Elektron ədəbiyyat və sənət portalı

Jan Pol Sartr: “Deyə biləcəyim hər şeyi demişəm...”

Bölmə: Ədəbiyyat 22.04.2016

....Həyatımın yeganə məqsədi yazmaq. Nə vaxtsa əvvəlcədən planlaşdırdığım şeyləri yazırdım. İndi isə ancaq düşünə bilirəm. Amma təbii ki, yaza bilməməyim düşüncə fəallığımı azaldır.

...Sözlə yazı arasında böyük fərqin olduğunu hesab edirəm. İnsan yazdığını sonra yenidən ya sürətlə, ya da yavaş-yavaş oxuya bilər. Başqa cür desək, müəyyən bir cümlə üzərində nə qədər dayanacağınıza əvvəlcədən qərar verə bilməzsiniz, çünki  cümlədəki çatışmazlığı ilk baxışda görməyə bilərsiniz. Çatışmazlıq bəlkə o cümlədədir, bəlkə ondan əvvəlkində, bəlkə də ən sonuncuda.

Bütün bunlar yazdığınız mətnə müəyyən mənada sehrbaz mətni kimi baxmağınızı, sözləri dəyişməyinizi, mətnin son versiyasını oxuyub, lazım gələrsə, yenidən düzəlişlər etməyinizi tələb edir. Bu, səsyazanla mümkün deyil.

...Bu günə qədər ancaq yazmışam, dəyişilmək üçün artıq çox gecdi. Görmə qabiliyyətimi qırx yaşında itirsəydim, vəziyyət bəlkə də başqa cür olardı. Bəlkə yeni yollar tapar, məsələn, bəzi yazıçıların istifadə etdikləri səsyazana öyrəşə bilərdim. Amma onun bu gün mənə yazının yaratdığı imkanı verəcəyinə inanmıram. Bir daha xatırladım ki, bildiyim üslub yalnız yazı ilə mümkündür. Bugünkü gənclərin çoxu üsluba məhəl qoymur, insanın, fikrini dilinə gəldiyi kimi deməsinin vacibliyinə inanırlar. Bu səbəbdən, səsyazan onlara daha çox lazımdır.

...Hazırda çap olunan kitabların heç birini özüm oxuya bilmirəm. Amma kimlərsə bunları mənə ya oxuyur, ya da danışır, beləcə çap olunan hər şeyi izləyirəm. Simona dö Bovuar mənə çox kitab oxuyub...  Ancaq bəzən, məsələn, əsərləri araşdırmaq, tənqid etmək, kitabın qəbul edilmiş prinsiplərə uyğun yazıldığını bilmək üçün başqa adamın oxuması kifayət deyil...

...Mən təkbaşıma oxuyub-yazmağa vərdiş etmişəm, yazıçılığın tənhalıq tələb etdiyini bilirəm. İndiki düşüncə vasitələrimizlə hər hansı bir şeyin üstünü örtən pərdənin qaldırılması tənhalıq istəyir.

...Düşünürəm ki, hər bir insan onunla görüşməyə gələn adama ürəyində olanları söyləməlidir. Məncə, insanlar arasındakı münasibətləri təhrif edən  hər kəsin özündə  nələrisə  gizlətməsidir. Lap əvvəldən gizliliyin yerini şəffaflığın tutmasının tərəfdarıyam. Günlərin birində istər subyektiv, istərsə də obyektiv həyatın hamı üçün tamamilə aydın olduğu zaman iki insanın bir-birindən gizlədəcək sirlərinin qalmayacağını indidən beynimdə canlandırıram. Bədənimizi qarşımızdakı insana əsirgəmədən təqdim edəndə fikirlərimizi gizlətməyimiz düzgün deyil, üstəlik, mənim gözümdə bədənlə ruh arasında hər hansı quruluş, təbiət ayrı-seçkiliyi yoxdur.

...Bədənimizi hər kəsə hiss etdiririk, həm də bu, yalnız cinsi əlaqə ilə yox, baxışlarımızla, toxunma duyğumuzla baş verir. Siz bədəninizi mənə təqdim edirsiniz, mən də sizə, çünki bir-birimiz üçün bədənlərimizlə varıq. Amma ağlımızla, fikirlərimizlə eyni şəkildə bir-birimiz üçün mövcud olmuruq.

Başqalarının gözündə həqiqətən mövcud olmaq istəyiriksə, onlara düşüncələrimizlə, ağlımızla toxunmalıyıq. Dil yalnız sözləri deyir.

