Elektron ədəbiyyat və sənət portalı

Harrison Bergeron

Bölmə: Ədəbiyyat 22.04.2016

Kurt VONNEQUT (ABŞ)

2081-ci il. Hamı, nəhayət, bərabər oldu. Yalnız Tanrı və qanun qarşısında yox. Hər şeydə bərabər. Ən ağıllılar yoxdur. Ən gözəllər yoxdur. Ən güclülər, ən sürətlilər də yoxdur. Bu ümumi bərabərlik dövrü Konstitusiyaya 211-ci, 212-ci və 213-cü düzəlişlər nəticəsində, habelə Amerika Birləşmiş Ştatlarının Ümumi Bərabərləşdirmə Bürosu əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində başlandı.

Lakin bununla belə, həyatda tam qayda-qanun hələ yox idi. Məsələn, apreldə adamlar yaza xas olmayan havaya görə elə əvvəlki kimi özlərindən çıxır, halbahal olurdular. Məhz bu yağıntılı ayda ÜBB-dən olan adamlar Harrison Bergeronu – Corc və Heylz Bergeronun on dörd yaşlı oğullarını həbs etdilər.

Təbii ki, faciə idi, amma Corc və Heylz bu barədə çox düşünə bilmirdilər. Heylz tam adi, orta intellektə malik birisi idi, ona görə də nəyinsə haqqında yalnız bir neçə saniyə fikirləşə bilirdi. Corc isə qulaqlarında özünün üstün zehni imkanlarına uyğun olan miniatür bərabərləşdirici radiocihaz gəzdirirdi. Qanunun tələbi belə idi ki, Corc bu cihazı həmişə və hər yerdə gəzdirməli, heç vaxt çıxarmamalıdır. Qəbuledici daimi hökumət radiostansiyasına köklənmişdi. Təxminən iyirmi saniyədənbir ötürücü, efirə kəskin bir səs buraxırdı ki, Corc kimi qeri-standart beyni olan insanlar öz imkanlarından tam istifadə edə bilməsinlər. Bununla ədalət bərqərar olunurdu.

Corcla Heylz televizora baxırdılar. Heylzin gözünün yaşı indi yanaqlarından axırdı, lakin artıq ağlamağının səbəbini unutmuşdu.

Televizorda balerinalar rəqs edirdi.

Corcun başında qulaqbatırıcı həyəcan siqnalı səsləndi. Düşüncələri qəfil səsdən dağılışan quldurlar kimi, təşviş dolu bir qorxu içində pərən-pərən oldu.

- İndicə gözəl bir rəqs elədilər, - Heylz dedi.

- Nə? – Corc soruşdu.

- Rəqsi deyirəm, babat idi.

- Hə. – Corc dedi.

O, balerinalar barədə bir balaca fikirləşməyə cəhd elədi. Əslində, başqalarından o qədər də yaxşı oynamırdılar. Onların bədənləri buxovlarla, içində qırmalar olan xırdaca kisələrlə ağırlaşdırılmışdı, üzlərində maska vardı ki, incə, nəfis hərəkətlərini görən kimsə, özünün elə olmadığından sıxıntı keçirməsin. Dumanın içindən Corcun ağlına belə bir fikir gəldi ki, bəlkə də rəqqasələri bərabərləşdirmək, ümumiyyətlə, lazım deyil. Bu fikri inkişaf etdirmək istəyirdi ki, mikro dinamikdən gələn növbəti tükürpərdici səs, daşı daş üstə qoymadı. Corc diksindi. Onunla birgə, səkkiz balerinadan ikisi də səksəndi.

Heylz ərinin necə diksindiyini gördü. Onun qulağında bərabərləşdirici radioqəbuledici yox idi və buna görə də hər dəfə hansı səsin gəldiyini Corcdan soruşmalı olurdu.

- Elə bil çəkiclə şüşəni qırdılar, - Corc dedi.

