadiləsi aparır və yeni hədəflərin tapılmasında fəallıq göstərir. Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrinə kömək məqsədilə PKK 400 silahlı göndərib. Həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.

Ermənistanda silahlılara terrorçu PKK-ya aid “Ağrı qartalları” adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.

Amma qorxaq ermənilər bir şeyi unudublar: bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Çünki bu gücün təməlində haqq və ədalət dayanır. Haqq və ədalət olan yerdə isə mütləq qələbə də var!