...Qapanmaq, bütün fikirlərin qarşı tərəfə çatdırılmasını çətinləşdirir, çünki başqasının beynindəki fikirlərə çata bilmək üçün onun prinsiplərinin bizimlə  nə dərəcədə yaxın olduğunu bilmirik. Bu prinsiplər müəyyən nisbətdə aydınlaşdırıla, müzakirə oluna bilər, amma qarşıma çıxan hər kəslə hər şeyi müzakirə edə bilərəm fərziyyəsi doğru deyil. Bunu sizinlə edə bilərəm, amma qonşumla, ya da yoldan keçən bir adamla edə bilmərəm. Çox inad göstərsəm, sona qədər mübahisə etməkdənsə, dalaşmağı üstün tutar.

Demək ki, əslində, inamsızlıqdan, nadanlıqdan, qorxaqlıqdan əmələ gələn, “ya qarşımdakına güvənmirəm, ya da çox az güvənirəm” kimi içimdə gizli qalan bir hiss var. Belə ki, qarşıma çıxan istənilən şəxslə hər şey barədə danışmıram, amma əlimdən gəldiyi qədər şəffaf və səmimi olmağa çalışıram. Çünki içimizdəki həm bizə, həm də başqalarına qaranlıq görünən tərəfin ancaq onlara səmimi və şəffaf olmağa çalışdığımız zaman aydınlığa qovuşacağına inanıram.

...Yazıda şəffaflığın və səmimiyyətin ən ucqar nöqtəsinə çatmağa çalışmışam. Amma Simona dö Bovuarla, başqalarıyla, bu gün burada sizinlə keçirdiyim gündəlik söhbətlər var ki, bu zaman  danışarkən əlimdən gəldiyi qədər açıq, düzgün, səmimi olmağa, həyatımı tamamilə təqdim etməyə, ya da ən azından buna cəhd etməyə çalışıram. Amma hamı kimi mənim də demək istəmədiyim qaranlıq tərəfim var.

...Mən bildiyim şeylərdən bəhs edirəm. Həmişə bir növ kiçik, dilə gətirilməyən məqam var ki, bu barədə başqalarına demək istəmirsiniz. Bildiyiniz kimi, insan hər şeyi demir. Lakin mən öləndən, bəlkə siz də öləndən sonra insanlar özlərindən getdikcə daha çox bəhs edəcəklər, bu da böyük dəyişikliyə imkan verəcək. Digər tərəfdən, bu dəyişikliyin əsl inqilabla sıx bağlı olduğuna inanıram. İctimai vəhdət üçün insanlar bir-birləri ilə vəhdət təşkil etməlidirlər. Yaşadığımız dövrdə bu, baş verə bilməz, çünki insanlar arasındakı iqtisadi, ictimai əlaqələr, təhsil və dünyagörüşü səviyyəsi eyni deyil. Məncə insanlar arasındakı keçmiş və bugünkü toqquşmaların əsası olan maddi qıtlıq aradan qalxan zaman bu vəhdət yaranacaq. O zaman da yeni ziddiyyətlər ortaya çıxacaq. Əgər dünyanın bircə guşəsində belə bərabərsizlik və ayrı-seçkilik davam edərsə, onların doğuracağı qarşıdurmalar yenidən ictimai vəhdətdə yaşayan cəmiyyətlərə sıçrayacaq.

...Bir zamanlar siyasi vəsiyyətnaməmi əvəz edəcək, həyat hekayəmin davamı olacaq, sonradan imtina etdiyim uzun bir hekayə yazıb o günə qədər düşündüklərimi birbaşa demək istəyirdim. Bu hekayədə zehni quraşdırma (fiction) çox az yer tutmalıydı. Oxucunun: “Burada izah edilən Sartrın özüdür” deyəcəyi bir obraz yaradacaqdım. Oxucunun təsəvvüründə roman qəhrəmanı ilə müəllif yüz faiz üst-üstə düşəcəkdi, amma qəhrəmanı anlamağın ən yaxşı yolu məndən ona keçən cizgiləri axtarmaq olacaqdı. Etmək istədiyim bu idi.

Dedikilərim indiki dövrdə yazı sənətinin əsasını təşkil edir. Çünki özümüzü çox az tanıyırıq və xarakterimizi sona qədər əks etdirə bilmirik. Bu səbəbdən bizim üçün ən doğru yazı üsulu bu ola bilər: “Qələmi əlimə aldım. Adım Sartrdır. Bunlarsa düşündüklərimdir”.