- Ah, necə maraqlıdır – bu qədər müxtəlif səslər eşidirsən, - Heylz yüngül bir qibtə hissilə dedi.

- Hə-ə, - Corc cavab verdi.

- Lakin mən əgər ÜBB-un rəisi olsaydım, bilirsən nə edərdim?

Yeri gəlmişkən, Heylz Ümumi Bərabərləşdirmə Bürosunun Diana Mun Qlampers adlı rəisinə çox oxşayırdı.

- Mən Diana Mun Qlampers olsaydım, - Heylz davam edirdi, - bazar günləri zəng səslər verərdim, qoy tək zəng olsun – elə bil kilsədəsən...

- Təkcə zəng səsi olsa, fikirləşə bilərdim, - Corc dedi.

- Qoy onda lap ucadan çalınsın zənglər, - Heylz dedi. – Elə bilirəm məndən əla ÜBB rəisi çıxardı.

- Onsuz da başqalarından yaxşı ola bilməyəcəkdin, - Corc dedi.

- Normanın nə olduğunu məndən yaxşı kim bilir ki? – Heylz soruşdu.

- Düzdür, - Corc razılaşdı.

Və o an beynində oğlu barədə fikir qırıq-qırıq işardı – onun anormal oğlu, indi həbsxanada olan oğlu Harrison barədə. Amma iyirmi bir topdan açılan yaylım atəşinin səsi bu fikri öldürdü.

- Yaman guruldadı, hə? – Heylz soruşdu.

Elə guruldamışdı ki, Corc ağappaq oldu, tir-tir əsdi. Gözləri yaşla doldu. Səkkiz balerinadan ikisi başını əllərilə tutub studiyanın döşəməsində qıvrıldı.

- Üzün nə yaman dəyişdi, - Heylz dedi. – Əzizim, bəlkə divanda uzanasan, bərabərləşdirici kisəni balışın üstünə qoyub dincələsən bir az?

Corcun boynundan asılmış, içində qırx yeddi funt qırma olan dar kətan kisəni nəzərdə tuturdu. Kisə asma qıfılla bərk-bərk bağlanmışdı.

- Uzan, kisənin əlindən bir az dincəl, - Heylz dedi. – Burda nə var ki?! Tutalım, bir müddət bərabər olmadıq, nə olar ki?!

Corc əli ilə kisənin çəkisini yoxladı.

- O, mənə mane olmur, - dedi. – Fikir vermirəm. Bu kisə artıq mənim bir parçama çevrilib.

- Son zamanlar sən elə yorulursan ki, lap dəhşətdir, - Heylz dedi. – Bəlkə kisədə balaca deşik açıb qırmalardan bir az çıxaraq?

- Çıxardığın hər qırmaya görə iki il həbs və iki min dollar cərimə, - Corc dedi. – Məncə, yaman bahadır.

- Sən işdən qayıdandan sonra, evdə bir hissəsini boşalda bilərdin - Heylz dedi. – O mənada deyirəm ki, burda kiminlə yarışacaqsan ki? Burda sən sadəcə, dincəlirsən.

- Əgər öz həyatımı yüngülləşdirməyə cəhd eləsəm, - Corc dedi, - bunu başqaları da eləyəcək və yenə həmin o qaranlıq cəhalət, xurafat zamanları, hər kəsin başqasından üstün olmağa çalışdığı dövran gələcək. Bu, sənə xoş gələrdi?

- Bu, dəhşət olardı, - Heylz dedi.

- Bax, görürsən, - Corc dedi. – Əvvəlcə, adamlar qanunu aldatmağa çalışır. Bəs sonra cəmiyyətin başına gör nələr gəlir?

Əgər Heylz bu suala cavab verə bilməsəydi, Corc ona kömək eləyə bilməyəcəkdi, çünki başında indi də həyəcan siqnalı çalınırdı.

- Elə bilirəm, cəmiyyət tamam dağılardı, - Heylz dedi.

- Nə dağılardı? – Corc küt-küt soruşdu.

- Cəmiyyət, - Heylz çaşqın-çaşqın dilləndi. – Elə demədin bəyəm?

- Nə bilim...

Televiziya proqramı qəflətən xəbərlərin xüsusi buraxılışı ilə kəsildi. Əvvəlcə heç nə anlamaq mümkün deyildi, çünki diktorun bütün diktorlar kimi, ciddi nitq qüsuru vardı.

O, həyəcan içində, təxminən yarım dəqiqə “Xanımlar və cənablar!” deməyə çalışdı.

Nəhayət, təslim oldu və mətni balerinalardan birinə ötürdü.

- Eybi yox, - Heylz diktoru nəzərdə tutub dedi. – Cəhd edirdi. Bu, artıq çox şey deməkdir. O, Allahın verdiyi var gücü ilə çalışırdı. Belə inadkarlığa görə onun maaşını artırmaq lazımdır.

- Xanımlar və cənablar! – balerina mətni oxudu.

Yəqin, bu qız çox gözəl idi, çünki balerinalar arasında ən eybəcər maskanı o taxmışdı. O, çox güman ki, həm də fiziki cəhətdən çox güclü olmasına rəğmən, rəqqasələrin ən incəsi idi, çünki bərabərləşdirici kisələri özünün ölçüləri ilə iki yüz funtluq bahadırların gəzdirdikləri boyda vardı.

Səsinə görə o dəqiqə üzr istəməli oldu – ölkədə heç bir qadının belə bir səs sahibi olmaq hüququ yox idi. Onun səsi ilıq, işıqlı bir melodiya idi.

- Bağışlayın, - dedi və səsinə tam bir ifadəsizlik verib mətni təzədən başladı.

- On dörd yaşlı Harrison Bergeron, elə indicə hökuməti devirmək məqsədi ilə qəsd təşkil etməkdə şübhəli bilinərək tutulub salındığı həbsxanadan qaçıb. O, dərin ağlı, əla idmançı olması ilə fərqlənir. Caniyə qarşı tətbiq edilən bərabərləşdirmə üsulları qəti effektiv deyil. O, həddindən artıq təhlükəlidir.

Ekranda Bergeronun polisdə çəkilmiş fotosu peyda oldu. Əvvəlcə baş-ayaq, sonra üfüqi, sonra yenə başayaq və nəhayət, düz vəziyyətdə. Fotoşəkildə Harrison özünün bütün boyu ilə üzərində futlar və düymələr göstərilən boyölçənə söykənmiş vəziyyətdə durmuşdu. Harrisonun boyu düz yeddi fut idi.

Harrisonun xarici görkəmindəki qalan şeylər isə yalnız əzab-əziyyət və bir də ağır dəmir-dümürdən ibarət idi. Və bu ölkədə kimsə bu oğlandan ağır bərabərləşdirici daşımırdı. Elə sürətlə böyüyürdü ki, ÜBB-nin əməkdaşları buxovların yeni modelini ixtira etməyə heç cür macal tapmırdılar. Balaca qulaq radiosunun yerinə onun başında şüşələri tutqun eynəyə birləşmiş nəhəng qulaqlıqlar olardı. Bu eynək onu nəinki yarıkor etməli, üstəlik, çox möhkəm başağrıları da yaratmalı idi.

Onun bütün bədənindən dəmir-dümür asılmışdı. Güclü insanlar üçün nəzərdə tutulmuş adi bərabərləşdiricilər müəyyən simmetriya və hərbi səliqəsilə fərqlənirdi, lakin Harrisonunkular elə idi ki, o, daha çox, yeriyən zibilxanaya oxşayırdı. Bu oğlan həyat yolları ilə, üstündə üç yüz funt dəmir daşıya-daşıya addımlayırdı.