...Yaşadığımız dünyada fərd və şəxs anlayışlarını  silib yalnız obyektiv həqiqətlərlə kifayətlənmək olardı. İnsan subyektiv həqiqəti kənara qoyub obyektiv həqiqətlərə malik ola bilər. Amma bu gün cümlələrimizi belə başlaya bilmirik. Çünki özümüzü kifayət qədər tanımırıq.

...Müəllifin qələmindən çıxan mətn dünyadan obyektiv varlıq kimi söz açanda, eyni zamanda ona qarşı çıxan, onunla zidd olan subyektiv varlığa da işarə etməlidir. Müəllif onların yaratdığı bütövlüyün üstünü örtən pərdəni sonuna qədər qaldırmağa çalışmalı, hər ikisini daima nəzarətində saxlamalıdır.

...Danışıq dili ilə yazı dilindəki qədər deyə bilmərik. İnsanlar danışıq dilindən istifadə etməyə vərdişkar deyil. Bu gün ən dərin söhbətlər ancaq ziyalılar arasında olur. Bu, ziyalıların həqiqətə digər insanlardan daha yaxın olduğu mənasına gəlmir. Bu, sadəcə ziyalıların digər insanların hələ ki bacarmadıqları işi görmələrinə, yəni həm özlərini, həm də onları başa düşmək üçün müəyyən bir nöqtəyə qədər irəli getmələrinə köməklik edir. 

...Düşüncə sistemim hər şeyi qavrayıb təsvir etmədiyi zaman ondan kənara çıxmalı olurdum. Sözügedən sistemi özüm qurduğuma görə, hara qaçsam da, yenidən sistemin daxilinə düşürdüm. Ona görə də həqiqətin bu sistem xaricində olmadığını özlüyümdə yəqin etmişəm. Onun dərinliyindəki  gizli  həqiqətə birbaşa çatmasam da,  mənə müəyyən mənada etibarlı olduğunu göstərib.

Həqiqət sonsuzdur. Amma bu, bizim bir sıra həqiqətləri əldə edə bilməyəcəyimiz  mənasına gəlmir. Əgər vaxtında o uzun hekayəni yazsaydım, öz subyektiv həqiqətimi yaradanda taleyimin də köməyi ilə, bir neçə həqiqəti aşkar edə bilərdim. Həm də bu, yalnız mənimlə yox, eyni zamanda məni əhatə edən dövrlə bağlı həqiqətlər ola bilərdi.

O illərdə yazmağa başladığım “Dialektik zəkanın tənqidi”, məni özünə bağladı və demək olar ki, bütün vaxtımı aldı. Gündə iyirmi həb çeynəyib on saat dayanmadan işləyirdim. Çünki o kitabı mütləq şəkildə yazmalı olduğuma inanırdım. 

Bu, Macarıstan hadisələrinin baş verdiyi və kollektivçilərlə (kommunistlərlə) aramdakı bağların zəiflədiyi günlər idi. Partiyayla əlaqəmi kəsməsəm də, özümü sürgün olunmuş kim hiss edirdim. Sol təfəkkürdən qopmaq, ya sağa  meyil etmək, ya da hələlik gözləmə mövqeyi tutmaq demək idi. Çünki insan bu qopma nəticəsində kollektivçilərin qadağan etdiyi məsələlər haqda düşünməyə məcbur olur.

“Dialektik zəkanın tənqidi”ni yazanda təkcə Kommunist Partiyasının düşüncə üzərindəki təzyiqi ilə yox, eyni zamanda öz düşüncələrimlə də hesablaşmalı oldum. “Dialektik zəkanın tənqidi” bir marksistin  kollektivçilərə qarşı yazılmış kitabdır. Həqiqi marksizmin  kollektivçilər tərəfindən təhrif edildiyinə, yanlış yola çəkildiyinə inanırdım. Bu gün isə tam əminliklə eyni şeyi deyə bilmərəm.

Mən işin əsas hissəsinın bu günə qədər yazdıqlarımın olduğuna inanıram. Öz-özümə deyirəm ki, geridə qalanların üzərində dayanmağa dəyməz, onlar təfərrüatdır. Hər hansı bir mövzuda roman yazmaq arzusuna düşüb, sonradan əl çəkdiyimiz kimi.

Tərcümə edən: NƏRİMAN