Xoşagələn sifətini eybəcərləşdirmək üçün ÜBB-nin əməkdaşları onu məcbur etmişdilər, qırmızı rezin burun taxsın, qaşlarını qırxsın və düzgün biçimli ağ dişlərini qara təbəqələrlə örtsün ki, baxanlar elə bilsin, ağzında cəmi bir-iki dənə əyri diş var.

- Əgər siz bu cavana rast gəlsəniz, - balerina davam edirdi, - onunla mübahisə etməyə cəhd göstərməyin – mən bir də təkrar edirəm – heç bir vəchlə onunla mübahisə etməyin!

Ağır qapı möhkəm cüyüldədi.

Televizordan qırıq-qırıq çığırtılar və dəhşətli hayqırtılar gəlirdi. Harrison Bergeronun fotoşəkli ekranda bir neçə dəfə tullanıb düşdü - sanki zəlzələ səsini andıran musiqinin ritminə uyğun rəqs edirdi şəkil.

Corc Bergeron o dəqiqə başa düşdü ki, bu nə zəlzələdir. Başqa cür ola da bilməzdi: onun evi bu dağıdıcı səsin dalğaları altında indiyədək dəfələrlə rəqs etmişdi.

- Aman ilahi, - Corc dedi, - bu, yəqin Harrisondur!

Həmin an dəhşətli avtomobil qəzasının onun başında guruldayan səsi bu kəşfini beynindən bilmərrə sildi.

Corc gözlərini açanda, Harrisonun fotoşəkli artıq ekranda yox idi. Əvəzində, özü nəfəs alan canlı Harrison bütün ekranı doldurmuşdu.

Üstündəki dəmir-dümürü cingildədə-cingildədə nəhəng bir təlxək kimi zalın tən ortasında durmuşdu. Əlində dabanından qopardığı studiya qapısı vardı. Onun qarşısında lap büzüşmüş balerinalar, texniklər, musiqiçilər və diktorlar sanki ölümlərini gözləyirdilər.

- Mən İmperatoram! – Harrison qışqırdı. – Eşidirsiniz? Mən İmperatoram! Hamı mənim əmrlərimi yerinə yetirməlidir!

O, ayağını yerə elə döydü ki, bina titrədi.

- Mən hətta indi, sizin qarşınızda belə eybəcər şəkildə, belə sarsaq vəziyyətdə, olmazın əzablar içində duranda belə, indiyədək Yer üzündə nə vaxtsa olmuş ən güclü şəxsiyyətlərdən də böyük, güclüyəm! Baxın! İndi sizin gözləriniz önündə əslində necəyəmsə, necə ola bilərəmsə, ona da çevriləcəm!

Harrison bunları deyib bərabərləşdirici qurğularının qayışlarını qırıb tökdü, sanki beş min funt ağırlığa hesablanmış qayış deyil, adi papiros kağızı idi.

Ağır dəmir bərabərləşdiricilər gurultu ilə yerə töküldü. Harrison şəhadət barmağını başına bağlanmış xaltanın asma qıfılına soxdu və qıfılın bağlanan qolu cingilti ilə, lap kərövüz saplağı kimi qırıldı. Qulaqlıqlarını, eynəyini zərblə divara çırpdı.

Qırmızı burnu da harasa uçdu və hamının gözü qarşısında şimşək tanrısı Torun da qorxacağı bir insan göründü.

- İndi isə özümə İmperatriçə seçəcəm! – dedi və qarşısında büzüşmüş adamları yuxarıdan-aşağıya süzdü. – Yerdən qalxmağa cəsarət edən ilk qadın həm özünə ər tapacaq, həm də taxt-taca sahiblənəcək!

Bircə an sonra balerinalardan biri küləkdə söyüd budağı kimi əsə-əsə ayağa durdu.

Harrison qulaqlıqları onun da başından qopardı, bərabərləşdiricilərin yükündən ehtiyatla azad etdi. Və nəhayət, qızın üzündəki maskanı çıxardı.

Bu qız misilsiz dərəcədə gözəl idi.

- İndi isə, - Harrison qızın əlindən tutaraq dedi, - gəl insanlara əsl rəqsin nə olduğunu göstərək. Musiqi! – deyə əmr elədi.

Musiqiçilər yenə yerlərinə dırmaşdılar və Harrison yaxınlaşıb onların da bərabərləşdiricilərini çıxardı.

- Nəyə qadir olduğunuzu hamıya göstərin və mən sizi baron, hersoq, qraf edəcəm!

Musiqi səsləndi. Əvvəlcə, hər şey elə həmişəki kimi idi, - ucuz, sarsaq və saxta. Lakin Harrison musiqiçilərdən ikisini qaldırıb onları dirijor ağacı kimi havada oynada-oynada musiqi necə çalınmalıdırsa, elə də oxudu. Sonra hər ikisini qaytarıb yerinə tulladı.

Yenə çalmağa başladılar, amma bu dəfə əvvəlkindən xeyli yaxşı çalırdılar.

Harrison və onun İmperatriçəsi bir müddət musiqiyə tam sükut içində, elə-belə qulaq asır, elə bil qəlblərinin çırpıntısını musiqinin ahənginə kökləyirdilər.

Onlar bədənlərinin bütün ağırlığını ayaq barmaqlarının ucuna keçirdilər. Harrison iri əllərini qızın incə belinə qoyaraq özünün çəkisizlik hissini ona da ötürdü.

Sonra isə sevinc və zəriflik güclü bir dalğa kimi onları yerdən qoparıb havaya qaldırdı.

Yalnız ölkə qanunları yox, cazibə, hərəkət qanunları da pozulmuşdu.

Onlar yellənir, hərlənir, dövrə vurur, atılıb-düşür, oynayır, şənlənirdilər.

Onlar aydakı marallar kimi atılıb-düşürdülər.

Studiyanın zalı otuz fut hündürlükdə idi və hər yeni sıçrayış rəqqasları tavana daha da yaxınlaşdırırdı.

Budur, onlar artıq tavana toxundular.

Sonra isə təbii cazibə qüvvəsinə sevgiləri, iradələri ilə qalib gəlib havada, tavanın bir neçə düymlüyündə asılıb qaldılar və onların dodaqları şirin bir öpüşdə birləşdi.

Həmin an zala Ümumi Bərabərləşdirmə Bürosunun rəisi Diana Mun Qlampers daxil oldu. Onun əlində on kalibrli qoşalülə tapança vardı.

Tətiyi iki dəfə çəkdi, İmperator özünün İmperatriçəsi ilə hələ yerə çatmamış öldü.

Diana Min Qlampers tapançasını bir də doldurub musiqiçilərin üstünə tuşladı, elan elədi ki, öz bərabərləşdiricilərini yerinə qaytarmaq üçün cəmi on saniyələri var.

Və bu yerdə Bergeronların televizorunun kineskopu partladı. Heylz Corca tərəf döndü, ona bu barədə nəsə demək istəyirdi, amma Corc artıq mətbəxə, pivə dalınca getmişdi.

Əlində pivə otağa qayıtdı, növbəti bərabərləşdirici siqnalı gözlədi və yenə kreslosuna əyləşdi.

- Sən ağlayırdın? – Corc soruşdu.

- Hə, - qadın cavab verdi.

- Niyə?

- Unutdum. Televizorda nəsə kədərli bir şey göstərirdilər deyəsən...

- Nə göstərirdilər ki?

- Beynimdə hər şey qarışıb, bilmədim.

- Kədərli şeylər barədə fikirləşmə, - Corc dedi.

- Mən heç fikirləşirəm ki?

- Onda, ağıllı qızsan, afərin sənə.

Yenə diksindi. Başında dinamit partlamışdı.

- Deyəsən bərk vurdu...

- Nə deyirsən?

- Deyirəm, bərk vurdu deyəsən...

Tərcümə edən: İlqar ƏLFİ